Siyasət bəlkə də yeganə
sahələrdəndir ki, hamı ondan bir az baş çıxardığını, bir azacıq da
olsa, siyasətçi olduğunu düşünür. Elələri də olur ki, siyasətdən
bir elm kimi o qədər baş çıxarır ki, bu onlara hətta praktikada az
da olsa siyasətçi olmağa mane olur.
Qərəz, bu gün Rusiya mətbuatında ölkənin siyasətilə bağlı
yazılanları diqqətlə oxuyanda görürsən ki, yox, heç də hamı "Velika
Rosssiya moya!" demir, əksinə bir çox insanlar ölkəsinin çox çətin
sınaqlar qarşısında olduğunu duyur və bunu həmvətənlərinə çatdırmaq
istəyir.
Eşidilir, ya eşidilmir, bu, artıq ayrı məsələdir. Əsas odur ki,
heç də hamı "kütləvi psixoz"un təsiri altında deyil, kifayət qədər
ayıq-sayıqdır. Təəssüf ki, bu gün belələrinin real siyasətə təsiri
azdır.
Bu da təsadüfi deyil. Ukrayna hələ birinci "rəngli inqilab"
ərəfəsində olarkən Kremlin o vaxtkı siyasi təhlilçisi Q.Pavlovski
demişdi: o şey ki, baş verməlidir, onun qarşısını almağa çalışmağa
və onu yönəltməyə cəhd etməyə dəyməz.
Bu, çox düzgün yanaşma idi. Amma onu eşitmədilər. Hakim
partiyanın simpatiyası Q.Pavlovski kimi siyasət realistlərindən
A.Duqin kimi romantik-fövqəldövlətçilərə tərəf sürüşdü.
Beləcə, hakim partiyanın "romantik" dalğada yürüşü başladı –
Rusiya təkcə Krımı ilhaq etməklə kifayətlənmədi, Ukraynanın şərq
bölgələrində də vəziyyəti qarışdırdı, Qərb dövlətlərini ciddi
şəkildə soyuq müharibə haqqında düşünməyə vadar etdi.
İndi Avropa ölkələrinin bəzisi hələ də ikinci soyuq savaşla
bağlı tərəddüd keşirsə də və Rusiyaya daha bir şans verməyə cəhd
etsələr də, rusiyalı təhlilçilərin bəzisi soyuq savaşın nəinki
labüd olduğunu yazır, hətta bu savaşda qalibin adını da çəkməyə
çətinlik çəkmirlər – açıq şəkildə yazırlar ki, bu savaşda da qalib
yenə Qərb olacaq.
Hətta bəziləri belə hesab edir ki, Rusiya növbəti "yenidənqurma"
ərəfəsindədir. Hər şey doğrudan da elə birinci "yenidənqurma"
ərəfəsindəki dövrü xatırladır. Onda da böyük neft böhranı
başlamışdı. Onda da ölkə büdcəsi neftdən asılı idi. Onda da SSRİ
Əfqanıstan adlı bir tələyə düşümüşdü. İndiki vəziyyətdə təhlilçilər
bir məsələ ilə təskinlik tapırlar ki, o vaxtdan fərqli olaraq bu
gün Rusiyada bazar iqtisadiyyatı hökm sürür və bu, ölkənin
sosial-iqtisadi kataklizmlərə qarşı immunitetini bir qədər
artırır.
Amma elə həmin təhlilçilərin özləri bir sual verirlər.
Rusiyadakı indiki iqtisadi münasibətləri normal bazar iqtisadiyyatı
adlandırmaq olarmı? İndiki bazar iqtisadiyyatı Rusiyanı yedirtmək
və geyindirmək iqtidarındadırmı? Təhlilçilər özləri də cavab
verirlər ki, elə bir bazar iqtisadiyyatı yoxdur və bu gün Rusiya
L.Brejnev vaxtında olduğu kimi nefti satıb ərzaq və başqa tələbat
malları alır.
Deməli, ikinci soyuq savaşın başlayacağı təqdirdə məğlubiyyət
labüddür. Amma hamını daha bir sual düşündürür. Birinci soyuq
savaşın nəticəsi SSRİ-nin və sosialist düşərgəsinin çöküşü oldu.
Bəs bu dəfə nə olacaq? Rusiyadan indi nə qalacaq?
Yadıma gəlir ki, 90-cı illərin əvvəlində rus mətbuatı rus
respublikası haqqında çox yazırdı. Böyük ehtimalla demək olar ki,
ikinci savaş olarsa və Qərb ölkələri birmənalı şəkildə qarşılarına
Rusiyanı çökdürmək məqsədi qoyarsa, onda indiki Rusiyadan yalnız
həmin rus respublikası qalacaq...
Bəli, indiki hakimiyyət bunun fərqində deyil. Elə
"yenidənqurma"dan bir az əvvəl də Y.Andropov düşünürdü ki, rejimi
sərtləşdirməklə SSRİ-nin böhrana yuvarlanmasının qarşısını ala
biləcək. Amma nə oldu?
Bu gün də Rusiyada çoxu düşünür ki, SSRİ-ni M.Qorbaçov dağıtdı.
Bu məsələdə müəlliflik hüququ və kimin bu "əsər"in əsil müəllifi
olub-olmaması bizi elə də maraqlandırmır. Amma orada, Rusiyada
insanlar hələ də belə düşünürsə, bu, o deməkdir ki, onlar birinci
çöküşdən hələ heç bir nəticə çıxarmayıblar. Deməli, düzgün nəticə
çıxarmayıblarsa, onda ikinci çöküşün də qarşısını ala
bilməyəcəklər.
Təbii ki, fərqli düşünənlər və prosesi məntiqlə izləyənlər də
var, bunu bir az əvvəldə qeyd etdik. Ən maraqlısı isə bilirsinizmi
nədir? İnsanlar, təhlilçilər bu gedişdə V.Putin üçün az qala
L.Brejnevin rolunu nəzərdə tuturlar...
Amma niyə də yox? Rusiyada indi elə həqiqətən də durğunluq hökm
sürür, Putin-Medvedev tandemi ölkədə üzücü siyasi atmosfer yaradıb:
partiyaların fəaliyyəti heçə endirilib, QHT-lər ciddi şəkildə
"budanıb", media hakimiyyətin tam nəzarətindədir. Krıma gəldikdə
isə, o vaxt SSRİ qoşunları da bircə günün içində Əfqanıstana
girmişdi. Sonra addım-addım oranı tərk etməli oldular. İndi də kim
bilir, bəlkə elə Krım da həmin tələ olacaq?..