Yuxarı

Ölümünə tələsən Adam...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölümünə tələsən Adam...

Həmin gün onu radioya dəvət etmişdilər. Çox tələsirdi. İşin tərsliyindən maşını işə düşmədi, çox çalışdı, taksi də tuta bilmədi. Fikirləşdi ki, metro ilə getsin. Amma istədiyi yerə gedib çıxa bilmədi. Ona görə ki...

Bəli, ona görə ki, o müdhiş gün metroda terror aktı baş verdi. Və o da həmin terror aktının qurbanlarından biri oldu.

Bu, xalq artisti, gözəl caz bəstəkarı Rafiq Babayev idi.

Bu günlərdə Türkiyədə baş verən hadisələr haqqında fikirləşərkən qeyri-ixtiyari olaraq Rafiq Babayev yadıma düşdü və bir daha o müdhiş terror aktını xatırladım və bircə anlığa belə aktları təşkil edənlərin, onların icraçılarının psixologiyasını anlamağa, onları bu işə sövq edən səbəblər haqqında düşünməyə çalışdım.

Amma yox, bu, mümkün deyildi. Bəli, onları başa düşmək, anlamaq qətiyyən mümkün deyil.

Ona görə ki, həyatda çox az adamlar olur ki, insanlar onlar öləndən sonra "Heyf, o, hələ nə qədər gözəl əsərlər yarada bilərdi!" deyirlər. Bəli, bunu həqiqətən də çox az adam haqqında demək olur.

Onlardan biri də Rafiq Babayev idi. Bu hadisədən sonra belə əməlləri törədənləri - terrorçuları hansısa formada "başa düşmək", "anlamaq" mümkünmü?

Son vaxtlar isə bədbəxtlikdən belə hadisələr – teraktlar o qədər çox və o qədər tez-tez baş verir ki, adam həmin hadisələri hətta tutuşdura, onların miqyası haqqında təsəvvür əldə edə də bilmir.

Terrorun bəraəti yoxdur. Hərçənd, bir vaxtlar "Məqsəd vasitəyə bəraət qazandırır!" deyərək hansısa "ülvi məqsəd"lərə görə bu əmələ əl atanları, o vaxtlar deyildiyi kimi, "böyük inqilabçılar"ı bizə sevdirməyə çalışırdılar. Düzdür, o vaxtın siyasi xarakterli terror aktlarında dövlət və siyasət adamları, necə deyərlər, "zalım hökmdarlar" hədəf götürülürdü. Amma bunu da haqlı, bəraətli və ən əsası isə düzgün hesab etmək çətindir.

Ona görə ki, çox nadir hallarda tək bir adam, hətta o, çox böyük bir müstəbid olsa belə, hanısısa siyasi sistemi təcəssüm etdirir, əksər hallarda siyasi sistem özü kimisə önə verir.

Elə bu səbəbdən də demək olar ki, heç bir terror aktı, hətta o, "uğurla" başa çatsa belə, mövcud qaydaları dəyişmək iqtidarında olmayıb, əksinə, onları daha da sərtləşdirib, kütləvi həbslərə, təqiblərə və mürtəce dəyişikliklərlə yol açıb. Bir yox, bəlkə də onlarla misal göstərmək mümkündür ki, terror heç bir halda cəmiyyəti irəli aparmadığı sübut olunsun.

Əgər terror aktı zamanı islahatçılar ödürülürsə, bu, islahatların dayanması və ya ləngiməsilə nəticələnir, yox, əgər müstəbidlərə qarşı terror edilirsə, mövcud siyasi rejim daha da sərtləşir, kütləvi şəkildə "əcinnə ovu"na start verilir.

Bir vaxtlar mən F.Dostoyevskinin əsərlərindən Rusiya terrorizminin təkamülünü izlməyə çalışmışam. Bəs həmin bu terrorizm niyə gətirib çıxardı? Elə bir rejim yarandı ki, terroru dövlət siyasətinə çevirdi, elə bir rejim bərqərar oldu ki, onun liderləri "Bir nəfərin ölümü faciə, yüz nəfərin ölümü isə statistikadır!" dedilər.

Ona görə də indi terror siyasi akt kimi tamamilə inkar edilir. Həm də o səbəbdən ki, indi o, daha müdhiş formalar alıb, çünki bir qayda olaraq hədəf kimi dinc insanları götürür. Bu daha sərt, daha dəhşətli və daha faciələdi...

Türkiyədə təxminən bir neçə həftə bundan əvvəl baş vermiş hadisədə əlliyə yaxın insan həlak oldu və ya zərər çəkdi. Bir neçə il bundan əvvəl Norveçdə baş vermiş terror aktı zamanı isə yetmiş nəfər həlak olmuşdu.

Bu iki misalı ona görə ardıcıl çəkdik ki, terrorun bir dinlə, bir xalqla bağlanmasının nə qədər yanlış olduğunu qabarda bilək. Bəli, indi müsəlman şərqində terrorun sədaları daha tez-tez eşidilir. Amma mahiyyətinə varanda görürsən ki, bu adamlar terrorun nəzəriyyəsini və təcrübəsini bir qayda olaraq Qərb ölkələrində öyrənirlər. Bu da bir daha göstərir ki, terror daha çox qlobal problemdir.

O, bəlkə müharibədən də müdhiş bəladır. Müharibədə rəqibi görürsən və o, demək olar ki, həmişə sənin qarşında olur. Amma terrorçunu əksər hallarda heç görmək də olmur.

Bəzən deyirlər ki, guya terrorçuların hansısa "böyük ideya"ları var. Amma əksər hallarda onlar sadəcə, öldürməyi özünə peşə edən insanlardır. Onların hansısa ideyası-filanı olduğunu demək, terrorçuları bir qədər rəngli boyalarla təqdim etmək olar.

Burada bir az əvvəldə adını çəkdiyim F.Dostoyevskinin fikri yada düşür. O yazırdı ki, dünyanın ən böyük və ən ülvi ideyası belə bir körpənin göz yaşlarına dəyməz...

Mən indi bizim estradaya diqqət edirəm. Sanki bir ideoloq, musiqi ideoloqu çatışmır - ölüm V.Mustafazadəni çox erkən apardı. Rafiq Babayevi isə bizdən müdhiş terror qoparıb öz caynağına aldı.

Cazın mahiyyətində bir kütləvilik, hətta qələbəlik var. Həm də "Caz azad insanların musiqisidir" deyirlər. Bu dəfə terror bir gözəl cazın notlarını yarımçıq qoydu, daha bir gözəl caz kompoziyası yaranmalı idi, amma yarana bilmədi.

Yarımçıq qalmış notlar, yarımçıq qalmış kitab, oxunmamış mahnı - terror bu deməkdir. Ona heç bəraət qazandırmaq mümkündürmü?

Tarix
2015.08.07 / 08:30
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla