Bütün bunlar çoxumuza tanışdır. Bunları iliyinə, ürəyinə
və çörəyinə qədər yaşayanlar da var aramızda.
Hər şey hər şeyin bitdiyi bir vaxtda başladı. Yəni biz ömrə
"son"da başladıq. 90-cı illəri həyatımda "yoxsanıncı illər" hesab
etmişəm həmişə. Baxmayaraq ki, bu, uşaqlığın son gecəsi idi. Amma
uşaqlıq da getdikcə uzaqlıq oldu. Və "Toybox" oyuncaqlarını qurmağa
çətinlik çəkən əllərə həyat bir anda gələcək qurmaq tapşırığı
verdi. Beləcə, partaya yazdığımızı A+A=S yazısını da x+y=z əvəz
elədi.
"Bəxtinizi bir daha sınayın"
Uşaqlıqda ən çox "Coca-Cola"nın qapağından çıxan "Bəxtinizi bir
daha sınayın" yazısına inanırdıq. Bu sadəlövhlük deyildi. Sadəcə, o
şablon söz bizim tuta biləcəyimiz son yer idi. Amma heç vaxt
"Bəxtimizi bir daha sınamaq" bizə kömək olmadı. Vəziyyət o hal
almışdı ki, qapağın altından o sözün çıxacağını bilsək də qapağı
eşələyirdik. Artıq bizim bu sözə ehtiyacımız var idi. Sonra
təqvimdəki rəqəmlər dəyişdi, qarmaqarışıq ikinci minilliyi üçüncünü
minlillik əvəz etdi: 2000. Üçüncü minillik bizə üç ədəd sıfırla
gəlmişdi. O da əliboş gəlmişdi üstümüzə. Sonra həyat təkcə
"Coca-Cola" qapağına deyil, önümüzə də bu qanunu qoydu: "Bəxtinizi
bir daha sınayın!" Amma artıq gec idi, ömrü ikinci dəfə yaşamaq
olmurdu. İlk dəfə biz onda yapışdığımız son budağı da buraxdıq.
Sonra bəzi yeniliklər oldu, nə bilim e, Qorxmaz Əlilinin "Ailə
Sevinci" lotereyası zad çıxdı. O vaxt "ailə sevinci" anlayışı təkcə
lotereya idi. Bəlkə də, elə lotoreyadakı rəqəmləri oxuya-oxuya
atamın yaşındakı rəqəmlər dəyişdi.
Əlifbadan əvvəl oxunan kitab
Dünyada ən dəhşətli qoxu ac bir uşağın burnuna gələn yemək
qoxusudur. Bir dəfə qonşudan qəşəng kələm dolması qoxusu gəlirdi.
Gedib anamı bezdirdim ki, kələm dolması bişirsin. Anam "o yeməyi
bişirə bilmirəm" deyib məni başından elədi. Əlac qaldı kulinariya
kitablarına. Çoxunun yadına gələr, o vaxt "Sana" yağlarının maraqlı
bir kompaniya başlamışdı. Nə bilim, 50-60 dənə sana etiketi yığıb
gətirənə "Sana" kitabı hədiyyə edirdilər. Səhər tezdən etiket
yığmaq üçün çıxırdım şəhərə. Uşaqlar futbol, "ortada qaldı", "yeddi
şüşə" oynayanda mən etiket toplamaqla məşğul idim. Günə 2-3 sana
etiketi toplaya-toplaya bir təhər lazım olan saya çata bildim.
Sonra bütün etiketləri aparıb kitabı aldım. Sevincək qaçdım evə.
Yox e, bu qaçmaq deyildi, uçmaq idi. Anama dedim ki, burda kələm
dolmasının bişirilmə qaydasını yazıblar, öyrən bişir. Kitabı alıb
vərəqlədi. Sonra məni qucaqlayıb ağlamağa başladı. Mən onda heç
təsəvvür etməzdim ki, kələm dolması belə ağlamalı ola bilər.
Səbəbini bilmirəm, anam kitabı alıb evdə gizlədi. Amma qardaşımla
mən tapıb gizlincə ona baxırdıq. Bilmirəm... Hər gün o kitaba nə
üçün baxdığımızı indi də başa düşə bilmirəm. O vaxt bizə "yeməklə
doymayan yalamaqla doymaz"ı öyrətməmişdilər. Boş soyuducuya o qədər
boş gözlərlə baxırdıq ki, gözlərimiz dolurdu.
Ömrü yaşamaq deyil, ömrü ölməkdir
Əvvəl valideynlərimiz bizim dünyaya gəlməyimiz üçün ayları yola
verməyə başladı. Sonra biz məktəbin başlaması üçün tətili yola
verməyə başladıq. Daha sonra istirahət üçün həftəni yola verməyin
yollarını axtardıq. Sonra maaşın gəlməsi üçün ayı yola verməyi
fikirləşdik. Bəla bunlar deyile... Bəla budur ki, indi ömrü yola
veririk. Və bir də ayılıb görürük ki, biz həyatı yox, həyat bizi
yola verir... Yola salır. Bəzən də ələ salır. Əşşi, nə edək,
belədir də.
"Turbo" arabaları
İnsan taleyini ən yaxşı palçıqdan oyuncaq düzəldən uşaqlar
yaşayırlar. Binamızın önündə palçıqla oynayan uşaqlar sonra
binamızın sol tərəfində yerləşən qəbiristanlıqda atalarının məzar
torpağı ilə oynamağa başladılar. Bu oynamaq deyildi. Bu oyun –
torpağın üzünü cırmaqlamaq idi.
Hə, bir də "Turbo" saqqızları satılırdı. Əslində, məsələ
saqqızda deyil, içindən çıxan maşın şəkillərində idi. İndi şəhəri
dolduran maşınları o vaxt yalnız bu saqqızlarda tapmaq olurdu.
Hərəmiz də özümüzə bir maşın seçmişdik ki, bəs, mən böyüyəndə
bundan alacağam. Sonra vəziyyət bizim arzuladığımız kimi getmədi.
Həmin uşaqlardan çoxunun atası müharibədən şikəst qayıtdı və onlar
maşın əvəzinə atalarını əlil arabasına qoyub sürməli oldular.
...Sürülməmiş qəzaya uğrayan ilk maşınlar əlil arabalarıdır.
1937.az