Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov
"Virtschaft TV" ("İqtisadiyyat TV") internet televiziyasına
müsahibəsində iqtisadiyyatımızın cari vəziyyəti, ölkəmizdə həyata
keçirilən iqtisadi siyasət, Azərbaycanın Almaniya, eləcə də Avropa
ilə iqtisadi əlaqələri barədə danışıb.
Axar.az xəbər verir ki, səfir qeyd edib ki, son 20 ildə
Azərbaycana 200 milyard ABŞ dollarından çox investisiya qoyulub. Bu
investisiyanın yarısı xaricdən gələn birbaşa investisiyadır. Onun
bir hissəsi neft və qaz sektoruna yatırılıb. Eyni zamanda,
qeyri-enerji sektoruna da çoxlu yatırımlar edilib. Məqsədimiz neft
və qaz ölkəsi kimi iqtisadiyyatımızı diversifikasiya etməkdən
ibarətdir. Buna görə də biz keçmişdə bu imkanlardan istifadə edərək
enerji sektorundan əldə etdiyimiz gəlirləri qeyri-neft sektoruna
yatırmışıq. Bir neçə il ərzində biz iqtisadiyyatı ən sürətlə
inkişaf edən ölkə idik – iqtisadiyyatın artımı 35 faizə qədər
təşkil edirdi. Bu gün vəziyyət bir qədər başqa olsa da ölkəmizin
potensialı böyükdür. Neftin qiyməti düşməsi müəyyən müddət üçün
iqtisadiyyatımıza mənfi təsir etdi. Lakin bu, qısa müddət oldu.
Dərhal başlanılan əsaslı islahatlar bizə daha böyük çətinliklərin
qarşısını almağa kömək etdi. Ona görə də Azərbaycan neft hasil edən
ölkələr arasında neftin qiymətinin aşağı düşməsinə görə ən az ziyan
görmüş ölkələrdən oldu. Digər tərəfdən, bu vəziyyət bizə
iqtisadiyyatımızın diversifikasiyasını dərinləşdirməyə və enerji
sektorundan asılılığı daha da azaltmağa təkan verdi. Bir vaxtlar
ümumi daxili məhsulda enerji sektorunun payı 80 faiz təşkil edirdi.
Bu gün bu rəqəm cəmi 30 faizdir. Bizim gəlirlərin təxminən yarısı
artıq qeyri-neft sektorunun payına düşür.
Diplomat qeyd edib ki, ənənəvi olaraq Azərbaycan həm sənaye, həm
də kənd təsərrüfatı ölkəsidir. Enerji sektorunu çıxmaq şərtilə ən
vacib sahə kənd təsərrüfatıdır. İqlim şərtləri buna imkan verir.
Təbii ki, kənd təsərrüfatına da investisiyalar lazımdır. Bunun üçün
çoxlu imkanlarımız var. Enerji sektorundan gələn gəlirlər kənd
təsərrüfatına yatırılır. Yəni, kənd təsərrüfatı birinci yerdədir.
İnformasiya texnologiyaları və turizm sahələri də inkişaf
etdirilir. Neft kimyası enerji sektoru ilə əlaqəli sahə olsa da,
bu, kimya sənayesinin bir qolu olaraq iqtisadiyyatımızın
diversifikasiyasında rol oynayır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı suala
cavabında səfir deyib: "Avropa İttifaqı bizim böyük iqtisadi
tərəfdaşımızdır. Bizim Avropa İttifaqının demək olar ki, bütün
üzvləri ilə sıx əməkdaşlığımız var. Almaniya üçün, misal olaraq,
biz neft ixracatçısı kimi yeddinci yerdəyik. Biz bu iqtisadi
münasibətlərin gələcəkdə daha inkişaf etdirilməsi üçün böyük
potensial görürük. Biz enerji resurslarımızı Avropa İttifaqına
ixrac edirik, buradan isə yeni texnologiyalar, çoxlu sayda
maşınqayırma, eləcə də ərzaq məhsulları idxal edirik. Biz gələcəkdə
Avropa İttifaqı ilə münasibətləri daha da inkişaf etdirəcəyik".
Diplomat Azərbaycanın daha çox kənd təsərrüfatı məhsulları ixrac
etdiyini vurğulayıb. O, bu sahədə müsbət inkişaf nəticəsində kənd
təsərrüfatı məhsulları ixracının payının artacağına əminliyini
bildirib.
Pərviz Şahbazov Avropa xaricində Azərbaycanın digər mühüm
tərəfdaşlar olan Türkiyə və Rusiya, eləcə də İran və Gürcüstanla da
əməkdaşlıq etdiyini söyləyib. "Xəzər dənizi vasitəsilə biz Mərkəzi
Asiya ölkələri ilə əməkdaşlıq edirik. Bu ölkələr ilə, xüsusilə İpək
Yolu və ya Şimal-Cənub oxunda yerləşən ölkələr ilə münasibətlərin
daha da inkişaf etdirilməsi üçün biz nəqliyyat infrastrukturunun
inkişafına töhfəmizi vermişik. Nəticələr yaxın zamanda özünü
göstərəcək. Bir neçə ildən bəri biz Gürcüstandan keçməklə
Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti
üzərində işləyirik. Bu, İpək Yolunun Asiya və Avropanı
birləşdirəcək hissəsidir. Eyni zamanda, bizim Xəzər dənizində
daşıma imkanlarımızı tamamlayan donanmamız var. Bakı yaxınlığında
müasir liman da tikilib", - deyə səfir diqqətə çatdırıb.
Almaniya ilə ticarət münasibətləri barədə danışan diplomat
deyib: "Almaniya ilə bizim həmişə yaxşı iqtisadi münasibətlərimiz
olub. Almaniyanın Cənubi Qafqaz regionu ilə bütün ticarət
dövriyyəsinin 80 faizi Azərbaycanın payına düşür. Bütün keçmiş
sovet məkanında Rusiyadan sonra Almaniyanın ikinci ticarət palatası
məhz 2012-ci ildə Bakıda açılıb. Bu, o deməkdir ki, alman tərəfi
Azərbaycanda potensial görür. Ticarət palatasının açılması iqtisadi
münasibətlərimizin sonrakı inkişafı üçün böyük töhfə olub. Hazırda
Azərbaycanda təxminən 170 alman şirkəti fəaliyyət göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Angela
Merkelin dəvəti ilə Berlinə səfəri çərçivəsində Azərbaycan-Alman
İqtisadi Forumu keçirilib. Forumda Prezident İlham Əliyev, eləcə də
Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Ziqmar Qabriel
iştirak ediblər. Alman şirkətləri Foruma böyük maraq göstərdilər.
Forumda 60-dan çox Azərbaycan şirkəti də iştirak edirdi. Forumun
davamı olaraq iqtisadi nümayəndə heyətlərinin Azərbaycana çoxlu
sayda səfərlərini gözləyirik".
Azərbaycan Prezidentinin Almaniyaya səfərinin münasibətlərin
inkişafına necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran səfir
bildirib ki, bu cür səfərlər əlaqələrin genişlənməsində böyük rol
oynayır. Bu səfərlərdən hər iki tərəfə münasibətlərin
intensivləşməsi üçün iqtisadi siyasət nöqteyi-nəzərindən müsbət
siqnallar gedir. Müsbət nəticələr mütləq olacaq.
Səfir deyib: "Məqsədimiz ondan ibarətdir ki, neft qiymətindən
asılı olmamaq üçün iqtisadiyyatımızın diversifikasiyasını davam
etdirək. 2020-ci ilə kimi ümumi daxili məhsulda enerji sektorunun
payı 20 faizə endirilməlidir. Biz qeyri-enerji sektoruna böyük
diqqət yetiririk. Eyni zamanda, hazırkı aşağı neft qiymətlərinə
baxmayaraq böyük enerji layihələrimizi də həyata keçiririk. Həyata
keçirilməkdə olan bir böyük miqyaslı layihə Xəzər qazını
Cənub-Şərqi Avropaya nəql etməli olan "Cənub Qaz Dəhlizi"
layihəsidir".
Həyata keçirilən və keçiriləcək layihələr barədə suala cavabında
diplomat bildirib:
"Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin icrasında fəal iştirak
edirik, onun çərçivəsində dörd böyük layihəyə investisiya qoyuruq:
Xəzər dənizindəki "Şahdəniz-2" yatağında qaz hasilatı, Cənubi
Qafqaz, Türkiyə ərazisindən keçən Trans-Anadolu və Trans-Adriatik
kəmərlərinin tikintisi. Bu layihələrin hər birində başlıca rol
Azərbaycana məxsusdur. Layihələr 2019-cu ildə hazır olacaq və biz
gəlirlər əldə edəcəyik. Neftin qiymətinin düşməsinə görə daha
intensiv xarakter alan iqtisadi islahatlar da tezliklə öz bəhrəsini
verəcək. Biz bəzən asan olmayan bu prosesi başlamışıq və
iqtisadiyyatımız artıq cari ildə artıma nail olmalıdır. 2017-ci
ildə isə daha böyük artım gözləyirik".