Fransanın Montauban şəhərinin yaxınlığında Avropa
Azərbaycan Cəmiyyətinin (TEAS) və Kabertat Maquis Dostları
Assosiasiyasının birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi
illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı
Əhmədiyyə Cəbrayılovun və Maquis de Kabertatda Üçüncü Qusar
Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsini
əbədiləşdirmək məqsədilə qoyulmuş abidənin açılış mərasimi
keçirilib.
Axar.az xəbər verir ki, xatirə abidəsi Avropa Azərbaycan
Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə qoyulub.
Bu münasibətlə Montauban şəhərinin yaxınlığında yerləşən,
azərbaycanlı partizanlar da daxil olmaqla Müqavimət Hərəkatının
qəhrəmanlarının qalıqlarının saxlanıldığı Kabertat Mavzoleyinin
qarşısında Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət üzrə
müşaviri Ayaz Qocayevin, deputat Valeri Rabaultinin, Müdafiə
Nazirliyi yanında Veteranlar İdarəsinin yerli bölməsinin direktoru
Pyer Amestoyun, Monklar, Vaissak, Negrepelisse, Montriko və
Puygaillar şəhərlərinin merlərinin iştirakı ilə anım mərasimi
keçirilib.
Tədbir 1944-cü il iyunun 20-də nasistlər tərəfindən Maquisdə
qətlə yetirilmiş Fransa Müqavimət Hərəkatının üzvlərini anmaq üçün
dini mərasimin icrası ilə başlayıb. Vaissak şəhərinin meri Frensis
Delmas və Kabertat Maquis Dostları Assosiasiyasının prezidenti
Mişel Po mərasimdə çıxış ediblər. Sonra Azərbaycanın və Fransanın
dövlət himnləri səsləndirilib və Fransanın azadlığı uğrunda həlak
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin rəhbəri
Marie-Laetitia Gourdin çıxışında bildirib: "Bu gün Maquis de
Kabertatda Midi-Pyrenees, Vosges və Alzas regionlarında Üçüncü
Qusar Polkunda döyüşən azərbaycanlıların, xüsusilə Əhməd Mişel kimi
tanınan və ya partizan yoldaşları tərəfindən "Xarko" adlandırılan
Əhmədiyyə Cəbrayılovun anım mərasiminə toplaşmışıq. İkinci Dünya
müharibəsində Qızıl Ordu sıralarında nasistlərə qarşı rəşadətlə
mübarizə aparan Əhmədiyyə 1944-cü ilin yazında Fransa Müqavimət
Hərəkatına qoşulmamışdan əvvəl Ukrayna və Fransada yerləşən
düşərgələrdə əsir olub".
M.Gourdinin sözlərinə görə, Midi-Pyrenees regionunda bir neçə
şəhərin azad edilməsində iştirak edəndən və 1944-cü ilin sentyabr
ayında general De Qolla Tuluzada görüşəndən sonra Əhmədiyyə Alzasa
gedib, orada Mulhaus və Belfort şəhərlərinin azad edilməsində
iştirak edib. TEAS əmin olmaq istəyirdi ki, Əhmədiyyənin adı
unudulmayıb və buna görə də təşkilat birgə mərasimin təşkili üçün
Kabertat Maquis Dostları Assosiasiyası ilə yaxından əməkdaşlıq
edib.
Mərasimdə çıxış edən Ayaz Qocayev deyib ki, İkinci Dünya
müharibəsi Azərbaycan ərazisinə çatmasa da azərbaycanlılar faşizm
üzərində Qələbəyə böyük töhfələr veriblər. 600 mindən artıq
Azərbaycan sakini bu müharibədə iştirak edib və onların yarısı
canlarından keçərək həlak olub. Azərbaycan müharibədə vacib rol
oynayıb və neft resurslarını Qələbənin əldə olunmasına yönəldib.
Hitlerin bu sərvətləri ələ keçirmək üçün Bakını zəbt etmək planı
var idi. Azərbaycanlılar Avropadakı Müqavimət Hərəkatının bir çox
üzvləri ilə çiyin-çiyinə vuruşublar. Onların arasında keçmiş
Yuqoslaviya, İtaliya, Polşa və təbii ki, Fransa var idi. Onlardan
ən tanınmışı Əhmədiyyə Cəbrayılov Fransanın ən yüksək rəsmi
mükafatlarından olan "Fəxri Legion" mükafatına və Fransanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Maquis de Kabertatda Fransa Müqavimət Hərəkatının sağ qalan
üzvlərindən biri Andre Terrassier deyib: "Mən Əhməd Mişeli yaxşı
tanıyırdım. O, çox cəsur insan idi və heç zaman üzündən təbəssüm
əksik olmazdı".
Müqavimət Hərəkatının Rene Çambard adlı başqa bir üzvünün oğlu
da anım mərasimində iştirak edib. O, 1977-ci ildə Əhmədiyyənin onun
atasını son dəfə ziyarət etməsi haqqında xatirələrini bölüşüb.
Cambard onların bir-birilərinə göndərdikləri məktublar haqqında söz
açıb. Bu məktublarda onun atası Əhmədiyyəni "silah qardaşı"
adlandırırdı.
Tədbirdə bildirilib ki, Azərbaycanın dilbər guşəsi olan Şəkidə
dünyaya göz açmış Əhmədiyyənin hekayəsi vətənpərvərlik, hünər, uğur
və əzm haqqındadır. 240 minlik sovet əsgərlərindən biri kimi, o,
Don çayı üzərindən keçən İzyum körpüsü yaxınlığında nasistlərə
qarşı əməliyyatda əsir düşüb. Əhmədiyyə bir çox düşərgələrdə
əsirlik taleyi yaşayıb və sonda Polşa sərhədinin yaxınlığında
yerləşən Frankfurt-an-der-Oder şəhərində sovet respublikalarından
olan əsgərlər üçün düşərgəyə salınıb. Nasistlərin qələbəsindən
sonra Azərbaycana müstəqillik vəd edilməsinə rəğmən, o, nasistlərə
qoşulmaqdan imtina edərək düşərgədən qaçmaq və yenidən Qızıl Orduya
qoşulmaq qərarına gəlib. Xadimənin köməyi ilə qaçmağa müvəffəq olan
Əhmədiyyə Fransa Müqavimət Hərəkatına qoşulub. Çox vaxt o, nasist
zabitlərinin baş çəkdiyi restoran və kafelərdə partlayışlar
törədir, körpü və dəmir yolu xətlərini sıradan çıxarırdı. O,
"Xarko" ləqəbi ilə tanınırdı. Gestapo onun başına görə 10 min alman
markası məbləğində mükafat təyin etmişdi.
Fransa-Sovet Paktı bağlanandan sonra, Əhmədiyyə məcburi olaraq
Sovet İttifaqına repatriasiya edilib və "NKVD" tərəfindən
işgəncələrə məruz qalıb. 1966-cı ildə ona bəraət verilib. Bu,
Fransa Prezidenti general Şarl de Qolun Sovet İttifaqına ikinci
səfəri zamanı baş verib. Həmin vaxtda o, artıq Şəkiyə qayıdıb,
general Şarl de Qolun onu görmək istəyi qəhrəmanın bir gecədə
məşhur olması ilə nəticələnib. Əhmədiyyə Cəbrayılov Fransanın Milli
Qəhrəmanı fəxri adı, həmçinin "Müharibə Xaçı", "Hərbi Şücaət Xaçı"
və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.