Teleqraf.com "Portret" rubrikasında xalq yazıçısı
Anarın uşaqlıq dostu, mərhum bəstəkar Emin Sabitoğlunu
xatırlayır:
– Anar müəllim, Emin Sabitoğlunun vəfatından 15 il
keçir. Onu necə xatırlayırsınız?
– Emin mənim ən yaxın dostum olub. Biz yeddi yaşından dostluq
etməyə başlamışıq. Ömür boyu bir yerdə olmuşuq. Yaradıcılıq
sahəsində də əməkdaşlıq etmişik. Bir çox filmlərimə musiqi yazıb.
Ssenarini yazanda düşünürdüm ki, bu filmin musiqisini mütləq Emin
yazmalıdır. Emini istedadlı bir insan, böyük bəstəkar və sədaqətli
dost kimi xatırlayıram. O, musiqi mədəniyyətimizdə öz yeri olan
gözəl bir bəstəkar kimi də xatirəmizdə yaşayır.
– Onunla ortaq cəhətləriniz çoxdur. Hər ikiniz yaradıcı
ailədə dünyaya gəlmisiniz..
.
– Bizim atalarımız da dost idi. Uşaqlıq illlərimiz bir yerdə keçib,
birlikdə böyümüşük. Daim bir-birimizin evində olardıq. Tez-tez
atası Sabit müəllim bizə, atam da onların ailəsinə gedərdi.
– Birlikdə işləriniz çox olub. Yaradıcı mübahisələriniz
olurdumu?
– Birlikdə işlədiyimiz dövrdə hansısa mübahisəmiz olduğunu
xatırlamıram. Həmişə musiqi yazanda məni də çağırardı, dinləyirdim.
Hansısa qeydlərim olanda deyirdim ki, bunu belə etsən, daha yaxşı
olar. O da həmişə mənim sözlərimə diqqətlə yanaşırdı.
– Emin Sabitoğlu deyəndə parlaq melodiyalar yada düşür.
Onun ən çox sevdiyiniz mahnısı hansıdır?
– Təbii ki, əsərlərimə yazdığı musiqilər mənə daha yaxındır.
Çünki iş prosesində o musiqiləri daha çox dinləmişəm. "Gün keçdi",
"Təhminə" filminə musiqini o yazıb. Eminin Vaqif Səmədoğlunun,
Fikrət Qocanın, Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı çox gözəl
mahnıları var. Ona görə də hansı musiqi əsərinin daha yaxşı
olmasını demək çətindir. İstedadlı adam olduğu üçün əsərlərinin
hamısı yüksək səviyyədədir.
– Bütün filmlərimə musiqini
Emin yazıb. O, vəfat etdikdən sonra bir neçə filmdə Cavanşir
Quliyevlə işlədik. "Əlaqə" filminin musiqisini isə Firəngiz Əlizadə
yazıb. Onlarda istedadlı bəstəkarlardır.
– Emin müəllim 1994-cü ildən Türkiyədə yaşamağa başladı.
Onunla son görüşünüz nə vaxt oldu?
– Ölümündən bir gün əvvəl Xalq artisti adını almışdı. Fəxri ada
layiq görüldüyünə görə bir neçə dostla bir yerə yığışıb qeyd etdik.
Axşam saat 11-də mən evə getdim, ondan sonra Vaqif Səmədoğlu ilə
xəstəxanaya gedəsi olublar. Səhər mənə zəng etdilər ki, Emin vəfat
edib.
Eminin vəfatı mənim üçün böyük itki idi. İndiyə qədər də Eminin
yeri görünür. Emin, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu və Araz
Dadaşzadəni çox böyük ağrıyla xatırlayıram. Çox təəssüf ki,
dünyadan erkən getdilər.
– Birgə keçirdiyiniz gənclik dövrlərinizi necə
xatırlayırsınız?
– Eminlə eyni məktəbdə oxumuşuq. Mən birinci sinfə gedəndə, o,
ikincidə oxuyurdu. Əvvəldən tanış idik, amma çox yaxın
münasibətimiz yox idi. Məktəb illərindən yaxın dost olmağa
başladıq. Dəfələrlə onunla Moskvada, Azərbaycanın regionlarında
səfərlərdə olmuşuq. Moskvada Emin balaca bir ev kirayələmişdi,
oraya gedəndə Eminin evində qalırdım. Əvvəl mən Türkiyəyə işləməyə
getmişdim. O da Türkiyəyə gələndə mənim qonağım olurdu. Sonra
Türkiyədə işləməyə başladı.
– Onun həyatının xeyli çətin dövrləri də oldu. İlk həyat yoldaşı
Cəmilə xanımdan ayrılmış, Xədicə Abbasova ilə ailə qurmuşdu. Bir
dost kimi onun qərarlarına necə münasibət
göstərirdiniz?
– Ailə münasibətləri haqqında nəsə demək çətindir. Onu deyə
bilərəm ki, Cəmilə Eminlə eyni sinifdə oxuyurdu. Məktəb illərindən
dost idilər. Sonra evləndilər və toylarında hamımız iştirak etdik.
Eyni vaxta mənim oğlum, onun isə qızı dünyaya gəldi. Sonra həyat
elə gətirdi ki, Emin Cəmilə xanımla ayrılıb, Xədicə xanımla
evləndi.
Xədicə xanım da onun qayğısına qalırdı. Bir-birlərini
sevirdilər.
– Ümumiyyətlə, Emin müəllim
öz həyatından razı idimi?
– Kim öz həyatından razı idi ki? Həyatından razı olan adam bəsit
insandır. Həyatın o qədər problemləri, qayğıları var ki... Onun da
qayğıları çox idi. Azərbaycanda da, Türkiyədə də darıxdığı vaxtlar
olurdu. Eləcə də, müxtəlif həyat, məişət qayğıları var idi.
– Dost kimi mənfi və müsbət xüsusiyyətləri nələr
idi?
– Bir az xəsis idi (gülür). O, xasiyyətinə görə həmişə zarafat
edərdik. Xəsisliyi də qəribə idi. Evində yüksək səviyyədə qonaqlıq
təşkil edərdi, amma bəzən görürdük ki, xəsislik edir. Başqa mənfi
cəhəti yox idi. Bir dəfə atamgilin bağında idik və oradan Vaqif,
mən, Emin dənizə çimməyə getdik. Emin az qalırdı dənizdə batsın.
Mən də yaxşı üzə bilmirdim, amma Emindən yaxşı idim. Onu birtəhər
xilas elədim. Dedi ki, həyatımı xilas etdin, mütləq Vaqif və sənə
qonaqlıq verəcəm. Evə gəldikdən sonra dedi ki, Nigar xala yemək
bişirib, sizdə yemək yeyək. Biz isə həmişə onunla zarafat edirdik
ki, sözünə əməl etmədin. Amma təbii ki, mən onu, o məni dəfələrlə
qonaq edib. Onu da danışım ki, yubileyində çıxış edən zaman Eminə
saat bağışladım. Dedim, Türkiyədə Bakı vaxt ilə qurarsan, sənə
Bakını xatırladacaq. Doğrudan da otağında saatı Bakı vaxtı ilə
qurmuşdu. Hətta Bakıya gələcək günləri sayırdı. Xüsusilə son
vaxtlar Türkiyədə çox darıxırdı və bura gəlməyə can atırdı.
– Birinci və ikinci ailəsi ilə münasibətləriniz
varmı?
– Tədbirlərdə qızı Cəmilə xanımla görüşürük. Türkiyədə olanda,
Xədicə xanım Bakıya gələndə onunla da görüşürük.
– Hər hansı çətinlik zamanı bir-birinizə dost kimi
məsləhətləriniz nə olurdu?
– Eyni yaşda olduğumuz üçün bir-birimizə heç nəyi tövsiyə
etmirdik. Bizim söhbətlərimiz, yaradıcılıq müzakirələrimiz olurdu.
Kitablar, filmlər, tamaşalar haqqında müzakirə aparırdıq. Uşaq
vaxtı Akademik Milli Dram teatrına gedərdik. Demək olar ki, günümüz
bir yerdə keçirdi.
– Hər bir dostun nə vaxtsa küsülülüyü, incikliyi olur.
Sizin necə, nə vaxtsa münasibətinizdə bu hallar
yaşanıbmı?
– İnciklik olub, amma o qədər əhəmiyyət verməmişik. Ciddi bir
səbəbi olmadığı üçün münasibətimizə təsir etməyib.
– Bəs, əsərləri, tamaşaları müzakirə edən zaman fikir
ayrılığı yaşayırdınızmı?
– Xeyr. Emin ömrünün son illərində detektiv əsərlər oxumağa
maraq göstəririrdi. Mən də ona deyirdim ki, detektiv əsərlər
oxuyursan lap yaxşı, amma başqa janrları da oxu.
– Emin müəllim, Türkiyədə pedaqoji fəaliyyətlə məşğul
olurdu. Orada yaşayarkən dostlarından daha çox kiminlə əlaqə
saxlayırdı?
– Yaxın adamlardan Türkiyəyə gedən bütün insanlarla əlaqə
saxlayırdı. Türkiyəyə gedəndə mütləq onunla görüşürdüm. Eləcə də,
Rasim Ocaqov, Vaqif Səmədoğlu. Ümumiyyətlə, Bakıda kimlərlə dostluq
edirdisə, Türkiyəyə də onlarla görüşürdü. Onunla bağlı bir xatirə
danışacam. Vaqif Səmədoğlunun tamaşasına musiqi yazmışdı və ona
görə Vaqiflə Şəkiyə getmişdi. Qış ayı idi. Qatarla Şəkiyə gediblər
və sonra teatrın rəhbərliyinə teleqram vurub ki, biz filan qatarla
gəlirik, ora gəlmək üçün maşın göndər. Qatardan düşən zaman görür
ki, maşın yoxdur. Taksi tapıb Şəkiyə gedirlər. Teatra gedən zaman
direktora deyib ki, siz teleqramı almamısınız? Direktor da
teleqramı cibindən çıxarıb və deyib ki, niyə almamışam, aldım,
öpdüm, cibimə qoydum. Emin də qayıdır ki, teleqramı öpməkdənsə
maşını göndərərdiniz. Ümumiyyətlə, Emin çox incə yumora sahib olan
biri idi. Zarafatlarını hər zaman xatırlayıram. Çox şirin, baməzə
insan idi. Bağımızda dəfələrlə bir yerdə olmuşuq. Birlikdə
xatirələrimiz çoxdur.
– Baməzə insan olduğunu qeyd etdiniz. Ən çox hansı
əhvalatlarını xatırlayırsınız?
– Bəli. Amma yumoru da çox qəribə idi. Yeni-yeni tanınan zaman
mahnıları radio dalğalarında səslənirdi, çox populyar idi. Amma
televiziyaya az çıxdığı üçün əyani tanımırdılar. Hansısa mağazaya
girəndə deyirdi, Emin Sabitoğlunun adını eşitmişiniz? Mən onun
xalası oğluyam. Rəsmi tədbirlərdə kulisə yaxınlaşıb, özündən bir
familya deyirdi. Məsələn, Məmmədov yoldaş gəlib. Hamı təəccüb
qalırdı ki, Məmmədov yoldaş kimdir?
– Tanınmağa başlayandan sonra şöhrət onun xarakterinə
necə təsir etdi?
– Şöhrət Emini dəyişdirmədi. O, şöhrət görməmişi deyildi. Atası
da tanınmış insan idi. Uşaqlıqdan atasının premyeralarına gedirdi.
Gül-çiçək, alqış yağışı çox görmüşdü. Ona görə də şöhrət onun üçün
adi bir şey idi, məqsədi də şöhrət qazanmaq deyildi.
– Yaradıcı insanların qeyri-adi maraqları olur. Emin
Sabitoğlunun hobbisi, maraqları nələr idi?
– Hobbisi detektiv əsərlər oxumaq idi. Çingiz Abdullayevin demək
olar ki, bütün əsərlərini oxumuşdu.