Britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh
Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə
mütəxəssis Tomas de Vaalın Axar.az-a eksklüziv
müsahibəsi:
– Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Cənubi
Qafqaza necə təsir edəcək? Bu proses Bakı üçün hansı nəticələrə
gətirib çıxaracaq?
– Azərbaycanın iki yaxın qonşusu və tərəfdaşları olan Türkiyə
ilə Rusiya arasındakı mübahisə rəsmi Bakının da vəziyyətini
mürəkkəbləşdirir. Əvvəllər Azərbaycan iki ölkə və prezident
arasında körpü rolunu oynayırdı. İndi rəsmi Ankara da, Moskva da
Bakıdan bu iki ölkədən birini seçməsini istəyəcək. Halbuki Bakı bu
addımı atmaq istəmir. Azərbaycanın bu hadisədən tək qazancı Türkiyə
ilə Rusiyanın mübahisəsində "Türk axını" qaz kəmərinin öz
aktuallığını itirməsi və Türkiyənin Azərbaycan qazından asılılığını
artırmasıdır.
– Bir müddət əvvəl rus ekspertlər Moskvanın Suriyanı
bombardman etməsi üçün Xankəndi aeroportundan istifadə edəcəyini
bildirdilər. Doğrudur, Bakı buna Novruz Məmmədovun simasında rəsmi
etiraz etdi, amma bu məsələ ilə bağlı söz-söhbət səngimədi. Moskva
indiki şəraitdə bu məsələni reallaşdırmaq imkanlarına
malikdir?
– Bunun mümkün olacağını düşünmürəm. Minsk Qrupunun həmsədri
olan üç ölkə bu hava limanının açılışının qarşısını almaq üçün
Ermənistana təzyiq göstərdi. Bundan əlavə, Ermənistan tərəfi bilir
ki, bu addımı atarsa, Azərbaycanın hərbi reaksiyası ilə qarşılaşa
bilər. Rusiya isə Qarabağ konfliktində olduğu kimi hələ də hər iki
tərəfə "oynayır". Bunun baş verməsinə şərait yaratmaqda Rusiyanın
hər hansı bir qazancı yoxdur.
– Azərbaycan-Ermənistan prezidentləri görüşdü. Qarabağla
bağlı uğurlu nəticə əldə oluna bilərmi?
– Xeyr. Qarabağ danışıqlarında real irəliləyiş ehtimalı yoxdur.
Prezidentlər hazırda sülh planında ciddi maraqlı deyillər, çünki
sülh planının reallaşmasında yeni kompromis hazır deyil.
Gözləntilər çox aşağıdır. Minsk Qrupunun həmsədr ölkələri isə
əsasən tərəflər arasında mövcud olan dialoqu qoruyub saxlamaqla
müharibə riskini azaltmağa çalışır. Onların prinsipi budur: "Əgər
ünsiyyət varsa, müharibə olması şansı azdır".
– Moskva həm də Gürcüstanda aktivləşir. "Qazprom"la
bağlı məsələdən sonra Putinin təklif etdiyi
Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılması məsələsi gündəmə
gəlib. Bu isə Bakının maraqlarına ziddir. Ümumiyyətlə, bu layihə
reallaşa bilərmi? Reallaşacağı təqdirdə Bakını hansı problemlər
gözləyir?
– Zənnimcə, Abxaziya vasitəsilə dəmir yolunun yenidən açılması
ağlabatan deyil. Lakin onu deməliyəm ki, fikrimcə, açılması müsbət
nəticələr doğurar. Bu dəmir yolu Rusiyanı, Abxaziyanı, Qərbi
Gürcüstanı, Ermənistan və Türkiyəni birləşdirər. Ümumiyyətlə, bu,
dəmir yolları və avtomobil yolları üçün qeyri-təbiidir, xalqlar
arasında məhdudlaşdırılacaq və ticarət üçün qapalı olacaq. Bu,
Azərbaycanın maraqlarına zidd ola bilər. Ermənistan və Rusiya
arasında ticarət əlaqələri genişlənəcək. Gürcüstan dəmir yolunda
hərbi yüklərin daşınmasına veto qoya bilər. Bu, Gürcüstan-Abxaziya
münaqişəsinə müsbət təsir göstərə, Azərbaycana və ümumilikdə
regiondakı digər ölkələrə öz faydasını verə bilər.
– Hazırda rəsmi Tiflis Saakaşvili hakimiyyətindən fərqli
siyasət yürüdür. Bu isə müəyyən dərəcədə Qərb və Bakının
maraqlarına uyğun gəlmir. Qaribaşvili hökuməti İrəvan və Moskva ilə
münasibətlərin yaxşılaşmasına xüsusi önəm verir. Bu, Rusiyanın
Gürcüstanda güclənməsinə səbəb ola bilərmi?
– Hesab edirəm ki, bu ideya lazım olduğundan çox şişirdilir.
Gürcüstan və Avropa İttifaqı arasında artıq viza
liberallaşdırılması haqda saziş razılaşdırılıb, Gürcüstan və Rusiya
arasında isə hələ də diplomatik əlaqələr mövcud deyil. Gürcüstanın
yeni hökuməti Şevardnadze epoxasının çoxvektorlu xarici siyasətini
daha çox xatırladır, lakin bu yalnız yaxşı diplomatiya və yaxşı
siyasət kimi qiymətləndirilə bilər. Onu da əlavə edim ki,
Azərbaycan və Rusiya arasında münasibətlərin möhkəmlənməsi
Gürcüstanda çoxlarını narahat edir.
– Sizcə, Qərblə münasibətlərinin pisləşməsi Moskvanın
Cənubi Qafqaza aqressivləşməsinə səbəb olacaqmı?
– Xeyr. Bunun çoxsaylı səbəbləri var. Tarixən Rusiya Cənubi
Qafqazda güc siyasəti yürütməyə daha çox meyilli olub. Lakin
hazırda region dövlətləri də güclüdür və bu o deməkdir ki, Şimali
Qafqazda stabilliyin pozulması asan məsələ deyil. Bundan başqa,
indi Rusiya Ukrayna və Orta Şərqlə daha çox maraqlanır. Qafqaz
hazırda böyük prioritet deyil. Cənubi Qafqazda əsas diqqət
Azərbaycan və Gürcüstanla güclü əlaqələrin qurulması üzərində
olacaq - bu istiqamətdə Moskva müəyyən irəliləyiş əldə edib.
– Xəzər sülh dənizi sayılır. Bu baxımdan, Rusiyanın
Xəzərdən İŞİD-i vurması hansı nəticələr doğura bilər?
– Raketlərin işə salınmasında Xəzər dənizindən istifadə uğurlu
addım deyildi. Həm Azərbaycan, həm də Türkmənistan bundan narahat
idi. Bu, əlbəttə ki, dənizin gələcəkdə istifadəsi ilə bağlı bütün
müzakirələri mürəkkəbləşdirir.