Yuxarı

Telefonomaniya...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Telefonomaniya...

Bakı gündən-günə böyüsə də, eninə-uzununa artsa da, indi onlara az qala hər addımbaşı, hər yerdə rast gəlmək mümkündür...

Bir də görürsən ki, qatarda və yaxud avtobusda yaşlı qadın və ya kişi ayaq üstə qalıb, onların düz qənşərində əyləşən gənc oğlanın isə başı telefona elə qarışıb ki, nə qarşısındakıları görür, nə də onu ona qınayıcı nəzərlərlə baxan digər sərnişinləri.

Bəli, bunlar "telefonoman"lardır. Deyilənə görə, guya ki, Çində onlar üçün hətta xüsusi keçidlər və piyada yolları da tikirlər... Prinsipcə, bunu istisna etmirəm - telefon satışından milyardlar qazanan şirkətlər üçün bir–iki keçid, bir-iki piyada yolu tikmək elə də çətin iş deyil və bunun əvəzində onlar insanları bir az da telefonlara şirnikləndirirlər...

Demirəm ki, əvvəllər belə şeylər yox idi. Yox, onda da, elə sovetlər vaxtında belələri vardı. Kim "Rubiks kubu"nu və onu əldə etmək üçün düzülən böyük növbələri xatırlamır? Və yaxud da kim o vaxt qulaqcıqla dinlənilən kiçik cib maqnitofonlarını və ya elə onda deyildiyi kimi – "pleyer"ləri unudub?..

Ya da ki, mən hələ fantastika ədəbiyyatını demirəm – bunun da öz "xəstə"ləri vardı, əlinə kitabı götürüb gedirdi, amma heç özü də bilmirdi ki, oxuya-oxuya hara gedir və niyə gedir?..

Qərəz, oyunlar və əyləncələr həmişə olub. İnsanlar da oyuna və əyləncəyə həmişə maraq göstəriblər. Bu vaxta qədər oynayıblar, əyləniblər, hələ bundan sonra da, lap yüz ildən sonra da oynayacaq və əylənəcəklər. Amma mən bir neçə dəfə gənclərin telefonla nə etməsilə maraqlanmışam. İnanın, bunlar o qədər primitiv, o qədər darıxdırıcı şeylərdir ki, şəxsən mən buna heç vaxt baş qoşmazdım...

Bəlkə siz elə bilirdiniz ki, gənclər telefona Lev Tolstoyu və yaxud da Folkneri yükləyib oxuyurlar?.. Yox, əfsus ki, belə deyil – hamısı primitiv danışıqlar və primitiv oyunlardır. Bu da bizim indiki gəncliyin dünyasıdır, onların özlərinin dediyi kimi, müasir gəncliyin "maraq dünyası".

Sovetlərin vaxtında gerçəklikdən qaçmaq meylləri güclü və başadüşülən idi. Dünyanın ən relaist ölkəsinin insanları əslində çox romantik idilər...

Amma indiki dövrdə və indiki insanları buna təhrik edən səbəbləri çox başa düşməyə çalışırıq, fəqət, çətinlik çəkirik. Əslində, dünyanın hər yerində istəyirlər ki, insanlar gerçək ölkə, onun gerçək problemləri haqqında mümkün qədər az düşünsün, siyasətlə az maraqlansın və siyasi həyata çox da müdaxilə etməyə cəhd göstərməsin.

Bilirəm, soruşacaqsınız ki, hətta ən demokratik ölkələrdə də belədir? Bəli, əlbəttə ki, belədir! Məsələ bundadır ki, qəlbinin diqtəsi ilə, öz daxili motivasiyaları ucbatından demokrat olan siyasət və iş adamları yüz ildə bir dəfə dünyaya gəlir.

Dünyanın qalan siyasətçiləri və iş adamları isə zorən demokratlardır. Onlar sadəcə, demokrat olmağa, daha çox isə demokrat kimi görünməyə məcburdurlar...

Bəli, onları buna vadar edən cəmiyyət, ictimai rəy və media, məhkəmə və parlamentdir. Əks təqdirdə, necə deyərlər, bütün bunlar olmasaydı, o adamlar heç bilirsiniz nə edərdilər?..

Siz baxın. Ən demokratik ölkələrin belə xarici siyasəti "bataqlıq" qoxuyur. O səbəbdən ki, bu sferada nəzarət bir az zəifdir, çünki insanların böyük əksəriyyəti xarici siyasətlə maraqlanmır. Elə ona görə də "realist siyasətçi"lər burada özünü daha çox "reallaşdıra" bilirlər..

Bunları niyə yazıram? Hər yerdə insanların, fərqi yoxdur, orta statistik Məmmədin, İvanın və yaxud Conun, beyni, şüuru uğrunda əsl savaş gedir və hamı daha çox sferaya, hətta insanların şüuruna nəzarət etməyə can atır...

Düzdür, günahlandırmağa qalanda yalnız bizi - jurnalistləri qınayırlar ki, guya biz insanların şüuru, beyini ilə manipulyasiya edirik!.. Amma əslində isə hamıdan çox özləri – siyasətçilər, iş adamları və onların xidmətində dayanan siyasət və reklam texnoloqları insanların şüuru ilə manipulyasiya etməklə məşğuldurlar.

Bir məsələ də var ki, onu da gərək, qeyd edim. Bəzən, hətta çox vaxt biz kapitalizmi parlaq boyalarla təqdim etməyə çalışırıq. Amma əslində necədir?

Məsələ bundadır ki, ən azı siyasi azadlıqlar heç kimə lazım deyil. Kapitalistin də marağı yoxdur ki, onun işçiləri insan haqlarından dəm vursun, güclü həmkarlar təşkilatları və güclü QHT-lər olsun. Onlara bu lazımdırmı? Əsla...

Düşünən, götür-qoy edən, yaxşının-pisin fərqində olan, ən başılıcası isə ətrafa tənqidi baxan insanlar hamını ehtiyatlandırır...

Ona görə də yönəltməyə, reallıqdan uzaqlaşdırmağa çalışırlar. Kinoya baxmağa gedirsən, düşünməyə ehtiyac olmur - o bunu vurub yıxır, bu da onu aşırır... Kitab oxumaq istəyirsən - bu, ondan da bedtərdir! Qəsdən qəhrəmanlara elə keyfiyyətlər aşılayırlar ki, adam heç özü də bilmir ki, onun oxuduğu kitab əslində bir reklam "çarxı"dır...

Kapitalistə nə lazımdır? Gənc oğlan və yaxud qız əlində telefon gedir... Fikirləşmir ki, niyə şirkətin gəlirlərinin 90 faizi bir adamın cibinə axır?!.. Yox, onun bütün fikri telefondadır. Bir oyun qurtarır, o birisi başlayır... Beləcə də həyat davam edir...

Düzdür, çinlilər demişkən, hər işıqda bir qaranlıq, hər qaranlıqda bir işıq var.

İnsanlar istəsələr, bütün yeni elektron-informasiya texnologiyalarını özlərinə işlədə bilərlər. İnkar etmirik ki, belə cəhdlər də olur... Nə qədər sevməsək də, onlarsız artıq həyatı təsəvvür etmək belə mümkün deyil. Fəqət hər bir şey öz normasında olanda gözəl olur. Elə ki normanı keçdi, onda özünü qoru...

Tarix
2015.09.05 / 12:00
Müəllif
Hüseynbala Səlimov
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla