Yanvarın 3-də Əl Oyunları Sarayında uşaqlar üçün təşkil edilən Yeni il şənliyində xoşagəlməz hadisə yaşanıb. Proqram zamanı balacalar üçün nümayiş etdirilən şou yarımçıq kəsilib, uşaqlar isə zaldan zorla çıxarılıb.
Axar.az xəbər verir ki, şouya baxmağa gələn balacaların valideynləri proqramın yarımçıq kəsilməsinə etirazlarını bildiriblər. Buna baxmayaraq, onlar sarayın mühafizə xidməti tərəfindən məcburi zaldan çıxarılıblar. Bir neçə saat davam edəsi proqram məlum olmayan səbəblərdən saat 16:00-da yarımçıq kəsilib.
Valideynlərin sözlərinə görə, oradakı özəl mühafizə xidməti əməkdaşları şənliyə gələn uşaqlar və valideynlərlə kobud rəftar ediblər.
Valideynlər bildirib ki, yarımçıq kəsilən şənlik olduqca pis təşkil edilib. Hətta uşaqlar üçün nəzərdə tutulmuş şənlikdə daha çox sevgi, məhəbbətlə bağlı mahnılar ifa edilib.
Yaranmış problemlə bağlı Axar.a-za açıqlama verən Əl Oyunları Sarayının direktor müavini Əli Məmmədov bildirib ki, sarayda təşkil edilən şənliklə bağlı iddialar həqiqəti əks etdirmir:
“Əl Oyunları Sarayı gün ərzində 4-5 proqramla çıxış edir. Dünən də neçə saat ard-arda “Yeni il şənliyi” proqramı oldu. Saat 12-də, 14-də, 16-da, 18-də proqramlar bitib. Heç bir proqram yarımçıq dayandırılmayıb və heç kəs məcburi oradan çıxarılmayıb. Biletə pul ödəmiş hansı valideyni saraydan məcburi çıxarmaq olar? Bu mümkün deyil. Bəli, sarayda mühafizə xidmətinin əməkdaşları olur. Nəzarət edirlər ki, qarışıqlıq, narahatlıq olmasın”.
Direktor müavini Ə.Məmmədovun sözlərinə görə, bu gün də “Yeni il şənliyi” proqramı davam edir.