Azərbaycan əhalisinin neçə faizinin mənzilə və ya mövcud
mənzilindəki şəraitsizlik üzündən yeni mənzilə ehtiyacı olması
rəsmi rəqəmlərdə göstərilmir. Lakin mövcud vəziyyətin acınacaqlı
olması heç kimə sirr deyil. Bəlkə buna görə hökumət mənzilə
təlabatın statistikasını açıqlamaqda maraqlı deyil. Lakin
müşahidələrimiz, digər rəsmi statistik məlumatların təhlili və
beynəlxalq müqayisələr göstərir ki, insanların, xüsusilə gənc və
nisbətən cavan nəslin əksəriyyəti mənzilsizlikdən əziyyət
çəkir.
"MBA Group" konsaltinq şirkətinin hesablamalarına əsasən,
2013-cü ildə Bakının ilkin mənzil bazarında qiymətlər 28,9 faiz
artıb. Əgər ötən ilin yanvar ayında ilkin bazarda mənzilin bir
kvadratmetri orta hesabla 889 dollar idisə, dekabrda bu rəqəm 1146
dollara çatıb.
Qiymətlər yenə də artacaq
Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov "Axar.az"a
açıqlamasında bahalaşmanı paytaxtda söküntü işlərinin genişlənməsi,
eləcə də təklif portfelində ucuz mənzillərin payının tədricən
azalması və nisbətən daha bahalı mənzillərin payının artması ilə
bağladı. Ekspert ucuz mənzillərin sayının azalmasını tikinti
şirkətlərinin belə mənzillərə üstünlük verməməsi ilə izah etdi. Bu
isə bazarda belə tikililərin həcminin azalması ilə nəticələnib.
Əvəzində elit mənzillərin inşası artıb ki, bununla problem daha
da dərinləşib. Nəticədə alıcı kontingenti xeyli azalıb. Ekspertin
sözlərinə görə, ilkin mənzil bazarında mövcud vəziyyət ən yaxın
aylarda qiymətlərin sabitləşməsinə gətirib çıxara bilər. Onun
fikrincə, 2014-cü il ərzində də qiymətlərin 6-8 faiz artacağı
gözlənilir.
Kimə nə qədər yaşayış sahəsi düşür?
İctimai Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Rövşən
Ağayev hazırda bir çox qeyri-rəsmi ödənişlərin mənzillərin
qiymətlərinə təsir etdiyini bildirib:
"Azərbaycanda həm adambaşına düşən mənzil sahəsi son dərəcə
aşağıdır, həm də mənzillərin sayı azdır. Yəni, mənzil çatışmazlığı
problemi kəskin hiss olunur. Belə şəraitdə son illərdə əhalinin hər
100 nəfərinə orta hesabla 20-22 kvadratmetr mənzil sahəsi düşür.
Rəsmi məlumata görə, hazırda Azərbaycanda 1 nəfərə düşən yaşayış
sahəsi təxminən 13 kvadratmetr, hətta şəhər yerlərində 11,5
kvadratmetr təşkli edir. İnkişaf etmiş ölkələrdə bu göstərici 30-60
kvadratmetr aralığında dəyişir. Bizdə əhalinin hər 1000 nəfərinə
cəmi 180 mənzil düşdüyü halda, inkişaf etmiş ölkələrdə bu göstərici
450-600 intervalında dəyişir".
Bir işə görə iki vergi ödənilir
R.Ağayev mənzil çatışmazlığının səbəbini tikintinin inhisara
alınması ilə izah edib. Onun sözlərinə görə, bu sahə yeganə sahədir
ki, ikiqat dövriyyə vergisinə - həm sadələşdirilmiş vergiyə, həm də
ƏDV-yə cəlb olunub:
"Hakimiyyətə bağlılığı olmayan iş adamları üçün mənzil tikintisi
şərtləri çox ağırdır. Şərtlərinn ağırlığı özünü torpaq sahəsi,
tikintinin hər kvadratmetri üçün həddən artıq yüksək məbləğin tələb
olunması mənzillərin baha satılmasına gətirib çıxarır. Evlər
tikildikdən sonra onların dövlət qediyyatına alınmasında həddən
artıq problemlər yaranır. Mənzillərin qiymətinin atrmasına tikinti
materiallarının əsassız olaraq bahalığı da təsir edir".
Mənzil tikintisi və satışı sahəsində vəziyyətin ağır olduğunu
sadalanan faktlar da təsdiq edir. Vətəndaşlara kömək məqsədilə
ortaya atılan ipoteka kreditləri də onların dadına çatmır. Görünən
odur ki, bu sahədə ciddi islahatların aparılmasına, müəyyən
proqramların həyata keçirilməsinə böyük ehtiyac var.