Birinci yazımızda fizioloji
yolla, yəni bilavasitə orqanizmə daxil olmaqla insanda asılılıq
yaradan ziyanlı vərdişlərdən - narkotikdən, nikotindən və
alkoqoldan danışmışdıq. İkinci yazımız qeyri-fizioloji yolla
insanda asılılıq yaradan ziyanlı vərdişlərə, bazarlıq və adrenalin
asılılığına həsr olunmuşdu. İnternet və qumar asılılıqları da bu
tip ziyanlı vərdişlərdəndir. Bizdə olmasa da, dünyada yaxşı
öyrənilib, əlamətləri də göz önündədir.
Mütəxəssislər deyir ki, ziyanlı vərdişlərin, hansı yollarla
yaranmasından asılı olmayaraq, ümumi cəhətləri var: vaxt keçdikcə
insan asılı vəziyyətə düşür və asılılıq obyektindən istifadəni
vərdiş kimi davam etdirir; sonra insan artıq öz üzərində nəzarəti
itirir və asılılıq obyekti reallıqdan qaçmaq vasitəsinə çevrilir;
sonda asılılıq aludəçiliyə çevrilir, insan sağlamlığını, hətta
nüfuzunu itirir və qətiyyən bunun fərqində olmur...
İnternet asılılığı
Vikipediyada (İnternet ensklopediyası) İnternet asılılığı psixi
nasazlıq, daima internetə bağlanmaq arzusu və vaxtında İnternetdən
çıxmanın istifadəçi üçün çox çətin olması kimi izah edilir. O
cümlədən deyilir ki, asılılığın bu forması müasir dövrdə çox geniş
yayılsa da, onun statusu hələlik qeyri-müəyyəndir. Belə ki,
internet asılılığı bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına
daxil edilməyib. Deməli, bu psixi pozuntu, ruhi xəstəlik və ya əsəb
fəsadları yox, sadəcə olaraq, çox ziyanlı bir vərdişdir.
Bu asılılıqdan ilk dəfə 1994-cü ildə psixiatr Kimberli Yanq bəhs
edib. O, internet asılılığını müəyyənləşdirmək üçün sorğu keçirib.
Məlum olub ki, bu asılılıq qumara patoloji bağlılıq kimidir və
internet istifadəçilərinin də 4-5 faizi bu bəlanın əsiridir.
Mütəxəssislər bu asılılığın əsas səbəbini bu gün internetin başlıca
informasiya mənbəyi olmağında görürlər. İnformasiya isə hamıya
lazımdır və hazırda dünyada ən bahalı maldır.
İnternet asılılığı problemi virtual şəbəkənin populyarlığının
yüksəlməsi ilə daha da artır. Bütün dünyada olduğu kimi,
Azərbaycanda da gerçək həyatı internetə qurban verən, smartfon və
kompüterlə sutkada 8-18 saat vaxt keçirən insanların sayı artır.
İnternetdən qəfil və ya məcburi imtina bu insanlarda həyəcan,
emosional narahatlıq, tərkidünyalıq və az qala xof yaradır.
İnternet asılılığının yaranmasının əsas əlamətlərindən biri,
bəlkə də birincisi insanın konkret saytlarla yox, "qarşısına çıxan"
bütün resurslarla maraqlanması, ciddi ehtiyac olmadığı halda
virtual məkanda "eşələnməsi"dir. Belələri bu və digər saytlara
ehtiyaca, marağa görə daxil olmur - sırf mexaniki şəkildə saytlarda
"təftiş"lə məşğul olurlar. Məsələn, internetin əsiri olan insan
poçtuna mühüm məktub gözlədiyinə görə yox, sadəcə, baxmaq üçün
daxil olur. Çünki elektron poçta daxil olmaq, servisi "açmaq" ona
ləzzət verir və bu ləzzəti orada yeni məktubu görmək daha da
artırır. Amma internetə ifrat aludə olan insan heç bir halda
problemini özü görmür və dərk etmir. Onun üzləşdiyi bəla barəsində
bütün hallarda ətrafındakı insanlar danışırlar. "Sən kompüter
qarşısında çox vaxt keçirirsən!" kimi narahatlıq dolu sözlər
səslənirsə, deməli, siz gerçəkdən də internetdə "batan"lardan
birisiniz. Belə vəziyyət isə real həyatdakı dostlarla ünsiyyətə və
təmaslara çox az vaxt qoyur.
İnternet asılılığına mübtəla olmuş insanları tanımaq, ayırd
etmək asandır. Beləsinə nə söyləsən, cavabında "yaxşı, mənə
e-maillə yazarsan" deyir. Ya da dostları ilə istirahət etməyə
yollandığı kafe, restoran və ya çayxanaya daxil olan kimi oranın
işçilərindən "Sizdə vay-fay var?" soruşur. Səhər saatlarında isə o,
yuxudan oyananda bir fincan isti çay, ya qəhvə içmək, 5-10 dəqiqə
idman etmək əvəzinə başılovlu kompüterə tərəf qaçır, poçtunu
yoxlayır, saytlarda gəzişir və bir ay öncənin hava proqnozuna
baxır.
Qeyd etmək lazımdır ki, bir çox Qərb ölkələrində bu problem
ciddi araşdırılır və hətta internet asılılığı ilə mübarizə
mərkəzləri yaradılır. Azərbaycanda isə bu sahədə hələ də mütəxəssis
yoxdur, halbuki ölkəmizdə də internet asılılığına tutulanlar az
deyil. İnternet asılılığı ilk əvvəl görmə qabiliyyətinə təsir edir.
Sürəkli, fasiləsiz gərginlik nəticəsində göz əzələləri yorulur,
onlar elastikliyini itirir, gözdə quruluq və yanğı hissləri
yaranır. Göz almacığı, partlamış kapilyarlar nəticəsində qızarır,
künclərdə isə vaxtından əvvəl qırışlar yaranır. Göz almacığı və
bəbəyə bir qədər istirahət vermək üçün kompüterin arxasından
qalxın, uzağa baxın. Həkim məsləhəti ilə nəmləndirici göz
damlalarından istifadə edin. İnternet asılılığın daha bir mənfi
fəsadı bel ağrıları, osteoxandroz, skolioz və donqarlıqdır. Onlar
oturaq həyat tərzi nəticəsində yaranır, müalicəsi də asan olmur.
Belə fəsadlarla qarşılaşmamaq üçün aptekdən çiyinləri düz, beli isə
şax tutan xüsusi bandaj almaq olar. Bel ağrıları probleminin daha
bir həll yolu, gimnastika və ya üzgüçülüklə məşğul olmaqdır. Bu,
eyni zamanda, internetdən kənarlaşmaq üçün də bir fürsətdir.
Fəqət, bütün bunlara rəğmən internet asılılığının ən pis
nəticəsi asosiallıq, yəni tənhalıqdır. Bu asılılığa düşən insan
dostlarla görüşmək istəmir, onlarla Skayp vasitəsilə danışmağa
üstünlük verir. O, harasa zəng vurmaq, danışıqlar aparmaq əvəzinə
e-mail vasitəsilə yazışmağı üstün tutur. Yəni internetdə nə qədər
çox vaxt keçirilirsə, gerçək ünsiyyət imkanlarını o qədər itirir.
İnternet asılılılığı olan insanlar çətin ünsiyyətə girir, yad
mühitdə stress keçirirlər.
İnternetin əsirinə çevrilməmək üçün ilk əvvəl bu problemi dərk
etmək, anlamaq gərəkdir, çünki bu bəladan qurtulmaq üçün sizə
sizdən savayı kimsə yardım edən deyil. Əgər bu asılılıqdan
qurtarmaq istəyirsinizsə, sabaha qoymayın, elə bu gündən başlayın.
Əvvəlcə hər gün internetdə nə qədər vaxt keçirdiyinizi hesablayın.
Sonra isə həmin vaxtın hansı hissəsini virtual şəbəkədə həqiqətən
də sizə gərəkli işlərə sərf etdiyinizi müəyyənləşdirin. Onların
fərqi internetdə hər gün keçirməniz məsləhətli olan vaxtdır. Fərz
edək ki, həmin vaxt 2 saatdır. Hər gün kompüteri yandırıb işə
salanda bu vaxtı unutmayın və 2 saat başa çatan kimi kompüteri
söndürün. Daha bir radikal metod isə heç bir məqsəd olmadan baş
çəkdiyiniz saytları blok etməkdir. Azərbaycandakı internet
istifadəçiləri ilə bağlı aparılan müşahidələr göstərir ki, həmin
saytlar əsasən sosial şəbəkələrdir.
Əgər bu vasitələr də kömək etmirsə, deməli, siz istifadəçi
deyil, aludəçisiz, əməlli-başlı xəstəsiz. Təcili psixoloqa müraciət
edin...
Qumar asılılığı
Vikipediyada qumar asılılığı ludomaniya (oyun asılılığı)
adlanır, qumar oyunlarından patoloji asılılıq, yəni müstəqil ayrıla
bilməmək kimi təsvir edilir və hətta sosial, peşəkar, ailəvi
dəyərlərin itirilməsi ilə nəticələndiyi bildirilir. Xüsusi olaraq
qeyd edilir ki, son dövrlərdə dünyanın bir çox yerində kazinoların
açılması, qumar avtomatlarının ("təkqol bandit" və s.) yayılması bu
asılığı daha da genişləndirir. Buna görə də, aparıcı Qərb
ölkələrində qumar asılılığı artıq çox təhlükəli sosial problem
hesab edilir və qarşısının alınması yolları müzakirə edilir.
Asılılığın bu qədim forması müasir dövrdə çox geniş yayılsa da,
onun da statusu hələlik qeyri-rəsmidir. Belə ki, qumar asılılığı da
internet asılılığı kimi psixi xəstəliklər təsnifatına daxil
edilməyib.
Mütəxəssislər deyir ki, qumar asılılığını ilk növbədə insanın
maniakal qumar həvəsindən fərqləndirmək lazımdır. Maniakal həvəs
insan qəflətən qeyri-adekvat şəraitə düşdükdə, sosial
öhdəliklərindən imtina etdikdə, öz taleyinə tam etinasızlıq hiss
etdikdə, məsələn, türmədə yarana bilər. Obrazlı desək, bu allergiya
kimidir və allergiyanı aradan qaldırdıqda, dərhal keçir. Qumar
asılılığı isə, sözün əsil mənasında, patologiyadır, bu zaman
asılılıq getdikcə artır, insan hətta sosial statusunu və
sağlamlığını itirir, amma geri çəkilmir. Çünki çəkilə bilmir,
oynamaq, udmaq həvəsi imkan vermir... Məsələn, insanlar dayanmadan
sutkalarla qumar oynaya və minlərlə pul (hətta borca girməklə)
uduza bilərlər. Bu zaman onların yadına hətta yemək və yatmaq da
düşmür, yalnız su, ya pivə içməklə kifayətlənirlər...
Qumar asılılığına düşən insan sağlamlığından əvvəl normal
məntiqi duşuncəsini, yəni reallıq hissini itirməyə başlayır. Məşhur
kəlamda deyildiyi kimi, Allah adamı vuranda əvvəl ağlını başından
alır. Qumar aludəçisi bir qayda olaraq, uduşları öz qabiliyyəti,
qisməti kimi dəyərləndirir, uduzduqlarını isə kənar səbəblərlə,
məsələn, zərin "it sümüyü" olması, yaxud da kartın "mast" gəlməməsi
ilə izah edir. Bu zaman oyunçu elementar məntiqdən çıxış edir və
səhv edir. Çünki qumar oyunlarının məntiqi daha mürəkkəbdir.
Məsələn, kart 5 dəfə, on dəfə "mast" gəlmirsə, ya zər "şeş"
vermirsə, oyunçu hesab edir ki, 11-ci dəfə mütləq onun bəxti
gətirəcək. Amma təcrübə göstərir ki, hətta oyun "şuler"siz aparılsa
belə (praktikada, bir qayda olaraq, istisna olunur), kart yüz,
hətta min dəfə "mast" gəlməyə və zər "şeş" verməyə bilər. Siz isə
oyunçunun vəziyyətini təsəvvür edin: axı qumarı "konfet kağızı" ilə
oynamırlar...
Nə qədər qəribə olsa da, qumar aludəçisi oyun zamanı öz
imkanlarına deyil, öz bəxtinə "stavka" etməyə başlayır. Məsələn,
dünyada heç kəsi, hətta qumar azarkeşini də Qarri Kasparovla (yeri
gəlmişkən, erməni deyil, yəhudidir) pulla şahmat oynamağa məcbur
etmək olmaz. Hamı yaxşı bilir ki, Kasparov peşəkar şahmat ustasıdır
və onunla oyunda uduş ehtimalı sıfra bərabərdir. Amma qumar
oyunlarında hətta bu da yaddan çıxır. 90-cı illərin əvvəllərini
yəqin xatırlayırsız, maşın, paltar, hətta meyvə bazarlarında üskük
fırladanlar at oynadırdılar. Və nəinki qumar aludəçiləri, hətta
üskük oyunundan qətiyyən başı çıxmayan adi insanlar həvəslə bu
oyuna girişir, pul udmaq istəyirdilər. Amma oyun təmiz aparılsaydı
belə (praktikada istisna olunur), adi insanların peşəkarlardan pul
udmaq şansları sıfra bərabər idi. Axı məntiq həmin məntiqdir,
faktiki olaraq, Kasparovla pulla şahmat oynamaq deməkdir.
Maraqlıdır, qumar aludəçiləri daha çox kimlər olur, yaxud risk
qrupuna kimlər daxildir? Araşdırmalar göstərir ki, əsas risk
qrupuna təxminən 30 yaşlı, tək yaşayan kişilər daxildir. Yəni
kişilərdə qumar asılılığı daha erkən başlayır və 30 yaşında pik
nöqtəsinə çatır. Qadınlarda isə təhlükəli dövr 30-dan sonra
başlayır və 40 yaş ən təhlükəli sayılır. Qeyd etmək lazımdır ki,
qumar asılılığı olan insanların 30-40 faizi sair asılılıqlardan,
məsələn nikotindən, alkoqoldan əziyyət çəkir. Qumar oynayanların
yalnız 5-10 faizi aludəçiyə, 2-3 faizi isə müalicəsi olmayan
xəstəyə çevrilir. Bəs insanı bu təhlükəli yola aparan nədir?
Mütəxəssislər deyir ki, bu yolun başlanğıcı ilk oyunlarda təsadüfən
udulan (deyirlər, qumarda xamın bəxti gətirir!), ya "loxa avans"
kimi buraxılan pullar da ola bilər, boşanma və işdən çıxarılma kimi
şəxsi uğursuzluqlar da. Sonra isə uduzma dövrü başlayır və insan
düşdüyü vəziyyətdən çıxa bilmir. İlk zamanlar məqsəd var (deməli,
hələ istifadəçisiz), uduzduqlarınızı geri qaytarmaq istəyirsiz,
özünüzü hər şeydən təcrid edir, az qala bütün vaxtınızı qumara sərf
edirsiz. Amma aylar keçir, borclar artdıqca, asılılıq da artır və
məqsəd itir (artıq aludəçisiz), qumar az qala həyat tərzinə
çevrilir.
Bəs insanın qumardan asılılığını, istifadəçi, ya aludəçi
olduğunu necə təyin etmək olar. Təbii ki, bunun üçün müəyyən
testlər və sorğular var. Bu sahədə SOGS (South Oaks Gamblings
Screen - Cənubi Palıdlar Azart Oyunları) şkalası daha uğurlu hesab
edilir. Bu şkala ilə insan özü-özünü də yoxlaya bilər. Yazının yer,
oxucunun vaxt məhdudiyyətini nəzərə alıb, şkalanı tam vermirik,
əsas 7 sualla kifayətlənirik: Siz pulunuz qurtarana kimi
oynayırsızmı; Siz daim özünüz üçün təyin etdiyiniz uduzmaq limitini
artırırsınızmı; Pulunuz qurtarandan sonra borca oynayırsınızmı;
Qumar borcunuzu qaytarmaq üçün oğurluq etmək ağlınıza gəlibmi; Siz
daima oyun haqqında fikirləşirsizmi; Oynamayanda qanınız qaralırmı,
kefiniz pozulurmu; Siz uduzduqlarınızı qaytarmaq, ya oynamaq
xatirinə oynayırsız?
Əsas sualımız isə budur: Bu ziyanlı vərdişdən can qurtarmaq
mümkündürmü və bunun üçün nə etmək lazımdır? Mütəxəssislərin
fikrincə, yuxardakı 7 sualın hamısına müsbət cavab verənlər artıq
aludəçilərdir. Yarısına müsbət cavağ verənlər isə, istifadəçilərdir
və qumardan can qurtarmaq şansları hələ qalır…