Dəniz sahili, qumsal, günəş - bunlar hər kəsin arzu
etdiyi həyatdır.
Amma bir də arzulardakı bu həyatın düz qarşısında, amma tamamilə
fərqli bir həyat və o həyatın insanları var. Yaşamağa çalışan, amma
yolunu tapa bilməyən, həyatla "gizlənqaç" oynayan, dəstəyə möhtac,
amma əslində dəstəyi belə necə istəyəcəyini bilməyən insanlar.
Onlar üçün həyat nə sınaq meydanıdır, nə də mübarizə yeri. Həyat
onlar üçün yaşamağa vadar olduqlarıdır, bütün ağrı-acısı ilə
bərabər. Hövsan qəsəbəsinin dənizə cəmi bir neçə metr qalmış,
çirkab sularının, özbaşına tikililərin, yarımçıq tikintilərin,
yolsuzluğun, problemlərin hökm sürdüyü bir məhəlləsindəyik.
Dəqiq ünvan belə yoxdur. Evlərinin 90 faizinin sənədsiz olduğu
bir yerdə ünvan axtarmırıq da zatən. Bizi bura çəkib gətirən bir
səbəb var. Bəlkə təkcə bu qəsəbədə neçə-neçə ailənin yaşadığı
həyatın içindən birilərini çəkib çıxarmaq.
Məlikovlar ailəsi yəqin ki, normal şərtlərdə dəniz kənarında
yaşamağın sevincini bizimlə bölüşə bilərdi. Əgər gənc qızlarına
dərman, bir neçə aylıq körpələrinə süd almaq kimi bir problemləri
olmasaydı.
Bunlar ancaq deyilənlərdir. Neft ölkəsinin yardıma möhtac bu
ailəsi vəziyyətdən danışmaq üçün söz tapmaqda da çətinlik çəkir.
Əslində danışılacaq bir şey də yoxdur. Hər şey göz önündədir.
Nəmişlikdən divarları kif basmış soyuq otaq, həyətdə bir günlük
ehtiyacı belə ödəməyəcək çıl-çırpı, yandırılması üçün ancaq gecənin
düşməsini gözlədikləri işıq, bir neçə köhnə qab-qacaq və bu
mənzərənin yeganə gözəlliyi olan qundaqdakı körpə...
Onu bələyiblər, soyuqdan qorumaq üçün. Bələyin soyuqdan
qoruyacağı bu körpəni aclıqdan kim xilas edəcək?
Anası bunu düşünür, amma cavab tapmır. Hamiləlik zamanı və daha
sonralar normal qidalanmadığı üçün südü quruyub. Övladını
qarşısında ana kimi bu borcunu da verə bilməməyin əzabını yaşamır.
Bunu bəlkə heç düşünmür də. Onu indi düşündürən yeganə şey o
körpənin doydurmaqdır.
Artıq nə olursa...
Belə vəziyyətdə 4-cü uşağı dünyaya gətirmək də bir cahillikdir
deyə düşünə bilərsiniz. Mən də elə düşündüm. Amma ən böyük cahillik
sən demə, bu deyilmiş.
Ən böyük cahillik ünvanlı sosial yardım almaq üçün getdiyi
qapılarda ona ancaq 5 uşağı olacağı təqdirdə yardım verilə
biləcəyini söyləyən insanların olmasıdır. Ailə kiminsə onları
"başdan eləmək" üçün uydurduğu bu yalana inanıb və artıq 4-cü körpə
dünyaya gəlib. Yalanlar isə bununla bitməyib.
Ona hətta əri olan qadına ünvanlı sosial yardım düşmədiyini,
boşanmalı olduğunu deyənlər də tapılıb. Həmsöhbətim- evin xanımı
Şahnaz Məlikova bu yalanların hamısına inanıb:
"Nəmişlikdə yaşamaqdan böyük qızım xəstəlik tapıb. Onun
müalicəsinə pul tapa bilmirik, nənəsigildə qalır və xalası ona
kömək edir. Kiçik qızımın da böyrəkləri xəstədir. Yoldaşım Fərhad
Məlikov ancaq günəmuzd işləyir.
Qazandığı ancaq kiçik uşağın yeməyinə və özümüzün çörək almasına
çatır. 8-ci sinifdə oxuyan qızıma hərdənbir şagirdlərin ailələri
kömək edir. Buna da şükür. Uşaq üçün süd pulu ala bilmirəm. Çünki
şəxsiyyət vəsiqəmin vaxtı keçib, dəyişdirilməlidir".
Mənzilə qaz çəkilib, amma qaz onlar üçün artıq keçmişdə qalıb.
Pulunu ödəmədiklərinə görə xətti cihazdan ayırmalı olublar. İndi
evi qızdırmaq üçün də elektrik enerjisindən istifadə edilir.
Amma bu da həmişə olmur. Bu evdə "işıq da pulsuz deyil" məntiqi
hava qaralana, ev tamam soyuna qədər qüvvədə olur. Bu evdə hər şey
köməksizlikdən xəbər verir. Onlar bu dünyada insanların olduğunu
unudublar, ta ki insanlar özləri yardımları ilə onları yada salana
qədər. Amma bu yardımlar 6 nəfərlik ailə üçün yetərli olmur. Sosial
müavinət almağa ehtiyacları və haqları var.
Amma əgər kimsə sizə desə ki, sənədlərini düzəltmək üçün
idarələrə getməyə yol pulu tapa bilməyən insanlar var, bunu
təəccüblə qarşılamayın. Hövsan qəsəbəsində dənizin bir neçə
addımlığında, nəmişlikdən bozaran evdə belə bir ailə yaşayır. Ana-
Şahnaz Məlikova deyir ki, indiyə qədər qəsəbə rəhbərliyindən, yaxud
bələdiyyədən heç kimsə onların vəziyyəti ilə maraqlanmayıb:
"Bayramlarda deyirlər ki, imkansız ailələrə yardım edilir.
İndiyə qədər bir dəfə də olsun qapımızı açıb içəri girən olmayıb.
Qonum-qonşular bizi tanıyanlar vəziyyətimizdən xəbərdardır. Əgər
yardımı imkansızlara verirlərsə, niyə bizi görmürlər?"
Ailə Daxili İşlər Nazirliyinin İnzibatı İdarəsində, Sabunçu
rayonunda qeydiyyatdadır. Sosial müavinət üçün müraciət etdikləri
qurumlarda onları nəinki "dinləyiblər", hətta məsləhət də
veriblər.
Məsləhət də uşaqların sayını 5-ə çatdırmaq, boşanmaq kimi
təkliflərdən o tərəfə keçməyib. Ancaq bu halda sosial yardım ala
biləcəkləri bildirilib. İndi ailə onsuz da çıxılmaz olan
vəziyyətində bir də cavabı tapılmayan suallarla yaşayır.
Kimlərinsə bu neft ölkəsində bir isti yuvaya, bir qarın yeməyə,
bir dərmana ehtiyacı olan 3 aylıq körpənin yaşadığını xatırlayacağı
günü gözləyir. Amma siz xatırlamayın, unudun, bu sözləri də, o
körpəni də, onun aclıqdan saralan sifətini də, hələ ki, göy üzü
kimi dumduru olan, amma sabah nifrət saçacaq gözlərini də. Nə də
olsa hər kəs öz həyatını yaşayır, deyilmi? ("AzNews.az")