Aprel döyüşlərinin ardından Qarabağ danışıqlarında
ikinci raund baş tutdu. Prezidentlər mayın 16-da Vyanada, iyunun
20-də isə Sankt-Peterburqda masa arxasına əyləşdilər. Qərb
torpaqlarında ABŞ-ın liderliyi altında təşkil edilən toplantıdan
sonra növbəti ünvanın Rusiya torpaqları olması Putinin regionda
daşların yerini dəyişdirə bilən gücün kim olduğunu nümayiş
etdirməsi fonunda gözlənilən idi. Lakin Dördgünlük müharibənin
dəyişdiyi siyasi mənzərə, Vyana görüşü və ardınca regionu bürüyən
siyasi atmosfer Qarabağ məsələsində Qərb və Rusiyanın burun-buruna
dayanaraq, əzələ nümayişindən vaz keçdiyini, Ukrayna, Suriya kimi
münaqişələrdə rəqib tərəflər olmasına baxmayaraq, iki qütbün ortaq
qərarlar aldığını deməyə əsas verir.
Publika.az-ın
xəbərinə görə, Sankt-Peterburq görüşü konstruktiv keçib və müsbət
nəticələr əldə olunub. Hər iki tərəfdə - həm Azərbaycan, həm də
Ermənistanda rəsmilər liderlərin Neva sahillərində razılaşdığını
açıqlayır.
Azərbaycanın baş diplomatı Elmar Məmmədyarov "Bu görüş
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair
danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar
yaradacaq" deyə inamla danışır. Erməni nazir Eduard Nalbəndyan da
"görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm
ki, konstruktiv atmosferdə keçirildi" deyə təxminən eyni ifadələrə
toxunur.
Sadə məntiqlə yanaşsaq, görüşün münaqişə tərəflərinin hər ikisinin
maraqlarına uyğun olması sual yaradır. Xüsusilə Ermənistanın işğal
etdiyi əraziləri qaytarmaq istəməməsi, Azərbaycanın ərazi bütövlüyü
məsələsinə olduqca həssas yanaşması fonunda hər şey bu qədər asan
ola bilməz. Deməli, bağlı qapılar arxasında Putin, İlham Əliyev və
Sərkisyan formatında aparılan danışıqlar tamamilə başqa məcrada
keçib. Qapılar açılandan sonra istifadə edilən ritorika sadəcə
protokol qaydaları çərçivəsindədir.
"Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla
yanaşı prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar. Burada
təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə
zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına
razılıq ifadə olunub. Həmçinin, danışıqlar prosesinin davam
etdirilməsi ilə bağlı razılıq əldə olunub".
Bu, Rusiyanın baş diplomatı Sergey Lavrovun görüşdə əldə olunan
razılıqla bağlı protokol xarakteri daşıyan açıqlamasıdır. Və onun
sözlərini analiz etdikdə, münaqişənin həlli istiqamətində ciddi
addım atılmadığı, əslində 20 ildir aparılan prosesin yer və zaman
fərqi ilə davam etdiyi, daha çox Ermənistan tərəfinin maraqlarının
təmin olunduğu görüntüsü yaranır.
Lakin bağlı qapılar arxasında aparılan müzakirələrdə hər şeyin
tamam fərqli olduğu ehtimalları var.
Birinci amil: Sankt-Peterburq görüşündən sonra
əksəriyyət bunun formal xarakterli danışıq olduğu fikrini irəli
sürdü. Görüşlə bağlı verilən açıqlamalar buna əsas yaradırdı. Lakin
görüşdə Vladimir Putinin şəxsən iştirak etməsi bu fikirləri kənara
qoyur. Əgər həqiqətən də, görüş sadəcə formal xarakter daşısaydı,
Putin orada olmazdı. Moskva ya Sergey Lavrov səviyyəsində təmsil
olunar, ya da Putin liderlərlə telefon əlaqəsi yaradardı.
İkinci amil: Verilən bəyanatlar fonunda yaranan
fikirlərdən biri də Rusiyanın Vyana toplantısından sonra
prezidentləri görüşdürərək, sadəcə Qərbə mesaj verdiyidir.
Zaman-zaman bu müşahidə olunub. Lakin bu dəfə prosesin Kreml
tərəfindən aparılması ilə bağlı Qərblə razılığa gəlindiyini demək
olar. Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Angela
Merkelin "Qarabağ münaqişəsində əsas açar Rusiyadır" deməsi də bunu
göstərir. Hesab etmək olar ki, Qərb bu münaqişədə Rusiya faktorunu
nəzərə almadan hərəkət etməyin mümkünsüz olduğunu anlayıb.
Razılaşmaya görə, prosesi Rusiya aparır, tərəfləri ortaq məxrəcə
gətirir. Qərb isə indiki məqamda bölgədə sadəcə müharibənin
olamamasından yanadır.
Üçüncü amil: Aprel döyüşləri ilə Azərbaycan
tərəfi ərazi bütövlüyü məsələsində nəinki güzəştə getməyəcəyini,
ümumiyyətlə bu münaqişənin unudulması ilə belə barışmayacağını
göstərdi. Bütün tərəflər - Rusiya, Avropa Birliyi və ABŞ rəsmi
Bakının müharibə variantını gündəmdə saxlamasının real olduğunu
anladılar. Hansı ki, onların heç biri indiki situasiyada regionda
müharibənin olmasını istəmir. Eyni mesaj Ermənistana da verilmiş
oldu. Bu prosesin ardından Prezident İlham Əliyevin
Sankt-Peterburqa sadəcə görüş xətrinə getdiyi inandırıcı deyildi.
Əslində onun diplomatik danışıqlara getdiyi vaxt ordunu poliqonlara
yeritməsi də masada Ermənistana təzyiq etmək manevri idi.
Bu amillər Sankt-Peterburq görüşünün ciddi nüanslar üzərində
qurulduğunu deməyə əsas verir.
Görüşdən sonra verilən "prezidentlər ATƏT müşahidəçilərinin sayının
artırılması məsələsində razılığa gəldilər" açıqlaması şübhələrə yol
açdı və "görüş Ermənistanın xeyrinə keçib" fikrini yaratdı. Çünki
müşahidəçilərin sayının artırılması şərtini Ermənistan tərəfi irəli
sürmüşdü və bu məsələ Vyanada Qərb tərəfindən müdafiə
olunmuşdu.
Bu amil münaqişənin dondurulmuş vəziyyətdə qalmasına xidmət etdiyi
üçün Azərbaycanın xeyrinə deyil. Lakin həqiqətənmi Putin bağlı
qapılar arxasında məhz bu məsələdə razılıq əldə olunması üçün
görüşü təşkil etmişdi?
a) Azərbaycan aprel müharibəsindən sonra
yaranmış yeni reallıqda bu məsələni yaxına buraxmır. Ona görə də
belə razılaşmanın olacağı görüşə də getməzdi.
b) ATƏT müşahidəçilərinin sayının artırılması
atəşkəsə nəzarət mexanizminin bir hissəsidir. Hansı ki, bu mexanizm
Azərbaycanın marağında olmadığı kimi, Rusiyanın da maraqlarına
uyğun deyil. Əksinə, münaqişə üzərindən regiona nəzarətin əldə
olunması baxımından ABŞ-ın planıdır. Putinin ABŞ-ın planı üzrə
razılıq əldə olunması üçün prezidentləri Neva sahillərinə dəvət
etməsi nəinki inandırıcı deyil, ümumiyyətlə absurd yanaşma
olardı.
Deməli, bu açıqlama görüşə fon vermək məqsədinə xidmət edirdi və
daha çox yayındırıcı xüsusiyyətə malikdir.
Bəs, nə üçün "müşahidəçilərin sayının artırılması"
görüşün əsas prinsipi kimi təqdim edildi?
Burada iki yanaşma ön plana çıxır:
1. Rusiya Qərblə ikili oyun oynaya bilər. Vyana görüşündə əldə
olunan razılaşmada atəşkəsə nəzarət mexanizminin qurulacağı
deyilirdi. Bu razılaşmada Rusiya da iştirak etmişdi. Hesab etmək
olar ki, Putin prezidentləri Sankt-Peterburqda görüşdürərək, bağlı
qapılar arxasında öz ssenarisini masaya yatırıb və Rusiya
maraqlarına zidd olan Vyana razılaşmasını gündəmdən çıxarıb. Vyana
razılaşması Ermənistanın xeyrinə olsa da Serj Sarkisyanın Putinin
əksinə getməyəcəyi, xüsusilə bunu rus torpaqlarında etməyəcəyi
məlum məsələdir. Nəzərə almaq lazımdır ki, amerikalı həmsədr Ceyms
Uorlik Neva sahillərinə gəlsə də, üçtərəfli qapalı görüşdə iştirak
etməyib. Görünür, bağlı qapılar arxasında Putinin ssenarisi üzrə
razılıq əldə olunandan sonra, rəsmi açıqlamalarda ATƏT
müşahidəçiləri məsələsi ön plana çəkilərək, Qərbin diqqəti
yayındırılıb.
2. Lakin ötən həftə yayılan bir informasiya məsələnin bir qədər
fərqli olması versiyasını gücləndirir. "Təmas xəttində atəşkəsə
nəzarət mexanizminin quraşdırılması üçün lazım olan vəsait yoxdur".
Erməni mediasının yaydığı bu məlumat versiyaları fərqli məcraya
yönəltdi.
Maraqlıdır ki, nəzarət mexanizmləri Vyana görüşündən sonra bir
ay müddətində quraşdırılmalı idi. Lakin ayın tamamında ATƏT bunun
üçün pulunun olmadığını deyir. Proseslərin təhlili əslində bunun
bəhanə olduğunu göstərir. Hesab etmək olar ki, Serj Sərkisyan
ərazilərin qaytarılmasına razılaşıb, Sankt-Peterburqda planın
detalları müzakirə olunub, nəzarət mexanizmi ilə bağlı bəyanatlar
isə erməni ictimaiyyətini sakitləşdirməyə hesablanır.
Ehtimal belədir: Rusiya Qərblə razılaşaraq,
nəzarət mexanizmlərinin quraşdırılması məsələsini ləğv edir, yaxud
təxirə salır; ATƏT pul məsələsini səbəb kimi gətirərək,
mexanizmləri quraşdırmaqdan imtina edir, beləliklə, bu məsələ
gündəmdən çıxır; bu, Serj Sərkisyan hakimiyyəti ilə də
razılaşdırılıb; Sərkisyanın bu yayındırıcı bəyanata qoşulması
erməni ictimaiyyətinə "hər şey bizim xeyrimizədir" mesajını verməyə
xidmət edir; bununla daxili sabitlik təmin olunur və ərazilərin
qaytarılması prosesi başlanır.
Serj Sərkisyanın Sankt-Peterbur görüşündən öncə "Şuşa batalyonu
döyüşçülərinin ittifaqı" ictimai birliyinin rəhbəri Jiray Sefilyanı
həbs etdirməsi də bu fonda diqqətdən yayınmadı. Sefilyan aprel
müharibəsində məğlubiyyətə görə, Sərkisyan hakimiyyətini ittiham
edirdi. O, keçmiş döyüşçüləri toplayaraq, Azərbaycan ordusunun azad
etdiyi əraziləri geri qaytarmaq hərəkatına başlamaq niyyətində
idi.
Keçmiş döyüşçülərin birləşməsi Sərkisyan hakimiyyəti üçün ciddi
təhdid idi. Hesab etmək olar ki, Rusiya Sarkisyana əraziləri
qaytarmaq tapşırığını verib. Sərkisyan da bu addımı atacağı
təqdirdə daxildə onun hakimiyyətinə yarana biləcək təhdidləri
öncədən aradan qaldırmaq gedişi edib.
Rəsmi Bakı təsdiqləyir: ərazilərin qaytarılması razılığı
əldə olunub
"Münaqişənin həlli mərhələli həll planına uyğun həyata
keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra
iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca
Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların
geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum
keçirilir".
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri
Novruz Məmmədov də bu plana uyğun olaraq razılığın əldə olunduğunu
təsdiqləyib.
Bu proseslərin fonunda Ermənistan prezidenti Serj Sərkisyanın bu
gün Xankəndinə səfər etməsi də təsadüfi ola bilməz. Bu səfər, aprel
döyüşlərindən sonra Sərkisyanın Xankəndində keçirdiyi məxfi görüşü
yada salır. Ermənistan KİV-nin məlumatına görə, Sarkisyan həmin
vaxt Xankəndinə ərazi qaytarmağın vaxtının çatdığını müzakirə etmək
üçün yollanmışdı. Xankəndində keçirilən məxfi görüşdə daşnaklar və
generallar ona ciddi etiraz etmişdilər. Sankt-Peterburq görüşündən
dərhal sonra Sərkisyanın yenidən Xankəndinə getməsi onun mərhələli
həll planını yerinə yetirmək üçün təlimat verəcəyi ehtimalını
gücləndirir.