Yenicə sərinləşməyə başlayan
bu qızmar yay günlərində yazını uzaq İspaniyanın uzaq bölgəsindən -
Kataloniyadan başlamaq bir az təəccüblü və bəlkə də bir az əcaib
görünə bilər. Çünki o insanlara ki, İspaniya maraqlıdır, onlar indi
yay günlərini orada keçirirlər.
Maraqlanmayanlara gəldikdə isə onlara onsuz da hər şey
maraqsızdır – nə qədər yazırsan, nə qədər deyirsən, tövrlərini
dəyişmirlər.
Amma ümid edirik ki, Qarabağla maraqlananlar hər halda çoxdur,
xüsusən də qarabağlılar bu qızmar yay günlərini öz dədə-baba
torpaqlarında - cənnət Qarabağda keçirə bilmədiklərinə görə çox
acıqlıdırlar.
Keçək mətləbə. Kataloniya bölgəsində növbəti seçki - referendum
gözlənir. Bölgənin administrasiyası belə hesab edir ki, bu seçkilər
müstəqillik məsələsində aydınlaşmaya apara biləcək.
Mərkəzi hakimiyyət - İspaniya isə belə hesab edir ki,
müstəqilliklə bağlı referendum ölkənin ali qanuna ziddir, çünki
Kataloniyanın İspaniyadan tam ayrılmaq hüququ yoxdur.
Bunları niyə görə deyirik və nədən bu ağır yay günlərində sizin
istirahətinizi belə uzaq problemlərlə pozuruq?
Məsələ bundadır ki, bu Kataloniya da, İspaniya da Avropadır,
Qərbdir. Özümüzə sual verəndə ki, bəs niyə Avropa Qarabağ
məsələsində birmənalı mövqe tutmur, o saat yadımıza salaq ki,
Avropada da oxşar problemlər - tutaq ki, İspaniyada Kataloniya,
Böyük Britaniyada Şotlandiya problemi var. Və bütün bu problemlərin
içində "bişən" Avropa ona görə də bəzi məsələlərə çox sadə, bir az
da sakit baxır. Onlar üçün azlıqların problemi həmişə önəm kəsb
edib, ona görə də bu problemlərə çox həssas yanaşırlar.
Bilirsiniz, onları bir çox hallarda başa düşmək bizim üçün
olduqca çətindir. Burada yadıma seminarların birində bir əcnəbilə
söhbətim yadıma düşür. Həmin o əcnəbi deyirdi ki, biz başa düşə
bilmirik, necə olur, gürcülər kimi kiçik bir xalq digər xalqın
azadlığa can atmasını başa düşə bilmir, necə olur ki, Gürcüstan
kimi kiçik dövlət özünü az qala imperiya kimi aparır?
Təbii ki, ona vəziyyəti izah etməyə çalışdım. Hətta Qarabağ
haqqında bu adamın fikrini öyrənməyə çalışdım. Amma Qarabağ
haqqında bir söz demədi və belə başa düşdüm ki, Qarabağ haqqında da
o, gürcülərlə söhbət edərkən danışır.
Nə etmək olar? Avropalılar da belədir. Məsələn, mən çox təəccüb
edirdim ki, polyaklar torpaqlarının böyük bir hissəsinin Ukraynada
və ya Belarusda qalmasından olduqca sakit danışırlar və hətta bu
haqda danışanda gülümsəyə də bilirlər. Doğrusu, mən bizim
torpaqlarımız - hətta İranda qalan torpaqlarımız haqqında danışanda
nəinki gülümsəyə bilirəm, hətta həyəcansız danışa bilmirəm...
Avropalılar məsələni başqa cür həll ediblər - hər bir avropalı
özünü bütün Avropa ölkələrində öz vətənində olduğu kimi hiss edə
bilər, orada yaşaya və çalışa bilər. Tutaq ki, Kataloniya
İspaniyadan qopa bilər, amma o, yenə də başqa qitəyə köçməyəcək,
Avropada qalacaq.
Bəlkə biz də Qafqazda buna nail olsaydıq, onda bizə də çox şey
sadə görünərdi. Amma hələ ki, biz avropalıları, avropalılar da bizi
çox çətin başa düşür.
O ki qaldı Qarabağ problemində zaman məsələsinə, daha doğrusu,
onu həll etmək üçün əlverişli məqam məsələsinə, Avropa da, dünya da
getdikcə daha çox kosmopolitləşir. Onlar sərhəd məsələləri üzərində
çox baş sındıranları "iki ölçülü coğrafi təfəkkür sahibləri"
adlandırırlar. Qitə, Yer kürəsi - getdikcə daha çox insan belə
dəyərlərə önəm verir.
Demirik ki, onların içində başqa cür düşünənlər yoxdur. Yox,
onlar da var, amma ümumi tendensiya qloballaşmaya meyllidir.
Bunları ona görə belə ətraflı şərh edir və ona görə vurğulayırıq
ki, Azərbaycanda Qarabağ propblemilə bağlı belə bir fikir hakimdir
ki, guya vaxt bizim xeyrimizə işləyir. Amma belədirmi?
Düzdür, vaxt bizim anladığımız mənada Azərbaycana özünə gəlməyə
yardımçı oldu – insanlar təkrar sosial reabilitasiya prosesini
keçdilər, iqtisadiyyat və ölkənin müdafiə qabiliyyəti qat-qat
gücləndi. Amma sosial
və iqtisadi böhran yaşayan Ermənistan Azərbaycan qarşısnda diz
çökmədi – gərək, bunu da nəzərə alaq...
Bəli, dünya getdikcə daha çox iriləşməyə, bütövləşməyə doğru
gedir, böyük birliklər və siyasi-iqtisadi ittifaqlar yaranır. Bu
mənada təbii ki, vaxt həm də bizim xeyrimizə işləyir. Amma bu
qlobal inteqrsaiya prosesinin içində xırdalşama, differensiallaşma
tendensiyaları da var. Bəzən deyirlər ki, daha möhkəm birləşmək
üçün gəlin indi ayrılaq. Bu mənada isə vaxt, zaman bizim xeyrimizə
işləmir.
Bəs indi nə edək? Çalışıb Qarabağ problemini mümkün qədər tez
həll etmək lazımdır, çünki bu dünyanın işlərini bilmək olmur. Bu
gün belədir, sabah isə başqa cür.
Həm də zamanın bir özəlliyi var. O, sanki insanların hisslərini
və düşüncələrini aşındırır. Zaman hər şeyə alışdırır. İndi hətta
məcburi köçkünlər arasında nəsil dəyişməsi baş verir. Elə bir nəsil
yetişir ki, onlar Qarabağı yalnız ata-analarının söhbətlərindən
tanıyırlar. Ona görə də zamanın gərək bu tərəfini də
unutmayasan...