Uşaqlıqda yayı kənddə, babamgildə keçirməyi xoşlayırdım.
O vaxt kənddə klub yox idi. Kinonu elə açıq havada, köhnə məktəb
binasının kiçik həyətində göstərirdilər. Bəli, bir də görürdün,
deyirdilər ki, axşam kino olacaq.
Vədə çatanda kişilər stul, qadınlar və qızlar isə
döşəkçə-mütəkkə götürüb məktəbin həyətinə yollanırdılar. Beləcə,
kino başlayırdı...
Kəndə daha çox hind və yaxud o vaxtlar deyildiyi kimi, "ağlamalı
kino"lar gətirirdilər. Kino getdiyi yerdə, filmin dramatik
məqamlarında bir də görürdün ki, qadınların və qızların oturduğu
yerdən ağlaşma səsləri gəlir. Kişilər də sakit dayana bilmir,
siqaretə güc verir, açıq havada o ki var, siqaret
tüstülədirlər.
Hələ o vaxt özümüz üçün hind filmlərinin bir xüsusiyyətini
"kəşf" etmişdik – onlar adətən xoşbəxt sonluqla, necə deyərlər,
"happy end"lə bitir və ədalət zəfər çalırdı.
Biz bunu o vaxt təbii ki, yetərincə başa düşmürdük. Amma
qəhrəmanın sonda qalib gəlməsi sözsüz ki, hamımızın könlünü
oxşayırdı. Səhərisi gün də özümüz həmin filmlərdəki süjetləri
oynamağa çalışır, oradan öyrəndiyimiz döyüş fəndlərini təkrar
edirdik.
Demək istəmirik ki, hələ uşaqlıqdan Hindistanın vurğunu idik.
Yox, belə hiss yox idi, hətta, əksinə yaşa dolduqca, bu ölkənin
filmlərinə daha çox tənqidi münasibət göstərirdik - süjetlər elə
primitiv olurdu ki, filmlərin ağlamalı və kədərdli yerlərində adamı
hətta gülmək də tuturdu.
O vaxtlar ağlımıza da gəlməzdi ki, elə gün yetişəcək, hindli
Mahatma Qandi bizim siyasi kumirimizə çevriləcək. Düzdür, hələ ən
yeni tarix kursunda bu adamın haqqında geniş məlumat verilirdi.
Amma əsl tanışlıq sonra oldu.
Bəli, sonradan Hindistana aid çox kitablar oxuduq. Hətta birinin
adı hələ də yadımdan çıxmır - "Hindistanın kəşfi" adlanırdı o
kitab. Həmin kitabdan mən M.Qandinin, C.Nehrunun və R.Taqorun
fikirlərilə tanış oldum...
Bu boyda girişi sadəcə, öz cavanlıq təəssüratımı çatdırmaq üçün
etmədim. Bizdə hind filmlərini hələ də göstərirlər və ona görə də
heç bir nostalji də ola bilməz - telekanllar az qala hər həftə
köhnə və yeni hind filmlərini nümayiş etdirir.
Daha onlara baxmıram, çünki artıq bilirəm ki, geniş prokata
buraxılan bu filmlər hətta Hindistanın özündə belə heç də
"kinematoqrafiya incisi" hesab olunmur və bizim bildiyimizdən də
savayı bir hind kinosu da var, amma o, bizim auditoriyaya hələ yol
tapmayıb, necə ki, elə digər filmlər də Azərbaycan tamaşaçısına
çatmayıb.
Burada köhnə hind kinolarının sosial tərəfinə toxumaq
istəyirdim.
Bir az əvvəldə qeyd etdiyim kimi, bəli, bu filmlərdə sonda
mütləq ədalət zəfər çalırdı. Bəli, qəhrəman təkbaşına mübarizə
aparır, qalib gəlir və məsələ həll olunandan sonra polislər gəlib
çıxırdı.
Belə kinematoqrafik süjetlər çox sadəlövh və primitiv olsa da,
hər halda, sosial məzmundan xali deyildi. Göz qarşısında olanlar və
bizim hər gün rastlaşdığımız reallıqlar heç də həmişə ədalətin
təcəssümü olmur.
Bir çox hallarda ədalət tamam fərqli sosial-siyasi
konfiqurasiyada təzahür edir, çünki elə ədalət özü də sənət əsəri
kimidir, onu da hələ yaratmaq və ərsəyə gətirmək lazım gəlir.
Olanların ədalətli olması bir növ qismət anlayışı ilə bağlıdır.
Qismət anlayışını isə hələ C.Əfqani islam dünyası üçün əngəl kimi
araşdırmışdı. Düzdür, bir məsələ var ki, qismət anlayışı da
xristianlardakı - kalvinistlərdəki qurtuluş məsələsi kimidir.
Əslində, insanlar kimə aid olduqlarını, "qutulmuşlar"dan, yoxsa,
əksinə "qurtulmayanlar"dan olduqlarını bilmirlər.
Eynilə demək olar ki, əslində insan hələ bilmir ki, onun qisməti
nədir; o, çalışmalı-vuruşmalıdır ki, özünün əsl qismətini tapa
bilsin. Olanları, bütün mövcudluğu qismət kimi qəbul etmək isə,
sadəcə, passivlik və reallıqla barışmaq deməkdir.
Bəli, bəzən ədalətə nail olmaq üçün mövcud ictimai qaydaları və
konfiqurasiyanı da dəyişmək tələb olunur. Amma hər insan həm də öz
taleyini özü qurmağa çalışmalıdır. Hər bir insanın taleyi onun öz
səylərinin məhsuludur - qismət anlayışını da bu konteksdə başa
düşmək lazımdır.
Fəqət, baxıb görürsən ki, Azərbaycanda çoxu mövcud
gerçəkliklərlə barışaraq hətta onlara qəzavü-qədərin qərarı kimi
baxır. Amma hamının malik olduğu onun qədəri və qisməti hesab oluna
bilərmi?
Təəssüf ki, çox adam və hətta bəzi ictimai institutlar buna "hə"
deyə cavab verirlər. Amma qətiyyən belə deyil. Hətta yüksək sosial
statusa malik olanlar belə özləri də bilmir ki, onların əsl qisməti
nədir.
Ona görə də ədalət elə şeydir ki, gərək, onun bərqərar olması
üçün çalışasan, onun uğrunda hər gün, hər saat mübarizəyə hazır
olasan. Onda, bəli, demək olar ki, mən cəhd etdim, amma qismətim bu
imiş...