Dostum Tofiq Mamedov
təqaüddə olan milis podpolkovnikidir, uzun müddət Moskva milisində
işləyib, sahə müvəkkilindən şöbə rəisinə kimi şərəfli bir yol
keçib.
"Lenin" ordeni almasa da, medalı, nişanı boldur, indi də asanda,
kitelinin yaxasında boş yer qalmır. Mamedov bunlarla fəxr edir,
deyir, hər medal açılan hadisədir, hər nişan qazanılan qələbədir.
Deyirəm, bir polkovnikdən-zaddan da olmadın ki, bu formanı,
medalları daimi gəzdirmək imkanı qazanaydın. Dostum köksünü ötürür,
deyir, Moskva milisində sovet dövründən qalma, yazılmamış bir qayda
var, qafqazlıları, "tem bole", müsəlmanları kapitandan yuxarı
buraxmırlar. Mənim hələ bəxtim gətirib, podpolkovnik olmuşam...
Kefi kök olanda, bir az da mən üz vuranda, eşitdiklərindən,
gördüklərindən, başına gələn maraqlı hadisələrdən danışır, mən də
bir az orasını-burasını düzəldirəm, bir az bədii rəng verirəm, olur
"Milis hekayələri". Deyilənə görə pis alınmır, hətta bəzən maraqlı
olur - oxuyurlar…
***
Tofiq Mamedov bu dəfə dələduzluqdan danışdı. Dedi son vaxtlar
dələduzluq yaman artıb, əməlli başlı bəlaya çevrilib. Dost dosta
pul atır, qohum qohumu, qardaş qardaşı aldadır. Bunun qarşısını
almaq, günahkarı cəzalandırmaq isə çətindir, çünki bəzən arada
nəinki notariusun verdiyi sənəd, hətta vətəndaşın qol çəkdiyi adi
kağız belə olmur. Amma əvvəllər belə deyildi, inam vardı, etibar
vardı. İnsanlar, hətta tanışlar və qonşular bir-birindən borc
alardı, vaxtında qaytarardı. İndi nə almaq olmur, nə də alanda
qaytarmaq…
Soruşdum ki, bu problem sovet dövründə də olub, yoxsa bu da sair
bəlalar kimi demokratiyanın töhfəsidir? Dostum dedi, dələduzluq
3-cü qədim peşədir (fahişəlik və oğurluqdan sonra) və şübhəsiz ki,
erməni mənşəlidir. Amma bir rus misalı var, deyirlər alanda özgənin
pulunu alırsan, qaytaranda isə öz pulunu qaytarırsan. Odur ki, borc
alıb qaytarmamaq, yəni atmaq problemi həmişə, hər yerdə olub.
Yadımdadır, sovet dövründə də vətəndaşlar tez-tez bu məsələ ilə
bağlı milisə müraciət edirdilər. Amma indi çox artıb, yayılıb.
Yəqin burda qanunvericilikdə olan boşluqlarla bərabər,
demokratiyanın, qloballaşmanın da öz rolu var. Axı indi postsovet
məkanı sivil dünyaya inteqrasiya edir, demokratiyanı öyrənir. Yad
dili öyrənəndə isə məlum olduğu kimi, birinci söyüşləri
öyrənirsən...
***
- Yuxarıda dediyim kimi, dələduzluq üçüncü qədim peşədir, - sözə
belə davam edir dostum. - Bunun da borc alıb qaytarmamaqdan başqa
daha iki klassik forması var: biri "üskük" oyunudur, biri "muncuq".
Birincini dələduzlar avamlara qarşı oynayırlar, burada heç bir
ağıl, pul tələb olunmur. Söhbət sadəcə olaraq, əl itiliyindən
gedir. Üsküyü fırladan, adətən, yumşaq, yüngül materialdan olan
şarı üsküyü geri çəkməklə ovcuna götürə, irəli itələməklə, əksinə
üsküyün içinə sürüşdürə bilir. Yanında da 3-4 nəfər qolu zorlu,
başı və vicdanı boş keşik çəkir. Oyun uzun çəkmir, ətrafda milis
görünən kimi hərəsi bir tərəfə əkilir. Burda bütün hallarda udmaq
ehtimalı sıfra bərabərdir. Təsadüfən şarı tapsan, qoluzorluların
zoruna məruz qalırsan. Amma insaf xatirinə demək lazımdır ki, burda
da günah uduzandadır. Təsəvvür edin ki, ömründə üskük oynamayan
avamlar bu işdə baş ağartmış əclaflarla oynamaq və hətta udmaq
istəyirlər.
Muncuq oyununda isə ağıl və pul, vaxt, hətta reklam lazımdır.
Müasir anlamda buna totalizator, piramida da deyilir, çünki oyuna
çoxlu insan cəlb edilir və onu artıq hüquqi şəxslər həyata keçirir.
Əsas mahiyyəti budur ki, ilkin mərhələdə 5-10 nəfərə ucuz muncuq
dəstləri verilir və müəyyən pul müqabilində onları ipə düzmək tələb
olunur. Muncuğu alan tez bir zamanda onu ipə düzür və qəbul
məntəqəsindən vəd olunan məbləği alır. Üstünü düzəldir, verib yenə
muncuq alır, sonra borca girir, daha sonra maşınını, hətta evini
satır, muncuq alır. Muncuq alanlar da, qoyulan pullar da, reklamın
hesabına hər gun artır. "Muncuq" dələduzluğunun başında duranlar da
"qurbanlar"ın çoxalmasını, "maşın və ev" mərhələsinin çatmasını
gözləyirlər. Bu mərhələ yetişən kimi pulları da götürüb aradan
çıxırlar. Nəticədə minlərlə adam borca girir, yüzlərlə adam
maşınını, onlarla adam evini itirir. Muncuğa verilən pullar isə bir
qayda olaraq batır. Çünki dələduzlar artıq hardasa Avropada,
Amerikada, bəlkə də Avstraliyada, amma başqa ad altında kef çəkir.
Ən qəribəsi və deyərdim ki, ən dəhşətlisi isə odur ki, "muncuq"
oynayanlar, bir qayda olaraq, ağıllı, savadlı adamlar olsa da, biri
də fikirləşmir ki, bu qədər muncuq bu filankəsin nəyinə lazımdır?
Ən azı, ipə düzülən muncuqları onlara verilən pula satmaq
olarmı?
Burda mən müdaxilə edirəm, dözə bilmirəm:
- Bunlar ümumi şeylərdir, biz hamımız bu barədə müəyyən dərəcədə
məlumatlıyıq. İstəyirdim ki, dələduzluğun konkret formalarından
danışaq, yəni bu və başqa halda dələduz adamları necə aldadır? Axı,
hər yerdə və hər adamı eyni cür aldatmaq olmaz. Həm də, dediyin
kimi, bu gün adamların əksəriyyəti avam deyil, ən azı qəzet oxuyur,
televizora baxırlar. Onları aldatmaq, axırıncı pullarını əllərindən
almaq elə də asan deyil, üçküyün, muncuğun da vaxtı çoxdan
keçib.
Dostum adəti üzrə bir siqaret çıxarıb yandırır, acı tüstünü
içinə çəkib bir anlıq fikrə gedir. Amma bu sükut uzun çəkmir:
- Dələduzluğun forma və növləri çoxdur. Yerindən və vaxtından
asılı olaraq dəyişir. Təbii ki, dünən keçən "priyom"lar bu gün
keçmir, insanları aldatmaq, pullarını əllərindən almaq getdikcə
çətinləşir. Odur ki, dələduzlar da inkişaf edir, bazara daha
inandırıcı, daha aldadıcı təkliflərlə çıxırlar. Amma dələduzların
bütün fırıldaqları, faktiki olaraq, üskük və muncuq oyunlarına
əsaslanır. Yəni ya tək-tək adamları şirnikləşdirib qarmaqla
tuturlar, ya da maliyyə piramidaları yaradıb yüzləri, minləri tora
salırlar. Bu barədə iki hadisə danışmaq istəyirəm, biri müasir
üskük məsələsidir, o biri müasir muncuq. 90-cı illərin ortalarında
Rusiyada özəlləşmənin aparıldığı, vauçerlərin satıldığı dövrü
götürək. Bu dövdə Rusiyada özbaşınalıq, cəzasızlıq hökm
sürdüyündən, dələduzluq üçün də münbit şərait vardı. Orda da
bizdəki kimi, ilk vaxtlarda vauçerlər bahalaşmışdı, dörd vauçerin,
yəni bir çekin qiyməti Moskvada iki yüz dollara qalxmışdı. İşbazlar
regionlardan çekləri bir az ucuz alıb maşınlarla paytaxta
daşıyırdılar. Şəhərin müxtəlif yerlərində alış-satış məntəqələri
fəaliyyət göstərsə də, qara bazar da çiçəklənirdi, vauçer alverinin
yarıdan çoxuna nəzarət edirdi.
Belə bir məqamda Moskvada üskük fırladanlar, yəni avam adamları
aldadanlar da fəallaşmışdılar, vauçer bazarından öz paylarını
almağa çalışırdılar. Onu da deyim ki, dələduzlar, bir qayda olaraq,
"işə" tək getmirlər, adətən bir neçə nəfər olurlar. Yalnız iki
halda dələduz "işə" tək gedə bilər: işə təzə başladıqda, yəni
diletant olduqda, ya da yüksək səviyyəli peşəkar olduqda. İndi
danışacağım hadisə də ikincilərə, yəni peşəkarlara aiddir. Moskvada
da belə peşəkarlardan biri o vaxtlar dillər əzbəri olmuş bir
dələduzluq edir. O vaxtlar pensiyalar verilmədiyindən, dolanışığın
çətinliyindən mərkəzdə yaşayan pensiyaçılar öz evlərini kirəyə
verirdilər, ya da satıb şəhərin kənarına gedirdilər. Bizim
"qəhrəman" da çətinlik çəkmədən Moskvanın mərkəzində, yaxşı bir
yerdə üçotaqlı mənzildə bir otaq kirələyir. Axşam evə gələndə də
əli dolu gəlir, o vaxtlar defisit olan kofe, şokolad konfet
gətirir, ev yiyələrinin könlünə girir, onlara "mama", "papa" deyir.
Gündüzlər isə axşama kimi əynində bahalı kostyum, qalstukla vauçer
bazarlarını fırlanır, qurbanlıq quzu axtarır. Axtaran tapar
deyirlər, nəhayət tapır. Vauçerləri topdan satan qrupların birinə
yaxınlaşır. Salamlaşır, deyir mən imkanlı adamların nümayəndəsiyəm,
min vauçer (yəni 250 çek) almaq niyyətindəyəm. O, slavyan mənşəli
olduğundan və Moskva ləhcəsində danışdığından alverçilərdə şübhə
yaratmır. Və bundan məharətlə istifadə edir, pulun məbləği böyük
olduğundan onu ancaq evdə çatdıra bilərəm deyir. Sonra isə cibindən
o vaxtlar yenicə yayılan və hər adamda olmayan kiçik mobil
telefonunu çıxarıb "xozeyi"nə zəng edir və qiymətlər haqqında
məlumat verir.
Onun təklifi maraqlı, amma gözlənilməz olduğundan alverçilər hər
ehtimala qarşı məsləhət edirlər. Min vauçer alğı-satqısının (yəni
50 min dolların) bazarda elə də böyük rəqəm olmaması, müştərinin
ziyalı görkəmi, mobil telefonu hətta üzü üzlər görmüş alverçiləri
də çaşdırır, razılıq verirlər. İki nəfər içində iki yüz əlli çek
olan bağlamanı götürüb ona qoşulur, taksiyə minib müştərinin evinə
gəlirlər. Bizim qəhrəman evə girən kimi "babushka"nı öpür, deyir
"mama", bağışla, bu gün dostlarımla gəlmişəm, sənə bir əziyyət
verəcəyəm. Bizə bir kofe hazırla, mən dostlarımla bir az söhbət
edim. Ev sahibəsi tanımadığı adamları görüb özünü itirir, amma
kirayənişin ona özünə gəlməyə imkan vermir, qonaqları ilə öz
otağına keçir. Elə təzə oturub söhbətə başlayırlar ki, müştərinin
telefonuna zəng gəlir. O, göz edir ki, "xozeyin"dir, özü isə
telefonda deyir, bəli evdəyəm, mal da məndədir, indi düşürəm.
Qonaqlarına isə bildirir ki, "xozeyin" gəlib, aşağıda maşında
gözləyir. Sonra şkafdan şampan, şokolad çıxarıb stolun üstünə
qoyur. Deyir, bizim alveri mütləq yumaq lazımdır. Anam kofe
hazırlayana qədər mən aşağı düşüm, malı "xozeyin"ə verim, pulu alım
gəlim. Qonaqlar təbii ki, etiraz edir, onun təklifini fərziyyə kimi
də qəbul etmək istəmr. Bizim "qəhrəman" heç təəccüblənmir, "mən
sizi də başa düşürəm", - deyir və yenidən ""xozeyin"ə zəng edir.
Sonra qonaqlarına müraciət edir:
- Mən sizə dedim ki, "xozeyin" tanınmış adamdır, amma demədim
ki, deputatdır. O, sizinlə görüşmək istəmir. Necə istəyirsiz, elə
də edək…
Bu dəfə zəng etmək növbəsi qonaqlara çatır, onlardan biri cibinə
güclə yerləşən, o vaxtlar "dubinka" adlanan mobil telefonunu
çıxarır və öz "xozeyni"nə zəng edir. Elə bu dəmdə otağın qapısı
döyülür, ev sahibəsi kofe gətirir. Bizim qəhrəman yenidən onu öpür,
"mama, sağ ol" deyir. Deyəsən, kofenin ətri qonaqları yoldan
çıxarır, razılaşırlar, amma deyirlər birimiz səninlə düşməliyik.
Kirayənişin də razılaşır, çek dolu bağlamanı götürən biri ilə
otaqdan çıxır. Evdən çıxanda "mama, qapını bağlama, mən indi
gəlirəm", - deyir. Aşağıda blokun qabağında bağlamanı alverçidən
alır, bir az aralıda onu gözləyən qara "QAZ-31"-ə minir. Qara maşın
alverçinin gözü qarşısında uzaqlaşır. Və o, yalnız indi görür ki,
maşının arxa nömrəsi palçıqlıdır, görünmür…
***
- Üskük məsələsindən danışdıq, indi də keçək muncuq məsələsinə.
Rusiyanın 90-cı illərdə yaradılan, məlum maliyyə piramidası AO MMM
(Mı Mojem Mnoqoe) yadındadır?! Bu dələduzluğun muncuq formasıdır,
Azərbaycanda məşhur olan Vahid Bankın "böyük qardaşı"dır. Yəni
Vahid Bank on minlərlə insanı aldatmışdısa, MMM on milyonlarla
insanı aldatmağa müvəffəq olmuşdu. Vahid Bank milyonları
yığmışdısa, MMM yüz milyonları qamarlamışdı. Bəs bu qurumlar bu
qədər insanı necə aldadır, bu qədər pulu necə qazanırdılar? Bunlar
insanlara artıq muncuq deyil, pul verirdilər. Məlum olduğu kimi,
həmin dövrdə bütün postsovet məkanında inflyasiya maksimum həddə
idi. Maliyyə piramidaları da pul alıb üzv qəbul etdikləri
insanlardan müəyyən maliyyə vəsaiti götürür və onu dərhal
valyutaya, məsələn, dollara çevirirdilər. Bir ay ərzində isə
inflyasiya 50, 70, hətta 100 faiz olurdu. Maliyyə piramidaları da
dolları yenidən pula çevirir, inflyasiyadan qazandıqları pulun
30-40 faizini müştərilərə verir, 60-70 faizini isə mənimsəyirdilər.
Beləliklə, sözdə əhalinin kasıb təbəqələrinə kömək edir, işdə isə
inflyasiyanın güclənməsinə təkan verirdilər. Amma dövlətin iqtisadi
qüdrəti artdıqca, inflyasiya da cilovlanırdı. Eyni zamanda, maliyyə
piramidaları da maliyyə bataqlığına yuvarlanırdı, odur ki,
"balaqlar"ını çırmayırdılar və fürsət düşən kimi aradan çıxırdılar.
Amma bu, hamısına qismət olmurdu. Yeri gəlmişkən, AO MMM-in də,
Vahid Bankın da rəhbərləri həbs olundular, öz haqlı cəzalarını
aldılar, amma arada camaatın pulu batdı. Əlbəttə, pulunu alanlar,
hətta AO MMM kimi əjdahalara "atanlar" da oldu. Onlardan biri də
qarşınızdadır, icazənizlə, hadisəni məruzə edir. Deməli,
danışacağım hadisə də həmin dövrə, 90-cı illərə təsadüf edir. Mən
artıq milis podpolkovniki idim, Moskvada milis bölmələrinin birinin
rəisi idim. AO MMM-in də bərk getdiyi, az qala Rusiyanın yarısını
üzvlüyə qəbul etdiyi bir dövr idi. Mənim Aleksandr İvanıç adlı 20
illik köhnə dostum, paqon yoldaşım var, yanıma gəldi. Onunla
Ximkidə sahə müvəkkili işlədiyim dövrdən tanış idik, xoş
günlərimizdə olduğu kimi, çətin günlərimizdə də bir-birimizə
müraciət edirdik. Dostum əslən Stavropol vilayətindən, orda
Apşeronsk adlı bir qəsəbə var, ordan idi. Səksənin ortalarında,
Moskva milisində pensiyaya çıxan kimi, doğma Apşeronska qayıtmış,
arıçılıqla məşğul olmağa başlamışdı. İşə savadlı yanaşdığından və
kredit alıb maya qoyduğundan tez bir zamanda arıların sayını yüzə
çatdırmış, əməlli-başlı fermerə çevrilmişdi. Əlaqələrimiz isə
kəsilməmişdi, o, Moskvaya gələn kimi mənə dəyirdi, mən də
istirahətdə, məzuniyyətdə Stavropola gedir, dostumun fermasında 1-2
gün qalırdım. Hələ yazda, payızda bal kəsəndə mənim payımı da
göndərirdi. Aleksandr İvanıç problemi mənə danışdı, onun
Krasnodarda imkanlı bir dostu vardı, öz tamahının qurbanı olmuş,
100 min dollara qədər pulunu AO MMM-ə qoymuşdu. Amma geri ala
bilmirdi, pulların batmaq ehtimalı vardı və hər gün artırdı. Həmin
dövrdə bu, böyük pul sayılırdı, Moskvada iki ədəd üçotaqlı mənzil
almaq olardı.
Dostumla süfrə arxasında oturduq, baş sındırdıq, böyük
"Rasputin"in axırına çıxdıq. Amma ortaq bir məxrəcə gəlib çıxmadıq.
MMM-in rəhbəri Sergey Mavrodi həmin dövrdə Dumanın deputatı, rəsmi
milyonçu idi, ona milis bölməsi, idarəsi səviyyəsində batmaq mümkün
deyildi. Bizim də bundan artığına imkanımız yetmirdi. Yaxşı
yadımdadır, dostum nə isə deyirdi, mənim isə gözüm "Rasputin"in
saqqalına zillənmişdi. Birdən elə bil başımda işıq yandı, İvanıç
sonralar deyirdi ki, elə bil gözlərin də işıqlandı. Ayağa qalxdım,
"Rasputin"in son damlalarını qədəhlərə süzdüm, dedim gəl son
badələri bu "müqəddəs ata"nın sağlığına qaldıraq. Cavabı gözləməyib
qədəhi başıma çəkdim, yerimə əyləşdim. Dostum heyrətlənmişdi,
qədəhi hələ əlində idi. Dedi, axı, ən azı Rasputin "müqəddəs ata"
olmayıb?! Razılaşdım ki, olmayıb, amma sən olacaqsan. Onu bir az da
heyrətləndirdim, dedim, bu gün gecdir, arağını iç, yıxılaq yataq.
Sabah qayıdarsan Krasnodara, dostunu taparsan. Deyərsən, onu şəhər
kilsəsində yaxşı tanıyırlar, təmir elətdirib, ildə nə qədər pul
verir. Dostun kilsədən bir arayış alır ki, AO MMM-ə qoyulan100 min
dollar kilsənin vəsaitidir, təmir işlərinə xərclənməlidir. Dostunla
bunun kimi (Rasputinin şəklinə işarə edirəm) iki saqqallı keşiş
götürüb qayıdırsız Moskvaya, gedirsiz Dövlət Dumasına, deputat
Sergey Mavrodinin qəbuluna. Vəssalam, şüttamam. Sonra mənə bir
qonaqlıq verirsiz, dostun da pulun on min dollarını kilsənin
fonduna keçirir.
İvanıçla AO MMM-ə pul almağa mən getməmişdim, amma qonaqlığa
getdim, dostu keşişləri də özü ilə gətirmişdi. Yadımdadır,
keşişlərin sağlığına badə qaldırdıq. Kefləri kök idi, deyirdilər
ki, 100 min dolları rus pulu ilə qaytarıblar, iki kisə olub...