Yuxarı

Prezident daha 1 sərəncam və 4 fərman imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:32

Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarəti gücləndirilir.

Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə aşağıdakı məsələlərə dair təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb:

1. tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaf iqtisadi fəaliyyətin təşkili məqsədilə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi;

2. tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi;

3. beynəlxalq təcrübə nəzərə alınmaqla, alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi;

4. qanunvericiliyin tələblərini pozmaqla tütün məmulatlarının və alkoqollu içkilərin idxalını və istehsalını həyata keçirən şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirilməsi;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ölkə daxilində tütün məmulatlarının istehsalında yerli xammaldan istifadə həcmlərinə dair tələbləri müəyyən etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176; 2002, № 8, maddə 478; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2007, № 11, maddə 1117; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 845; 2015, № 5, maddə 541; 2017, № 3, maddə 366, № 12 (I kitab), maddə 2277; 2018, № 12 (I kitab), maddə 2563) 2-ci hissəsinin altıncı və on doqquzuncu abzaslarında “29-cu maddəsinin üçüncü” sözləri “29-cu maddəsinin dördüncü” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 736-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 719-VIQD nömrəli Qanununun tətbiqi və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 719-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 684 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1234; 2013, № 11, maddə 1326) 2.1-ci bəndində “beşinci” sözü “altıncı” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 719-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 757-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685; 2022, № 5, maddə 444) ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bəndə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi,” sözləri əlavə edilsin.

2. 6.1.12-ci yarımbəndə “icraatın” sözündən sonra “, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə dair işlər üzrə məhkəmə icraatının” sözləri əlavə edilsin.

3. 6.1.17-ci yarımbəndə “mübahisələrinə” sözündən sonra “, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə” sözləri əlavə edilsin.

4. 13.6-cı bəndə “10-1.2-ci” sözlərindən sonra “, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci” sözləri əlavə edilsin”.

Tarix
2023.02.07 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla