Suallarımızı Azərbaycanda
Nobel mükafatının qızğın təbliğatçısı, bu sahədə fundamental
əsərlərin müəllifi, təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev
cavablandırır:
- Etibar müəllim, Sizdə bu
mükafata maraq necə oyanıb?
- Sovet vaxtı Nobel mükafatı və bu mükafata
layiq görülənlər haqqında informasiya qıtlığı var idi. Hətta orta
və ali məktəb dərsliklərində fiziklər Nils Bor və Eynşteyn,
kimyaçılar Vant-Hoff və Svante Arrenius, yazıçılar Ernest Heminquey
və Mixail Şoloxovun Nobel mükafatı laureatı olmaları haqqında heç
nə yazılmırdı. Biz bu mükafat haqqında məlumatla ötən əsrin
sonlarından tanış olmağa başlamışıq. Və tanışlıqdan sonra "mənfur
burjuaziya mükafatı" adlandırılan bu mükafatın bəşəriyyət üçün nə
qədər böyük əhəmiyyət kəsb etdiyinin şahidi olmuşuq.
Xatırladıram ki, Nobel
mükafatları 1901-ci ildən başlayaraq hər il fizika, kimya, tibb və
fiziologiya, iqtisadiyyat (1969-cu ildən) kimi elm sahələri,
ədəbiyyat, sülh uğrunda mübarizə sahələrində görkəmli fəaliyyətə
görə verilir. Hər il dekabr ayının 10-da Alfred Nobelin dünyasını
dəyişdiyi gündə mükafat laureatlara təqdim edilir. Əslində, Nobel
mükafatları laureatları dünya miqyasında bəşər nəslinin XX əsrdə
müxtəlif elm və mədəniyyət sahələrinin ən görkəmli nümayəndələrini
birləşdirən son dərəcə nüfuzlu klublardır.
Elm sahəsində mükafat böyük kəşflərə, sülh sahəsində mükafat
dünyada sülhün bərqərar olunmasındakı fəaliyyətə, ədəbiyyat
sahəsində mükafat isə "ideal yönümlü", yəni yaradıcılığında məhdud
praqmatik dəyərləri deyil, universal dəyərləri ifadə edən əsərlərə
görə verilir. Bütün bunlar son dərəcə maraqlı məsələlər olduğundan
bir çox insanlar kimi mənim də diqqətimdən kənarda qalmadı. Kitab
oxuyan çox insanların bəyəndiyi kitabxanamda ayrıca "Nobel güşəsi"
yaratmışam. Həmin guşədə 200-ə yaxın nobelçilərin əsərləri və onlar
haqqında yazılan kitablar toplanılıb.
- Sizcə, indiyədək bu mükafatların verilməsində
yanlışlıqlar olubmu? Daha çox hansı sahədə olub?
- Suala birmənalı cavab vermək çətindir. Elm sahəsində kəşflər
təsdiqini tapan kimi dərhal mükafat verilib. Ədəbiyyat sahəsində
"ideal yönüm"ün meyarları çox vaxt dürüst müəyyənləşdirilə
bilmədiyindən mübahisələr yaranır. Elə bu səbəbdən də Lev Tolstoy,
Frans Kafka, Xulio Kortasar, Ceyms Coys, Marsel Prust, Vladimir
Mayakovski, Nazim Hikmət, Xorxe Luis Borxes, Umberto Eko kimi
sənətkarlar mükafatdan kənarda qalıblar. Ancaq əksəriyyət böyük
yazıçılar bu mükafata layiq görülüblər. Bununla yanaşı, imtina
edənlər və mükafatı gedib qəbul etməyənlər də olub. Ən çox tənqidə
məruz qalan Ədəbiyyat və Sülh üzrə seçimdir.
- Kimlərdir onlar?
- Lev Tolstoy, Boris Pasternak, Jan Pol Sart. 1958-ci ildə rus
şairi Boris Pasternak "müasir lirik poeziyada mühüm nailiyyətləri
və böyük rus epik roman ənənəsini davam etdirməsinə görə" ədəbiyyat
üzrə Nobel mükafatına layiq görüldü. Ancaq o, İsveç Akademiyasına
iki cümlədən ibarət məktub yazdı: "Mənim mənsub olduğum cəmiyyət
məni bu mükafatdan imtina etməyə məcbur edir. Mənim könüllü
imtinamı ünvanınıza təhqir kimi qəbul etməyin".
Böyük fransız yazıçısı və filosofu Jan Pol Sartr 1964-cü ildə
"müasir dövr üçün çox böyük əhəmiyyət daşıyan azadlığın ruhuna
hopmuş ideyalarına" görə ədəbiyyat üzrə Nobel mükafatına layiq
görüldü. Sartr bundan 19 il əvvəl Fəxri Legion ordenindən də imtina
etmişdi. Yazıçı hesab edirdi ki, fərqləndirici hansısa bir nişan
onun oxucusuna təzyiq göstərə bilər. Maraqlıdır ki, Sartr imtina
məktubunda Çili şairi Pablo Neruda və rus yazıçısı Mixail Şoloxova
mükafatın verilməməsində təəssüf hissi keçirdiyini yazmışdı.
Əslində o, bu imtinası ilə iki sənətkarın namizədliyini irəli
sürmüşdü ki, onlardan biri 1965-ci ildə, digəri isə 1971-ci ildə
mükafata layiq görüldülər.
- Elm sahəsində müsəlman dünyasından cəmi 3 nəfər Nobel
mükafatına layiq görülüb. Sizcə, bunun səbəbi nədir? Bunu müsəlman
dünyasına münasibətdə Qərbin və Avropanın ikili standartlarla
yanaşması kimi qəbul etmək olar? Bu məsələdə nə dərəcədə
ədalətlidirlər?
- Ədəbiyyat və sülh sahəsində də alanlar azdır. Elm sahələrində
boşluğu orta təhsildə və elmi məktəblərdə axtarmaq lazımdır.
Pakistan fiziki Əbdüs Salam Kembricdə oxuyub və işləyib. 1999-cu
ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüş Əhməd Zevayl və
2015-ci ildə həmin sahə üzrə Nobel laureatı Əziz Sancar da ABŞ-da
təhsil almış və işləmişlər. Bunlar onu göstərir ki, artıq müsəlman
ölkələrində elmi məktəblərin yaradılmasının vaxtı çoxdan çatıb.
Məktəb yaşlı uşaqları elmi tədqiqtlara cəlb etmək lazımdır. Bu
proses təhsilin fasiləsizliyi ilə sıx surətdə bağlıdır. Məsələn,
Əziz Sancar kənddə həkimlikdən başlayıb. Sonra elmi tədqiqatlarını
Şimali Karolina Universitetində davam etdirməklə 69 yaşında bu
möhtəşəm mükafata layiq görülüb. Bu faktın özü çox gözəl nümunədir.
Son illər elm sahəsində yapon alimlərinin sayı durmadan artır. Bu,
şübhəsiz ki, onların təhsil sistemi ilə bağlıdır. Ədəbiyyat sahəsi
isə fərqli xarakter daşıyır. Tomas Mannın təbirincə desək,
yazıçının vəzifəsi dəyişməzdir: o, həyatın hakimi və
stimulyatorudur. Ancaq bunun elmi kəşflərlə identikliyi var. Yazar
və onun hekayəsi bu və ya başqa yolla insana, bəşəriyyətə xidmət
etmirsə, deməli, heç nəyə xidmət etmir. Elm də belədir. Ədəbiyyatın
bu funksiyası çox önəmlidir.
- Ədəbiyyat və Sülh sahəsində mükafatın verilməsində
müəyyən "durğunluq" hiss olunur. Məsələn Belarus yazıçısı Svetlana
Aleksieviçin Ədəbiyyat üzrə mükafata layiq görülməsini buna misal
göstərmək olar. Sizcə, bu, niyə belədir?
- Adını dəqiq deyə bilmərəm, fizika üzrə Nobel mükafatçılarından
biri müsahibəsində fizika elminin artıq dalana düşdüyünü demişdi.
O, fikrini belə izah etmişdi: artıq XX əsrin 60-cı illərinə qədər
edilən inqilabi kəşflərə bənzər kəşflər edilmir. Məncə, ədəbiyyat
da artıq dalandadır. Məsələn, ötən əsrin 80-ci illərində mükafata
layiq görülmüş Çeslav Miloş, Qabriel Qarsia Markes, Vilyam Qoldinq,
İosif Brodski, Kamilo Xose Sela, Oktavio Pas kimi yazıçı və
şairləri 2000-ci ildən sonrakı laureatlar V. Naypol, İmre Kertez,
Doris Lessinq, Mo Yan, Elfrida Elinek, Qao Sintzyan kimi
yazıçılarla müqayisə etmək mümkün deyil. Svetlana Aleksieviç Boris
Pasternak, Miqel Asturias, Aleksandr Soljenitsının mövzularının
postmodernist davamçısıdır. O, totalitarizmin ümidsiz
qarşıdurmaları, XX əsrin qapalı zonaları, Çernobıl faciəsi,
qadınların müharibədə iştirakı, Əfqanıstann haqqında yazdığı
əsrlərində yüksək mənəviyyat nümayiş etdirdiyinə görə bu mükafata
layiq görülüb. Bu, onu göstərir ki, totalitarizmə qarşı yazılan
əsərlər və həqiqət axtarışı ideal yönümün kriteriyası kimi
qalmaqdadır. 1961-ci ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı İvo
Andriçin maraqlı fikrini xatırlatmaq yerinə düşər: "Yazıçının
keçmişi və ya indini təsvir etməsi, yaxud cəsarətlə gələcəyə
tuşlanması bir elə vacib deyil, vacib olan onun təhkiyəsinin
canındakı ruhdur, onun kitabının oxuculara ötürmək istədiyi başlıca
mirasdır. Burada isə əlbəttə, qayda və qanunlar yoxdur və ola da
bilməz".
- Ötən il Sülh üzrə Nobel mükafatının 17 yaşlı Yusufzay
Malala və Kaylaş Satyathiyə verilməsi də xeyli təəccüblə
qarşılandı...
- Maraqlı sualdır. Onlara mükafat "uşaqların və gənclərin
sıxışdırılmasına qarşı və bütün uşaqların təhsil hüququna dair
mübarizəsinə görə" verilib.
Əslində Malala 15 yaşında hüquq müdafiəçisi fəaliyyətinə görə
terrora məruz qalmış və ağır yaralanmışdı. Nobeldən əvvəl "Tayms"
jurnalı onu 2013-cü ildə dünyanın 16 nüfuzlu yeniyetmələri sırasına
daxil etmişdi. Onun Kristina Lemlə birgə 2013-cü ildə yazdığı
"Mən-Malalayam" (I am Malala) kitabı bestsellerdir. Kitabda onun
ABŞ prezidenti ilə görüşü barədə yazdığı hissə oxucular üçün
maraqlı ola bilər. "Biz Ağ evə Obama ilə görüşmək üçün gəldik. Ağ
evdə bizi pətəkdə bal yeməyə qonaq etdilər. Sonra biz Obama ilə
onun çox da böyük olmayan kabinetində görüşdük. Ağ evdə görüşdən
qabaq biz 2 şərt irəli sürmüşdük: birincisi, yalnız fotosessiya
xatirinə görüşmək istəmirik. İkincisi, Obama bizim qəlbimizdə
olanları dinləyəcəksə, görüşməyə hazırıq. Onlar bizə çox tez cavab
verdilər ki, istənilən mövzuda danışa bilərsiniz. Görüş kifayət
qədər ciddi xarakter daşıdı. Biz təhsilin vacibliyindən danışdıq.
Biz ABŞ-ın diktatura rejimlərini dəstəkləməsini və Pakistana
pilotsuz təyyarələrin hücumunu müzakirə etdik. Mən Obamaya dedim
ki, terrorizmin müharibə vasitəsilə məhv edilməsi əvəzinə onun
təhsil vasitəsi ilə kökünün kəsilməsinə diqqəti cəmləmək daha
vacibdir".
Bax, Malala belə qızdır. Qorbaçova Sülh üzrə Nobel mükafatının
verilməsi komitəni hörmətdən çox salmışdı. Malalaya mükafatın
verilməsi komitəyə böyük hörmət gətirdi.
- Etibar müəllim, bəs Azərbaycandan Nobel mükafatı kimə
verilə bilər? Siz kimi daha layiqli hesab edirsiniz?
- Elm sahələrində mükafat almaq xeyli çətindir. Çünki Qərb və
Amerika ilə aramızdakı texnoloji uçurum çox dərindir. Elm
sahəsindəki kəşflər texnologiya və tanınmış məktəblərlə sıx surətdə
bağlıdır. Əziz Sancar nümunəsi göstərdi ki, tədqiqat üçün kənara
çıxmadan Nobel almaq mümkün deyil.
Məncə, biz Ədəbiyyat və Sülh sahəsində mükafat almağa xeyli
yaxınlaşmışıq. Məsələn, tanınmış Azərbaycan yazıçısı və
intellektualı Kamal Abdulla Ədəbiyyat üzrə, Mehriban xanım Əliyeva
isə Sülh üzrə Nobel mükafatına layiq şəxslərdir. Kamal Abdulla
yaxşı yazıçı olmaqla yanaşı, həm də ədəbiyyatı gözəl bilir,
əsərləri əsas kriteriya sayılan "ideal yönümə" uyğun gəlir,
yaradıcılığı müxtəlif dillərdə çap olunur, publisistikası
müasirdir, tanınmış yazıçılar arasında böyük nüfuzu var, dünyada
yaxşı tanınır. Bütün bunlar mükafatın verilməsi üçün nəzərə alınan
şərtlərdir.
Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin, insanların
sağlamlığının qorunması sahəsindəki işləri əvəzedilməzdir. Ötən il
tanınmış jurnalist Aynur Camalqızının onun Nobel Sülh mükafatına ən
yaxşı namizəd olmasını əsaslandıran çox maraqlı, təhlil xarakterli
yazısı dərc olunmuşdu. Yazı ictimaiyyətdə geniş rezonansa səbəb
olmuşdu. Fikrimcə, bu mövzu həmişə diqqətdə saxlanılmalı və ardıcıl
işlər aparılmalıdır. Son illərin Sülh üzrə Nobel mükafatı
laureatlarının işləri Mehriban Əliyevanın gördüyü işlərin yalnız
bir hissəsini təşkil edir. Təhlillər göstərir ki, Mehriban xanımın
bu mükafata layiq görülməsi həm də regionda obyektiv sülhün əldə
olunmasında mühüm rol oynaya bilər. Məncə, Sülh üzrə Nobel Komitəsi
bu məsələyə də diqqət etməlidir.