Tanınmış şair Vahid Əzizlə
söhbətimiz filmlərimiz haqqındadır. Çoxları kimi, Vahid müəllim də
"Azərbaycan kinosu" deyəndə klassik filmləri yada
saldı.
- Əvvəllər Azərbaycan filmlərinin səmimiyyətinə, sadəliyinə
kövrəldiyim anlar olsa da, indi kinomuzun bugünkü vəziyyətinə
acıyıram. İlk dəfə Azərbaycan kinosuna o vaxtkı Şaumyan kənd
rayonunda baxmışam. Yadımdadı, klubda "Uzaq sahillərdə" filmi
göstərilirdi. Rayondakı ermənilər filmi qısqanclıqla
qarşılayırdılar. Deyirdilər ki, bizim də qəhrəmanımız çoxdu, bəs
niyə bizimkilər barədə film çəkilmir?
Elə bilirəm ki, Azərbaycan kinosunun şah əsəri "O olmasın, bu
olsun" filmidir. Üzeyir Hacıbəyovun ölməz musiqisi və filmin
yaradıcı heyəti Azərbaycan xalqının bütün psixologiyasını bu filmdə
ortaya qoya bilib. Əsil film odur ki, ona hər dəfə baxanda nəsə
yeni bir şey tapasan. Bu filmdə belə bir məqam var – Məşədinin
cavan bir qıza elçi düşdüyünü eşidən ziyalılar ona ironiya ilə
yanaşır, karikatura həsr edir, şeir yazırlar. Mənə elə gəlir ki,
Üzeyir bəy bu yerdə "Molla Nəsrəddin"çilərin timsalında Azərbaycan
ziyalılarının halına acıyır. Müəllif demək istəyir ki, Sərvər kimi
"studentlər" bir gün sevgililərinizi əlinizdən alacaq. Filmdəki
mesaj ondan ibarətdi ki, bizim cəmiyyətdə bircə nəfər normal adam
varsa, o da Məşədi İbaddır – içki içmir, yalan danışmır, təmiz
adamdır. Heç kimi aldatmır, heç kimə kələk gəlmir. Evlənmək
istəyir. Özü də cavan bir qızla. Bu, onun haqqıdır. Amma onu hamı
aldadır. Qızın atası aldadır, qoçu aldadır, jurnalist aldadır,
intelligent aldadır. Filmdə bir yer var, qoçu başqa bir qoçunun
qorxusundan qaçıb arvad hamamına girir. Üzeyir bəy deyir ki,
qoçumuz da bir qoçu deyil. Adamları aldatmaqdan başqa əllərindən
bir iş gəlmir. Digər bir filmdə - yeni variantda çəkilmiş "Arşın
mal alan"da bir yerdə iki qoçu mübahisə edir. Bu zaman bir rus qızı
yaxınlıqdan keçir. Qoçular mübahisəni saxlayıb, "adə, matişkəyə
bax" deyə söz atırlar. Sovet dönəmində çəkilən filmdə bunu etmək
cəsarət tələb edirdi . Amma son illər "matişkə" sözü filmdən
çıxarılıb. Niyə? Niyə filmi saxtalaşdırırlar axı?
Mən filmlərə həm süjet baxımından, həm də siyasi aspektdən
yanaşıram.
Ən çox xoşuma gələn filmlərdən biri də "Dərviş Parisi partladır"
filmidır. Mirzə Fətəli Axundov dahi bir şəxsiyyət idi. Sən heç
fikriləşmisən ki, baş qəhrəmanın adı niyə Şahbazdı?
- Doğrusu, bu barədə heç düşünməmişəm.
- Başqa bir ad qoyardı da. Deməli, Fransadan bir təbiətşünas
gəlir Qarabağa ki, təbiəti öyrənsin. Şahbaz isə onunla Fransaya
qayıdıb elm öyrənmək eşqinə düşür. Bu vaxt xəbər gəlir ki, Fransa
hökuməti dağılıb. Müsyö Jordan qayıdır Parisə. Amma Şahbaz qalır.
Bizdə Şahsevənli, Şahbaz, Şahlar, Şahgəldi adları dəbdədi. Bu o
deməkdir ki, biz şah sevənik, göstərişə müntəzirik. Yeniliyə can
ata bilmirik. Özümüzdən böyüyün qarşısında acizik. Arzularımızın
arxasınca gedə bilmirik. Hacı Zeynalabdin Tağıyev deyəndə ki,
qızlarınızı göndərin getsin xaricdə oxusun, bunu doğru anlamaq
istəmirdilər. O, insanları başa sala bilmirdi ki, oğlunuz xaricdə
oxuyub gələndən sonra fatmanisələrlə evlənib, sizinlə bir evdə
yaşaya bilməyəcək. Film ona görə yaranır ki, yazıçı insanlara
nəyisə başa salmaq istəyir. Amma indiki filmlərdə hansı mesajın
ötürüldüyünü heç kim bilmir - nə ssenarist, nə rejissor, nə də
tamaşaçı.
- Siz filmləri nəzərdə tutursunuz, yoxsa
teleserialları?
- Elə hər ikisini nəzərdə tutub deyirəm. Filmlərdə verilən
mesajlarla bağlı diqqətli olmaq lazımdır. Səksəninci illərdə Yaşar
Nuri və Firəngiz Mütəllimovanın iştirakı ilə "Səni axtarıram" adlı
ilk çoxseriyalı televiziya filmi ekranlaşdırıldı. Filmin sonunun
faciə ilə bitdiyini öyrənəndə müəllif Aslan Qəhrəmanova etirazımı
bildirdim. Bununla da filmin sonunu dəyişdilər. Camaat o filmə
böyük sevgi ilə, həyəcanla baxırdı. Filmin faciə ilə bitməsi
insanlarda ruh düşkünlüyü, xəyal qırıqlığı yaradacaqdı. Film iki
sevən adamın qovuşması ilə yekunlaşdı. Oradakı həyat sırf
azərbaycanlı psixologiyasına aid idi. İndiki seriallarda isə hansı
millətin psixologiyası təqdim olunur, bilinmir.
- Filmlərin çəkilişi üçün dövlət tərəfindən müəyyən
vəsait ayrılır. Sizcə, kinomuzun bugünkü problemlərinin səbəbi
mövcud maddi-texniki bazanın səviyyəsi ola bilərmi?
- Bu yaxınlarda avtomobilimi təmirə aparmışdım. Bir çilingər
mənə dedi ki, seriala çəkilirəm. Çox təəccübləndim. Seriallara
pullar ayrılır, amma peşəkar aktyorlar, aktrisalar qalır kənarda.
Tikintiyə fəhlə tutduqları kimi, seriallara da kənardan aktyorlar
cəlb edirlər. Axı kino sahəsində çalışan insanlar gərək öz
ciblərini güdməsinlər, başa düşsünlər ki, Azərbaycan mədəniyyətinə
xidmət etməlidirlər. Dəfələrlə efirdə də demişəm, bizdə senzura
mütləq bərpa edilməlidir. Nəzarət olmayan yerdə nəzarətsizlik baş
alıb gedir. Təklif etmişəm ki, ya Mədəniyyət Nazirliyi, ya Nazirlər
Kabineti yanında, ya hər hansı bir televiziya komitəsinin nəzdində
və ya ortaq bədii şuranın tərkibində mütləq nəzarət edən qurum
fəaliyyət göstərməlidir. Mədəniyyət, əxlaq, mənəviyyat bazar
münasibətlərinə qurban verilir. Bədii şura ona görədir ki, dövlətin
hər hansı bir iş üçün ayırdığı pulu həmin işə səmərəli şəkildə
yatıra bilsin. İndi kinoteatrların da əksəriyyəti bağlanıb.
Azərbaycan filmlərinə harada baxaq? Hərçənd, Azərbaycan filmləri
Bakıda göstərilmir də.
- Çoxları düşünür ki, klassik filmlərimiz əvəzsizdir.
Onlara baxdıqca baxırıq. Mövzu gündəmdən düşmür, film tamaşaçını
yormur. Bəs niyə onlar Azərbaycanın sərhədlərini aşa
bilmədi?
- Bilirsinizmi, hər şey təbliğatdan asılıdır. Bülbülün, Üzeyir
Hacıbəyovun, Natəvanın güllələnmiş büstlərini Bakıya gətirdilər.
Amma bunu gizlində saxlamaq üçün gətirmədik axı. Erməni
vandalizmini gizlətmək nəyə lazımdır? Onları Fəvvarələr meydanında
qoyub, altından bir neçə xarici dildə mütəfəkkirlərin büstlərinin
kimlər tərəfindən bu hala salınmasını yazmaq daha yaxşı olmazdımı?
Axı bizim ölkəyə hər il turistlər gəlir. Qoy görsünlər ki, hərgah
ermənilər Azərbaycan mütəfəkkirlərinin tuncdan olan obrazlarını bu
hala salıblarsa, deməli, Xocalı soyqırımını da törədə bilərlər. Hər
dəfə xəbərlər proqramından sonra hava haqqında verilən məlumatlarda
Şuşanın, Laçının hava durumu haqqında da məlumat veririk.
Azərbaycan vətəndaşı kimi, istəyirəm ki, Filarmoniyanın yanından
Bulvara düşəndə nəvəm "Şuşa 750 km", "Xankəndi 540 km" yazılmış
lövhə görsün. Küçələrdə reklamlar üçün monitorlar qoyulub. Heç
görmüsünüzmü ki, Qarabağla bağlı bir şəkil yerləşdirilsin?
- Haqlısınız. Yaxşı olardı ki, heç olmasa, rayonların
işğal edildiyi günlərdə bununla bağlı məlumat
yerləşdiriləydi.
- İndi qayıdaq sizin suala... Filmlərin təbliğ edilməsini
nəzərdə tuturuqsa, bu o demək deyil ki, türkdilli xalqların da
filmləri tərcümədə yayımlanmalıdır. Sizcə, türk filmlərinin
azərbaycanca tərcüməsi nə dərəcədə doğrudur? Axı biz həm də ortaq
türk dilindən danışırıq. Bunun üçün sən türk dillərində olan
filmləri orijinalda göstərməlisən ki, ortaq dil də formalaşsın.
Fikir vermisinizsə, bəzi türk filmlərində "ben" deyil, "mən"
deyilir. Mədəniyyət ünsiyyətlə zənginləşər. Türkdilli xalqların
filmləri orijinalda təqdim olunmalıdır. Əgər ehtiyac varsa, sözləri
titrlə də vermək olar. Əgər gələcək nəsillərə xidmət edərək ortaq
türk dilini yaratmaq istəyirsənsə, bu işi görmək lazımdı. Amma əgər
bizim filmlərin dünya ekranlarına çıxmasını istəyiriksə, bu
məsələnin həlli tamam ayrıdır. Heç görmüsünüzmü hansısa xarici
ölkədə Azərbaycan filmlərinin festivalı keçirilsin? Olmayıb. Bunun
üçün əvvəlcə bizim filmlər yüksək səviyyədə xarici dillərdən birinə
tərcümə olunmalıdır. Elə bilirəm, bu işi kimsə bir gün öz üzərinə
götürəcək.