Qafqaz Müsəlmanları İdarəsi,
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Böyük Britaniyanın
"Faith Matters" təşkilatı ilə birgə Azərbaycanda elan olunmuş
"Multikulturalizm ili" münasibətilə və Böyük Britaniyanın dini
liderlərinə, ümumilikdə Britaniya ictimaiyyətinə dinlərarası
münasibətlərin, sülh içində birlikdə yaşamanın və tolerantlığın
Azərbaycan modelini təqdim etmək məqsədilə Londonda silsilə
tədbirlər keçirilib.
Nümayəndə heyətinin tərkibində olan Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət
müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər
Şurasının sədri, akademik Kamal Abdullayevdən bu səfər və keçirilən
tədbirlərlə bağlı təəssüratlarını öyrəndik.
Axar.az Dövlət müşaviri Kamal Abdulla ilə müsahibəni təqdim
edir.
- Kamal müəllim, Azərbaycanda mövcud olan multikultural
durumun və Azərbaycan multikulturalizminin özəlliklərinin dünya
dövlətlərinə və xalqlarına təqdim olunmasında növbəti ünvan Böyük
Britaniya oldu. Burada xüsusi bir səbəb varmı?
- "Multikulturalizm ili" çərçivəsində Azərbaycan dini
tolerantlıq modelinin Avropa ölkələrində nümayiş edilməsi artıq
ənənəyə çevrilir. Azərbaycanda yaşayan dini konfessiyaların
rəhbərlərinin və mütəxəssislərinin iştirakı ilə keçirilən bu
görüşlər daha əvvəl İsveçdə, Almaniyada olmuşdu. Böyük Britaniya bu
baxımdan bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bir
tərəfdən bu ölkənin multikultural mənzərəsi ölkə hökuməti
tərəfindən adekvat qiymətləndirilmir və burada Baş nazir
multikulturalizmin iflasını elan edir. Digər tərəfdən bu yaxınlarda
London meri kimi mötəbər bir vəzifəyə milliyyəti və dini başqa olan
şəxs seçilir.
İngilis cəmiyyəti dini tolerantlığın hansı qütbünə doğru meyl
edir? Bu cəmiyyət kifayət qədərmi açıq cəmiyyətdir və Azərbaycan
dəyərlərini kifayət qədərmi adekvat qəbul etməyə hazırdır?
Azərbaycanda əsrlərdən bəri formalaşan multikultural dəyərləri biz
bu gün başqa xalqlar və cəmiyyətlər ilə bölüşməyə hazırıq. Ölkə
Prezidenti İlham Əliyevin multikulturalizmi Azərbaycanda dövlət
siyasəti səviyyəsinə qaldırması, əslində, bütün sülhsevər dünya
ictimaiyyətinə, eyni zamanda dövlətlərinə bir dəyərli mesaj idi.
Bizi eşitməyə və bizi qəbul etməyə hazırdırlarmı? Dünyanın, konkret
olaraq İngiltərənin nüfuzlu dairələri Azərbaycan həqiqətlərini,
Dağlıq Qarabağ probleminin ədalətli həlli problemini adekvat qəbul
edə bilirlərmi? Bu suallara cavablar öz-özünü ləngitmədi. Bizimlə
bu istiqamətdə söhbətə, bizim dəyərlərimizi öyrənməyə, müzakirə
etməyə dünyanın bir çox ölkələrinin tanınmış mənəvi-intellektual
dairələri hazır olduqlarını bildirirlər. Səfərlər, xüsusilə, London
səfəri bunu bir daha sübut etdi.
- Azərbaycan bu gün təkcə enerji və digər təbii
resursları ilə deyil, həm də insan kapitalı və mədəniyyət mərkəzi
kimi dünyanın diqqətindədir. Bunu nə ilə
əlaqələndirirsiniz?
- Əgər bu gün Azərbaycan dedikdə bir xarici üçün artıq "bu sözün
arxasında nələr durur?!" yelpazəsini açmağa ehtiyac yoxdursa, heç
şübhəsiz ki, bu, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin xidmətidir.
Prezident İlham Əliyevin titanik zəhmətinin nəticəsidir. Bu gün
başqa bir təbəddülatın şahidi oluruq. Bu gün biz Azərbaycana
marağın iqtisadi platformadan mədəni-mənəvi-intellektual
platformaya keçidini görürük. O da var ki, ölkəmizə marağın bu
istiqamətinə tam yeni rakurs kimi baxmaq da doğru olmazdı. Məlumdur
ki, XIX əsrdə, elə ondan əvvəlki dövrlərdə Azərbaycanın ədəbi-elmi
potensialı dünyanın bir sıra düha sahiblərini özünə cəlb etmişdi.
Sonra bu potensial "sovet gerçəkliyinin" məlum ideoloji-siyasi
rejimində əridi və gözdən itdi. Bu gün biz bu marağın yenidən, özü
də xeyli intensivləşmiş formasının ortaya çıxmasını müşahidə
edirik. Bu prosesin daimi olması üçün - Azərbaycana olan marağı
Azərbaycana sevgiyə çevirmək və Azərbaycan həqiqətinin hamıya eyni
dərəcədə parlaması üçün biz öz tərəfimizdən sistemli, konseptual
proyektlər təqdim etməliyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə
başlanan Beynəlxalq Humanitar Forumlar, Bakı prosesinin müxtəlif
proyektləri, Azərbaycan multikulturalizm modelinin get-gedə
təkmilləşən mərhələləri və bir çox başqa milli əhəmiyyət daşıyan
proqram səciyyəli layihələr bu istiqamətdəki işlərə dövlət
tərəfindən verilən diqqət və qayğının bilavasitə təzahürüdür.
- Böyük Britaniyada keçirilən tədbirlərdə hansı heyətlə
iştirak edirdiniz?
- Görüşlərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri,
Şeyxül-İslam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyası pravoslav dini təşkilatının sədri
arxiyepiskop Aleksandr Ata, Dağ Yəhudiləri dini icmasının sədri
Milix Yevdayev, Milli Məclisin üzvü Cavanşir Paşazadə, Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor
Azad Məmmədov iştirak edirdi. Görüşlərin təşkilində Azərbaycanın
Böyük Britaniyadakı səfirliyinin və səfir Tahir Tağızadənin
zəhmətini qeyd etmək lazımdır.
Görürsünüzmü, seçilmiş heyət artıq öz-özlüyündə Azərbaycanın xoş
məramından xəbər verir. Azərbaycanda müxtəlif konfessiya
rəhbərlərinin və üzvlərinin bir-birinə loyal münasibəti, eyni
zamanda dövlətə, Azərbaycançılıq ideyasına sədaqəti bu gün nail
olduğumuz ciddi siyasi və mənəvi dəyərlərdəndir. Heç şübhəsiz,
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi hesabına
bilavasitə əldə edilən uğurdur.
- Kamal müəllim, bildiyimizə görə İngiltərədə tam
müxtəlif platformalarda tədbirlərdə iştirak etmisiniz. Bu
tədbirlərdə yerli iştirakçıların ilkin reaksiyası necə
idi?
- Bizim səfirliyimiz və "Faith Matters" təşkilatının birgə
keçirdiyi "Azərbaycan tolerantlıq və dinlərarası birgəyaşayış
modeli" adlı konfransda, Oksfordda İslam Araşdırmaları Mərkəzinin
rəhbərliyi və akademik heyəti ilə görüşdə, Xarici İşlər
Nazirliyində Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya
İdarəsinin rəisi və həmkarları ilə söhbətdə, Böyük Britaniyanın
Lordlar Palatasında Lord Devid Evansla görüşdə, Londondakı nüfuzlu
"Üç Dinin Forumu" adlı təşkilatda keçirilən dəyirmi masada son
dərəcə maraqlı söhbətlər və fikir mübadilələri oldu. Biz onun
şahidiyik ki, İngiltərədəki həmkarlarımız bizi – ölkəmizi,
xalqımızı daha yaxından tanımaq istəyirlər. Bizə o da aydın oldu
ki, bunun üçün təkcə birtərəfli səfərlər təşkil etmək kifayət
deyil.
- Böyük Britaniyada fəaliyyət göstərən müxtəlif dini
icmaların ölkəmizə qarşılıqlı səfərləri ilə bağlı fikir mübadiləsi
oldumu?
- Konfrans iştirakçıları tərəfindən sonda belə bir təklif
səsləndi ki, Böyük Britaniyadakı dini konfessiya rəhbərlərinin də
Azərbaycana səfəri faydalı olardı. Onlar belə səfərlər etməyə
hazırdırlar. Bu bizə nə verər?
Bizim onlara Azərbaycan barədə danışdıqlarımızı öz gözləri ilə
görmək, elə bilirəm ki, Azərbaycana marağın sevgiyə çevrilməsində
əsas rol oynayardı. Bundan sonrakı birgə dəyirmi masaların,
konfransların funksiya və ünvanları daha da zənginləşərdi.
- Multikulturalizmin Azərbaycan modelinin dünyamızda
sülh və sabitliyə töhfə kimi əhəmiyyətini və perspektivini necə
dəyərləndirərdiniz?
- Azərbaycan Prezidenti qeyd edir ki, multikulturalizm
Azərbaycan xalqına əsrlər boyu xas olan bir dəyərdir. Biz bunu
qorumuşuq. Amma biz bunu təkcə Azərbaycan üçün qorumamışıq. Bütün
dünya üçün qorumuşuq. Baxın, bu gün Azərbaycan öz mədəni-tarixi
abidələrini (xüsusilə, dini abidələrini) bərpa edir, onlara yeni
həyat verir. Ulu Öndərin, Prezident İlham Əliyevin bu istiqamətdə
gördüyü işlər əvəzsizdir. Bizim görüşlər zamanı dini konfessiya
rəhbərləri bu məlumatları təfərrüatı ilə xarici din və elm
xadimlərinə, diplomat və parlament üzvlərinə çatdıranda bunun
əks-sədası həqiqətən möhtəşəm olurdu. Bununla yanaşı, bu gün Heydər
Əliyev Fondunun və onun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın
gördüyü işlər miqyası ilə sərhədlər aşır. Bu gün Fransada,
İtaliyada, Pakistanda, Rusiyada əsl multikultural layihələrə məhz
Azərbaycan imza atır. Bu, Azərbaycan multikultural siyasətinin
dünyaya çıxışı deməkdir. Siyasi və ideoloji gələcəyə tuşlanmış son
dərəcə vacib perspektivlərdir.
- Ölkə başçısı cənab İlham Əliyevin Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin qarşısında qoyduğu məsələlər və onların
həlli ilə bağlı fikirləriniz bilmək istərdik.
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi öz yaradıcısı
Prezident İlham Əliyevin qarşıya qoyduğu ideoloji hədəflərə doğru
inamla irəliləyir. Deyim ki, biz bu işləri çətinliklərdən keçə-keçə
görürük - doğru olmaz. Hədəflər o qədər aydın və o qədər dəqiq
göstərilib və onlara yetişmək üçün cənab Prezident tərəfindən elə
möhkəm siyasi və insani zəmin hazırlanıb ki, görülən və görüləcək
bütün işlərin uğurla başa çatdırılması əvvəlcədən şübhəsizdir. Bu
ideyalar indiyə qədər baş tutan bütün görüşlərdə – həm Almaniyada,
həm İsveçdə, həm də İngiltərədə təkcə bizim yox, xarici
həmkarlarımız tərəfindən də inamla səsləndirildi. Həqiqətən,
Azərbaycana olan maraq Azərbaycana olan sevgiyə çevrilməkdədir.