Milli Məclisin deputatı və "Azərbaycan Dəmir Yolları"
QSC-nin sədri Cavid Qurbanov dəmir yolundakı mövcud durum, həyata
keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında
"Milli Məclis" jurnalına müsahibə verib.
- Azərbaycan iqtisadiyyatının bütün
sahələrində, o cümlədən nəqliyyat sektorunda yeni dönəm başlayıb.
Yeni dövrün çağırışlarına cavab vermək üçün rəhbərlik etdiyiniz
qurumda nə kimi islahatlar aparılır?
- Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli
layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya
sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan
Azərbaycan polad magistralı indi özünün yeni inkişaf dönəminə qədəm
qoyub.
Yeri gəlmişkən bir faktı da demək istəyirəm. Bilirsiniz ki, son
illər ərzində ölkə nəqliyyat sisteminin əsas sahələrindən biri olan
dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən
mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanıb. Bununla da
dəmir yolunun tarixində yeni bir dönəm başlayıb. Görülən işlərin
məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 6 iyul 2010-cu ildə təsdiq etdiyi "Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair
Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində bu sahənin
inkişafı təmin edilib.
Dövlət proqramına uyğun olaraq dəmir yolunun Bakı - Böyük Kəsik
sahəsində 370 km yol əsaslı təmir olunuv. Həmin sahədə elektrik
təchizatı sisteminin sabit cərəyandan 25 kv-luq dəyişən cərəyanlı
dartı sisteminə keçməsinin təmini istiqamətində işlər görülür,
enerji təchizatı üzrə keçirilmiş tenderin qalibi olan ATEF
Şirkətlər Qrupu (podratçı) yarımstansiyaların quraşdırılmasını
davam etdirir. Eyni zamanda, işarəvermə və rabitə təsərrüfatlarının
yenidən qurulması istiqamətində işlər özünün yeni mərhələsinə qədəm
qoyub. Dünya Bankının layihəsi çərçivəsində dəyişən cərəyanla
işləyən 50 ədəd yeni yük lokomotivinin alınması üzrə işlər müvafiq
prosedurlara uyğun olaraq davam etdirilir.
- Dəmiryol daşımalarının sürətinin, keyfiyyətinin və
təhlükəsizliyinin təmin edilməsi dövrün tələbidir. Bu baxımdan
dəmiryollarında bu gün hansı işlər görülür?
- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müxtəlif
beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata
keçirilməsinə ciddi yanaşır. Bu yöndə, XXI əsrin əsas
tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin
onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının reallaşması
istiqamətində işlər sürətlə davam edir. Layihəni iqtisadi və siyasi
cəhətdən əhəmiyyətli edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında
dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşımalarının
asanlaşdırılması, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks
istiqamətdə nəqliyyat dəhlizi rolunu oynamasıdır. Bakı-Tbilisi-Qars
yeni dəmir yolu xətti ilə yük dövriyyəsinin ilkin mərhələdə 5
milyon ton nəzərdə tutulsa da, sonradan onun 15 milyon tona
çatdırılması planlaşdırılır.
İcrası 2007-ci ilin dekabr ayından başlayan layihə çərçivəsində
Türkiyənin Qars stansiyasından Gürcüstanın Axalkalaki stansiyası
daxil olmaqla uzunluğu 96 km olan yeni xəttin tikintisi, Gürcüstan
ərazisində uzunluğu 153 km olan Marabda-Axalkalaki (stansiya
istisna olmaqla) dəmir yolu sahəsində reabilitasiya, rekonstruksiya
və tikinti işləri aparılır.
Layihənin əsas obyektlərindən biri Gürcüstanı Türkiyə ilə
birləşdirəcək uzunluğu 4450 m olan tunelin tikintisidir. Tunelin
Gürcüstan ərazisində uzunluğu 2070 m olan (240 m uzunluğunda
portalla birlikdə) sahənin 1827 metrində, Türkiyə ərazisində
uzunluğu 2380 m olan hissəsində üst keçid qazma işləri tam başa
çatdırılmış, Gürcüstan ərazisində portalda, Türkiyə ərazisində
üzləmə işləri davam etdirilir. Marabda-Türkiyə sərhədi (Kartsaxi)
dəmir yolu sahəsində (Gürcüstanı Türkiyə ilə birləşdirən, tikintisi
davam etdirilən tunelin girişinədək - Kartsaxi sərhəd
stansiyasınadək) işçi qatarların hərəkəti təmin edilib.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin nəzərdə tutulan
vaxtda istismara verilməsi üçün işlər davam etdirilir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının 2015-ci ildən isə
istismara verilməsi planlaşdırılır.
Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat
layihələrindən biri də "Şimal-Cənub" beynəlxalq dəhlizidir. Ölkəmiz
bu prosesdə aktiv iştirak edir. Rusiya, Azərbaycan və İranın dəmir
yollarının birləşdirilməsi məsələsi 2014-cü ilin oktyabrında Bakıda
keçirilmiş MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı
Şurasının 61-ci iclası çərçivəsində müzakirə olunmuşdur.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması
çərçivəsində Azərbaycan Dəmir Yolunun İran Dəmir Yolları şəbəkəsi
ilə birləşdirilməsi üçün Astara (Azərbaycan) və Astara (İran) dəmir
yolu xəttinin çəkilməsi nəzərdə tutulub. Azərbaycan tərəfi bu
dəhlizin açılması ilə əlaqədar 8,4 km dəmir yolu xəttinin
çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini
aparacaq. Tikinti üçün torpaq sahəsi ayrılıb. Gələcəkdə daşıma
həcmi artdıqca əlavə tədbirlər görüləcək.
Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan
Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak
etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət
strukturlarının daşımalara olan tələbatının ödənilməsi
istiqamətində fəaliyyətini uğurla davam etdirir. Regiona sabitlik,
əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin
reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan
yanaşanda çox gərəklidir.
- "Azərbaycan Dəmir Yolları" QSC-nin Rusiya
Federasiyasının Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal
Korporasiyası QSC arasında Azərbaycan dəmir yollarının vaqon
parkının yenilənməsi ilə bağlı əldə olunan razılaşmaya əsasən
"Uralvaqonzavod" Azərbaycanın sifariş etdiyi vaqonların ilk
hissəsini göndərir. Ümumiyyətlə, Azərbaycan dəmir yollarının vaqon
parkının yenilənməsi ilə bağlı planlar barədə məlumat
verərdiniz.
- Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsinə böyük
ehtiyac var. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində
Rusiya Federasiyasının Dzerjinski adına "Uralvaqonzavod"
Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirilən görüş
də bu zərurətdən yaranıb. Danışıqların nəticəsi olaraq
"Uralvaqonzavod"dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun
alınması qərara alınıb. "Azərbaycan Dəmir Yolları"nın sifariş
etdiyi müxtəlif təmayüllü vaqonların ilk hissəsi ölkəmizə gəlmək
üzrədir.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, sərnişin vaqonu
parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır.
İstifadədə olan vaqonlar təmir olunur. Ukraynanın və Rusiya
Federasiyasının vaqon təmiri zavodlarında 85 sərnişin vaqonu təmir
olunaraq Azərbaycana gətirilmiş, Bakı-Tbilisi, Bakı - Moskva,
Bakı-Xarkov, Bakı-Ağstafa-Qazax və Bakı-Balakən istiqamətlərində
xəttə buraxılıb. Bu günlərdə daha 5 vaqon əsaslı təmir olunaraq
ölkəmizə gətirilib.
Bilirsiniz ki, 18 oktyabr 2014-cü ildə Prezident İlham Əliyev
"Stadler" Gəncə Vaqon İstehsalı Zavodunun təməlqoyma mərasimində
iştirak edib.
İsveçrənin "Stadler Rail Group" şirkəti Gəncə şəhərində ilkin
olaraq istehsal gücü ildə 60 vaqon olan zavod inşa edəcək. Bu zavod
İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz
olunacaq. Zavodun 2016-cı ildə fəaliyyətə başlaması nəzərdə
tutulur. Bu zavodun fəaliyyətə başlaması ilə Azərbaycan Dəmir
Yolunun sərnişin vaqonu parkında yeni bir mərhələ başlayacaq.
- Azərbaycan dəmiryollarında yeni texnologiyaların və
innovasiyaların tətbiqi ilə bağlı hansı layihələr nəzərdə
tutulub?
- Hazırda daha bir neçə layihə icra olunmaqdadır. Son illər ölkə
başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində
Azərbaycan Respublikasında yüksək inkişafa nail olunub, həyata
keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri
sosial-iqtisadi həyatın davamlı inkişafı üçün şərait yaradıb. Bu
da, paytaxtımıza xarici ölkələrdən gələn vətəndaşların günbəgün
artmasına səbəb olub.
Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının
yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün
burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Artıq
Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.
Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması
şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam
yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları,
sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq,
eskalatorlar yenisi ilə əvəzlənəcək.
Eyni zamanda 3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin
sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start
verilib. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt
stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni
birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir
işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin
stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40
dəqiqə vaxt sərf olunacaq.
Hazırda dəmir yolunun həyatında yeni dönəm başlayıb. Bu nəhəng
qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin
daha da yüksəldiləsi istiqamətində bütün qüvvələr səfərbər
olunub.