Yuxarı

“Qara qızıl Qarabağın açarı ola bilər”

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qara qızıl Qarabağın açarı ola bilər”

Axar.az yazıçı, filologiya üzrə fəlsəfə doktoru, ABR-in şöbə müdiri Natəvan Dəmirçioğlunun "Ədəbiyyat" qəzetinə müsahibəsini təqdim edir:

Millətimiz bundan xilas olsa...

- Natəvan xanım, sizcə, yazıçılıq necə sənətdir?

- Yazıçılıq ancaq sənə, sənin rabitə qura biləcəyin Tanrına, "məndən içəridəki mən"lə ünsiyyətə əsaslanan bir sənətdir. Bura yuxuları, psixoanaliz çətinliklərini və insan xarakteri yaratmaq məsuliyyətini əlavə etsək, insanın gözləri qarşısında heyrətamiz, nəhayətsiz bir boşluq açılır. Sən o boşluğa belinə kəndir bağlamadan atılırsan və oradan səni, obrazlı desək, ancaq yazıçı qanadların xilas edir.

Mənim ədəbiyyata münasibətim son dərəcədə ciddidir. Hərdən mənə elə gəlir ki, siyasət də, elm də, publisistika da dəyişkəndir. Ədəbiyyat isə qalıcıdır. Siyasətin və publisistikanın dəyişkənliyi aydındır. Elmdə isə belədir ki, bu gün böyük kəşf, elmi yenilik illər sonra çox bəsit və primitiv görünür. Çox halda yalnız bir məsələ elmi xilas edir: adətən böyük kəşflər, kiçik kəşflərin əsasında edilir. Ədəbiyyat isə məncə, daha çox qalıcıdır. Doğrudur, burada da dəyişkənlik var. Zövq dəyişir, tendensiya dəyişir, münasibət dəyişir. Amma həyata çox oxşadığına görə baza hissəsi dəyişmir. Ona görə ədəbiyyat nümunəsi yaradanda ehtiyatlı olmaq lazımdır, məncə. Ədəbiyyatda çox xərclənmək yaxşı deyil. Hər mənada. İntensiv yazmaq, yazıyla çörəkpulu qazanmaq, ideolojilərə getmək, maraqlara qulluq etmək, dəstədən geri qalmamaq xətrinə yazmaq, müsabiqələrdə iştirak, pullu ədəbi yarışmalara qoşulmaq üçün yazmaq zərərlidir.

- Siz müsahibələrinizin birində professionallığı ən yüksək dəyər olaraq qiymətləndirirsiniz.

- Professionallıq doğrudan yüksək keyfiyyətdir. Hər sahədə insanlarımız peşəkarlaşmalıdır. Azərbaycanda ümumi inkişaf varsa, cəmiyyət formalaşırsa, peşəkarlıq artmalıdır: Məişətdən tutmuş akademiyaya qədər, jurnalistikadan dövlət siyasətinə qədər, çəkməçilikdən həkimliyə qədər, dərzilikdən yazıçılığa qədər. Kimsə ev təmiri ilə məşğuldur, o bu işin ustasıdır, yox, bəs niyə bu işlə məşğuldur, çünki ona pul lazımdır. Bir nəfər dizaynerdir. O bunun elmini oxuyub? Yox. Bəs niyə bu işlə məşğuldur? Çünki başqa iş tapa bilmir. Millətimiz bundan xilas olsa, çox yaxşı olar.

Biz valideynlər qədərindən artıq mühafizəkarıq

- "Son illər ədəbiyyatımızın əks etdirməli olduğu dəyərlərdən biri də mental Azərbaycan ailəsidir. Azərbaycanın məhz özünə aid barmaqla sayılacaq qədər dəyəri varsa, onun biri və birincisi ailə ilə bağlıdır" – demişdiniz...

- Bizdə kiçik, böyük, lap böyük - nəsil, şəcərə - ailə var. Bizim tapındığımız müqəddəs kitabda - Qurani-Kərimdə də deyilir ki, qohumluq bağlarını, ailə bağlarını qıranlara lənət olsun. "Ailədə hörmət qazana bilməyən, eldə sayılmaz" - atalar sözümüzdür. Əlbəttə elə düşünsək ki, ailə dəyərləri elə təkcə bizdə var, valideynə hörmət, övlada qayğı, qocalarına sahib çıxmaq və s. yalnız bizdə qorunur – bu, yanlış və zərərli fikir olar. Dünyanın hər yerində ailə var, ailə dəyərləri var. Sadəcə, bu bizdə ictimai əhəmiyyət daşıyır. Ailə dəyərləri bizdə əxlaq məsələsidir, həyat tərzinin göstəricisidir. Ailəyə sədaqət böyük bir məsuliyyətdir, ağır, şərəfli yükdür. Bu dəyəri saxlamağa ehtiyac var bu gün. Ədəbiyyatda ailəmiz doğulmalıdır, dəyərlər batıb-itməsin deyə. Doğrudur, cilalanmaya ehtiyac olan müəyyən məsələlər var: Biz valideynlər qədərindən artıq mühafizəkarıq, bir qədər islahatçı, müasir düşüncəli olmaq lazımdır, bəlkə. Bizdə övladları aşırı məhəbbətlə sevmək tərzdir, bəlkə, doğrudan uşağı baxımsızlıq nə qədər sıxırsa, qədərindən artıq diqqət və sevgi də o qədər sıxır. Bunları bir qədər nizamlamaq pis olmaz. Yeni qurulan ailələrə qarşı təpki göstəririk. Nəzərimiz daim onların üzərindədir: bəlkə, sərbəstlik verək onlara? Millət formalaşdıqca, intellekt yüksəldikcə, mədəni səviyyə artdıqca ailə institutu kamilləşməlidir. Ədəbiyyat da bu işdə rol oynaya bilər. Nədən bizdə ailə bu qədər dəyərlidir? - deyə düşünək. Dünyada ilk dövlət quran etnos türk etnosudur. Türk mentallığında mövcud olan Ağsaqqallar Şurası dövlət quruculuğunun və idarəetmənin əsasını təşkil edirdi. Ağsaqqallar Şurası isə ailə strukturundan formalaşırdı. Demək, dövlətin əsasını ailə təşkil edirdi. Ailə Allahın verdiyi, dövlətin himayə etdiyi, özünün qoruyacağı bir sərvətdir. Allahı, ailəni, dövləti sevməyi bacarmaq mədəniyyətdir və imandandır.

- Bir qədər üzərində işlədiyiniz romandan danışaq. Nədən janrı dəyişdiniz? Ədəbi camedə siz povestlərinizlə tanınırsınız. Nədən roman?!

- Mən bu yazının strukturunu quranda onu triptix - üç povest kimi düşündüm. Hətta ilk olaraq adları müəyyənləşdi: "Uşağın gözləri", "Qadının sinəsi", "Kişinin əlləri". Bu üç məfhumda xeyli sirr var. Çox mətləb yığmaq, açmaq olar orada. Sonra fikrim başqa məcraya yönəldi. Amma triptix qüvvədə qaldı. Bu dəfə üç başqa ad: "Ağ şalvarlı qoca", "Ağ əlcəkli qatil qadın", "Ağ birçəkli uşaq". Böyük paradoks var burada. Həyatın sənə məlum olan ziddiyyətlərini toplayıb, çözmək olar bu arada. Təxminən belə bir istəyim vardı. Sonra bundan da vaz keçdim. Hamısının əvəzində "Açar" formalaşdı və roman kimi özünü qabartdı.

Səməd Vurğunun hədəfə alınması...

- "...Qaçqın Qoca ovcundakı kəndirə baxdı, baxdı... Ürəyi dilinə gətirə bilməyəcəyi bir ümidsizliklə sıxıldı. Tər gəldi alnına, boynuna, qulaqlarının dibinə. Elə bil, üstünə qara duman kimi gələn fikirlər sıxdı onu. Birdən də gülümsündü, niyəsə nəvəsini xatırladı. Üzünə təbəssüm yayıldı. Nəvəsi gənc alimdir, yazıçıdır, bu yaxınlarda beynəlxalq konfransda iştirak edib, müsabiqədə birinci yeri tuta bilməsə də, üçüncü yeri qazanıb. Yaxınlarda bir jurnalist sual verib ona, deyib ki, gənclərimiz erməni terroru nəticəsində Qarabağdan itirilmiş torpaqlarımız haqqında nə düşünür? Qarabağ düyünü açılacaqmı? Bu da deyib ki, "Azərbaycan üçün Qara qızıl Qarabağın qızıl açarı ola bilər". Marağa səbəb olub bu fikir. Qaçqın Qoca əlindəki buzov kəndirinə baxıb daha kədərlənmədi, əksinə üzünə dolan təbəssüm dərisinin qırışları arasına dolub, üzünü nurlandırdı"... "Açar" romanınızdandır bu. Açar budurmu?

- Yox, bu, hamısı deyil. Romanda açar bir çox mətləblərin açarıdır. Ən müxtəlif mətləblərin, hadisələrin açılmasında, ən müxtəlif insanların həyatında açar simvoldur.

- "Səbət" povestinizdə də belə qeyri-adi ədəbi "priyom" var idi. Səbət insanların həyatında və insanların həyatı səbətdə. Yer göydən asılmış nəhəng səbət kimi... Səbətin içərisindəki insanların ən müxtəlif xarakterləri verilmişdi. Obrazların həyatındakı səbətlər onların yaşayış tərzlərini simvolizə edirdi.

- Elədir, mənə xoşdur ki, bunlar əsərdə nəzərdə tutulduğu kimi də qavranılıb. "Açar"da iş bir az da ağırdır, bir az da mürəkkəbdir.

- İndiki dövrü Azərbaycan ziyalılığının ən dinc dövrü adlandırmaq olarmı?

- Ziyalıların dincliyi çox çətin məsələdir. Müxtəlif zaman kəsimlərində müxtəlif nəsil aydınların ayrı-ayrı problemləri olub. İndi rahat və təhlükəsiz yaşamaq olardı. İndi də elə məsələlər baş qaldırıb ki, istər-istəməz Azərbaycan ziyalılığının rahatlığı və dincliyi yoxdur. Burada son illər milli kimliyimizə doğru səlib yürüşünün başlanması və onun qarşısının alınması üçün sərf olunan enerjidən söhbət gedir. Özü də bu çoxlarının zənn etdiyi kimi ötəri-keçəri bir proses deyil. Kifayət qədər ciddi məsələdir. Şah İsmayıl Heydər oğlunun, Nadir Şahın, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Babəkin, Məhəmməd Əmin Rəsulzadənin, Əli bəy Hüseynzadənin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun hədəfə alınması o qədər də sadə məsələ deyil. Və milli kimliyin qorunması kimi, dövlətçilik tarixinin qorunması kimi, etnos tarixinin qorunması kimi ağır və cavabdehlik daşıyan məsələdir. Bu işdə də əsas yük aydınların üzərinə düşür. Bu günün ziyalılığı imtahan günlərini yaşayır kimi təsir bağışlayır mənə. Bu imtahana girməmək, imtahana girməyən tələbənin imtahandan kəsilməyə bərabər durumuna bənzəyir. Bu gün Azərbaycan ictimai fikir tarixi, sənət tarixi, şəxsiyyətlər pleyadası uğrunda, yumşaq desək, savaş dövrüdür. Özünü savaşdan kənarda tutmaq sözsüz məğlubiyyətdir. İdmanda – güləşdə, boksda, şahmatda qələbə uğrunda mübarizədən imtina sözsüz məğlubiyyət kimi dəyərləndirilir, əksinə qarşı tərəf mübarizəsiz qalib elan olunur. Burada da vəziyyət eynilə belədir. Bu gün Azərbaycan ziyalılarının xalq dəyərləri və onun qorunması uğrunda mübarizədən kənarda qalması sözsüz məğlubiyyətdir. O baxımdan çox gərgin dövrdür. Görünür, rahatlıq ziyalılıqla bir araya sığmır.

Çalışıb bu vəziyyətə düşməyək

- Natəvan xanım, bu il sizin üçün, maşallah, uğurlu il oldu. "Yetim" əsəriniz Türkiyədə "Ölmədən öncə oxumanız gərəkən 1001 kitab" və "2015-in ən yaxşı 50 romanı" sırasından İstanbulda nəşr olundu. Kitab Türkiyədə maraqla qarşılandı...

- Həqiqətən, Türkiyədə "Yetim" in ayrıca kitab şəklində nəşrinə çox sevindim.

- Sonda oxucularınıza sözünüz, məsləhətiniz.

- Mən o qədər iddialı ola bilmərəm ki, məsləhət verəm. Amma ibrət götürdüyüm fikirləri onlarla bölüşə bilərəm. Məsələn, böyük mütəfəkkir Reyhani deyib: "Qəlb idealının potensialına sərmayə qoyanlar üçün müvəffəqiyyətsizlik adında bir şey yoxdur". Mən arzu edirəm ki, insanımız öz arzu və istəkləri üçün sərmayə qoymağı bacarsın. İstəklərinə doğru inamla yürüsün və bu yolda nə vaxt, nə bəxt, nə sərvət, nə zəhmət sərf etməkdən çəkinməsin. Digər bir mütəfəkkir Cubran isə söyləyib: "Sən arxası Günəşə dayananda, ancaq öz kölgəni görürsən". Arxası Günəşə, arxası yaxşılıqlara dayanmayaq. Yaxşıya yaxşı deməyi, üzünü işığa, xeyrə tutmağı bacaraq. Bir də bir hekayət var: Bir alimlə bir cahil mübahisə edir və eyni sözlərlə bir-birini təhqir edirmişlər. Kənardan baxan insanlar yaxınlaşan Bəhlul Danəndədən onların hansının alim, hansının cahil olduğunu soruşur. Bəhlul Danəndə deyir: "O alim cahilə qoşulubsa, elə o da onun tayıdır". Çalışıb bu vəziyyətə düşməyək.

Tarix
2015.10.31 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

Latviya prezidenti Ağ Şəhərdən danışdı: Möcüzə...

Prezidentlər biznes-forumda iştirak etdilər

İran BƏƏ-də iqlim silahına zərbə endirdi, quraqlıq bitdi – Şok

İlham Əliyevdən Rinkeviçslə görüşlə bağlı paylaşım - Video

Qriqoryanın Güllə Yunanıstanda qəribə görüşü - Foto

Bu nazirlik də yoxlamadan “üzüağ” çıxmadı

Hərbi xidmətlə bağlı bu cəzalara təkrar baxılacaq

Endryu Cons: Nuhun gəmisi Türkiyədədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla