Yuxarı

Ona “aktyor” deyirlər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ona “aktyor” deyirlər

Nə qədər beynəlxalq münasibətlərin humanistləşməsini, yüksək mənəvi-mədəni dəyərlərin bu sferaya gətirilməsini arzulasaq da, baxıb görürsən ki, əsl böyük siyasət, əsl real siyasət başqa məcraya - geopolitikaya meyl edir...

Amma mənim bu sahəyə özəl münasibətim olub. Başqa yazarlar yeri gəldi-gəlmədi yazılarını "geopolitika" rubrikası altında verməyi xoşlasalar da, etiraf edirəm ki, mən heç vaxt onu sevməmişəm, çünki bu "əbədi maraqlar və nüfuz sferaları" cəngəlliyində kiçik millətlərə və dövlətlərə baş açmaq elə də asan deyil...

Amma nə etmək olar? Nəzərə almaq lazımdır ki, dünya sferasında mahnını biz sifariş etmirik və elə bu səbəbdən də alışmaq və mövcud reallıqlarla barışmaq məcburiyyətindəyik. Bəli, bu rellaıqlar da dəyişir, dünyanın mövcud durumuna adekvat münasibətlər sistemi qurulur. Ona görə də bütün dövlətlərdən və millətlərdən, bir növ çeviklik tələb olunur, yoxsa böyük siyasi reallıqların pəncələri altında əzilmək təhlükəsi yaranar.

Əvvəlcə onu deyim ki, 21-ci əsr geopolitikaya açıq səhifə ilə başladı. 20-ci əsrdə mövcud olmuş reallıqlar, bir növ, süqut etdi və təzə reallıqlar yarandı. Ona görə də 21-ci əsrin geopolitik palitrası hələ tamamlanmayıb.

Mən burada 20-ci əsrdən, onun "soyuq müharibə"sindən, iki qütblü dünyadan bəhs etməyəcəm, çünki kifayət qədər aydındır. Həm də bizə 21-ci əsr daha maraqlı görünür. Əsr NATO-nun genişlənməsilə, ABŞ-ın müvəqqəti üstün və hətta deyərdik ki, hegemon mövqelər qazanması və bir də Avropa Birliyinin yaranması ilə diqqət çəksə də, proses hələ tamam bitməyib, heç də bütün dövlətlər bu reallıqlarla barışmaq və özlərinə həmin reallıqlar çərçivəsində yer tapmaq istəmirlər...

Politologiyada belə bir termin var. Ona "aktyor" deyirlər. Amma bunsuz da keçinmək və adi "oyunçü" kəlməsindən istifadə etmək olar. Bu mənada indi biz dünya siyasətində üç fəal "oyunçu" görürük. Onlar ABŞ, Avropa Birliyi və Rusiyadır...

Təbii ki, burada digər dövlətlərin, məsələn, hərbi büdcəsinə görə dünyada birinci üç ölkənin sırasına düşən Çinin də adını çəkmək olardı, amma o, hələ fəal "oyunçu" deyil, əsas üç oyunçu məhz sadaladığımız üç komponentdir. Halbuki bir neçə il bundan əvvəl Z.Bjezinski özünün "Böyük şahmat taxtası" əsərində ən azı beş geosiyasi mərkəzin yaranacağını önə çəkmişdi...

Amma real olaraq hələ ki yalnız üç əsas mərkəz görürük. ABŞ, Avropa Birliyi və bu iki komponent arasındakı münasibətlər yetərincə aydındır. Əgər cənab Snouden bütün sirləri açıb tökməsə, bu münsibətlərin hələ bir müddət dözümlü həddə qalacağını deyə bilərik...

Təbii, onlardan ən çox maraq doğuranı Rusiyadır. Ukrayna hadisələrindən sonra ölkə tamam Avropdan qovulub desək, elə də ifrata varmarıq. Getdikcə daha çox adam başa düşür ki, Rusiyaya Avropa ölkəsi olmaq müyəssər olmayacaq və bu ölkə böyük ehtimalla öz bəxtini Asiyada aramalı olacaq...

Demək olarmı ki, Rusiyada Avropa və Asiya tərəfdarları arasında üç əsrdən artıq davam edən mübahisə ikincilərin xeyrinə həll oldu? Yüz ildən sonra nə baş verəcəyini bilmirik, amma yaxın dövr üçün, "hə" demək olardı...

Elə bu səbəbdən bu günlərdə Rusiyada baş tutan Şanxay toplantısını diqqətdən kənarda qoymaq olmaz. Daha iki ölkə - Hindistan və Pakistan bu Birliyə qoşulmağı vacib bildi. Bu isə onu göstərir ki, Avropadakı təmərküzkləşmə və inteqrasiya prosesləri müəyyən mənada Asiyaya da təsir etməkdədir...

Bu mənada Asiyanı Avropadan fərqləndirən yalnız odur ki, bu ölkələr hələ ki yüksək həyat standartları ilə öyünə bilmir, insanlar hələ ki Asiyadan Avropaya qaçırlar...

Amma digər resurslar öz yerindədir - ehtiyatlar var, insan potensialı var, hərbi güc və hətta iqtisadiyyat yetərincə dinamikdir...

Qeyd edək ki, bizim Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərir. Bu haqda nə demək olardı? Biz ilk olaraq haradan nə götürməyi öyrənməliyik. Təbii, Avropdan siyasi dəyərləri götürmək və onun idarəetmə potensialını mənimsəmək lazımdır...

Amma "Avropadan kənarda inkişaf yoxdur!" demək yanlışlıq olardı, ən azı ona görə ki, Çin, Yaponiya və cənub-şərqi Asiya ölkələri Avropa deyil, amma son vaxtlar çox güclü inkişaf templəri nümayiş etdirirlər.

Qeyd etdik ki, Şanxay Təkilatında da böyük dövlətlər toplaşıb. Orada ona görə olmağa dəyər ki, görək, bu böyük dövlətlər nə edir, nə planlaşdırır və bu Birlikdən özümüz üçün nə qopara bilərik...

Aristotel deyirdi ki, təbiət boşluğu sevmir. Siyasət də belədir, boşluğu sevmir və bilmək lazımdır ki, burada boş yer dərhal tutulur...

Nə gizlədək? Bizim Avropa Birliyinə və NATO-ya üzvlüyümüz avropalıların yaxın əlli il ərzindəki planlarında yoxdur. Demirik ki, Avropaya arxa çevirək. Əsla! Sadəcə, o siyasi-iqtisadi model ki, Avropada var, onu elə üzv olmadan da mənimsəmək olardı və biz bunu etməliyik. Həm də bu bizə Asiya ölkələrinin qurumunda da təmsil olunmağa mane olmur. Ən azı ona görə ki, ora qatılmaqla daha bir tribuna əldə edərik...

Tarix
2015.07.17 / 09:40
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla