Son günlər gündəmdə olan mözvulardan biri də
Fətullah Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə
bağlıdır.
24 deputatımızın həmin dini cərəyandan olmasının
iddia edildiyi bir zamanda bu məsələ ilə bağlı daim yazılar və
açıqlamalarla çıxış edən Milli Fikir Mərkəzinin sədri Şəhriyar
Məcidzadə ilə söhbətləşdik.
Azərbaycanın elitasını ələ keçirmək
- Təşkilatda keçirdiyiniz seminarlarda hər zaman
nurçuluğun Azərbaycana təhlükələrindən danışırsınız. Nə kimi
təhlükələr var, niyə bu məsələni daim gündəmdə saxlanılmasının
tərəfindəsiniz?
- Nurçuluq regionda bəlkə də yeganə cərəyandır ki, öz
təməllərini iqtisadi əsasların üzərində qurub. Ancaq bu iqtisadi
əsaslar gəlib dönərxana açmaqdan ibarət deyil. Onlar Azərbaycan
elitasının içərisinə giriblər və daha da dərinə nüfuz
etməkdədirlər. İddia edirlər ki, Azərbaycanda ən yaxşı təhsili
verirlər. Təhsil verdikləri və yetişdirdikləri tələbələrin
içərisində tək-tük aşağı təbəqənin insanını görə bilərsiniz.
Əksəriyyəti məmur və biznesmen uşaqlarıdır. Nurçular bunu məqsədli
şəkildə edirlər. Çünki onların əsas hədəfi Azərbaycanın elitasını
ələ keçirmək və gələcək elitanı özlərinin formalaşdırmasıdır.
Həmin məktəblərin işləmə mexanizminə diqqət edək. Onlar
tələbələrin bütün üstün cəhətlərini nəzərə alırlar. Tələbələrin
ailələrinə təsir etmək üçün psixoloji vasitələrə əl atırlar. Çox
yaxşı olardı ki, burda bir psixoloq da olardı və izahlı təhlil
aparardıq. Onlar ən çox özünə qapalı tələbələri öz aralarına cəlb
etməyə çalışırlar. Çünki qapalı insan özünü cəmiyyətdən təcrid edən
insandır və nurçuluq da elədir. Heç fikir verməmisiniz, nurçu
məktəblərini bitirən uşaqlar 2 cür olur: ya konkret çox nümunəvi,
ya da çox avara. Bunların konkret olaraq qazanmaq istədiyi
tələbələr olur və onları qazanırlar.
Nurçuları tənqid edənlər şərəfsizdir
- Siz bir zaman demişdiniz ki, Azərbaycan
parlamentində 20-yə yaxın nurçu millət vəkili var. Bu fikir mediada
da tez-tez gündəmə gəlir. Kimdir onlar?
- Məsələn, bir neçə gün öncə millət vəkili Ceyhun Osmanlının
haqqında bu cür ittihamlar səslənməyə başladı. Elə Fazil Mustafanın
özü. Adam açıq şəkildə deyirdi ki, nurçuları tənqid edənlər
şərəfsizdir. Onların parlamentdəki təmsilçilərini saymaq istəmirəm.
Ancaq onu deyə bilərəm ki, nurçuluq kimi cərəyanlar parlamentdəki
təmsilçiyə lobbi fəaliyyəti kimi baxırlar. Millət vəkilləri lobbi
fəaliyyəti ilə məşğuldurlar. Əgər sizin cərəyanın və gizli
təşkilatın parlamentdə 5 millət vəkili varsa, siz iqtisadi
əsaslarınıza istinad edərək lobbi fəaliyyəti ilə məşğul ola
bilərsiniz. Lobbi fəaliyyəti ilə məşğul olmaqla siz öz
maraqlarınızın təmin olunması üçün birbaşa qanunverici orqana təsir
etmiş olursunuz. Güc strukturlarında onlar özlərinə nə kimi yer edə
biliblər, bunu deyə bilməyəcəyəm, ancaq onu deyə bilərəm ki, yüksək
çinli məmurlar arasında da bu cərəyana bağlı olanlar var. Bu, heç
yaxşı hal deyil. Biz bunun nümunəsini Türkiyədə görürük. Belə
cərəyanlardan olan insanların aparıcı vəzifələrə gətirilməsi ilə
dövlətin içərisində dövlətin özünə alternativ güc mərkəzi yaranır.
Belə olan zaman dövlətin özünün varlığı təhlükə altına girir və
dövlət içəridən işğal edilmiş olur.
Bakuvinin araşdırmaçısı Aidə İmanquliyeva
idi
- Bir məsələyə diqqət çəkim. İçəri şəhərdə olan tarixi
məzarların arasında Seyid Yəhya Bakuvinin məzarı və orda adı var
idi. İndi onun adı ordan götürülüb. Seyid Yəhya Bakuvinin,
ümumiyyətlə, təsəvvüfün Sovet dövründəki araşdırmaçısı bilirsiniz
kim olub? Bakuvinin araşdırmaçısı Aidə İmanquliyeva idi. O, Sovet
dövründə Seyid Yəhya əfəndinin yaradıcılığını və təsəvvüfü
araşdırırdı. Amma indi bu cür dəyəri silmək istəyirlər
ölkəmizdə.
Nurçulara görə, Şah İsmayıl düşməndir. Çünki o da təsəvvüflə
məşğul olub və bu xalqın gərçək milli tarixidir.
Yetər ki, özlərini deşifrə etməsinlər
- Türkiyədə bunların təşkilatlanması elə bir
mərhələyə çatıb ki, artıq dövlət içərisində özlərinin
təşkilatlanmasını təmin ediblər. Azərbaycanda bu baxımdan nə kimi
təhlükə gözlənilir?
- Biz o cərəyandan danışırıq ki, Türkiyənin bir dövlət kimi
varlığını şübhə altına alır və ABŞ-dan idarə olunması üçün dövlət
qurumlarını faktiki olaraq işğal ediblər.
Türkiyədə bu cərəyanın bütün məktəblərində ilk vaxtlar Atatürkün
şəkillərini qoyurdular və dövlətin "kamalist" çizgisindən kənarda
olmadıqlarını deyirdilər. Əllərinə güc keçəndən sonra isə Atatürkün
rəsimlərini öz məktəblərindən də yığışdırdılar. Hələ bu azmış kimi
dövlət qurumlarının qarşısındakı "TC" sözü yığışdırıldı. Bu cərəyan
məqsədinə çatmaq üçün özlərini hər şəraitə uyğunlaşdıra bilər.
Təhlükə hiss etdikləri anda özlərini deşifrə etməmək üçün hər şeyə
razı olurlar. Yetər ki, özlərini deşifrə etməsinlər. Siz təsəvvür
edirsiniz ki, bunlar məktəblərində oxuyan azərbaycanlı şagird və
tələbələri agent kimi yetişdirirlər. Bunların məktəblərində oxuyan
şagirdlər Fətullah Gülənin kitablarını öz evlərinə gizli şəkildə
aparırlar. Həmin şagird avtomatik olaraq özünü "azlıq"
psixologiyasına uyğun olaraq cəmiyyətdən və ailəsindən təcrid
edilmiş hiss edir. İnsanlarımızı ailələrindən belə qopardırlar.
Onlar Azərbaycanda ehtiyat edirlər. Ona görə yox ki, onlar
Azərbaycan polisindən, güc strukturlarından çəkinirlər. Kimin o
qədər kapitalı olsa qorxar, çəkinər? Bir şeyə görə ehtiyat edirlər.
Nurçular Azərbaycandan çıxarılacağı təqdirdə Orta Asiyanı birmənalı
olaraq itirəcəklər.
- Siz onların kapitallarından və biznes
strukturlarından danışdınız. Həm də dediniz ki, bu kapitallar
onların parlamentdəki lobbi fəaliyyətinin əsasını təşkil edir.
Nurçuların Azərbaycanda hansı biznes sahələri var və ən çox harda
fəaliyyət göstərirlər?
- Hansı sahədə yoxdurlar ki! Media sektorunu deyək, təhsil
sahəsini ələ keçirməklərini deyək, bank sisteminin içərisinə
girməklərindən danışaq... Hansı birini deyək. Bunlar dövlətin
idarəçiliyinin və cəmiyyətin içərisinə daraşıblar. Diqqət edin,
nurçular haqqında Azərbaycan mediasında yazılar yazılan və
materiallar hazırlanan yerlərin hamısı sonradan onlarla birbaşa
əlaqədə olan yerlərə çevrilir. Sizin sayt yeni olsa da, qısa
zamanda özünə yetərincə auditoriya toplayıb. Bu mövzulara toxuna
bilməyiniz yaxşı haldır. Ancaq gəlib sizə də "dostluq" təklif
etsələr, heç də təəccüblənmərəm. Çünki bu cərəyan media sahəsini
işğal etməyi qarşısına məqsəd qoyub.
Bunlar üçün heç bir dəyər yoxdur
- Siz nurçularla bağlı mətbuatda tez-tez çıxış
edirsiniz. Nə kimi problemləriniz olub?
- Nurçular haqqında yazdığımız yazılara görə nə qədər təhdidlər
almışıq! Biz nurçuların gerçək kimliklərindən yazana qədər
Azərbaycanda Fətullah Güləni az qala xeyriyyəçi kimi təqdim
edirdilər. Bunun adı nədir: informasiya blokadası deyil nədir
bəs?
Nurçular Türkiyəni ələ keçirənə qədər heç bir iqtidar
Ermənistanla sərhədləri açmaq məsələsini gündəmə gətirməyib və belə
bir fikrə düşməyib. Bunlar üçün heç bir dəyər yoxdur, bunlar
sərhədsiz fəaliyyət göstərirlər. Ən gülməlisi bilirsiniz nədir?
Həmişə arqument kimi deyirlər ki, "əşi, nurçular yaxşı təhsil
verirlər". Gəlin, düşünək. Bu təhsili kimə verirlər və kimləri
qazanmaq üçün çalışırlar? Çobanın oğluna təhsil verib onu qazanmağa
çalışmırlar ki! Polis rəisinin oğluna verirlər, İcra başçısının
uşağına verirlər. Mən də belə bir cərəyanın rəhbərliyində olsam,
istəyərəm ki, ətrafımda olan uşaqlar icra başçısının, polis
rəisinin övladları olsun. Əlbəttə ki, məni yetişdiriyim insanlar
"məndəndir" prinsipi ilə hərəkət edirlər. O uşaqları qazanıblarsa,
onlar icra başçısı olan atalarına söz dedizdirərlər, amma Fətullaha
söz dedizdirməzlər.
Video-görüntülərlə kimlərisə şantaj etmək məktəbi
keçiblər
- Siz Türkiyədə Fətullah Gülən camaatının artıq
dövləti ələ keçirdiyini deyirdiniz. Azərbaycanda nə kimi təhlükə
gözlənilir?
- Bilirsiniz, onların elə məktəbləri var ki, qızları oğlanlardan
ayıraraq təhsil keçirlər. Bir yığın oğlanın bir yerdə o formada
təhsil almasının hansı travmalara səbəb olacağından danışmağa
başlasaq, mövzumuz qalacaq qıraqda.
Onlar video-görüntülərlə kimlərisə şantaj etmək məktəbi
keçiblər. Məsələn, öz gördüklərimdən bəhs edə bilərəm. Kiyevdə
oxuduğum zaman onların arasında olan yüksək səviyyəli bir məmurun
oğlunun videosunu çəkmişdilər. Həmin insanın olduqca şəkilsiz bir
videosunu əldə edib Yutuba yükləmişdilər. Bu insanlar az qala
ciblərində kamera ilə dolaşırlar, biz Türkiyədəki olaylarda da
bunun şahidi oluruq. Bu onların psixologiyasıdır.
Azərbaycan müxalifətinin içərisində nurçu var, iqtidarın
içərisində nurçu var, gənclər sektorunda nə qədər istəyirsiniz bu
cərəyandan olan insanlar var.
Dara düşmüsənsə, özünün kafir olduğunu deyə
bilərsən
- Konkret olaraq, Azərbaycanda nə kimi təhlükə
gözlənilir? Bu dini cərəyan nə qədər nəzarətdən
kənardadır?
- Bu dini cərəyan heç bir halda nəzarətə götürülə bilməz. Çünki
bunlar o fikri təbliğ edirlər ki, əgər sən dara düşmüsənsə,
yalandan özünün kafir olduğunu da deyə bilərsən. Sən onu heç bir
zaman nəzarətə götürə bilməzsən. Absurd məsələdir. Öz məqsədləri
üçün Atatürkün də şəklini başlarının üstünə vuracaqlar, lazım olsa,
dəccalın da. Təki onlar sağ qalsınlar və kök atsınlar.
Bu adamların ən çox ixtisaslaşdığı sahə bank sektorudur. Bank
sektorunda adamları var, iri biznes müəssisələri var. Öz
şirkətlərinə banklardan pul ayrılmasına nail olurlar, həmin
şirkətlərin reklamını öz media qurumlarında edirlər. Pul qırağa
çıxmır. Xərclərini də öz gəlirlərinə çevirə bilirlər. Özləri satır,
özləri alır. Mən inanıram ki, onlar Azərbaycan iqtisadiyyatında
böhran yarada biləcək gücə sahib ola bilərlər. Bu, real
təhlükədir.
Nurçuluq Roma kilsəsinə xidmət edir
- Siz yazırdınız ki, nurçuluq Roma kilsəsinə xidmət
edir. Nəyə əsaslanaraq bunu deyirsiniz?
- Nurçuluğu qəzetdən oxumaq olmur, bilmək olmur. Onu bilmək
istəyənlər Roma kilsəsini oxuyacaqlar və onun idarəçiliyini
biləcəklər. Bizim peyğəmbərimiz, Rəsulullah deyir ki, evlənin,
soyunuzu artırın və Qiyamət günü mən sizin çoxluğunuzla öyünəcəyəm.
Bəs Fətullah Gülən nəyə görə evlənməyib, ondan qabaqkı nurçu lider
Səid Nursi nəyə görə evlənməyib? Bunların ən yaxın müridləri nəyə
görə evlənmirlər? Mən bir də Roma papasının evlənmədiyini bilirəm.
Yoxsa bunlar da ordandır? Sistemləri eynidir. Roma papasının
kardinalları, bunun da müridləri var. Bu iyerarxiyanın
içərisindədir. Yuxarıdan aşağıya qədər sistemin hər səviyyəsində
bunlar müzakirələr aparırlar. Nurçular buna istişarə deyir. Ən
xırda səviyyəli evlərdən ən yuxarıda dayanan Fətullah Gülənə qədər
hamısı istişarə edir. Fətullah Gülən də oturub yaxın ətrafı ilə
müzakirələr aparır.
Xüsusi xidmət orqanlarımızın qərarı var...
- Son olaraq, sizcə dövlətin hansı qurumlarında bu
təhlükə var?
- Əksərində. Ancaq elə yerlər var ki, girə bilmirlər, daxili
qərar var ki, türk liseyləri məzunları olan adamlar işə
götürülməsin.
Vəziyyət çox gərgindir. Məsələn, hətta Ədliyyə Nazirliyində də
adamları var, istədikləri təşkilatı və QHT-ni çox asanlıqla
qeydiyyatdan keçirdirlər.
Bunlar əvvəl bükülürdülər, indi artıq açılma mərhələsindədilər.
Belə davam etsə, bizi Türkiyənin aqibəti gözləyir.