Deyilənlərə görə, bədxahları
- onu sevməyənlər Nikkolo Paqaninini biabır etmək üçün bir dəfə
konsertdən əvvəl onun skripkasının simlərini qırıblarmış və cəmi
bircə simi saxlayıblarmış. Amma Paqanini səhnədə özünü itirmir,
bircə simlə elə çalır ki, heç kim onun skripkasının simlərinin
qırıldığını başa düşmür.
Doğrusu, bu detalı nə vaxt oxuduğum və ya eşitdiyim yadımda
deyil. Bircə onu bilirəm ki, ilk dəfə bunu biləndə qeyri-ixtiyari
olaraq Habil Əliyevi düşünmüşdüm. Ağlımdan keçən ilk fikir də bu
olmuşdu ki, görəsən, kamanın simlərini qırıb cəmi bircəsini
saxlasan, kim onu elə çala bilər ki, bir kimsə bundan duyuq
düşməsin? Dərhal da beynimdən keçən ilk isim Habil Əliyev
olmuşdu...
Nə demək olar? Bəli, Habil Əliyev də vəfat etdi. Biz insanları
qırx gün, bir il anırıq. Elələri də olur ki, ümumiyyətlə,
unudulmur. Belələrindən biri də Habil Əliyevdir.
Yox, burada ifrat dərəcədə bəlağətli sözlər yazmaq fikrindən
çox-çox uzağam. Rəhmətlik kifayət qədər yaşadı, hərçənd, insan nə
qədər çox yaşasa da, əzizləri və sevənləri elə yenə də onun az
yaşadığını zənn edirlər...
Özü də elə-belə yaşamadı. Sevərək və sevilərək yaşadı. Kaş
hamımıza belə tale qismət olaydı...
Onu hamı sevirdi. Kimin qəlbində azacıq da olsa musiqi duyumu
vardısa, Habil Əliyevin çalğısına biganə qala bilmirdi... Dövlət
adamları, siyasətçilər, elm və mədəniyyət adamları, nəhayət, sadə
insanlar onun çalğısını, onun musiqi üslubunu sevir və yüksək
dəyərləndirirdilər...
Bəlkə də elə bir təəssürat yarana bilər ki, mən onu yaxından
tanımışam. Yox, belə olmayıb. Mən də onu sizin kimi görmüşəm –
televiziyada, konsert salonlarında və bir də seyrək toy
məclislərində. Amma bir fərq olub ki, onun tək müsahibəsini belə
buraxmamışam, onun haqqındakı demək olar ki, bütün verilişləri
izləmişəm...
Bu maraq təkcə Habil Əliyevlə bağlı deyildi. Elə adamlar var ki,
onları dinləyəndə biz sənətin nə olduğunu başa düşməyə başlayırıq.
Elə adamlar var ki, onları dinləyəndə musiqinin nə olduğunu başa
düşürük...
Hamının musiqi təhsili ola bilməz. Hamı musiqi dərsi də ala
bilməz. Musiqiçiləri dinləməklə də bu ecazkar dünyanın sirlərinə
azacıq da olsa vaqif olmaq mümkündür...
Nə gizlədim, Habil Əliyevə olan sevgi məndə Firəngiz Əlizadənin
yaradıcılığına da maraq yaratdı. Məhz Habil Əliyev fenomeni məndə
Firəngiz Əlizadənin "Habilsayağı" əsərini dinləməyə böyük həvəs
oyatdı. Əvvəl bizim dükanlara baş vurdum - bir şey çıxmadı. Hətta
afişalara baxırdım ki, bəlkə birdən haradasa bu əsəri
səsləndirərlər. Sonradan təsadüf elə gətirdi ki, həmin əsəri
televiziyada səsləndirdilər...
O, maraqlı insan idi. İnanın, biz jurnalistlər böyük adamlar
olmasaq da, hər halda, əlli yaşımızda hamıya maraqlı adam da
demirik... Bəli, o, maraqlı adam idi və bunu təkcə mən demirəm. Həm
də sadə və təvazökar idi. Musiqi həvəskarları bilirlər, adamlar,
sənətçilər arasında bir deyim var – "Habil segahı"... İstənilən
sənət adamı bu deyimlə sadəcə, fəxr edərdi. Amma Habil müəllimin
özünə bir dəfə bu haqda deyəndə hətta bir az əsəbiləşdi də. Dedi
ki, mən heç bir "Segah" yaradıb-eləməmişəm, sadəcə, "Segah" o qədər
gözəl muğamdır ki, mən onu bütün qəlbimlə ifa etmişəm, ola bilsin,
buna görə çox yaxşı alınıb...
İndi bizim "sənət dünyamız"a baxıram. Bir-iki notu biri-birinə
"calayıb" "əttökən" bir melodiya yapırlar, sonra düşürlər ortaya
ki, bəs mən də mahnı bəstələmişəm. Amma Habil müəllimin dövründəki
insanlar belə deyildi, çünki hər şeyin dəyərini bilirdilər. Fikrət
Əmirovun, Qara Qarayevin adı gələn yerdə kimsə özünə deyə bilərdimi
ki, mən də bəstəkaram? Və yaxud da Niyaznin adı çəkiləndə kimsə
deyə bilərdimi ki, bəs mən də dirijoram?..
Təbii ki, yenə də hər şey yerini tutacaq. Ən böyük süzgəc elə
zamanın özüdür, hər şey zamandan keçərək ələnib - aranır...
Deməyəcəm ki, əcəl Habil müəllimi əlimizdən aldı. Ona görə ki,
əlli yaşında nəyi də olmasa, həyatı, onun labüd qanunlarını azacıq
da olsa, başa düşməyə başlayırsan... Hamımız bu dünyanı tərk
edəcəyik. Amma xoşbəxt o kəslərdir ki, hətta dünyasını dəyişəndən
sonra da anılır. Habil müəllim də belələrindən idi...
Amma nisgil yenə də qalır. Yox, deməyəcəm ki, yaxşılar gedir,
pislər qalır. Əsla! Bu dünya heç vaxt tək yaxşılardan və yaxud da
tək pislərdən ibarət olmur...
Fəqət, bir nisgil qalır. O da budur ki, hər halda, həyat
vəfasızdır. Həyat özü də ilk, birinci məhəbbət kimidir, elə onun
kimi də vəfasızdır...
Lap elə Habil müəllimin bir nəğməsində deyildiyi kimi: "Budurmu
vəfası ilk məhəbbətin?.."