Yeni Azərbaycan Partiyasının
(YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və
dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya
müsahibəsi:
- 2015-ci il başa çatmaq üzrədir və bu il Azərbaycan
üçün bir sıra hadisələrlə yadda qaldı. Bəziləri bu proseslərin
Azərbaycanda hakimiyyətin durumunu çətinləşdirdiyini bildirir.
Ümumiyyətlə, başa çatmaqda olan ili necə xarakterizə edərdiniz və
bundan çıxış edərək növbəti ili necə proqnozlaşdırmaq
olar?
- Mən deyərdim bu il ilk növbədə Azərbaycan üçün uğurlu il oldu.
Azərbaycan bir neçə siyasi, ictimai, idman və humanitar aksiyalar
həyata keçirdi. Ölkənin iqtisadiyyatı inkişaf etdi. Baxmayaraq ki,
neftin qiymətinin düşməsi müəyyən problemlər yaradır, amma vaxtilə
əsası qoyulan uğurlu siyasətin nəticəsi olaraq qeyri-neft
sektorunun inkişafına ayrılan diqqət Ümumi Daxili Məhsulun
artımında özünü göstərdi. Azərbaycan ilk dəfə olaraq Avropanın ən
böyük tədbirini – ilk Avropa Oyunlarını keçirdi. Oyunlar o qədər
yüksək standartlarla təşkil olundu ki, başqa dövlətlərin gələcəkdə
bu standartlara çatmaq üçün hansı addımları atacaqları bəlli deyil.
Çünki növbəti illərdə bu oyunlar ayrı-ayrı ölkələrdə
keçirilməlidir. Həmçinin ölkəmizdə bir sıra böyük forumlar təşkil
olundu. Həm humanitar forumlar, həm tolerantlıqla bağlı bütün
dünyanın mötəbər siyasətçilərinin iştirak etdiyi tədbirlər
keçirildi. Bundan başqa, ölkədə mühüm siyasi aksiya keçirildi ki,
bu da növbəti parlament seçkiləridir. Azərbaycan Milli Məclisini
xalq yenidən formalaşdırdı. Şəffaf və ədalətli seçki keçirildi. Həm
daxili müşahidəçilər, həm ayrı-ayrı dövlətlərdən gələn
müşahidəçilər öz bəyanatlarında seçkilərin azad şəkildə
keçirildiyini açıq ifadə etdilər. Bu seçki həm müşahidəçilərin say
çoxluğu ilə, həm də keçirilən tədbirlərlə əvvəlkindən fərqləndi.
Dünyanın hər yerindən müşahidəçilər iştirak edirdi. Bu, onu
göstərdi ki Azərbaycan dünyanın diqqətini cəlb edir.
Növbəti il üçün də hesab edirəm ki, Azərbaycan əsası qoyulmuş
uğurlu siyasət sayəsində öz inkişaf strategiyasını davam
etdirəcək.
- ATƏT PA və qurumun Demokratik Təsisatlar və İnsan
Haqları Bürosu seçkiləri müşahidə etməkdən imtina etdilər.
Azərbaycan tərəfi isə müxtəlif səviyyələrdə bu qurumla əməkdaşlığa
yenidən baxılacağı barədə bəyanatlar verdi. Əməkdaşlıq dayandırıla
bilərmi?
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əvvəldən
Azərbaycana qarşı qərəzli yanaşıb, Azərbaycan haqqında həmişə mənfi
rəy formalaşdırmağa çalışıb. Biz onları yenə də seçkilərə dəvət
etdik və bildirdik ki, 125 dairənin hər birinə 1 müşahidəçi gəlsin.
Bu, qısamüddətli müşahidəçilər barədə idi. Bundan başqa, 6 nəfər də
uzunmüddətli müşahidəçi dəvət etdik. Onlar isə bunun əvəzində 360
nəfər müşahidəçi göndərəcəklərini dedilər. Buradan sual doğur. Bu
sualı ATƏT PA-da da veriblər ki, nəyə görə Azərbaycandan ərazisinə
və əhalisinin sayına görə dəfələrlə böyük olan Ukraynaya 200-ə
yaxın, Rusiyaya cəmi 47 nəfər, Qazaxıstana 100-ə qədər müşahidəçi
göndərildiyi halda, bizə bu qədər çox göndərmək istəyirsiniz?
Cavabında dedilər ki, maddi imkanlarımız məhduddur. İndi biz
soruşuruq, bəs Azərbaycana göndərmək lazım gələndə niyə maddi
imkanlarınız məhdud olmadı? Ermənistana isə 60-dan yuxarı
müşahidəçi göndərmirlər. Bütün bunların hamısı bilavasitə onların
qərəzindən irəli gəlirdi. Biz də cavab verdik ki, tələbimiz bundan
ibarətdir, istəyirsiniz müşahidəçi göndərin, istəyirsiniz
göndərməyin. Amma artıq onların məqsədi məlum idi. Müşahidəçi
məsələsi bəhanəydi. Onlar o bəyanatı vermək üçün bəhanə
axtarırdılar və tapdılar. Ermənistanda keçirilən seçkilərdə
namizədlərə təzyiqlər oldu, prezidentliyə namizədin birini
güllələdilər, ikili pasportla səs verildi və sair və ilaxır. Amma
bütün bunların ardınca ATƏT-in bu qurumu bəyan etdi ki, guya
Ermənistanda azad seçkilər keçirilib. Halbuki, minlərlə fakt sübut
edir ki, Ermənistanda heç vaxt azad seçki keçirilməyib. Durub
Əfqanıstanla bağlı bəyanat verirlər ki, demokratik seçkilər
keçirilib. Əfqanıstan əhalisinin 80 faizi heç yazı-pozunu bilmir,
orda necə demokratik seçki keçirilə bilər?..
Yəni bunlara harada maraqlıdırsa, orada seçkilərə demokratik
deyirlər. Harada tapşırıq gəlir ki, demokratik keçirilən seçkilərə
kölgə salınsın, dərhal kölgə salırlar və sair. Bu baxımdan da bizim
onların qarşısında heç bir öhdəliyimiz yoxdur. Biz Avropa Şurasının
üzvüyük və Avropa Şurası ilə əməkdaşlıq edirik. Onların da
bilavasitə vəzifəsinə daxildir ki, bu seçkilərin monitorinqini
həyata keçirsinlər. Onlar da keçirdilər və Azərbaycanda azad,
ədalətli seçkinin keçirilməsi ilə bağlı bəyanat verdilər. O ki
qaldı ATƏT ilə bundan sonrakı münasibətə, əgər istəsələr,
əməkdaşlığı davam etdirəcəyik, istəmirlərsə, bizim də onlarla
əməkdaşlıq etməyə elə də həvəsimiz yoxdur.
- Avropa Şurası demişkən, bu qurumun baş katibi
Tyorbyorn Yaqland ilk dəfə öz səlahiyyətindən istifadə edərək
Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə
yetirməsi ilə bağlı ölkəyə araşdırıcı missiya göndərməyi qərara
alıb.
- Bilirsiniz, onlarla ölkə var ki, Avropa Şurasının üzvüdür,
lakin insan haqları ilə bağlı hər hansı proseduru yerinə yetirmir.
Hətta Avropa Məhkəməsinin çıxardığı qərarları icra etmirlər.
Məsələn, Böyük Britaniyada yerinə yetirilmir. Başqa dövlətlərdə də
belə hallar var, bəzən görürsən ki, milli qanunvericiliyi
beynəlxalq hüquqdan üstün tuturlar. Hərdən o qədər ədalətsiz
qərarlar qəbul edirlər ki, nəticə etibarilə bu cür proseslər
yaranır. Artıq onların çıxardığı qərarların ədalətliliyinə
insanlarda ciddi şübhə yaranır.
Azərbaycanda insan haqları ilə bağlı heç bir problem yoxdur. Hər
bir kəsin oxumaq, siyasi partiyalarda birləşmək hüququ, dini etiqad
azadlığı və digər hüquqları var. Bunlar heç vaxt məhdudlaşdırılmır.
O vaxt məhdudlaşır ki, qanun pozulur. Azərbaycanda məsuliyyətə cəlb
olunan insanlar bu və ya digər şəkildə qanunu pozduqları üçün
məsuliyyətə cəlb olunublar. Onların siyasi, peşə fəaliyyəti ilə
əlaqəli deyil. Amma onlar hesab edir ki, guya burada insan haqları
pozulur. Bu da onunla əlaqədardır ki, orada bəzi şəxsləri erməni
lobbisi maliyyələşdirir və təbii ki, ermənilərin istəklərini yerinə
yetirirlər. Onlara ayrılan bu kimi qrantlar hesabına öz
funksiyalarını yerinə yetirmək əvəzinə, başqa işlər – ölkələrdə
iğtişaşlar yaratmaq, insanları küçələrə çıxartmaq, bir sözlə,
qarışıqlıq yaratmaq planlayırlar.
- ABŞ-ın Helsinki Komissiyasının sədri Konqresə qanun
layihəsi təqdim edib. Layihədə Azərbaycan hakimiyyətinin yüksək
vəzifəli nümayəndələrinə sanksiya tətbiq edilməsi, onlara viza
verilməsinə qadağalar tətbiq olunması nəzərdə tutulur.
- Mən hesab etmirəm ki, o layihə Konqresdə qəbul olunacaq. Bu,
sadəcə erməni lobbisinin növbəti həmləsidir. Erməni lobbisi növbəti
dəfə Azərbaycanın adının hallandırılması, Azərbaycanın reytinqinə
təsir göstərilməsi üçün ortaya nəsə atıb. Özü də burada tək
Azərbaycanın adı yox, 10-dan artıq ölkənin adı var. Amma bəzi
mətbuat vasitələri məqsədli şəkildə Azərbaycanın adını kontekstdən
çıxardıb, qabardırlar. Ona görə də inanmıram ki, Konqres bu
layihəni qəbul edib hansısa sərt qərar qəbul edəcək.
Azərbaycan antiterror əməliyyatlarında həmişə iştirak edir,
dövlətlərarası münasibətlər normaldır. Azərbaycana ABŞ-dan bir ara
səfir təyin olunan vaxt da erməni lobbisi aranı qatmışdı. Metyu
Brayzaya imkan vermədilər bir ildən artıq işləsin. Erməni
lobbisinin basqısı ilə elə vəziyyət yarandı ki, prezident xüsusi
səlahiyyətindən istifadə edib onu yalnız 1 il müddətinə səfir təyin
edə bildi. Sadəcə olaraq, erməni lobbisi istəmirdi ki Azərbaycanı
sevən, Azərbaycan-ABŞ münasibətlərini gözəl inkişaf etdirəcək biri
bura səfir təyin olunsun. İndi Konqresdə birdən görürsən ki,
dinləmələr keçirilir, Azərbaycanı söyürlər. Hamısı da vaxtilə
burada bizneslə məşğul olanlardır. Məsələn, o vaxtkı səfir Kozlariç
vaxtilə burada bizneslə məşğul olub, özü də güzəştli bizneslə. İndi
hansısa institutda çalışmasına baxmayaraq, bütün günü Konqresdə
Azərbaycanın məsələsini qaldırır. Bütün bunlar 100 ildir orada
yaşayan erməni lobbisinin ayırdığı maliyyə hesabınadır.
- Azərbaycan Milli Məclisinin yeni tərkibi siyasi
partiyaların təmsilçiliyi baxımından da dəyişdi. Əvvəlkindən fərqli
olaraq, artıq 3 tanınan partiya sədri parlamentdə təmsil olunmur və
onlardan ikisi - İqbal Ağazadə (Ümid Partiyası) və İlyas İsmayılov
(Ədalət Partiyası) nəticədən razı deyil.
- Bu, seçkidir. Seçkidə hər bir namizəd çalışır ki, öz
platformasını insanlar qarşısında açıq qoysun. Seçici də ona uyğun
şəkildə səs verir. İkincisi, burada sosial baza və elektorat
məsələsi var. Bu, sırf seçkidir, təyinat deyil. Artıq parlamentdə
yeni nəfəs, yeni insanlar var. Gənclərin, qadınların sayı daha
çoxdur. İndi kimsə seçkinin nəticələrindən narazıdırsa, aidiyyəti
instansiyalar var, müraciət edə bilər. Bu, onların hüquqlarıdır.
Amma artıq Azərbaycanın Konstitusiya Məhkəməsi nəticələri təsdiq
edib və məsələ bitib. İqbal Ağazadə və İlyas İsmayılov seçicilərin
səsini bu dəfə yığa bilməyiblər, onların dəstəyini qazana
bilməyiblər.
- Parlament seçkilərindən sonra adətən Mərkəzi Seçki
Komissiyasının tərkibi yenidən müəyyənləşir. Əvvəl Milli Məclisdə
təmsil olunan bir neçə partiya bu dəfə parlamentə keçə bilməyib.
MSK ilə bağlı məsələ necə olacaq?
- Belədir ki, Milli Məclisin tərkibi yenidən seçildikdən sonra
MSK yenidən formalaşdırılmalıdır. Orada 6 nəfər Yeni Azərbaycan
Partiyasının, 6 nəfər bitərəflərin, 6 nəfər isə digər siyasi
partiyaların nümayəndələri olur, namizədlikləri müvafiq olaraq
irəli sürülür. Yəqin ki, növbəti sessiyada bu məsələ parlamentdə
həll olunacaq.
- Nardaran hadisələrinin ardınca parlamentdə
qanunvericiliyə edilən dəyişikliklər birmənalı qarşılanmayıb, hətta
bunu Azərbaycanda dini ayinlərə, mərasimlərə təzyiq kimi
xarakterizə edənlər var. Bu barədə nə deyə bilərsiniz?
- Dəyişikliklərin səbəbi qətiyyən Nardaran hadisələri deyil. Bu,
sosial sifariş idi. Dünyada dini ekstremizm geniş yayılıb. Söhbət
tək İslam dinindən getmir. Birdən görürsən ki, Avropada
müsəlmanlarla xristianlar arasında kütləvi qarşıdurmalar yaranır,
başqa-başqa ölkələrdə silahlı münaqişələr var. Azərbaycanda da buna
meyl yaranıb və ölkəni tərk edərək o ölkələrdə din adı altında
münaqişələrə axın edənlər var. Suriya, İraq və sair... Bununla
əlaqədar biz qanunvericiliyimizi sərtləşdirdik və yeni
dəyişikliklər və əlavələr layihəsi qəbul etdik ki, belə halların
qarşısını alaq. Bu məsələlərin əsas mahiyyəti nədir? Açıq deyək,
son vaxtlar Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsinə
cəhdlər var. Yəni hansısa bir ölkənin quruluşunun Azərbaycanda
tətbiqini həyata keçirmək istəyirlər. Azərbaycan xalqı isə
referendum yolu ilə öz müqəddəratını müəyyən edib, dünyəvi dövlət
yaradıb. Xalq hüquqi və demokratik dövlət qurub. Lakin bəzi şəxslər
bəzi ölkələrin təhdidi, sifarişi ilə Azərbaycanda dini dövlət,
başqa-başqa dövlət formalarının tətbiqinə cəhd etməyə başlayıblar.
Çağırışlar edirlər. Ən əsası da bu funksiyanı yerinə yetirmək üçün
fəaliyyətə başlayıblar. Bunların qarşısı mütləq alınmalıdır. Ona
görə də biz bu qanunvericilik dəyişikliyini həyata keçirdik.
Xaricdə təhsil alaraq, gəlib Azərbaycanda dini ayinləri yerinə
yetirənlərlə bağlı məsələyə gəldikdə isə, bunun özü də çox ciddi
məsələdir. Məsələn, ABŞ-da iki məsələyə xüsusi diqqət verilir: 1)
ABŞ prezidenti mütləq ölkədə doğulan ölkə vətəndaşı olmalıdır; 2)
İbtidai siniflərdə dərs deyən müəllim mütləq ABŞ-da doğulmalıdır,
ölkənin vətəndaşı olmalıdır. Çünki uşağın ilk dəfə şüurunun
formalaşmasında, təlim-tərbiyəsində rol oynayan şəxs Amerika
psixologiyasına malik olmadan, hansısa bir ölkənin psixologiyasını
daşıyıb o uşağın beyninə yeritdiyi təqdirdə, uşaq artıq Amerika
düşüncə tərzinə malik olmayacaq. O baxımdan da dini ayinləri
insanlara çatdıran insan Azərbaycanda təhsil almalıdır. Çünki o
insan hansısa xarici ölkədə oxuduğu müddət ərzində - hansı ki,
erkən yaşlarından etibarən 10 müddətinə təhsil alır - bu müddətdə
təhsillə yanaşı, həmin ölkənin yaşam tərzini, təfəkkürünü,
düşüncələrini özü ilə daşıyıb gətirir. Burada dini mərasimlərin,
ayinlərin yerinə yetirilməsində də o psixologiya ilə hərəkət edir.
Hətta bəzən görürsən ki, o ölkələrdə oxuyan şəxs oranın kəşfiyyat
orqanlarının təsiri altına düşür. İndi biz eyni zamanda çalışırıq
ki, öz ölkəmizdə bu cür məktəblərin sayı artırılsın və ibtidaidən
başlayaraq uzunmüddətli bir dini təhsil sistemi qurulsun ki, xaricə
getməyə ehtiyac qalmasın. Müxtəlif dini mədrəsələrin yaradılmasını
da düşünürük.
- Bu məsələ Azərbaycanın bir sıra müsəlman ölkələri ilə
dini təhsil sahəsində əlaqələrinə və tələbə mübadiləsinə zərər
vurmayacaq?
- Onlar sadəcə, dini ayinləri yerinə yetirə bilməz. Məsələn,
məsciddə oturub xütbə oxuya bilməz. Axund və ya imam təyin oluna
bilməz. Amma gedib Elmlər Akademiyasında çalışa bilər, təhqiqat
apara bilər, orta məktəbdə dərs deyə bilər və sair. Bilirsiniz,
Azərbaycanda İslam modeli ən doğru modeldir. Bizdə din dövlətdən
ayrıdır, amma dövlət dinə həmişə qayğı göstərir. Bu model çox
düzgün seçilmiş modeldir. Bunu dəyişdirməyə cəhd göstərənlər isə
çox yanlış yoldadırlar.
- Nardaran hadisələrinə qayıdaq. Nardaranda həyat
tərzinin ölkənin digər yerlərindən fərqli olduğu, orada dini
qayda-qanunların hökm sürdüyü hər kəsə məlum idi. Necə oldu ki,
dövlət məhz indi qəti addım atmağa qərar verdi?
- Nardaranda mütəmadi olaraq sosial problemlər adı altında
müxtəlif hadisələr baş verib. Nardaran camaatının böyük hissəsi
inanclı insanlardır. Lakin etiraf etmək lazımdır ki, Nardaranda
başqa dövlətin təsiri altına düşənlər, həmin ölkədə təhsil və təlim
alanlar, oranın maliyyə diktəsi ilə hərəkət edənlər var. Bir çox
dini ekstremistlər də oranı özlərinə baza seçmişdilər. Son
hadisələr zamanı orada tutulanların əksəriyyətinin Nardarana heç
bir aidiyyəti yoxdur. Oranın sakini deyillər, Azərbaycanın digər
bölgələrindədirlər. Baza kimi Nardaranı seçmək, orada gizlənmək,
orada təlimlər keçmək və ən əsası da, buradan mərkəzləşib dövlət
quruluşunun dəyişdirilməsi planının qurulması bilavasitə o
qəsəbənin ölkə qanunları ilə deyil, özlərinin qurduğu qaydalarla,
daha dəqiqi, başqa dövlətin qaydaları ilə idarə olunmasını pik
nöqtəsinə çatdırdı. Ona görə dövlət hərəkətə keçdi. Artıq məlumat
çatmışdı ki, vəziyyət ciddi şəkil alıb və orada toplaşan ekstremist
insanlar digər bölgələrdə də özlərinin yerli təşkilatlarını
yaradıblar. Əsas məqsəd isə Azərbaycanın dövlət quruluşunun
dəyişdirilməsidir. Açıq şəkildə buna cəhd göstərirdilər. Ayrı-ayrı
bölgələrə məktublar, müraciətlər göndərirdilər. Yaxud başqa
bölgələrdən bəzi insanlar bu məqsədlə Nardarana axın edirdilər,
ekstremistlərə biət edirdilər. Bütün bunların üstü açılandan sonra
orada təmizlənmə işinə qərar verildi.
- Bu hadisənin ardınca qonşu İranın bəzi ayətullahları,
deputatları Azərbaycan dövlətini qınadılar və orada həbs olunanları
qəhrəman elan etdilər. Siz başqa dövlətin bu işə təsirindən
danışırsınız. Həmin dövlət İrandır?
- Bəli. Ümumiyyətlə, İran və Azərbaycanın münasibətlərinin
pozulmasına ciddi cəhd edənlər var. İran parlamentinin
təhlükəsizlik komitəsinin sədr müavini, general Mənsur Həqiqətpur
Nardaran hadisələri barədə danışmazdan əvvəl də Azərbaycanla bağlı
çoxlu xoşagəlməz bəyanatlar səsləndirib. Bu yaxınlarda orada yerli
televiziya kanallarının birində azərbaycanlılar təhqir olundu.
Baxmayaraq ki, Həqiqətpur özü deputat kimi o bölgədən - Ərdəbildən
seçilib və deyilənə görə azərbaycanlıdır, amma öz seçicilərinin
hüquqlarını müdafiə etmədi. İndi oradan bura guya Nardaranın
təəssübünü çəkir, Nardaranda tutulan təxribatçı qrupların
hüquqlarının müdafiəsi ilə məşğuldur. Həqiqətpur keçmiş kəşfiyyat
generalıdır və onunla bağlı Azərbaycanda cinayət işi qaldırılıb.
Vaxtilə burada səfirlikdə çalışdığı müddətdə təxribatçı əməllərlə,
ermənilərə məlumat ötürməklə məşğul olub. Onun Nardaranda da
adamları var idi. Belələrinin məkrli niyyətləri ilə Nardaranda
inanclı insanlar təsir altına alınmağa cəhd edilir. Yoxsa,
Nardaranda xeyli inanclı, ziyalı, vətənini sevən insanlar var.
Ümumiyyətlə, İranın bu işdə marağı olması məsələsinə gəldikdə,
açıq demək lazımdır ki, əlbəttə, hər dövlət istəyir ki,
yaxınlığındakı ölkə onun istəyinə uyğun şəkildə dövlət qursun. Biz
isə istəyirik ki, dövlətimiz azad, demokratik dövlət olsun. O
baxımdan, yəni bunların cəhdlərinə baxmayaraq, Azərbaycan öz yolu
ilə gedir. Qonşu dövlət təbii ki, Azərbaycanın bu qədər inkişafını,
güclü və müstəqil dövlət olmasını istəməz. Azərbaycanda söz,
mətbuat azadlığı var, azad telekanallar var, İnternet azaddır, hər
şey göz qarşısındadır. Bu da bəzilərinə sərf eləmir. Nəticə
etibarilə də bu cür insanlar vasitəsilə niyyətlərini həyata
keçirirlər. Burada bəzi insanların şüuruna yeritməyə çalışırlar ki,
guya Azərbaycanın dövlət quruluşu səhvdir və dəyişdirilməlidir.
- Nardaran hadisələrinin ardınca "Günəşli" yatağında
faciə baş verdi, insan itkisi oldu. Bu hadisə ilə bağlı cəmiyyətdə
birmənalı fikirlər səsləndirilmir. Siz nə düşünürsünüz
?
- Bu, sırf faciədir. İndi bununla bağlı istintaq da gedir və öz
nəticələrini açıqlayacaq. Bilirsiniz, ən yüksək texnologiyaya malik
olan Yaponiyada da sunami qalxanda minlərlə insan həlak olur.
Yaponiyada AES qəzası yarandı, nə qədər insan tələf oldu. Bizdə də
bu, təbii fəlakət idi. Küləyin həmin gün güclü olması, dənizdə
təbii şəraitin çətinləşməsi və sair amillər buna əsas yaratdı.
Bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə nəzərdə tutulmuşdu.
Oradakı bütün qayıqlar Cənubi Koreyadan alınmış son modellərdir.
Deyildiyi kimi köhnə deyil. Yəni dövlət üzərinə düşən hər şeyi
edib, edir və edəcək.
- Bu ərəfədə eyni zamanda ölkədə milli təhlükəsizlik,
rabitə və yüksək texnologiyalar nazirləri səviyyəsində vəzifədən
azad edilmələr, ardınca isə o qurumlarda islahatlar, kütləvi işdən
çıxarmalar və həbs dalğası başladı. Xüsusilə MTN olayı ilə əlaqədar
üzə çıxan faktlar cəmiyyətdə şok yaratdı.
- Bəzən sadalayarlar ki, hansısa nazir nöqsan əsasında işindən
kənarlaşdırılanda hökumət istefaya getməlidir və sair. Prezident
ali icra hakimiyyətidir. Dəfələrlə cənab prezident bütün məmurlara
xəbərdarlıq edib ki, borcunuz xalqa xidmət etməkdir, xalqı
dövlətdən narazı salmayın. Lakin bəziləri yolunu azdı, tamah
ardınca başqa istiqamətə getdi. Prezident də son dəfə xəbərdarlıq
etdi ki, bu cür şəxslər nəinki işdən çıxarılacaq, hətta vəzifəsində
xoşagəlməz əməllərə yol verənlər həbs olunacaq. Biz də bu gün
şahidi oluruq ki, həmin insanlar cəzalandırılır. Amma insanlar
gərək bunu adi hal kimi qəbul etsinlər. Əlbəttə, aidiyyəti
strukturlar gərək vaxtında o qurumlardakı halları görüb, məsələ
qaldıraydılar ki, bunlar daha da dərinə getməsin.
Hər iki qurumda baş verən bu hadisəyə hərə bir cür yanaşır.
Təbii ki, burada xəyanət də, vəzifə səlahiyyətlərini aşma da,
cinayət də var və sair. İndi bununla bağlı istintaq gedir və
nəticəsi məlum olacaq. Keçmiş MTN-də aparılan struktur islahatı isə
artıq bu qurumun daha mükəmməl işləməsinə əsas yaradacaq.
Digərləri də baş verənlərdən ibrət götürməlidir. Qalanlarına
dərs olmalıdır ki, belə əməllərə yol verməsinlər.
- Siz necə düşünürsünüz, hər iki qurumun keçmiş
rəhbərinin bu sadaladığınız məsələlərə əsasən həbs olunma ehtimalı
varmı?
- Bu, istintaqın işidir. Amma onu deyim ki, cənab prezident
xəbərdarlıq etmişdi ki, qanunsuzluqlara yol verənlər həm işdən
çıxarılacaq, həm də həbs olunacaqlar. İndi müxtəlif adamlar
məsuliyyətə cəlb edilib. Onların verdiyi ifadələr göstərəcək ki,
hər iki keçmiş nazir həbs olunacaq, ya yox.