9 may sovet vaxtının ən nüfuzlu bayramı hesab edilirdi.
Bu o gün idi ki, amansız "41-45"-in həm arxa, həm də ön cəbhə
iştirakçıları medallarının tozunu alar, köhnə-təzə pencəklərinin
sinəsinə taxaraq bir araya gələrdilər.
Axar.az xəbər verir ki, o zaman 9 may Böyük Vətən Müharibəsinin
qələbə günü kimi qeyd edilərdi. İndi isə həmin "Böyük vətən"
tarixin lap böyük səhifələrinin arasında qərq olub. İndi 9 May
sadəcə II Dünya Müharibəsinin bitdiyi bir tarix kimi xatırlansa da,
biz yenə də ona Qələbə günü kimi nəzər salırıq. Ən azından biz də
döyüşmüşük, minlərlə insan itirmişik, minlərlə insan mənəvi və
fiziki cəhətdən şikəst qalıb. Amma Azərbaycan bu itkilərə baxmayaq
1941-45-ci illərdə həqiqətən də böyük rəşadət göstərdi. Həm
oğulları ilə, həm də nefti ilə.
Azərbaycan alimlərinin də bu işdə xidmətləri az olmadı. Düşünən
beyin bir orduya bərabər iş gördü. Məhz həmin beyinlər Hitleri
"infarkt səviyyəsi"nə çatdırdı. Axırda o, bu beyinlərin məhsulları
hesabına silahlanan ordunun əlindən Reyxstaqda zəhər içərək özünü
öldürdü.
AMEA-nın hazırkı prezidenti akademik Akif Əlizadənin və Georgi
Zapletinin yazdığı " Vətənə və elmə xidmət etdilər " adlı kitabında
müharibə vaxtı xüsusi fəaliyyət göstərən Azərbaycan alimlərinin
adları çəkilir. Həmin alimlər arasında Azərbaycanın görkəmli
şəxsiyyətləri – Səməd Vurğun, Üzeyir Hacıbəyli, Ziya Bünyadov,
Həsən Əliyev, Yusif Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri
barədə məlumatlar yer alıb.
Kitabda qeyd edilir ki, Azərbaycanın 100-dən çox alimi SSRİ-nin
orden və medalları ilə təltif edilib. 7 Azərbaycan alimi dövlət
mükafatına, 50 elmi işçi "Azərbaycanın əməkdar elm və texnika
xadimi" fəxri adına layiq görülüb.
Moderator.az müharibənin taleyinə təsir göstərən,
Hitleri "infarkt edən" alimlərimizdən yalnız üçünün adını çəkəcək.
Bəri başdan onu deyək ki, Yusif Məmmədləiyevin bu istiqamətdəki
işlərindən danışmağa o qədər də ehtiyac yoxdu. Çünki uşaqdan böyüyə
hamı Yusif Məmmədəliyevin sovet ordusu, neft-kimya sənayesi üçün nə
dərəcədə vacib kadr olduğunu bilir. Nobelin bir addımlığında olan
böyük alim təəssüf ki, müəyyən səbəblərdən onu ala bilmədi. Amma
Məmmədəliyev fenomeni bütövlükdə müharibənin taleyinə təsir
etdi.
Biz bu mövzuda nisbətən kənarda qalan üç alimimizi
xatırlayaq:
Şıxbala Əliyev - Azərbaycanda kimya üzrə ilk
elmlər namizədi və ilk kimya elmləri doktoru olub. 24 yaşında
Azərbaycanda kimya elmləri üzrə ilk alim olan Əliyev karyerasının
ən ağır illərinin müharibəyə düşəcəyini heç xəyal etməzdi. Müharibə
başlayan zaman cəmi 32 yaşı var idi. Elə bu yaşında elmləri doktoru
adını qazanır.
Alimin kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə
illərində neft sənayesində inqilabi irəliləyişlərə səbəb olub.
1941-ci ildə Şıxbala Əliyev Kimya İnstitutuna direktor təyin
edilir. Ona bir sıra müdafiə əhəmiyyətli elmi işlərin yerinə
yetirilməsi və institutun tematik planının hərbi məqsədlərə
uyğunlaşdırılması kimi mühüm və məsuliyyətli vəzifə tapşırılır.
Müharibə dövründə Şıxbala Əliyev neft kimyası sahəsində böyük
müdafiə məqsədli vacib işlər görür. Onun gördüyü ən vacib
məsələlərə aşağıdakıları aid etmək olar: 1941-43-cü illərdə Kimya
İnstitutunda kömür məmulatlarının və yerli materialların,
elektroizolyasiya olunan lakların istehsalı, yanğından qorunma
rənglərin istehsalı, kobaltın turşlaşması, sulfat turşusunun
qalıqlarından istehsal olunan vanadiy katalizatorunun alınması,
yeraltı sulardan yeyici natriy, yod, bromun alınması,
lyuminoforların, stirolun və polistirolun alınması, sabun emalı
ücün suiti piyinin təmizlənməsi və müharibə dövrünün bir çox vacib
layihələri.
Elə həmin illərdə alim neft və neft məhsullarından üzvi
maddələrin alınmasının perspektiv metodlarını işləyib hazırlayır,
bunun nəticəsində Azərbaycan mədənlərində buruqların neft və axın
xətlərinin deparafinizasiya metodu istifadə olunur ki, bunun da
nəticəsində məhsuldarlıq xeyli artır.
Professor Ş. Əliyev tərəfindən həmçinin Azərbaycanın yanan
suxurları da tədqiq edilib. Onun hazırladığı monoqrafiyada
Azərbaycanın yanan suxurlarının fiziki və kimyəvi təbiətini və
onlardan yanma mühərrikləri üçün yüksək keyfiyyətli yanacağın və
digər müxtəlif assortimentli kimyəvi maddələrin alınması üçün emal
üsülları da ətraflı araşdırılıb.
Gənc alimin toluolun sintezi ilə bağlı elmi tədqiqatlarının
əhəmiyyəti müharibə illərində xüsusi olaraq artır. Bu illərdə həmin
kimyəvi birləşmələrə tələbat çox yüksək idi. Ş. Əliyevin
ixtirasının tədbiqi ölkə üzrə toluolun istehsalının artmasına
şərait yaradır. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə
1944-cü ildə Ş. Əliyev "Ümumi kimya" ixtisası üzrə Azərbaycanın ilk
professoru yüksək adına layiq görülür.
Musa Əliyev- Akademiyanın sabiq prezidenti Musa
Əliyev böyük geoloq olsa da, müharibə illərində əsasən yüksək
vəzifələrdə fəaliyyət göstərərək qanlı "41-45"in taleyinə alimdən
daha çox bir məmur kimi təsir edir. O, 1942-44-cü illərdə
Azərbaycan Geologiya İdarəsinin rəisi, ondan sonra isə Kommunist
Partiyası Mərkəzi Komitəsinin katibi kimi fəaliyyət göstərir. Onun
müharibə zamanı əsas xidməti faydalı yataqların tapılması oldu. Bu
əslində müharibəyə dayanmadan göndərilən Bakı neftinin üstündəki
qara buludları aradan qaldırırdı. Mərkəz Musa Əliyev, Mirəli
Qaşqay, Şamil Əzizbəyov kimi düşünən beyinlərə, sehrbaz geoloqlara
güvənib cəbhənin yaşam mənbəyi olan neftdən istifadə edirdi. Ordu,
döyüşən əsgərlər qələbənin görünən tərəfi idi. Görünməyən tərəfi
isə yüksək oktanlı benzinləri, müxtəlif yanacaqları hazırlayan
alimlər idi.
İkinci Dünya müharibəsi ərəfəsində, gənc yaşlarında Azərbaycan
Geologiya İdarəsinin baş mühəndisi kimi çalışan Musa Əliyev
sonradan indiki Azərbaycan Dövlət Neft Akademiyasında dekan və
1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun rektoru
vəzifəsini tutub.
1908-ci ildə Şamaxıda anadan olan Musa Əliyev yüksək rəhbər
vəzifə üçün gənc sayılacaq 39 yaşında Azərbaycan Kommunist
Parstiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilib, 40
yaşında - 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini
təyin olunub. Bir müddət Dövlət Plan Komitəsinin sədri işləyən Musa
Əliyev 3 dəfə SSRİ Ali Sovetinin deputatı seçilib. 1950-ci ildə o
zaman üçün çox nüfuzlu vəzifə hesab edilən Azərbaycan SSR Elmlər
Akademiyasının prezidenti vəzifəsinə gətirilib. 8 il bu vəzifədə
çalışan geoloq alim akademiyanın geologiya sahəsində, eləcə də bir
çox istiqamətlərdə irəli getməsinə şərait yaradıb.
Azərbaycanın ilk paleontoloq alimi olan Musa Əliyevin inzibati
işlərini o səbəbdən sadaladıq ki, o, II Dünya Müharibəsində elmi
ilə yanaşı, həm də inzibati idarəetmə qabiliyyəti ilə xidmət edib.
Təsadüfi deyildi ki, məşhur Neft daşlarının salınması ideyasını
Musa Əliyev məhz müharibə illərində verib.
Azərbaycan Dövlət Plan Komitəsinin sədri Musa Əliyevin SSRİ
Dövlət Plan Komitəsinin sədri Baybakovla olan yaxın əməkdaşlığı
Neft Daşlarının – möcüzəli dəniz şəhərinin nəhəng layihəsinin
həyata keçirilməsində az rol oynamamışdır. Bu, 1948-49-cu illərin
yaddaşına yazılan hadisə idi.
Mirəsədulla Mirqasımov – II Dünya Müharibəsi
vaxtı xeyli insanı ölümdən xilas edən və xüsusi üsullarla tibbi
kəşflərə imza atan, bununla da müharibənin taleyinə təsir
edənlərdən biri də akademiyanın ilk prezidenti və Azərbaycanın ilk
cərrahı Mirəsədulla Mirqasımovdur. O, müharibə illərində arxa cəbhə
hospitallar şəbəkəsini yaradır və ona rəhbərlik edir. Bu şəbəkənin
səyi nəticəsində bir çox insan xilas edilir və yenidən cəbhəyə
yollanılır. Akademik həkim bu xidmətlərinə görə "Qırmızı ulduz"
nişanına layiq görülür.
Mirəsədulla Mirqasımov 1913-cü ildə Odessaya yollanır və orada
1916-cı ilə qədər tibb təhsili alır. Həmin il yenidən doğma Bakıya
qayıdır və bir çox xəstəxanalarda aparıcı həkim-cərrah kimi
fəaliyyət göstərir. Bununla yanaşı, o, tibb elmi sahəsində nəzəri
araşdırmalara da qətiyyən ara vermir. Artıq Böyük Vətən Müharibəsi
başlanan zaman xəstəxanalarda yaralıların vəziyyətinə rəhbərlik
etmə səviyyəsinə qədər inam qazanır. O, buna qədər Bakı Dövlət
Universitetinin tibb fakültəsinin topoqrafik anatomiya kafedrasında
əməkdaş, bu fakültənin əsasında yaradılan Azərbaycan Tibb
İnstitutunda Cərrahi xəstəliklər kafedrasının müdiri, eyni zamanda
Müalicə-profilaktika fakültəsinin dekanı kimi fəaliyyət
göstərib.