Bir az darıxdırıcı, bir az da yeknəsəq görünən bu ildə, özü də
çox da uzaq olmayan gələcəkdə insanlar daha bir maraqlı siyasi
tarixi - BMT-nin yaradılmasının 70 illiyini qeyd edəcəklər...
Amma bu tarix cəmiyyətlər və dövlətlər üçün nə qədər
əlamətdardır? Onlar bu tarixə həqiqətənmi önəm verirlər?..
İşğal olunmuş ərazilərilə bağlı BMT TŞ-nin dörd qətnamə qəbul
etdiyi bir ölkənin vətəndaşı kimi etiraf edirəm ki, bu suallara
cavab vermək mənim üçün elə də asan deyil – ona görə ki, bu
qətnamələrin tələbləri neçə illərdir kağız üzərində qalıb...
70 ildə dünyaya baxışın iki meyarı müəyyənləşib. Bir hissə bütün
proseslərə dövlətlərin suverenliyi prizmasından baxır, digərləri
isə hər bir məsələdə insan haqlarını önə çəkirlər...
Daha maraqlısı isə odur ki, hər iki baxışın tərəfdarları BMT-dən
narazıdır – suvernelik tərəfdarları belə hesab edir ki, bu institut
dövlətlərin suverenleyini müdafiə etməkdə acizdir, insan haqlarına
önəm verənlər isə əksinə, düşünür ki, BMT suverenlik məsələsinə
daha çox diqqət etdiyindən insan haqlarının müdafiəsi üçün bir o
qədər də effektiv deyil...
Təkcə bunlarla iş bitsəydi, necə deyərlər, dərd yarıydı. Mən bir
dəfə BMT-nin insan haqları komitəsində çalışan bir nəfərin çıxış
etdiyi seminarda olmuşdum.
Bu adam deyirdi ki, biz BMT-dən azadlıq və demokratiya umuruq,
amma onun üçüncü ölkələrdən olan əməkdaşları hətta dağılmış
Yuqoslaviya şəhərlərinə bərəlmiş gözlərlə baxırlar, çünki dağılmış
Yuqoslaviya belə onlara cənnət kimi görünür...
Amma heç də həmişə belə deyildi. Bəli, bir neçə il, təxminən
15-20 il bundan əvvəl dünya böyük dəyişikliklərin ərəfəsində olduğu
kimi görünürdü. Bu dəyişikliklər baş tutsaydı, bəlkə də hər şey
başqa cür olacaqdı...
Yadıma gəlir, dünya dəyişməyə üz tutduğu zaman bir məsələ də -
yeni dünyada BMT-nin yeri və rolu məsələsi də gündəmə gəlmişdi. O
vaxt belə fikir hakim idi ki, dünya birdəfəlik soyuq müharibənin
reallıqları ilə vidalaşmalıdır. Məsələ bundadır ki, BMT də özündə
II Dünya müharibəsinin və soyuq müharibənin reallıqlarını təcəssüm
etdirirdi. O vaxt BMT-nin ciddi şəkildə modifikasiya edilməsi, ya
TŞ-nin daimi üzvlərinin sayının artırılması, ya da veto hüququnun
götürülməsi gündəmə gəlmişdi. Amma bu planlar çin olmadı. Gəl,
onlar hələ bu gün də yaddan çıxmayıb...
Elə bu yaxınlarda Böyük Britaniya və Fransa veto hüququnun
götürülməsi təklifilə çıxış etdi. Təklif özünə reaksiyanı çox da
gözlətmədi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dərhal
bəyan etdi ki, bu, yolverilməzdir, çünki veto hüququ BMT-nin
nizamnaməsində təsbit olunub...
Belə reaksiyanın dərhal bəyan edilməsi heç də təsadüfi deyil,
çünki veto hüququ Rusiyanın əlində bir alətdir və təbii ki, o,
həmin alətlə vidalaşmaq fikrində deyil...
Amma bircə anlığa təsəvvür edin. Veto hüququ götürülür. Hər şey
TŞ-də səsvermə ilə həll olunur. Bu halda BMT-nin strukturu və
fəaliyyəti nə qədər canlanaradı!..
TŞ-yə seçkilərə diqqət birə on artardı. Dövlətlər burada səs
çoxluğu qazanmaq üçün yarışa girərdilər. Amma indi bunların heç
biri yoxdur... Əvəzində beş dövlətin veto hüququ var - onlar da bu
hüquqdan öz maraqları üçün gen-bol istifadə edirlər...
Bəs dünya, o biri dövlətlər bu vəziyyətdən nə qazanır? BMT özü
bu prosesdən nə əldə edir? Demək olar ki, heç nə...
Səhv etmirəmsə, dünya federasiyası haqqında ilk dəfə ciddi
şəkildə yazan İmmanuil Kant olub. O, dünyanı federativ respublika
kimi təsəvvür edirdi və iki yüz ildən sonra da olsa, dünyada
səylərin əlaqələndirilməsi, böyük problemlərin birgə həll edilməsi
zərurəti dərk olundu. Amma BMT yarananda dünya bütöv deyildi, o,
artıq iki sistemə, həm də qaliblərə və məğlublara bölünmüşdü...
İndi daha artıq iki hərbi - siyasi blok yoxdur, amma II Dünya
müharibəsində qaliblər və məğlublar kimi bölgü qalır. Hətta Çin
belə iddialar irəli sürməyə başlayıb ki, onun II Dünya
müharibəsindəki rolu yetərincə qiymətləndirilmir...
Düzdür, bir ara belə təsəvvür yarandı ki, bu bölgü də
götürələcək, çünki dünyanın bütünləşməsi üçün zərurət yaranmışdı.
Təbii ki, bu yeni reallıqlar BMT-yə də, artıq qeyd etdiyimiz kimi,
yeni məzmun verə bilərdi...
Amma onlar baş tutmadı. İki sistemli dünya çoxqütblü dünya ilə
əvəzləndi. İndi dövlətlər bu qütblərin siyasi "kaprizləri" ilə
hesablaşamağa məcburdur...
Problem yaradan ölkələrdən ilk olaraq Rusiyanın adını çəkdik.
Amma demirik ki, digər dövlətlər mələkdir, yox, onlar da mələk
deyillər, hamısı başqalarına öz həyat tərzini, dünyagörüşünü və
ideologiyasını sırımaq istəyir...
Fəqət, bir "nisbətən" sözü var və biz bir çox hallarda "yaxşı"
ilə "pis" arasında deyil, "pis" və "nisbətən pis" arasında seçim
etməli oluruq. Təbii, bu anlamda dünya nisbidir və biz iki şərdən
nisbətən mülayimini seçməli oluruq...
İndi real baxanda görürsən ki, dünya beş dövlətin - BMT TŞ-nin
beş daimi üzvünün nəzarətindədir. Onlara nə xoş gəlirsə, ona səs
verir, xoşları gəlməyən məsələyə isə veto qoyurlar. Çox vaxt da elə
olur ki, birinin xoşuna gələn o birisini xoşlandırmır. Belə olan
halda isə məsələ lap qəlizləşir, nəticədə də heç nə alınmır...
Amma veto hüququ olmasaydı, çox şey başqa cür ola bilərdi və BMT
sözün əsil mənasında daha işlək quruma çevrilərdi. Həm də dünyada
daha ciddi nizam yaranardı və yeni nizam-tərəzi qurulardı. Amma
indilikdə nə var? Sadəcə, beş dövlətin bitib-tükənməyən maraqları
və bir də "kapriz"ləri...