Hər siyasətçinin bir ayaması var. Boyunun kiçik olması
da Rusiyanın Baş naziri D.Medvedevin başına bəladır. Bir söz deyən
kimi hamı dərhal qayıdır ki, bəli, Medvedev bu dəfə də "boyundan
yuxarı" danışdı.
Elə bu günlərdə D.Medvedev daha bir bəyanatla çıxış etdi. O dedi
ki, növbəti ildən başlayaraq ölkənin iqtisadiyyatında artımlar
olacaq. Təbii ki, baş nazir, nəsə deyəndə hansısa təhlillərə
əsaslanaraq söz deyir.
Elə bu səbəbdən də onun dediklərini təkzib etməkdən tam uzağıq.
Amma rusiyalı məmurların özlərinin etirafına görə, Krımın
ilhaqından sonra ölkənin iqtisadi və maliyyə itkiləri az qala bir
neçə yüz milyard dollar təşkil edir. Belə bir vəziyyətdə yalnız
"sıfırdan başlayan artım" haqqında danışmaq mümkündür - ölkə
iqtisadiyyatı böyük sürətlə çökərək müəyyən bir səviyyədə qərar
tutur və bundan sonra artım başlayır.
İndi Rusiya iqtisadiyyatının hansı ssenarilə inkişaf edəcəyi elə
də maraq doğurmur. Mənim üçün başqa məsələ maraqlıdır. Bu
yaxınlarda götürüb L.Tolstoyun "Anna Karenina" əsərini yenidən
oxumağa başladım. Elə bil ki, o vaxtkı Rusiya cəmiyyətinin təsviri
gözlərim önündə dayandı.
Lenin o vaxt yazırdı ki, Tolstoy rus inqilabının aynasıdır.
İnqilabın aynası olub-olmadığını deyə bilmərəm, amma mən də razıyam
ki, Tolstoy həqiqətən də rus gerçəkliyinin aynasıdır. O, rus
kəndlisini olduqca ətraflı və gözəl təsvir edir. Onun məişətini,
mentalitetini, işə az, içkiyə isə daha çox meyl göstərməsini bizim
üçün təsvir edir.
Eləcə də o vaxtkı rus elitasının da öz həyatını nə qədər mənasız
işlərlə və qeybətlərlə "yandırmasını" bizə göstərir. Bu, mənzərədən
istisnalar olsa da, onlar elə bir uğur qazana bilmir, kiçik
fluktasiyalar kimi "sönürlər".
Təbii ki, "Anna Karenina" tamamilə başqa bir rakursdan baxılmalı
və oxunmalı əsərdir. Amma məni bu dəfə daha çox rus məişəti, rus
cəmiyyəti maraqlandırır və özünə cəlb edirdi. Bu əsəri oxuyandan
sonra başa düşdüm ki, Rusiya iqtisadiyyatı hələ uzun müddət yerində
sayacaq.
Əsərdə tamamilə haqlı olaraq deyilir ki, alman kəndlisi və ya
xırda burjuyu kiçik bir şeydən yapışıb onu özü üçün azadlığa çevirə
bilir, amma gəl ki, Rusiya cəmiyyəti bunu bacarmır, o, həmişə
azadlığın olmamasından gileylənir və əslində isə o vaxtın orta
statistik rus kəndlisi sadəcə, içki düşkünü və tənbəl idi. Eyni
sözləri o vaxtın elitası – Rusiya zadəganları haqqında da demək
mümkündür. Ballar və bir də ki, saray qeybətləri - orta statistik
rus zadəganını yalnız bu maraqlandırırdı.
İndi o vaxtdan iki yüz ildən artıq vaxt keçib. Amma bu iki yüz
ilin yarısı sosial eksperimentlərə və olan-qalan işgüzarlığın məhv
edilməsinə sərf edildi. Bəli, Rusiyanı gənc dövlətlərə aid
etmirlər. Amma gənc dövlətlər üçün xarakterik olan bütün
göstəricilər bu ölkədə var.
Rusiya indi-indi totalitar rejimdən nisbətən mülayim siyasi
rejimə keçir. Yalnız indi özünün yeni adamlarını - işgüzar
təbəqəsini yetişdirir. Yalnız indi milli münasibətləri
tənzimləməyə, əsl federal münasibətlər qurmağa cəhd edir.
Gənclik özü bir perspektiv deməkdir. Gəncliyin gələcəyi hələ
öndədir. Adam bunları Rusiyanın da timsalında görmək istəyir.
Amma dərhal bir simbioz - köhnə Rusiya ilə yeni Rusiyanın
simbiozunu görürsən. Bütün məsələlərdə köhnə - monarxist və
imperialist Rusiya ilə hələ
gənc Rusiyanın çarpışmasını göz önünə gəlir.
Maraqlıdır ki, üstələyən və önə keçən hələ köhnə Rusiyadır. Məhz
həmin Rusiya Krımı ilhaq etməyə təhrik etdi; məhz həmin köhnə
Rusiya Qafqazda musiqini sifariş edir; məhz həmin köhnə Rusiya
Baltik ölkələrini səksəkədə saxlayır...
Gənc Rusiya isə hələ ayaq tutub yeriyə bilmir. Onun ifadəçisi
ola biləcək və onu irəli apara biləcək siyasi partiya yoxdur; onu
əlində bayraq edə biləcək bir siyasi lider yoxdur.
Köhnə Rusiya daim irrasionallığa can atır, onun
"azadlıqsevərləri" belə bunun nə demək olduğunu yetərincə dərk
etmirlər. Gənc Rusiya isə başqa torpaqda əkilmiş toxum kimidir -
cücərə bilmir ki, bilmir.
Ona görə də Rusiyanın ən böyük problemi bilirsiniz nədir? Köhnə
və böyük Rusiya, yəni mühafizəkar qanad güclüdür. Amma gənc Rusiya
düz iki yüz ildə özünün əsas işini görüb qurtara bilməyib - Rusiya
liberalını yetişdirə bilməyib.
Liberal adam hələ də Rusiyada ən yaxşı halda yad ünsürdür, ən
pis halda isə o, "beşinci kolon"dur – onu heç kim özününkü hesab
etmir.