Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov
Azərtac-a müsahibə
verib.
- 2014-cü ilin oktyabr ayında Parisdə keçirilmiş son
görüşdən bir ildən artıq müddətin keçməsindən sonra Azərbaycan və
Ermənistan prezidentlərinin 2015-ci il dekabrın 19-da Bern
şəhərində növbəti görüşü baş tutdu. Bu görüş barədə nə deyə
bilərsiniz?
- 2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Rusiya
Prezidenti Vladimir Putinin təşəbbüsü ilə avqustun 10-da Soçi, ABŞ
dövlət katibi Con Kerrinin təşəbbüsü ilə sentyabrın 4-də Nyu-Port
(Uels) və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə
oktyabrın 27-də Paris görüşləri keçirildi. Bu görüşlər nəticəsində
müəyyən müsbət dinamaka əldə edildi və Paris görüşündən sonra
Fransa Prezidenti Fransua Olland münaqişə tərəfləri olan Ermənistan
və Azərbaycanı sülh sazişi üzərində işləməyə dəvət etdi. Bunun
ardınca isə 2014-cü il dekabrın 4-də ATƏT-in Minsk Qrupunun həmsədr
ölkələri xarici işlər nazirləri səviyyəsində Ermənistan və
Azərbaycanı tezliklə sülh sazişi üzərində işləməyə çağıran
bəyanatla çıxış etdilər. Azərbaycan hələ o zaman sülh sazişi
üzərində işləməyə hazır olduğunu bəyan etdi.
Amma Paris görüşündən dərhal sonra Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycan ərazilərində rəsmi Yerevanın məlumatına görə, 46
min nəfərdən artıq şəxsi heyət və 5 mindən çox texnikanın iştirakı
ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Bu təlimlərin
nəticəsində Ermənistan tərəfindən məlum helikopter insidentinin
yaranmasının provokasiya edilməsi danışıqlarda hər hansı
irəliləyişin əldə olunmamasına və gərginliyin daha da artmasına
xidmət etdi.
Ona görə də bir ildən artıq müddətin keçməsindən sonra ATƏT-in
Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 2015-ci il dekabrın
19-da dövlət başçıları səviyyəsində İsveçrənin paytaxtı Bern
şəhərində görüşün keçirilməsi müsbət haldır. Bu görüşün təşkil
edilməsi məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ev sahibi
kimi İsveçrə hökuməti tərəfindən göstərilən səyləri təqdirəlayiq
hesab edirik.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2015-ci il 3 dekabr
tarixli və prezidentlərin Bern görüşündən sonra 2015-ci il 19
dekabr tarixli bəyanatlarında Ermənistan və Azərbaycan hərtərəfli
həll prosesi ilə əlaqədar Soçi, Nyu-Port və Parisdə aparılmış
müzakirələri davam etdirməyə və hazırda danışıqlar mövzusu olan
təkliflər əsasında 2016-cı ildə dialoqu intensivləşdirməyə dəvət
olunurlar.
İşğal və təcavüzə məruz qalan və bir milyondan artıq vətəndaşı
qaçqın və məcburi köçkün vəziyyətində olan dövlət kimi, Azərbaycan
münaqişənin tezliklə həllində ən maraqlı tərəf olaraq məzmunlu və
nəticə yönümlü danışıqların həmişə tərəfdarı olub. Azərbaycan
hazırda danışıqlar masasında olan təkliflər əsasında konstruktiv
müzakirələrə hazırdır və Bern görüşündə bu mövqe bir daha bəyan
olundu.
- Həmsədrlərin də istinad etdiyi danışıqlar masasında
olan təkliflər nədən ibarətdir? Siz ATƏT-in dekabrın 3-4-də
Belqradda keçirilmiş nazirlər toplantısında Rusiyanın xarici işlər
naziri Sergey Lavrov tərəfindən irəli sürülən təkliflərə eyham
etdiniz?
- Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən ATƏT-in
Minsk Qrupunun həmsədr dövləti kimi münaqişənin həlli ilə əlaqədar
münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana təkliflər təqdim
olunub. Bu təkliflər ATƏT-in Minsk Qrupunun digər həmsədr
dövlətləri tərəfindən də dəstəklənir. Təsadüfi deyil ki, bu
təkliflərin müzakirəsi ilə əlaqədar 2014-cü il ərzində Rusiyanın
xarici işlər naziri Sergey Lavrov Bakıda və Yerevanda işgüzar
səfərlərdə oldu və təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan
prezidentləri ilə fikir mübadiləsi apardı. ATƏT-in Minsk Qrupunun
həmsədri kimi Rusiya Federasiyasının münaqişənin həlli
istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk.
Bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu Port və
Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək,
yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən
ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə
bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında
olan işğal edilmiş rayonların mərhələli şəkildə işğaldan azad
edilməsi, o cümlədən digər məsələlər əks olunub.
Beləliklə, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən
dəstəklənən və yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış
təkliflərdən çıxış edərək hərtərəfli sülh sazişinin hazırlanması
prosesinə başlamağın vaxtıdır. Bəs Ermənistan nəyi gözləyir?
Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca
təxribat-diversiya əməlləri törətməklə qəsdən vəziyyəti
gərginləşdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif
qeyri-qanuni əməllər həyata keçirməklə Ermənistan hər vəchlə
münaqişənin həllinə mane olmağa çalışır.
Göründüyü kimi, danışıqlar prosesində konkret təkliflər olduğu
halda, Ermənistan tərəfindən verilən bəyanatlarda bunların heç
birinə toxunulmur və məqsədyönlü şəkildə hədəfdən yayınmaq üçün
insidentlərin araşdırılması mexanizmi və digər ikinci dərəcəli
məsələlər gündəmə gətirilir və yalnız daxili auditoriya üçün
hesablanmış spekulyativ bəyanatlar verilir. Hətta ABŞ-da və digər
ölkələrdə olan erməni lobbi dairələri səfərbər edilərək, danışıqlar
mövzusu olan və münaqişənin hərtərəfli həllinə xidmət edəcək köklü
məsələlərdən diqqəti yayındırmaq və hədəfi yalnız insidentlərin
araşdırılması mexanizminə yönəltmək kimi siyasət yürüdülür.
- İnsidentlərin araşdırılması mexanizmi nəyi nəzərdə
tutur və bununla bağlı Azərbaycanın mövqeyi nədən
ibarətdir?
- İnsidentlərin araşdırılması mexanizmi münaqişənin həlli ilə
əlaqədar kompleks tədbirlərin bir elementi olaraq, Azərbaycan
Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası
prezidentlərinin 2011-ci 5 mart və 2012-ci il 23 yanvar Soçi
bəyanatlarında öz əksini tapıb. İnsidentlərin araşdırılması
mexanizmi hədəf deyil, münaqişənin hərtərəfli həllinə xidmət edə
biləcək kompleks vasitələrdən biridir.
İlk növbədə ondan başlayaq ki, insidentlər nəyə görə baş verir?
Ona görə ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz
olaraq Ermənistanın silahlı qüvvələri mövcuddur. Ermənistan silahlı
qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan
sonra insidentlər də baş verməz, onların araşdırılmasına da ehtiyac
qalmaz.
Bu ilin sentyabrında Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun
həmsədrləri ilə keçirilmiş Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşündən sonra Azərbaycan tərəfindən bir daha bəyan
edildi ki, insidentlərin araşdırılması mexanizmi Ermənistan silahlı
qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması
prosesinin tərkib hissəsi olmalıdır.
Ümumiyyətlə, insidentlərin araşdırılması mexanizm olaraq bir
sıra suallarla müşayiət olunur və Azərbaycanın işğal edilmiş
əraziləri ilə Ermənistanın dövlət sərhədi boyunca olan məntəqələrdə
onun tətbiqi məsələsinə baxıla bilər.
Ermənistan tərəfindən məqsədyönlü şəkildə ATƏT-in Minsk Qrupunun
həmsədrlərinin də istinad etdiyi hərtərəfli həll prosesinin ən
vacib elementi olan Ermənistan qoşunlarının işğal olunmuş
Azərbaycan ərazilərindən çıxarılması arxa plana atılaraq,
insidentlərin araşdırılması ön plana çəkilir. Tamamilə aydındır ki,
Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını
möhkəmləndirməyə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və
qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır.
- Berndə münaqişənin humanitar aspektləri, girov
götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad
edilməsi və ümumiyyətlə, prezidentlərinin Paris görüşünün davamı
olaraq, humanitar məsələlər müzakirə olundumu?
- Prezidentlərin Bern görüşündə də münaqişənin humanitar
aspektləri müzakirə olundu. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz
Quliyevin azad edilməsi məsələsi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən bir daha qaldırıldı.
Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası, Ermənistan
Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 2010-ci il 27
oktyabr tarixli Həştərxan, 2011-ci il 5 mart və 2012-ci il 23
yanvar tarixli Soçi bəyanatlarında əsir və girov götürülmüş
şəxslərin, meyitlərin qaytarılması və münaqişənin humanitar
aspektləri üzrə əməkdaşlıq nəzərdə tutulurdu. Prezidentlərin Paris
görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi
məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə məlumat
mübadiləsi mexanizminin yaradılması təklif edildi. Dörd mindən
artıq vətəndaşı itkin düşmüş hesab edilən Azərbaycan Fransa
Prezidenti Fransua Ollandın humanitar xarakter daşıyan bu
təşəbbüsünü dəstəkləyir.
Bu xüsusda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və İsveçrə
hökumətinin həyata keçirdikləri humanitar missiyasını alqışlayırıq.
BQXK-nin hazırladığı son siyahı əsasında 4496 nəfər itkin düşmüş
şəxs kimi müəyyən edilib. Ümid edirik ki, bu layihənin uğurla
həyata keçirilməsi nəticəsində 20 ildən artıq bir dövrdə itkin
düşmüş hesab olunan şəxslərin ailələrinə onların taleyi barədə
müəyyən məlumatın verilməsi mümkün olacaq.
ATƏT Minsk Qrupunun həmsədrlərinin 2015-ci il 3 dekabr tarixli
bəyanatında Azərbaycan tərəfindən təmas xəttini keçmiş bir nəfər
əsgər və bir nəfər mülki şəxsin Ermənistana qaytarılması
təqdirəlayiq humanitar akt və beynəlxalq humanitar öhdəliklərə
uyğun addım kimi qiymətləndirildi. Həmçinin tərəflərə çağırış
edilərək, Həştərxan bəyanatının ruhunda qalan bütün əsir və
girovların qaytarılması qeyd edildi.
Onu da bildirim ki, bundan bir qədər əvvəl Azərbaycan tərəfdən
xoş niyyətin göstəricisi olaraq daha bir ailə də Ermənistan
tərəfinə təhvil verildi.
Odur ki, növbə Ermənistanındır. Rəsmi Yerevan beynəlxalq
humanitar öhdəliklərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
çağırışlarına uyğun olaraq, itkin düşmüş şəxslərlə əlaqədar məlumat
mübadiləsi prosesində iştirak etməli və soydaşlarımız Dilqəm
Əsgərov və Şahbaz Quliyevin tezliklə azad olunmasını təmin
etməlidir.
Bir daha qeyd etmək istərdim ki, Azərbaycan Respublikası
Ermənistanın işğalının nəticələrinin aradan qaldırılmasına, yekunda
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü
və suverenliyinin təmin olunmasına, qaçqın və məcburi köçkünlərin
öz doğma torpaqlarına qayıtmasına xidmət edən nəticə yönümlü
danışıqlara hazırdır.
Azərbaycan 2016-cı il ərzində də ATƏT-in Minsk Qrupunun
həmsədrləri ilə birlikdə münaqişənin həlli istiqamətində aktiv
fəaliyyətini davam etdirəcək. Nəhayət, Ermənistan rəhbərliyi
anlamalıdır ki, beynəlxalq ictimaiyyətin tələb etdiyi kimi
qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli və
Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən
çıxarılmalıdır. Yalnız bundan sonra regionda davamlı sülh, sabitlik
bərqərar ola və hərtərəfli iqtisadi inkişaf üçün böyük imkanlar
yarana bilər.