Yuxarı

Güntay Gəncalp: "Din sırf hurilər üçündürsə..."

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az "Tarixi nadir" layihəsində Güntay Gəncalpla növbəti müsahibəni təqdim edir.

I hissə

– Güntay bəy, deyirlər, bizim dildə erotizm alınmır. Bu haqda eyni fikirdəsinizmi? Yoxsa...

Erotizm insanın ən əski duyğularından və diləklərindən biridir. Bütün dillərdə, o cümlədən bizim dildə də çox gözəl ifadə variantları var. Sadəcə, tabular və fərdiyyətə qarşı törələr bu duyumun şeirə yansımasını əngəlləmiş. Bunun üçün şeir sənətinin dərinliyinə enmək lazımdır. Şeir və insanın erotik duyğuları haqqında estetik bilgi və elm sahibi olmaq gərəkdir. Bu bilgili olma məsələsini ən gözəl şəkli ilə Füzuli açıqlayıb:

"Elmsiz şeir əsassız divar olur,

Əsassız divar qayətdə bietibar olur".

Şeir sənətinin qaynağı xəyal, duyğular və düşüncələr ikən, ifadə aracı dildəki sözlərdir.

Erotik bəyan hər zaman etirazla qarşılaşıb, çox az dillərdə buna meydan açılıb.

– Tarix mütəxəssisləri bəşərin yazı tarixinin şumerlərlə başladığı qənaətindədirlər. Erotizm şumerlərdən bəri ədəbiyyatın mövzusu olub. Şumerlərdən qalan çox önəmli kitab "Qılqamış" (Gilqamış – red) əsəridir. Əsərdə Enkido adında vəhşi və güclü bir insan var. Ur şəhərinin uzaq tarlalarında çobanları incidir, qoyunları, malları aparıb yeyir. Ur şəhərinin padşahı Qılqamışa bu xəbəri çatdırırlar. Qılqamış "tapınaq fahişələrindən birini aparıb, məmələrini ona göstərin, əhliləşər", – deyir.

– Niyə fahişələrin?

Çünki Şumerlər zamanında qadınlar üçün fahişəlik dini bir mərtəbə və şərəf sayılırdı. Hər qadının fahişəlik etmək haqqı yox idi, yalnız əxlaqlı qadınlar Allah yolunda fahişəlik edərək günahlardan arınardılar. Hicab da ilk olaraq Şumerlərdə ortaya çıxıb. Şumerlərdə, ancaq fahişə qadınların fahişəlik müddəti içində hicabtaxma haqları var idi. Bu üzdən Qılqamış daha əxlaqlı qadının sinəsinin Enkidoya göstərilməsini istəyir. Enkido fahişə qadının sinəsinə toxunduqdan sonra əhliləşib şəhərə girir, erotizmin də əsasında toxunuş durmaqdadır. Əsərdə vəhşi bir insanı qadın məmələri əhliləşdirir və Enkido kimi güclü, ancaq vəhşi insan qadın məmələrinə toxunmanın ləzzəti qarşısında məğlub olur, şəhər həyatına başlayır.

– Erotizmin bizim dilimizdə qarşılığı necə ola bilər?

Bizim dilimizdə bunun qarşılığı olmamış və yoxdur, lakin erotik halı anladan ədəbi nümunələrimiz var. "Erotik" sözünün kökü "eros" kəlməsidir. Əski Yunanda Eros sevgi və şəhvət tanrısıdır. Ərəb dilinə də bu söz təsir edərək, "ərus" sözü düzəlmiş. Ərəbcədən də farscaya və türkcəyə keçmiş. Ərus, yəni gəlin. Gəlin kimdir? Gəlin erotik duyğuları coşduran qadındır. Məsələn, Mövlana təriqətində "şəbi-ərus" deyə bir anlayış var. Yəni gəlin gecəsi. Ərus bir erkək tərəfindən toxunuş duyğularını həyəcanlandıran qadındır. Erotizm bütün davranışlarımızda, ilişkilərimizdə, dünyaya və həyata baxışımızda özümüz fərqində olmadan ortaya çıxar. Hətta dini kitabların çəkici olmasının səbəblərindən biri də erotik hissləri öz içində ifadə etməsidir.

– Dini kitablar erotizmi öz içində necə ifadə edir?

Məsələn, öz din kitabımız Quranı götürək. Orada hurilər və qılmanlar haqqında söhbət gedir. Bunların nə olduğunu bilməsək də, insanın erotik duyğularına xitab etdiyini qəbul etmək məcburiyyətindəyik. Özəlliklə Quranda elə ayətlər var ki, birbaşa insanın erotik duyğularına xitab edir. Bu da doğaldır. İnsanı Allah yaratmış və erotizmi də onun içində Allah yerləşdirmişsə, o zaman insan haqqında bilgi verən Tanrı onun erotik hisslərini unuda bilməzdi.

– Quranda ayələrlə bunu göstərə bilərsinizmi?

Məsələn, 35-ci surənin 33-cü ayəsində "Və eynı yaşda, möhtəşəm bədənli gənc qızlar", ya da "Rəhman" surəsinin 72-ci ayəsində "Çadırlarda hurilər vardır", – deyir. Bunlar istər-istəməz oxucunun zehnində erotik dünya və duyğular təsvir etməkdədir. Hətta cəhalətpərəst molla-şeyxlər Quranın digər mesajlarını unudub sırf bu mövzunu təhrif edərək xalqı yüzillər boyunca aldadıblar. Guya molla-şeyx yalanları uğrunda şəhid olanlar o dünyada şəhvət zövqü içində bayılacaqmışlar. İran-İraq savaşında yeniyetmə gənclər üçün cənnətin qapısının açarını da verib savaşa göndərirdilər. O dünyada gənc qızlarla sevişmə və şəhvət atəşlərini söndürmək üçün bu tarixsiz və bilgisiz, çoxu türk olan gənclər hərbi təcrübələri olmadan dəstə-dəstə varıb savaş meydanlarında öldürüldülər. Ancaq Quran bir neçə ayədən ibarət deyil, hər bir ayəni Quranın ontologiyası içində təfsir etmək lazımdır. Qurandakı ayələri təhrif edə bilmədikləri üçün saxta hədislər uydurublar. Buxari və Müslim kimi yalançılar Peyğəmbərin bir gecədə doqquz qadınla yatdığını yazırlar. Hamısı yalan, məgər Peyğəmbər seks həyatı mövzusunda ətrafındakılara məlumatmı verirmiş? Bunu necə bilmək olar? Molla-şeyx-feodal sinfinin uydurduğu bu yalanlar İslamı bir seks dini olaraq təqdim etməyə yönəlib. Onlar öz şəhvətlərinə görə İslam peyğəmbərinə böhtan atıblar. Şəhvətpərəst molla-şeyx-feodal sinfinin din anlayışına qarşı olaraq Xəyyam rübailərində yazırdı: Din sırf hurilər üçündürsə, o zaman dinə ehtiyac yoxdur. Çünki bu dünyada da gözəllər az deyildir.

– Belə anlaşılır ki, erotizm insanın təbii istəklərindən biridir?

Ümumən, xəyal dünyası ilə gerçəklik arasında uyğunluq olmaz. Ortadakı uyğunsuzluq uçurumunu insan öz xəyalları və fantastikaları ilə doldurmağa çalışır. Bu zaman, biz fərqində olmadan, erotik istəklər dünyamızı süslər. Bu sürəc fərqindəliyin nəticəsi deyil, fərqindəsizliyin yaşantısıdır. İnsan öz həyatını bütünüylə fərqindəlik üzərində yaşamaz, yaşaya bilməz. Həyatımızın çox hissəsi fərqindəsizliyin nəticəsidir. Xətalar, bədbəxtliklər və xoşbəxtliklər, şans və təsadüflər də bu anlamda məna daşıyar. Ağla gəlməyən başa gələr. Erotizm bu zamanlar bizim tənhalığımızı süslər, depressiyaya girməmizi əngəllər. Erotik duyğularını sənətdə bəyan etməkdə aciz olan toplum üzvlərinin çoxunun depressiyaya uğradığı məlumdur. Xəstəhal olurlar. Lakin erotizm də digər sahələr kimi eyitim və kültür gərəkdirir. Eyitimli bir insanla eyitimsiz insanın erotik xəyalları da fərqli olmalıdır.

– Necə düşünürsünüz, erotizm ən çox hansı sənət növündə özünü ifadə edə bilər?

Erotizm bir kişinin dünyanı dişi, bir qadının da həyatı erkək olaraq görmə instinktindən meydana çıxar. Şeir erotizmin yatağıdır. Şeirdə nəsnələr dişiləşər. Bizim dilimizdə nəsnələrin cinsiyyəti yoxdur. Ərəb və italyan dilində olduğu kimi bəzi dillərdə nəsnələrin bir çoxunun dişi və ya erkək özəllikləri var. Nəsnələrə cinsiyyət tanımayan dillərdə şeir yardıma gələr və nəsnəni duyğu və qavrama sürəcində cinsiyyətləşdirər. Həyatda və varlıqda erkəyin dişilik və qadının erkəklik araması şeirə yansıyar. Ən çox şeir sənətində erotizm özünü bəyan edər. Xəyal dünyamızın arxasınca olduğu dişi nəsnələri şeirdə taparıq. Şeirlə nəzmin də fərqi burada ortaya çıxar. Nəzmdə şüuraltının fəaliyyəti yoxdur. Realist ağlın fəaliyyəti var. Məsələn, M.Ə.Sabir şair deyil, məncə, nasirdir. Çünki onun əsərində şeirdən əsər-əlamət yoxdur. Sosial reallıq – olduğu kimi, bütün çirkinlikləri ilə təsvir edilir. Hətta şeir arayan adamın Sabirin şeirlərini oxumağa həvəsi olmaz. Çünki orada mürəkkəb şeir və həyat duyğusundan əsər yoxdur. Sevimsiz təsvirlərdir. Şeirdə əsasən şüuraltı öz gələcəyini bəlli etmək üçün fəaliyyət göstərər. Şüualtında yasaq deyə bir şey yoxdur. Şüualtımızı kontrol etmək üçün ağlımızı qullanarıq. Şeir bu kontrolu ortadan qaldırmağa çalışar. Şeir, məncə, şüuraltından bir şeyləri şüurun anlaya biləcəyi sahəyə daşıyaraq mətnləşdirmə fəaliyyətidir.

– Niyə sırf şeir sənəti bu sahədə öndə olur?

Ona görə ki, söz sənəti qədər insan ruhuna təsir edən ikinci amil yoxdur. Toxunuşu erotizmin əməli olaraq qəbul edərsək, şeiri onun nəzəriyyəsi kimi düşünmək olar. Hətta sözlərlə toxunuş daha diksindirici və təsirli olur. Bir kişi, ya da bir qadın qarşı tərəfdən "səni sevirəm" sözünü duyduğunda yaşadığı mutlu ruh halı bəyan edilməzdir. Hələ bu qarşılıqlı olduğunda daha da üstün ruh halları yaşanar. Bu, sözlərlə qadın və kişinin bir-birinin ruhlarına qonması, sözlərlə toxunuşdan ibarətdir. Sözlər qədər gücləndirici və gücsüzləşdirici ikinci bir durum yoxdur. Digər tərəfdən şeir, sadəcə, sözdən ibarət deyil. Şeir sözlərin estetik hörülməsi və musiqi dili ilə bəyan edilməsidir. Şeirdə sözlər öz melodiyasını kəşf edərək rəqs etməyə başlar. Bu üzdən şeiri sözlərin rəqs meydanı kimi anlaya bilərik. Nəsrdə rəqs yoxdur, nəsrdəki hərəkət başqadır. Fransız ədəbiyyatşünas Pol Valeri bu haqda maraqlı fikir bəyan edir. O deyir ki, şeir rəqsə, nəsr yürüməyə bənzər. Hər ikisi də hərəkətdir. Lakin rəqsin bir yerə varmaq kimi amacı olmaz, rəqs zövq və ruhu hərəkətləndirmək üçün genişlənməyən bir məkan meydana çıxarar. Ancaq yürümənin bir amacı var, bir yerdən başqa yerə varılar. Bu açıdan Valeri şeiri rəqsə və nəsri yürüməyə bənzədər. Amma burada "rəqs nədir" sualı ortaya çıxar.

– Nədir rəqs?

Rəqs, sadəcə, mutluluq icad etmək sənəti deyil, məncə, erotizm icad etmək sənətidir. Çünki hər bir mutluluğun əsasında erotik duyğular da dayanar. Rəqsdə bədən öz görüntülərini dəyişərək, erotik görüntü sərgilər. Məsələn, balet bütünüylə erotik rəqsdən ibarətdir. Rəqs erotizmin sərgilənməsi, şeir isə bilgisidir.

– Dediniz, erotizm qeyri-şüuriliyin fəaliyyətidir, mümkündürsə, bunu bir az daha açıqlayın...

İnsan həyatı, sadəcə, oyaqkən keçirdiyi yaşantıdan ibarət deyil. Həyatımızın, ən azı, üçdə ikisi yuxuda keçər. Yuxu həyatımızda da erotizm bizi tərk etməz. Çünki sevişmək və erotizm kimi duyğular insan təbiətinin özəlliklərindən sayılar və biz yuxuda öz təbiətimizdən ayrılmırıq, tam tərsinə, təbiətimizin istədiyi kimi yaşayırıq, çünki yuxu dünyasında insan heç bir tabu ilə qarşılaşmadan mütləq azadlıq ölçüləri ilə yaşar. Yuxu dünyamızda beynimizin bizə məlum olmayan qatları oyanır. Orada arzu etdiyimiz şeirləri yaşarıq, yuxu dünyası bir də şeirin mətnləşməsi deyil, yaşanma yeridir. Acı, mutlu, mutsuz duyğular yaşantı olaraq önümüzə çıxar. Hətta göy üzündə uçduqlarımız da olar. Hər kəsin yuxu tarixi var. Hamısını xatırlamaz, ancaq yuxuların da bilmədiyimiz bir tarixi var. Gerçək həyatda biz, sadəcə, müsbət zaman istiqamətində yaşayarıq. Lakin Quranda yazır ki, Allah hər şeyi cüt yaratmış və bir olan ancaq Allahdır. Demək, zaman da mənfi və müsbət olaraq cütlükdən ibarətdir. Lakin biz mənfi zamanı, ancaq yuxuda yaşaya bilərik. Yuxuda bizdən yüz və ya min illər öncə olan qadınlarla qarşılaşar, onlarla bəzən də sevişərik. Tanımadığımız və həyatda heç bir zaman qarşılaşmayacağımız hadisələri, qadınları görər, onlarla erotik macəralar yaşarıq. Qadınlar da bu şəkildədir. Bu, erotik duyğuların bizim instinktiv varlığımızın bir parçası olması üzündəndir. Yuxumuzda da ağıl yatdığı üçün, ya da bizim tanıdığımız və gerçək həyatda fəal olan ağıl yatdığı üçün sırf instinktlər bizi yönləndirər.

(ardı var)

Tarix
2015.03.04 / 09:40
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Prezidentlər Cıdır düzündə...

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal

Əliyev Tokayevə zəng etdi

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Problem var: 4 obyekt Azərbaycana keçir - Video

Prezidentlər Şuşaya getdilər - Foto

Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla