Yanvar 1-də Kərbəla ziyarətinə gedən azərbaycanlıların
olduğu avtobusda terror aktının törədildiyi barədə redaksiyamıza
məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, ziyarətə gedən Nardaran camaatının bir
neçəsi avtobusda törədilmiş terror aktı nəticəsində həlak olub.
Hətta həlak olanların sayının 40-a yaxın olduğu da bildirilir.
"Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün Nardaran ağsaqqalı
Natiq Kərimovla əlaqə saxlayıb. O, yayılan məlumatdan xəbərdar
olduğunu bildirib:
"Bununla bağlı mənə müraciət ediblər. Mən bu məsələni
araşdırmışam. Tamamilə yalandır. Kərbəla ziyarətinə Nardarandan 250
nəfər gedib. Ümumən Azərbaycandan isə 500 nəfər ziyarətdə olub.
Bilirsiz ki, ziyarət 10-15 gün çəkir. Bizim zəvvarlarımız hamısı
sağ salamat qayıdıblar. Sadəcə yolda Bağdad ətrafında, Kərbəla
yolunda bu tip hadisələr baş verib. Amma bizim zəvvarlara heç nə
olmayıb".
Məsələ ilə bağlı "Qafqazinfo" QMİ Mətbuat Xidmətinin rəhbəri
Rəhimə Dadaşova ilə əlaqə saxlayıb. O qeyd edib ki, artıq bir neçə
ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə Kərbəlaya
ziyarəti üçün səfərlər təşkil olunmur:
"İraqda baş verən məlum hadisələrlə bağlı təhlükəsizlik
baxımından bu ziyarətlər qurum tərəfindən təşkil edilmir. Ona görə
də bu hadisədən xəbərsizik".