Axar.az məşhur alman
aktrisası Hanna Şiqula haqda yazını Samirə Əşrəfin tərcüməsində
təqdim edir.
Alman kinosunun məşhur aktrisası Hanna Şiqula 1945-ci il
dekabrın 25-də Polşanın Katovitse şəhərində alman və polyak əsilli
ailədə dünyaya gəlib. Onun atası taxta satışı ilə məşğul olan tacir
olub. 1945-ci ildə anası iki yaşlı qızını da özü ilə götürüb Münhen
şəhərinə gedir. 49-cu ildə isə atası əsarətdən qurtulub ailəsinin
yanına gələ bilir. Hananın ailəsi maddi cəhətdən böyük imkanlara
malik olmasa da, qızlarına yaxşı təhsil vermək üçün çalışıb.
Gimnaziyanı bitirdikdən sonra Hanna Münhen Universitetinin
filologiya fakültəsinə daxil olur. Gündüzlər universitetə, gecələr
teatr məktəbinə gedir. Elə həmin ərəfədə gənc rejissor Rayner
Verner Fassbinderlə tanış olur. Bir müddət sonra onların yolları
ayrılır. Lakin Fassbinder öz teatrını yaratdığı vaxt teatr
məktəbindəki dostunu yadına salır...
Bir səhər Şiqulanın poçt qutusuna məktub gəlir: "Antiqon"
tamaşasında iştirak etmək istəyirsən? Premyera bir gündən sonra
olacaq. Müllerştrassedəki filmə gəl. Raynerdən salam".
1967-68-ci illərdə Hanna Raynerin səhnələşdirdiyi bir çox
tamaşalarda iştirak edir, fərqli rollar yaradır. 1968-ci ildə
Raynerin yaratdığı teatr yanğına qarşı təhlükəsizlik qaydalarına
riayət etmədiyi üçün bağlanılır. Lakin aktyorların dediklərinə
görə, teatr siyasi səbəblər ucbatından qapadılır. Sonrakı illərdə
isə bir neçə aktyor və aktrisanın səyi nəticəsində "Antiteatr" adlı
yeni truppa yaradılır. Rayner həmin truppanın lideri olur. Hanna
isə elə həmin il Jana Mari Ştraudun "Adaxlı, hoqqabaz, sutenyor"
filminə çəkilir. Bu, həm də aktrisanın ilk filmi olur.
1969-cu ildə isə o, Fassbinderin "Katselmaxer" filminə çəkilir.
Film on gəncin həyatından, onların ətrafında baş verən hadisələrin
məğzindən bəhs edir. Rejissorun özünün və "Antiteatr" aktyorlarının
çəkildiyi bu filmdə Hannaya Mariya rolu həvalə olunur.
Rayner təəccüb doğuracaq qədər sürətlə işləyirdi. Filmə
başladığı ilk beş ildə artıq 16 film çəkə bilmişdi. Yaradıcılığının
birinci mərhələsində ən yaxşı film hesab olunan "İlin dörd fəslinin
satıcısı" 1971-ci ildə lentə alınır. Hanna həmin filmdə çox kiçik
rola çəkilir. Filmin baş qəhrəmanı Hans Eppanın bacısı roluna.
Şiqula tez-tez Fassbiderin filmlərindəki kiçik rollara çəkilmək
üçün dəvət alırdı. Lakin aktrisanın yaradıcılıq imkanları misilsiz
və çoxşaxəli idi. Rayner bir gün gerçəkliyi anlayır və 1971-ci ildə
ilk dəfə olaraq Raynerin "Petra fon Kantın acı göz yaşları"
filmində əsas rollardan birini ifa edir.
İki qadının həyatından bəhs edən filmdə aktrisa öz zərif,
xəyalpərəst obrazına sadiq qalır. Lakin sonralar Hanna "Mariya
Braunun izdivacı" filminə Mariya obrazı ilə bütün dünyanın
diqqətini özünə cəlb edəcəkdi. Hələliksə Raynerlə olan işbirliyi
davam etdirir. Onların növbəti birgə işi Fassbinderin 1971-ci ildə
ekranlaşdırdığı "Effi Brist Fontan" filmi olur. Alman yazıçısı
Teoder Fontanın qələmə aldığı "Effi Brist" romanı süjet etibarı ilə
Lev Tolstoyun "Anna Karenina" əsərini xatırladır. Bu film bütün
bədii komponentlərin nadir tarazlığı ilə fərqlənir. Baron
İnştettena evinin nəfis interyeri hislərin zərif oyunu üçün çox
gözəl xidmət edir.
Kinodan gediş və möhtəşəm qayıdış…
Film kommersiya baxımından çox böyük gəlir gətirir. Qəzetlər
Rayner və Şiqula haqqında yazır. Aktrisanın şəkilləri qəzetlərin
ilk səhifələrində manşet olur. Lakin Hanna özü həmin filmdəki
ifasından çox narazı qalır. Hərçənd ki, o, rejissorun dediklərini
vicdanla yerinə yetirmişdi. Buna baxmayaraq, özünəinamsızlıq hissi
aktrisanı için-için yeyir. Bu kimi fikirlərlə aktrisa kino sahəsini
tərk etməyi qərara alır. Ancaq mətbuatın yazdığına görə, onu bu
addımı atmağa vadar edən əsas səbəb Raynerə qarşı olan incikliyi
idi. O, universitetdəki təhsilini başa vurur, diplom işini belə
yazmağa başlayır. Lakin çox keçmir ki, kinonun, aktrisalığın onun
həyat ehtiyacına çevrildiyini anlayır.
Hanna çəkiliş meydançasına getməyə tələsmir. İlk addım yenə
Rayner tərəfindən gəlir. Rejissor Hannaya və özünə dünya şöhrəti
gətirəcək "Mariya Braunun izdivacı" filminin ssenarisini Şiqulaya
yollayır. Beləliklə, 1978-ci ildə "Mariya Braunun izdivacı" filmi
ekranlaşdırılır. Film İkinci Dünya müharibəsinin sonlarında əri
müharibədən qayıtmayan alman qadının ziddiyyətli həyatından bəhs
edir. Qırmızı Ordu Berlinə yaxınlaşır. Yeni evlənən German və
Mariya bu zaman bombardmana məruz qalır. Zifaf gecəsindən sonra
Germanı cəbhəyə yollayırlar. Az sonra Mariyaya ərinin ölməsi xəbəri
verilir. O, amerikalı əsgərlərin toplandığı barda işə düzəlir.
Zənci Amerika zabitinin məşuqəsi olur. Günlərin birində əri
qayıdır. Hadisələr sürətlə axarını dəyişir, daha da dramatikləşir
və faciə ilə bitir. Mariya obrazı Hanna Şiqulaya uğur gətirir. O,
1979-cu ildə Berlin film festivalında ən yaxşı qadın rolunun
ifasına görə "Gümüş şir" mükafatı qazanır.
Sevgili, dost və rejissorun vaxtsız itkisi…
Fassbinderlə növbəti görüş "Üçüncü nəsil" filmi olur. Bu filmlə
rejissor aktrisanın tərcümeyi-halına ən önəmli səhifələri əlavə
edir. 80-ci ildə aktrisa yenə eyni rejissorun "Berlin
Aleksandrplazı" adlı on dörd hissəli serialına çəkilir. Elə həmin
ildə aktrisanın iştirakı ilə "Lili Marlen" filmi ekranları bəzəyir.
Bu filmdən sonra bir sıra kinotənqidçilər və mətbuat nümayəndələri
Hannanı Qreta Qrabonun və Marlen Ditrixin davamçısı kimi təqdim
edirlər. Bundan sonra aktrisa Raynerin bir neçə filminə də çəkilir.
Ümumilikdə isə aktrisa Fassbinderin iyirmi üç filmində iştirak
edir. 1982-ci ildə Fassbinder 37 yaşında narkotikdən yüksək dozada
istifadə etdiyinə görə ürəktutmasından dünyasını dəyişir.
Fassbinderin ölümündən sonra aktrisa Jan Lyuk Qodar, Marko Ferreri,
Etora Skola, Aleksandr Sokurov kimi dünya şöhrətli rejissorlarla
birgə çalışır. Lakin danılmaz həqiqət bundan ibarət idi ki,
aktrisanın ən gözəl və yaddaqalan rolları məhz Raynerin çəkdiyi
filmlərdə yaranmışdı.
Aktrisanın kino tarixi boyunca ən narazı qaldığı rejissor isə
Jan Lyuk Qodar olub. Müsahibələrinin birində o deyir: "Qodarla
mənim o qədər də yaxşı münasibətim olmayıb. O, uşağını doğa
bilməyən hamilə qadına bənzəyirdi. Çəkiliş vaxtı bizim hamımızı
meydançadan qovaraq "mən hələ hazır deyiləm" deyirdi. Bir müddət
sonra o, əlində mətn olan vərəqlərlə yenidən peyda olub hamımıza
əzab verirdi. Misal üçün o, İzabel Yupperi fabrikdə boltları
çeşidləməyə məcbur etdi ki, qadın konveyerin nə olduğunu bütünlüklə
hiss etsin. Məni isə yanacaqdoldurma məntəqəsindəki müştərilərə
qəhvə verməyə məcbur etmişdi. Çünki mən onun filmində
yanacaqdoldurma məntəqəsindəki satıcı obrazını canlandırırdım".
1983-cü ildə aktrisa Marko Ferrerinin "Pyerin tarixi" filminə
çəkilir. Həmin filmdən sonra Hanna "Kann" film festivalında ən
yaxşı aktrisa mükafatı qazanır.
13 il yataq xəstəsi olan anasına qulluq edən aktrisa onun
ölümündən sonra Fransaya köçüb orada yaşamağa başlayır. Lakin
sonralar etiraf edir ki, Parisə getməyinin əsas səbəbi bir fransıza
vurulması olub.
"Oyan və arzula"
Aktrisanın şəxsi həyatı barədə mətbuatda çox az məlumat var.
Raynerlə olan münasibəti haqqında doğru-dürüst məlumat olmasa da,
onların arasında eşq romanının olması da qaçılmaz hesab olunur.
Aktrisa heç vaxt ailə həyatı qurmayıb. Onun adı daha çox Ornella
Muttinin keçmiş sevgilisi olan rejissor Marko Ferreriylə birgə
hallanır. Ferreri Mutti ilə sevgili olduğu müddətdə Hannanı görüb
ona vurulur və onu öz filmlərinə çəkir. Ornella sonralar mətbuata
açıqlamasında Ferreri ilə ayrılmasında əsas səbəbkar kimi Hanna
Şiqulanı göstərir. Aktrisanın kinoda son işi rus rejissoru
Aleksandr Sokurovun "Faust" filmində olub. Rejissorla işləmək
təklifi isə Hannanın özündən gəlib. Doxsanıncı illərin əvvəllərində
aktrisa musiqi ilə məşğul olmağa başlayır. Aktrisalıq karyerası ilə
yanaşı, Hanna solo konsertlər verir. 2013-cü ilin sonunda Hanna
Şiqula "Oyan və arzula" adlı bioqrafik kitab yazır. Həmin kitabda
o, əsasən Rayner Fassbinderlə bağlı xatirələrini, Polşa, Almaniya
və Parisdə olduğu illərdə başına gələn maraqlı əhvalatları qələmə
alır.
"Həyatımın və aktrisalıq karyeramın ən vacib 20 ili Raynerin adı
ilə bağlıdır", - deyən aktrisa hazırda 72 yaşında Parisdəki
malikanəsində yaşayır.