Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq
üçün yaşadıqları ərazinin ətrafına sədd çəkib. Azərbaycanın
müxtəlif bölgələrində də müdafiə məqsədilə tikilmiş sədlərə -
istehkam qalalarına və ya onların qalıqlarına rast gəlmək
olar.
Sputnik.az bildirir ki, ki, bunlardan biri də
Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndinin şimal-qərb hissəsində
yerləşən Pəri qalasıdır. Tarixçi Məhəmməd Hacıəhmədovun sözlərinə
görə, qala haqqında çoxlu rəvayətlər söylənilir. Belə rəvayətlərdən
birində deyilir ki, Pəri qalası IV-V əsrlərə aid bir qaladır -
Sasanilər dövründə inşa olunub.
Respublikamızın ərazisində, yüksək yerlərdə qalalar çoxdur. Pəri
qalasının orijinallığı, özünəməxsus cəhəti ondan ibarətdir ki,
digər qalalardan fərqli olaraq onu oyub dağın içərisinə tikiblər.
Digər qalalar memarlar tərəfindən tikilib, amma Pəri qalası dağın
içində oyulub.
Qalanın içində üç otaq yerləşir. Qala nə qədər möhtəşəm olsa da,
oraya aparan yol-cığır elə vəziyyətdədir ki, qalanın içərisinə
girmək qeyri-mümkündür.
"Vaxtilə gənclər bu qalanın içinə girməyi bacarmışdılar. Bu
qalaya girdiklərini bildirmək üçün nişanə olaraq qaladan bayraq və
ağ paltar asırdılar. Qalanın içində pilləkən var idi, amma sonradan
o pilləkən uçub dağılıb", - deyir M.Hacıəhmədov.
Onun sözlərinə görə, bəzi tarixçilər qalanın XII-XIII əsrlərdə,
Əmir Teymur dönəmində inşa olunduğunu qeyd edirlər: "Elə Çardaxlar
kəndinin adı da bu qalanın adı ilə bağlıdır. "Çartak"-yəni "qaya
üzərində od məbədi" deməkdir. Digər bir rəvayətə görə isə bu qalada
Pəri adlı qız yadelli işğalçılardan qaçıb gizlənib. Sonra da
yadelli işğalçıların əlinə keçməmək üçün özünü bu qaladan atıb.
Ondan sonra bu qalanın adını Pəri qalası deyiblər".
"Bəzi məlumatlara görə, bu qalaya qamış borularla su və ya süd
arxı çəkiblər. Hətta bu hekayə Nizami Gəncəvinin "Fərhad və Şirin"
poemasının motivlərini xatırladır. Hələ Sovet dövründə, 1980-ci
illərdə Pəri qalasının altında Nizami Gəncəvinin yubileyi qeyd
olunmuşdu. Amma bu məlumatın dəqiq olub-olmaması şübhə altındadır.
Çünki hələ də bu qala tarixçilər tərəfindən yaxşı tədqiq olunmayıb.
Deyilənlərə görə, bu qalanın altında bir qəbir də olub, amma
sonradan həmin qəbir sökülüb. Hətta qalanın içərisində qızıl da
olduğu söylənilir", - tarixçi bildirir.
Qeyd edək ki, Azərbaycanın şimal-qərb bölgəsi turistlərin daha
çox axın etdiyi məkandır. Belə bir abidə turizmə xüsusi önəm verən
hansısa başqa bir ölkədə olsaydı, daha çox turist cəlb edərdilər.
Uzaq keçmişin yadigarı olan bu abidələr xalqımızın tarixini,
mədəniyyətini öyrənmək baxımından dəyərli mənbələrdir. Onları
sevə-sevə qoruyub saxlamaq, təbliğ etmək, gələcək nəsillərə
çatdırmaq bizim borcumuzdur!