Şair, riyaziyyatçı alim Əli Şirin Şükürlü müxtəlif ədəbi
cərəyanlarda qələmini sınamaqda və yeni ədəbi cərəyanlar
yaratmaqdadır. Bu günlərdə onunla həmsöhbət oldum, yaradıcılığı ilə
maraqlandım. Şairin cavabında giley də hiss olundu:
- Bilirsən, bəzi yazdığım tezisləri bir neçə ədəbiyyatşünasa
göndərdim, sükutla qarşılandı.
- Sükut razılığın, qəbul olunmanın əlamətidir həm
də…
- Hər dəfə yox. Yeni nəyəsə can atırsan, amma elə bil, adama bir
az da çox nifrət eləməyə başlayırlar. Hələ də belə münasibətlərdə
çox şeyi anlamıram.
- Bəlkə, sən dediyin söz adamların hardasa maraqlarına
toxunur?
- Nə deyirəm ki? Yeni ədəbi-fəlsəfi cərəyan təqdim edirəm də.
Amma adamdan üz döndərirlər. Heç olmasa, kəm-kəsirin demək olar
da.
- Səncə, bu, nədən irəli gələ bilər?
- Yəqin, təfəkkür yarımçıqlığı var bu adamlarda, ya da nədir,
dəqiq bilmirəm.
- Yeni təqdim etdiyin ədəbi cərəyan necə
adlanır?
- Suprematizm (lt. - ən yüksək, son) – təsviri sənətdə bir
cərəyan olub, həndəsi fiqurların və anlayışların (kvadrat, üçbucaq,
dairə və s.) abstraksiyasından rəsm əsərlərində istifadə
texnikasıdır və əsası 1910-cu ildə K.Maleviç ("Qara kvadrat" rəsm
əsəri və s.) tərəfindən qoyulmuşdu. Uzun illər həndəsi fiqurların
və digər populyar elm sahələrinin (Ehtimal nəzəriyyəsi, qeyri-səlis
məntiq nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və s.) fəlsəfəsindən
istifadə edərək qələmə aldığımız intellektual təmayüllü bədii
mətnlər artıq ədəbi suprematizm ədəbi cərəyanının yaranmasını
zəruri edir.
- Bunu polemikaya, müzakirəyə çıxaraq,
bəlkə?
- Ağıllı polemika doğura biləcək mühakimələrə ehtiyac var və bu,
başladığımız işə yardımçı ola bilər. Bir nümunə təqdim edim:
danışan taxta parçası
bax bu da dəniz.
kimi balıq tutar,
kimi sevincək atılıb düşər qoynunda,
kimi şütüyər qayıqda, kimi gəzintiyə çıxar gəmidə...
o isə seyr edər dənizi,
elə hey seyr edər. sanki
gözəl bir sima dayanıb gözləri qarşısında.
bəs bu nədir;
bir qədər kədərli mənzərə -
yöndəmsiz bir taxta parçası
asta-asta üzür dənizin səthində
üstündə tələsik var-gəl edən bir neçə qarışqa.
kədərlənmə, qulaq as, bir hadisə danışım sənə -
dillənir taxta parçası qəfildən:
ruhum var mənim də, bir zaman ağac olmuşam axı.
meyvə ağacı – hamı sevərdi məni. sonra
qurumağa başladı, bar vermədiyindən kəsib doğradılar
ağacı. dözdüm ağrılara intəhasız əzab içində. sonra nizama
salıb,
üç ölçü verdilər səliqə ilə: l1xl2xl3 – üç müxtəlif uzunluq yəni
–
ölçülər təəssürat yaradır yəqin ki
və hər üzü yaraşıqlı bir düzbucaqlı pərçim oldum yeşiyə.
meyvə yığırdılar yeşiyə, gözəl rəngbərəng meyvələr və
meyvə doğmalığından fərəhnək yaşayırdım yenə.
ağac ola bilməsəm də, bir daha, yaraşıqlı yeni ölçülərimlə
mən meyvələrə gözəllik bəxş edirdim, meyvələr mənə.
bir günsə çürüyən meyvələrlə birgə tulladılar zibilliyə.
pozuldu nizamı yeşiyin, yöndəmsiz hala düşdü ölçülər,
itirdim gözəlliyi. başlandı yenidən əzablı ömür.
bir günsə atıldım dənizə; şarap - evrika! sıxışdırdığım
sudan
yüngüləm deyə batmadım, sığındım qoynuna dənizin.
itirsəm də gözəlliyimi
qayıq ola bildim üstümdə qaynaşan qarışqalara.
amma acizəm, qoruya bilmirəm, quşlar qənim kəsilib
dostlara. quşların dimdiyində qovuşurlar heçliyə.
əvvəl heç nə idim mən də. heçdən ağac oldum, sonra
yöndəmsiz odun parçası, sonra yaraşıqlı meyvə yeşiyi.
indisə özün görürsən... sonra nə olacaq onu bilmirəm. onu
qarışqalar bilər - quşların dimdiyində heçliyə dönən.
belə...bu da məni yaşadan sevdiyin dəniz və
qovuşduğum ümmana qədər olan
bir həyat tarixçəsi –
son sözləri bunlar oldu taxta parçasının.
daha heç nə eşidilmədi
uzağa üzə bilməsə də qayığı
hər an qurbana çevrilən zavallı tələskən qarışqaların.
hər yandan
yoxluğa pərçim olmuşuq ki
üç ölçü və zamanla birgə,
hər an dartıla bilər sirr dolu pərdəsi –
bunu isə nə qarışqalar dedi, nə də taxta parçası.
bunu o düşünürdü
üzündə kədərli mənzərədən doğulan təbəssüm.