Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin
müdiri Nahid
Məmmədovun Axar.az-a müsahibəsi:
- Azərbaycan dünyada milli və dini tolerantlıq
baxımından necə tanınır?
- Ölkəmiz özünün tolerantlığı və multikultural dəyərlərə verdiyi
əhəmiyyəti ilə dünyaya nümunə olan ölkədir. İstər praktiki, istərsə
də hüquqi müstəvidə buna böyük önəm verilir. Təsadüfi deyil ki,
tolerantlıq, multikulturalizm dövlət siyasəti hesab edilir.
Ölkəmizdə bütün konfessiyaların qanun çərçivəsində fəaliyyət
göstərməsinə, öz etiqadlarını sərbəst yaşamasına şərait yaradılıb.
Bu gün dini mənsubiyyətindən asılı olaraq hər bir ölkə vətəndaşı öz
ibadət yerlərində dini ayinlərini sərbəst icra edir. Eləcə də dini
konfessiya rəhbərləri bütün milli və dini bayramlarda, əlamətdar
günlərdə bir yerdə olduqlarını nümayiş etdirir. Azərbaycan xalqının
bir dəyərinə çevrilmiş bu davranış qarşılıqlı sayqı və ehtirama
söykənir. Prezident İlham Əliyev yürütdüyü siyasətdə bu meyar hər
zaman əsas götürülür. Dini konfessiyalara dövlət qayğısı
göstərilir, maliyyə yardımı edilir, onlar dövlətin ən ali
mükafatları ilə təltif olunurlar. Ötən ay 16 noyabr Toleratlıq
Günündə ölkəmizin dini konfessiya rəhbərlərinin "Azərbaycan
Respublikası Prezidentinin Fəxri Diplomu" ilə mükafatlandırılması
bunun əyani sübutudur.
Ümumiyyətlə, ölkəmizdəki tolerantlığın, multikultural dəyərlərin
qorunub saxlanılması, inkişaf etdirilməsi, dünyaya tanıtdırılması
ilə bağlı mütəmadi addımlar atılır. Gündəlik yaşam normamız, həyat
tərzimiz olan bu dəyərlərin birgəyaşayışımızın əsas amili olmasını
xalqımız da gözəl anlayır və miras kimi onu gələcək nəsillər üçün
qoruyur.
- Ölkəmiz islamofobiyaya, islamın mahiyyətinin təhrif
edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı hansı mübarizə
tədbirləri görür?
- İnkarolunmaz faktdır ki, dünyada islamafobiya siyasəti
yürüdülür. Bəzi qüvvələr bütün imkanlarından istifadə edərək islamı
qara rəngdə, asıb-kəsən inanc kimi qələmə verməyə çalışırlar. İslam
adı altında baş verən hadisələrdən, eləcə də törədilən terror
aktlarından da məharətlə istifadə edirlər. Təəssüf doğuran məqam
ondan ibarətdir ki, islam coğrafiyasının həqiqətən də ekstremizm
"xəstəliyinə yoluxduğunu" görürük. Bəzi ekstremistlər öz əməlləri
ilə islamın adına ləkə gətirməklə yanaşı, bu ilahi dini təmsil
edənlərə qarşı dünya miqyasında da mənfi münasibət
formalaşdırırlar. Təbii ki, bir çoxlarına sərf edən bu maraqların
dəf edilməsində xarici diplomatiyamızda uğurlu addımlar atılır.
Dövlət rəsmiləri iştirak etdiyi bütün tədbirlərdə islamafobiyaya
qarşı konkret mövqe sərgiləyir. Azərbaycan prezidentinin
çıxışlarında, xüsusilə beynəlxalq tədbirlərdə birmənalı olaraq
islamafobiyanın əleyhinə çıxış edir, bu ikili standarta etiraz
edir. Ölkə daxilində də dövlətin dini etiqad azadlığı istiqamətində
siyasətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
olaraq daim bu məsələni diqqətdə saxlayırıq. Sağlam dini biliklərin
verilməsi, islamın həqiqi mahiyyətinin insanlara çatıdırması
istiqamətində çoxsaylı tədbirlər keçirilir. Kitablar, jurnal və
qəzet nəşr edilir. Xüsusilə dini radikalizm əleyhinə mütəmadi
tədbirlərimiz olur. Bəzi cinayətkar ünsürlərin dindən öz eksremist
niyyətlərini həyata keçirmək üçün istifadə etməsinin
yolverilməzliyi cəmiyyətə çatdırılır.
- Nardaran hadisələrinə ictimaiyyətin münasibəti necə
olmalıdır?
- Nardaran hadisələri də dindən müəyyən məqsədlər üçün istifadə
etmək cəhdinin acı nəticələridir. Biz dünyada baş verən dini
radikalizmin adətən təkfirçi zehniyyətdən doğduğunu görürük. Yəni
özlərindən olmayan hər kəsi kafirlikdə ittiham edib, öldürülməsini
vacib sayanların dini ektremistlər kimi tanındığının şahidiyik. Son
dövrlərdə "Müsəlman birliyi" adı ilə bir araya gələn bir qrupun
yanaşması da bu zehniyyətdən irəli gəlirdi. Baxmayaraq ki, bu
qrupun mənsub olduğu əqidə tamam başqa idi. Amma seçdikləri metod
təkfirçilik idi. Yəni özlərindən olmayan hər kəsi kafir elan edir,
dövlətin əleyhinə çıxır və dövlət məmurlarına qarşı hər cür
hədyanlar səsləndirirdilər. Dəfələrlə sosial şəbəkələr üzərində
təhdid xarakterli bəyanatlarla çıxış etmişdilər. Baş vermiş hadisə
də onların həqiqətən də niyyətlərinə çatmaq üçün bütün vasitələrə,
hətta qan tökməyə də hazır olduqlarını göstərdi. Açıq demək
lazımdır ki, əməllərinə dini don geyindirərək vəzifə
səlahiyyətlərini icra edən polislərimizə qarşı silah qaldırmaq dini
ekstremizdən başqa bir şey deyil. Bunun nəticəsi idi ki, bütün
situasiyanı düzgün qiymətləndirən inanclı şəxslər bu hadisəni
pislədilər. Çünki buna bəraət qazandırmaq, dini ekstremizmə haqq
qazandırmaqdır. Burada məzhəb amili də nəzərə alınmamalıdır.
Təsadüfi deyilmir ki, terroçunun dini, məzhəbi və milliyyəti
olmaz.
- İslam dəyərlərinin müdafiəsi üçün ölkə ictimaiyyətinin
üzərinə hansı vəzifələr düşür?
- Hər şeydən öncə düşünürük ki, ölkə vətəndaşları dünyada
ictimai-siyasi və dini zəmində baş verənlərin fonunda həddən artıq
ayıq-sayıq olmalıdır. Yaşadığımız dövr bizdən hislərimizlə deyil,
ağlımızla hərəkət etməyi tələb edir. Son hadisələr sübut edir ki,
din təkcə mənəviyyatımızı təmin edən ilahi dəyərlər toplusu deyil.
Bəzi dairələr dini öz mənfur niyyətlərini həyata keçirmək üçün
ideoloji vasitəyə də çevirə bilirlər. Sekulyar-dünyəvi cəmiyyətdə
yaşadığımızı da unutmamalıyıq. Bizim üçün ən optimal yaşam tərzi
məhz sekulyar dövlətçilikdir. Lakin biz dinimizə sonsuz ehtiramla
bağlıyıq. Cənab Prezident dini dəyərlərə xüsusi önəm verir və bu
istiqamətdə kifayət qədər iş görür. O baxımdan dini siyasətə alət
edənlər dünyəvi dövlətçiliyimizi təhdid etməklə yanaşı, dinin özünə
də zərbə vurur. Buna görə də hər bir vətəndaş dövlətçiliyimiz
qorumalıdır. Məhz dövlətçiliyimiz dini etiqadımızı həyata keçirmək
üçün qarantımızdır.