Tez-tez özümdən soruşuram
ki, görən, bizim ədəbi zövqümüz, önəm verdiyimiz mədəni-mənəvi
dəyərlər indiki gəncliyə qeyri-ciddi, hətta gülməli görünmür
ki?
Ziqmund Freyd deyirdi ki, insan ömrü boyu uşaqlıq
təəssüratlarının təsiri altında olur. Etiraf edirəm ki, bir yazar
kimi elə mənim də əksər məsələlərə və hadisələrə münasibətim
uşaqlıq təcrübəmin əsasında formalaşıb. Məsələn, kitabları və
mütaliəni çox sevirəm. Amma eyni zamanda düşünürəm, çətin ki, dünya
ədəbiyyatında Maksim Qorki qədər kitabları sevdirən yazıçı
tapılsın.
Yox, bunu çeynənmiş və bir az da urvatdan düşmüş "Kitab bilik
mənbəyidir" sözlərinə görə demirəm. Onun məşhur trilogiyası vardı:
"Uşaqlıq", "Özgə qapılarında" və "Mənim universitetlərim". Əgər
məndə kitaba və mütaliəyə zərrə qədər də olsun məhəbbət varsa, buna
görə həmin trilogiyaya borcluyam. Xüsusən də "Özgə qapılarında"
sanki kitaba və mütaliəyə həsr olunmuş himndir!
Bu yaxınların söhbətidi. Şəhərdə gəzişirdim. Birdən gözüm kitab
dükanına sataşdı. Dedim, bir baxım görüm nə satırlar.
Mağazaya girdim. Kiçik dükan idi, içəridə on-on beş gənc olardı.
Onlar kitabları bir-bir götürür, ora-bura vərəqləyir və satıcıdan
nəsə soruşurdular. Kənarda dayanıb gəncləri seyr edirdim. Gördüm
ki, yox, gənclər kifayət qədər erudisiyalıdırlar. Bunu onların
satıcıya verdiyi suallardan duydum.
Dükandan çıxıb yola düzəldim. Elə bil qanadlarım çıxmışdı, sanki
uçurdum. O səbəbdən ki, gənclərdən müsbət impuls almışdım. Kefim
kök idi. Sanki birinci dəfə görürdüm ki, az qala, hamının yazdığı
məmləkətdə oxuyanlar da var.
Amma burada oxumayanları qınamaqdan da uzağam. Kitab nəşri
ölkədə xeyli geri qalıb, zamanla ayaqlaşmır.
Tutaq, elə özümü götürüm. İndi nə edim? Durub təzədən
F.Dostoyevskini və yaxud da ki, L.Tolstoyu oxuyum? Digərlərini
qınayanda bunu da nəzərə almaq lazımdır. Ona görə də bir az əvvəl
gəncləri kiçik kitab dükanında gördüyümdən duyduğum sevinc
təbiidir. Onlar hər şeyi hələ indi kəşf edirlər. Gənclər üçün hər
şey hələ təzədir, yenidir və bunları görmək, duymaq adama həzz
verir.
Axır vaxtlar metroda da kitab oxuyanlara təsadüf etmək olur. Elə
onlar da gənclərdir. Amma mütaliə kəsilməz, uzunmüddətli proses
olmalıdır. İnsan adətən bütün ömrü boyu mütaliə edir. Bunun üçünsə
onu daim yeni kitablarla təmin etmək lazımdır.
Bəlkə də burada da xüsusi dövlət proqramına, nəşrlərin
stimullaşdırılmasına xüsusi ehtiyac var. Məlum bir seriya oldu.
İnsanların çoxu buna abunə yazıldı.
Amma bu, klassika idi. Oxuculara isə müasir, dünyanın çağdaş
ədəbiyyatı lazımdır. Məsələn, hansısa kitab satış rekordu vuranda
dərhal o, bizim dilə də tərcümə olunmaıldır.
Bizim insanların yaxşı tanıdığı sonuncu Nobel laureatı bəlkə də
Alber Kamyu və yaxud Qabriel Markesdir! Amma bundan neçə il keçib!
Hər il Nobel mükafatları təqdim olunur, bizim isə onlardan heç
xəbərimiz olmur.
Epizodik təşəbbüslər var. Amma bir neçə dəfə yazmışam ki, bu
nəşrlərin mötəbərliyi adamda şübhə doğurur. Bu yaxınlarda Rusiya
kanallarının birində bir hindli tərcüməçi haqqında veriliş
verirdilər. O deyirdi ki, mən rus ədəbiyyatını əvvəlcə ingilis
dilindən tərcümə edirdim. Amma bir dəfə mənim tərcüməmi orijinalla
tutuşdurdular. Dəhşətə gəldim - fərq o qədər böyük idi ki! Həmin
vaxtdan qərara gəldim ki, bundan sonra orijinaldan - rus dilindən
tərcümə edəcəm. Qərəz, həmin tərcüməçi rus dilini öyrənir, sonra da
elə alınır ki, hətta rus qadınla da evlənir.
Amma bizdə nə baş verir? Tələbəlik vaxtı bir əfqan tələbə
tanıyrıdım. Üçlə birtəhər başını girələyirdi. Amma rus dilindəki
geologiya dərsliklərini öz dillərinə tərcümə edirdi. Zarafatla ona
deyirdik ki, səni yəqin Əfqanıstanda böyük alim, böyük geololq
hesab edirlər.
Bizdə də belədir. Ona görə də bəndəniz hələ ki, yalnız rus
dilində oxumağa cəhd edir. Amma çox narahatlıq keçiririk ki, rus
dilini indiki gənclərin heç də hamısı yaxşı bilmir.
Onlar nə etsin? Ya ümumiyyətlə mütaliə etməməlidirlər, ya da
qeyri-peşəkar tərcümələrlə kifayətlənməlidrlər.
Nəşriyyat işi isə yerində sayır. Adam insaf xatirinə etiraf
etmək zorundadır ki, bu gün nəşriyyat işi həqiqətən də fədakarlıq
tələb edir.
Amma belə olmamalıdır, nəşriyyat işi biznes olmalı, öz
işçilərini, yazarları və tərcüməçiləri təmin etməlidir. Edə
bilirlərmi?