Yuxarı

“Nazir dedi ki, Mixaylodan sonra...”

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nazir dedi ki, Mixaylodan sonra...”

O, uşaqlıq illərimizin bir parçasıdır. Qorxmadan vahiməli şirlə birgə çəkiliş meydançasını bölüşən azyaşlı aktyor illər sonra nəhəng ölkələri bir araya gətirərək Azərbaycan izləyicisinə möhtəşəm bir film təqdim etdi.

Axar.az-ın növbəti qonağı aktyor-rejissor Elxan Cəfərovdur.

Şiri yola saldım

- Elxan müəllim, o zaman şiri azdıra bildinizmi?

- (Gülür) Anlayıram ki, uşaqlıqda çəkildiyim "Şir evdən getdi" filmində rol aldığım Rüstəm obrazının tapşırığına eyham vurursunuz. Yalnız məqsəd şiri "azdırmaq" deyil, onu Afrikaya yola salmaq idi.

- Bəs şiri Afrikaya yola sala bildinizmi?

- Əlbəttə, uşaqlar üçün nəzərdə tutulduğundan film gözəl sonluqla bitdi.

- Yəni düşünürsünüz ki, böyüklər üçün nəzərdə tutulsaydı, film bir o qədər də nikbin sonluqla yekunlaşmazdı, elədir?

- Əlbəttə, insan böyüdükcə artıq nağıllara inanmır, sehrli aləmdən uzaqlaşaraq, real həyatın acıları ilə qarşı-qarşıya qalır və nağılı yalnız xəyal edir. Elə mən də uşaqlıq illərimdən xəyal etdiyim nağıldan ayrılaraq, bu günümüzə aid həyatı gerçək əks etdirən filmlər ərsəyə gətirdim; "Dolu" filmini çəkdim. Bu, bizim ilk gerçək həqiqətimiz idi.

Kino üçün bir ekran da kifayətdir

- Maraqlıdır, müasir Azərbaycan kinosu Elxan Cəfərovun düşüncələrində hansı fraqmentlərlə özünü büruzə verir?

- Ümumiyyətlə, Azərbaycan Dövlət Mədəniyyət Nazirliyinin qərarına əsasən, 2008-ci ildən 2018-ci ilə qədər maddi-texniki bazanın yayım sistemi ilə bağlı film mərkəzlərinin tikintisi proqramı üzrə iş aparılır. İnkişafa doğru ciddi addımlar müşahidə olunur. Hissə-hissə inşaat işləri gedir. Amma onu da qeyd edim ki, kino üçün elə bir ekran da kifayətdir.

- Azərbaycan izləyicisinin normal və keyfiyyətli film seyr etməsi üçün nə çatmır?

- Maliyyə. Film çəkilişi üçün əsas bünövrəni maliyyə məsələsi həll edir. Maliyyə olmadan gözəl bir iş ərsəyə gətirmək qeyri-mümkündür. Maddi məsələdən sonra isə gözəl və anlayışlı kollektivin rolu əvəzsizdir. Azərbaycanda film çəkilişinə gəldikdə isə unutmayaq ki, biz hazırda kino sahəsində klassik üsluba doğru istiqamətlənən yoldayıq və bu hal mərhələ şəklində öz yerini tapacaq. Yeni istehsalat münasibətlərinin öz yerini uğurlu şəkildə tapması üçün bir sıra ölkələrin bu layihədə rolu daha məqsədəuyğundur. Çünki kino beynəlxalq təsviri əsərdir və onu yalnız bir ölkədə deyil, bir neçə ölkədə təbliğ etmək daha böyük uğur əldə etmək anlamına gəlir.

- Bu yaxınlarda üç ölkənin iştirakı ilə yeni film ərsəyə gətirməyə müvəffəq oldunuz. Filmin təqdimatında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğuladı ki, Böyük Vətən müharibəsi illərinə həsr edilən bu əsər vaxtı ilə əfsanəvi Mixaylonun xatirəsinə çəkilmiş "Uzaq sahillərdə" filmindən sonra möhtəşəmliyinə görə ikinci filmdir.

- Büdcə, kinonun çəkilməsi üçün nəzərdə tutulan heyət və rekonstruktiv avadanlıqlar baxımından bunu demək olar. Eyni zamanda, il yarım ərzində çəkilən və ümumi smetası iki milyon manat təşkil edən bu filmə ürəyimizi qoyduq. Tək film çəkilişi deyil, burada bizi dostluq və xalqlar arası sevgi də birləşdirirdi, bu da öz növbəsində bəhrəsini göstərdi. Mən eyni zamanda ölkə rəhbərimiz İlham Əliyev cənabları və Mədəniyyət və Turizm nazirimiz Əbülfəs Qarayevə də öz dərin təşəkkürümü bildirirəm. Onların dəstəyi olmadan bu film ərsəyə gəlməzdi.

Absolyut deyilən bir fikir mövcud deyil...

- Elxan Cəfərov yaratdığı filmdən razı qaldımı, yoxsa daha iri çərçivədə və daha böyük film ekranlaşdıra bilərdi?

- Ümumiyyətlə absolyut deyilən bir fikir mövcud deyil. Əgər vaxtı ilə Sovet dönəmində kino izləyirdiksə, burada filmin əsas ideyası ideoloji işin bəhrəsindən ibarət idi. Hal-hazırda tələb olunan filmlər var ki, onların mövzusu arxa plana keçir. Düşünürəm ki, razılıq və ya narazılıq üçün təsəlli, məhz görülən işin ortaya çıxması ilə yekunlaşır.

Mənim çəkdiyim "Yarımçıq xatirələr" filmində 300-400 nəfərdən ibarət heyət iştirak edirdi. Belorusda olan çəkilişlərdə yaradıcı qrupu bizim komanda, texniki heyəti isə onların dəstəsi təşkil edirdi. Bütün bu nəhəng işləri nəzərə alsaq, təbii ki, yalnız xoş sözlər söyləmək olar.

- Necə düşünürsünüz, "Yarımçıq xatirələr" filmi yalnız Azərbaycan ərazisində çəkilsəydi, eyni uğur əldə edə bilərdimi?

- Hər bir kino əsərinin özünün müstəqil anlamında ictimai davranışda rol oynaması əsas şərtlərdən biridir. "Yarımçıq xatirələr" filmi də bu qismə aiddir. Bu gün Azərbaycan film kinostudiyasının industriallaşmasını qeyd etmək vacibdir. Filmdə cərəyan edən hadisələrin ahəngliyi, bir-biri ilə sıx bağlılığı isə tarixi gedişatına əsaslanan reallıqdan ibarətdir. Bu reallığı çəkiliş heyətinə təqdim edən 2 ssenarist – belorus yazar Konstantin Vorobyov və Yavər Rzayev hazırlayaraq, olduqca dolğun məzmuna aid əsər yaratmağa nail oldular. Böyük Vətən müharibəsi illərinə həsr olunan "Mehdi Hüseynzadə haqqında film", Elçin Musaoğlunun "Venesiya" filmi, Asifin "Axınla üzüaşağı", Mirbala Səlimovun "Qırmızı bağ" filmləri məhz festivallara təqdim edilə biləcək filmlərdəndir.

Onlar özlərində bu günün tələb olunan mövzularını əks etdirir. Uğur üçün məkanla yanaşı ərazidə göstərilən rekonstruktiv işlər də şərtdir və beynəlxalq dövlətlərarası çəkilişlər yalnız filmə rəngarənglik və maraq qatacaq.

- Elə isə söylədiklərinizdən belə anlamaq olar ki, "Yarımçıq xatirələr" digər filmlərdən daha maraqlı və rəngarəngdir. Sizi doğru anladım?

- Nəzərə alsaq ki, kinonun əsas uğuru baxış sayının çoxluğundan asılıdır və Azərbaycan tamaşaçısının sayı ictimai nöqtə baxımından dünya tamaşaçısının sayı ilə üst-üst gəlmir, o zaman kino-mədəniyyət dillerlərinin yavaş-yavaş ortaya çıxardığı nailiyyətləri izləmək kifayətdir. Təbii ki, ölkəmizdə televiziya məkanlarını izləyən tamaşaçı daha çoxdur. Əgər bu gün Azərbaycan tamaşaçısı "Xoxan"ı izləyirsə, o zaman zəif çəkilən, lakin keyfiyyət baxımından daha üstün olan filmlərin indiki kino bazarında reklamı az olur.

Aktyorluq və rejissorluq...

- Sizcə, "Xoxan" filminin kifayət qədər zəif olduğu halda izlənmə sayının çox olması Azərbaycan tamaşaçısının yetərincə zövqlü və maariflənmiş olmamasından xəbər verir?

- Nəzərə alaq ki, bu filmi 5 yaşından başlayaraq körpədən böyüyə hər kəs izləyir. Təbii ki, zövqlər yaş dərəcəsinə görə dəyişir. O ki qaldı "Xoxan" və "Xoxan" kimi çəkilən filmlərə, mən onları ərsəyə gətirən prodakşnlara yalnız uğur arzulayıram. Bu özü də bir nailiyyətdir – böyük bir kütləni teleteatrlara toplamaq.

- Maraqlı görünən məqamlardan biri də sizin aktyorluq fəaliyyətinizlə bağlıdır. Kifayət qədər maraqlı obraz olsanız da, rejissorluğa üstünlük verdiniz.

- Əslində, rejissura və aktyorluq ayrılmazdır, biri digərini tamamlayır. Aktyorluq 30, rejissorluq isə 40 yaşdan sonra başlayır. Təbii ki, uşaq yaşlarımdan yer aldığım filmlərdə tanınmış insanlarla çəkilişlər mənə peşəkarlığın sirlərini aşıladı və zaman keçdikcə bütün bu heyətlə çalışaraq, iş prinsiplərini bir yerə toplayaraq, nəzarəti necə deyərlər, öz əlimə götürməyə müvəffəq oldum.

- Hansı məşhur filmlərdə yer almısınız?

- Xoşbəxtəm ki, uşaqlıq illərim məhz kino aləminə təsadüf edib. Bu baxımdan doğrudan da uğurlarım bol olub. Hazırda 48 yaşım var. Bu illər boyu Azərbaycan kinofilm studiyasında böyüdüm. 7 yaşından filmlərə çəkilirəm. Kinostudiyanın 73-cü ildə öz binası olduğu zaman "Mən mahnı bəstələyirəm" filmində Polad Bülbüloğlu ilə bərabər çəkildim. Ondan əvvəlki illərdə böyük rəğbətlə qarşılanan "Şir evdən getdi" filmində Rüstəm obrazını canlandırdım. İstərdim, gənc aktyorlarımız "Mosfilm"də və VQİK-də dərs alsınlar. Təklif edərdim ki, dövlətimiz Sovet dönəmi illərində olduğu kimi, heç olmasa, ildə 7-8 aktyor-tələbə qrupundan ibarət heyət üçün Moskvada, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda dərs almaları üçün şərait yaratsın. Bəlkə, bu minvalla kino üçün ən böyük problemi həll etmiş olarıq.

Atam yardımçım və rejissorum olub...

- Dediyiniz kimi, uşaq vaxtlarından artıq peşəkar aktyorlarla yanaşı filmlərdə yer almısınız. Əlbəttə ki, bu çətin sahədə mütləq yardımçınız olub.

- Yardımçım, dostum və sirdaşım atam Cəfər Cəfərov olub. Ancaq o həm də gözəl rejissor idi. Atamın sayəsində uşaqlıqdan bu peşəni sevdim. Zamanım adi uşaqlar kimi oyun oynamaqla deyil, rolda yer alaraq oynamaqla keçirdi. Və bu hiss mənə olduqca doğma və xoş idi.

- Bildiyim qədər övladlarınıza atanızın sizə ərməğan etdiyi "irsi peşəni" ötürməmisiniz?

- (Gülür) Bəli, tamamilə doğrudur. Qızım Fidan 21 yaşındadır. O, ixtisasca dizaynerdir. Oğlum Yusif isə hələ məktəblidir, onun 14 yaşı var. Amma oğlumun bir qədər operatorluq sənətinə meyli var. Hər halda, hansı peşə sahibi olacağını zaman göstərər.

- Gələcəkdə rejissor olaraq çalışsa, maddi baxımdan gəliri az olduqda narahat olmazsınız ki?

- Bizim sənətimiz çətin olduğu qədər də maraqlı və gəlirli ola bilər. Yadımdadır ki, 1991-92-ci illərdə reklam çarxları, qısametrajlı film kimi kliplər çəkdikdə, işlərimiz çox olurdu. Keyfiyyət baxımından normal şəkildə məhsul təqdim edən biz rejissorların sayı da o zaman üçün az idi: mən, Aqil M. Quliyev, Ülviyyə Könül və digərləri. Sonra burada qazanc olduğunu görən qeyri-peşəkar şəxslər sənətlə biznesi "sintez" edərək, yaradıcılıqdan uzaq monopoliya sisteminə keçdilər və sürətlə çoxalmağa başladılar. Əgər hazırda orta hesabla normal filmə 100 min manat xərclənirsə, bu o deməkdir ki, kommersiya məqsədləri də burada yer alır. Əhali sayının azlığını nəzərə alınca isə kino industriyasının nisbətən zəif inkişaf etdiyinin şahidi oluruq. Mənim prinsipim budur ki, əgər kino sahəsində pul yoxdursa və yaradıcılıq gəlir gətirmirsə, mütləq peşəni dəyişmək gərəkdir. Yaradıcılıq və maliyyə bir-birinə bağlı olan və eyni zamanda ziddiyyət təşkil edən amillərdir.

Siz ağıllı qadınsınız

- Real həyatda Elxan müəllim üçün hansı xanımlar daha maraqlıdır: ağıllı, yoxsa gözəl?

- Bilirsiniz, gözəl və ağıllı ifadəsi ilahi tərəfindən bəxş edilən iki xüsusiyyətdir ki, onların bir xanımda cəmlənməsi mümkün deyil. Mən düşünürəm ki, gözəl qadınlar başqadır. Ağıllı qadınlar isə tamam əks kateqoriyaya aiddir.

- Elxan müəllim, eksperiment obyekti olaraq özümü riskə atır və mənim üçün son dərəcə maraqlı sual ilə sizə müraciət edirəm. Qarşınızda əyləşən xanım, yəni mən – gözələm, yoxsa ağıllı?

- Siz ağıllı qadınsınız.

- Doğrusu, bilmirəm bu cavabdan sonra sevinim, yoxsa kədərlənim?

- Bilirsiniz, Aynur xanım, ağıllı və gözəl yalnız ilahələr olur. Çox vaxt baxırsan ki, yaraşıqlı bir oğlan həyat yoldaşı qismində özünə kişi sifətli, kobud üz və bədən quruluşuna malik qızı seçir. Bu o deməkdir ki, oğlan həmin qızı zahiri görkəminə deyil, düşüncəsinə, əqidəsinə görə seçib. Gözəl xanımlarla gözəl duyğular yaşamaq olar, onları hətta sevmək belə olar, amma bütöv olaraq həyatı ağıllı qadınla paylaşmaq daha məqsədəuyğundur.

Tarix
2015.10.15 / 08:00
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Endryu Cons: Nuhun gəmisi Türkiyədədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla