Ana səhifə Planet |
Seul mərkəzi rayon məhkəməsi prokurorluğun Prezident Yun Sok Yolun həbs müddətinin uzadılması barədə vəsatətini geri qaytarıb.
Axar.az xəbər verir ki, məhkəmə ölkədə qısamüddətli hərbi vəziyyətin tətbiqindən sonra qiyam təşkili şübhəsi ilə başlanılan istintaq çərçivəsində hazırda həbsdə olan Prezident Yun Sok Yolun saxlanma müddətinin uzadılması üçün prokurorluğun vəsatətini 2-ci dəfə rədd edib.
Prokurorluq Prezidentin həbs müddətinin fevralın 6-dək uzadılması üçün ilk dəfə yanvarın 24-də məhkəməyə müraciət etsə də, məhkəmə vəsatəti qəbul etməyib. Məhkəmə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı istintaqı prokurorluğun tamamlamasına xüsusi ehtiyac görmədiyi üçün vəsatəti təmin etməyib.
Qeyd edək ki, Prezident Yun Sok Yol dekabrın 3-də elan etdiyi hərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın 15-də saxlanılıb. Prezident Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaqı apardığı müddətdə suallara cavab verməkdən imtina edib. O, həbsini və istintaqı qanunsuz hesab edir. İstintaq qrupu onu həm də vəzifə səlahiyyətlərini aşaraq, hərbi vəziyyət elanına qarşı qətnamə qəbul etmək istəyən parlamentin işini pozmaq üçün Milli Assambleyaya hərbçiləri göndərməkdə şübhəli bilir.
Tarix
2025.01.25 / 19:21
|
Müəllif
Axar.az
|