Aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan
Silahlı Qüvvələri arasında baş vermiş Dördgünlük müharibənin
uğurunun qarşısı necə alındı? Bu sualın eynisi 22 il əvvəl də hər
kəsin ağlını "yeyib-bitirirdi". Söhbət uğurlu Horadiz
əməliyyatından gedir.
ANS xəbər verir ki, eynilə 2016-cı ildəki
Dördgünlük müharibədə baş verdiyi kimi, 1993-cü ildə də erməni
silahlı bölmələrinin hücumunun qarşısını kəsən Azərbaycan Milli
Ordusu əks-hücuma keçir və qısa müddətdə Füzuli rayonunun böyük
hissəsini azad edir.
Dekabrdan başlayan və 1994-cü il yanvarın 6-dək davam Horadiz
əməliyyatı zamanı Azərbaycan Ordusunun bölmələri Xudafərin
körpüsünədək irəliləyir və 21 min hektar ərazi Ermənistan
işğalından xilas olunur.
Dörgünlük müharibədə də Azərbaycan Ordusu qarşı tərəfin hücumuna
cavab olaraq əks-hücuma keçir və ermənilərə sarsıdıcı zərbələr
vuraraq işğal altında olan torpaqlarımızın bir hissəsini azad edir.
Lakin tarix yenidən təkrarlanır – hərbi əməliyyatlar
dayandırılır.
Böyük itkilər verən Ermənistan tərəfi Horadiz əməliyyatından
sonra Moskvaya yalvararaq Qarabağa sülhməramlı qoşunların
yerləşdirilməsini istədi. Azərbaycanla təkbətək bacara
bilməyəcəyini başa düşən Ermənistan Rusiyanın məsələyə qarışmasını
xahiş etdi. Və atəşkəs barədə danışıqlara başlanıldı. Ermənistan
Qarabağa Rusiya sülhməramlı qoşunlarının yerləşdirilməsi üçün
əlindən gələni edirdi.
Lakin Azərbaycan tərəfinin qəti mövqeyi ermənilərin bu istəyinə
çatmasına mane oldu. Sosial şəbəkədə yayılan 1994-cü ilin may
ayında Moskvada Qarabağda atəşkəsin elan edilməsi barədə aparılan
danışıqların tam videosunda da bunu görmək olur.
Danışıqlarda Rusiyanın Müdafiə naziri Pavel Qraçov, Azərbaycanın
Müdafiə naziri Məmmədrəfi Məmmədov, Ermənistan tərəfindən David
Şahnəzəryan və Serj Sərkisyan, "Dağlıq Qarabağ" tərəfindən
separatçı Samvel Babayan iştirak edirdi.
Videodan da görünür ki, Azərbaycanın müdafiə naziri Babayanın
danışıqlarda iştirak etməsinə etiraz edir: "Burada S.Babayanın
iştirak etməsinə öz təəccübümü ifadə etmək istərdim. O kimi təmsil
edir? Onun gəldiyi bölgə heç bir ölkə tərəfindən tanınmış, qanuni
dövlət deyil. Dövlət yoxdursa, onu təmsil edən ordu da ola bilməz.
Bu, danışıqların səviyyəsini və onun tapşırıqlarını ciddi şəkildə
zəiflədir".
Erməistan israrla çalışır ki, Qarabağa Rusiya sülhməramlı qoşunu
yerləşdirilsin, Azərbaycan birmənalı şəkildə torpaqların azad
edilməsini tələb edir.
Rusiya müdafiə naziri isə məsələyə belə münasibət bildirir: "Bu
gün biz atəşkəs danışıqlarının ilk mərhələsinin əsas məsələsini
razılaşdırmalıyıq. Əsas məsələ - nəzarət mexanizmidir. Və gəlin
razılaşaq - mən nə təklif edəcəyəmsə, onu qəbul edəcəksiniz". Daha
sonra P.Qraçov fasilə edərək qarşıda əyləşən Ermənistan və
separatçı rejimin nümayəndələrinə narazılıq ifadə edir: "Və
təkəbbürsüz. Sülh istəyirsinizsə, heç bir təkəbbür
olmamalıdır".
Sərkisyan da danışıqlar prosesində iştirak edir. O bildirir ki,
guya onlar üçün əsas məsələ qoşunların uzaqlaşdırılması,
müşahidəçilərin rolu və tapşırıqlarının razılaşdırılmasıdır.
Ərazilərin boşaldılmasına gəldikdə - bu, dövlət və hökumət
başçılarının işidir.
Azərbaycanlı nümayəndəsinin cavabı onu sübut edir ki, Azərbaycan
torpaqlarının azad edilməsi məsələsini heç bir vaxt "başdan etmək"
və ya yaxşı vaxta qədər ertələmək mümkün olmayacaq.
"Onlar Azərbaycanın zəbt olunmuş ərazilərini boşaltmaq
istəyirlərsə, o zaman qoşunların hansı məsafədə uzaqlaşdırılması
məsələsinin nə mənası var? 18 fevralda imzalanmış protokolda
Azərbaycan ərazilərinin iyunun 1-dək boşaldılmasının vacibliyi
vurğulanır. Bu - əsas məsələ necə olsun?"
Videodan hiss olunur ki, ermənilər danışıqlara rusların adamı
kimi gəliblər, Rusiya Azərbaycana ordu yerləşdirmək üçün onlardan
istifadə edir.
Çünki ermənilər təhlükəsizlik qarantiyası kimi Rusiya
sülhməramlı qoşunlarının Qarabağa yerləşdirilməsinin tərəfdarıdır.
Aradan 22 il keçməsinə baxmayaraq, ermənilər hələ də bu fikirdədir.
Çünki Dördgünlük müharibədən sonra rəsmi İrəvan bəyan etdi ki,
Dağlıq Qarabağ ətrafındakı rayonları bir şərtlə qaytararıq ki,
təhlükəsizlik qarantiyası verilsin. Dolayısı ilə Ermənistan tərəfi
sülhməramlılar barədə çağırış edir. Sirr deyil ki, Ermənistanın
siyasi elitasının məqsədi də budur.
Hər dəfə Qarabağda Azərbaycan Ordusu uğurlu əməliyyatlara
başlayan zaman ermənilər sülhməramlılar məsələsini ortaya atır.
1994-cü il may danışıqlarında da bu məsələ gündəmdə olub. Lakin
Azərbaycan tərəfi buna qəti şəkildə etiraz edib. Belə ki,
P.Qraçovun sülhməramlı qoşunlarla bağlı israr etsə də, Məmmədrəfi
Məmmədovun Bakıya gözlənilməz səfəri ilə bu baş tutmayıb.
Bütün bunlara baxmayaraq, 1994-cü ilin may ayında atəşkəs barədə
razılıq əldə olundu. Qısa müddətə baş tutan uğurlu Horadiz
əməliyyatının qarşısı alındı və 22 il sükut çökdü. Yalnız aprel
ayının əvvəllərində ordumuz düşmənə cavab verərkən yenidən
irəlilədi, amma yenə də Rusiyanın canfəşanlığı nəticəsində
əməliyyat dayandırıldı və danışıqlar başladı... Yenə 22 il
gözləyəcəyik? Artıq Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından rədd olmaqdan
başqa şansı yoxdur.