Əməkdar artist, bir
çoxlarımızın "İkinci səs", "Yad qızı", "Sənsiz" televiziya
tamaşalarından sevdiyimiz və bəyəndiyimiz aktyor Füzuli Hüseynovla
məhz teatr günündə görüşdük. Müsahibim tünd xasiyyətli olduğu qədər
də maraqlı və şən insan idi. Müəyyən işləri ilə əlaqədar dəfələrlə
müsahibəni təxirə saldığına baxmayaraq, biz nəhayət ki, uyğun vaxt
tapıb görüşə bildik.
Bəhanələr...
- Füzuli müəllim, müsahibə üçün bu qədər bəhanələr nə
ilə əlaqədar idi?
- Mən istəyirəm ki, müsahibə maraqlı keçsin. Müxbir məndən
müsahibə almaq istəyirsə, mən ona dərhal "hə" cavabı vermirəm,
fikirləşirəm ki, müxbir üçün məqalə, yazı deyil, şəxsən mənim
söylədiklərim, mənim fikirlərim maraqlıdırsa, o məndən asanlıqla əl
çəkməyəcək.
- Onda düşünmək olar ki, mən sınaqdan uğurla
keçdim.
- Hə, amma bu müsahibənin gedişi ilə də bağlıdır.
- Elə isə hansı sualları sizə ünvanlamaq
olmaz?
- Əvvəlcədən deyirəm, şəxsi və intriqa yarada biləcək sualları
cavablandırmayacağam.
Siyasətdən uzağam...
- Belə bir qeyri-standart sual: bir çox həmkarlarınız
vəzifə, nüfuz arzusundadır, hətta aralarında millət vəkili olmaq
istəyənlər də var. Siz necə, namizədliyinizi irəli
sürərdinzimi?
- Mən, ümumiyyətlə, siyasətdən uzaq insanam. Ola bilər ki,
millət vəkili seçilə bilərəm, lakin olduqca aşkar və çılpaq
danışdığım üçün məni dərhal "geri çağırarlar".
- Bir dəfə sizə zəng etdikdə içkili olduğunuzu
söylədiniz və müsahibədən imtina etdiniz. Ümumiyyətlə, tez-tez
içirsiniz?
- Elə də tez- tez içmirəm. Dostlar, tanışlarla qonaqlıqlarda
olanda olur.
- Sizcə, bir çox yaradıcı insanların içkiyə hədsiz
meylini nə ilə izah etmək olar?
- Deməzdim ki, içkiyə yalnız yaradıcı insanlar meyillidir. O
qədər yolda yaşayan insanlar var ki, hərəsi bir tərəfdə içib qalır.
Mən deyərdim ki, çünki o qədər insan qəbul edir, o qədər problemlər
həll edirlər ki, istər-istəməz əsəbləri tarıma çəkilir. Sadəcə,
yaradıcı və tanınmış insanlar göz qabağında olduğu üçün kütlə
mütəmadi olaraq onları izləməklə məşğul olur. Ümumiyyətlə, ayda 3-
4 dəfə içmək müsbət haldır.
- Sizin üçün vətəndən uzaqda qalmaq çətin deyil
ki?
- Xeyr, istənilən ölkədə illərlə rahat şəkildə yaşaya
bilərəm.
- Elə isə niyə Türkiyədə uzun müddət yaşamadınız?
Bildiyim qədər, 2 ildən artıq yaşayıb, Bakıya qayıtdınız. Problem
karyeranızla bağlı idi?
- Qətiyyən. Mən Türkiyəyə karyera, sənət arxasınca getmədim. Bir
sıra işlərimiz vardı ki, sonra onlar Rusiya ərazisinə köçürüldü.
İki il yarım Türkiyədə qaldıqdan sonra, Bakıya qayıtdım.
Ümumiyyətlə isə mən mütəmadi olaraq harasa səyahət edirəm; bir
ayağım Azərbaycandadır, bir ayağım xaricdə.
Həsən Turabovun arzusu ilə...
- Bir ara teatrdan da uzaq idiniz.
- Bəli. Teatra qayıdışım Həsən Turabovla bağlıdır. Çox sevdiyim,
şəxsiyyətinə böyük hörmətlə yanaşdığım sənətkarın arzusu məni
yenidən səhnədə görmək idi və mən onun istəyinə qarşı çıxa
bilmədim.
- Son zamanlar çox az-az tamaşalarda yer alırsınız.
Mümkünsə, səbəbini bizə açıqlayın.
- Açığı, elə bir qlobal problem olmur. Baxıram, ya əsər xoşuma
gəlmir, ya rejissor işini bəyənmirəm, odur ki, mənə təklif olunan
roldan imtina edirəm. Hal-hazırda teatr rəhbərliyindən ünvanıma
səslənən narazılıq məhz bu məsələ ilə bağlıdır və mən bildirirəm
ki, elə bir yaş dövrindəyəm, istər həyatda, istər səhnədə kifayət
qədər təcrübə toplamışam. İstəmədiyim bir obraz üçün "yox"
kəlməsini söyləməyə haqqım çatır.
- Füzuli müəllim, neçə yaşınız var ki?
- 53 hələ olmayıb. Amma həyat təcrübəm 53 yaşında bir insanın
düşündüyündən artıq fikir söyləyir.
- Ürəyimdən, nədənsə, qəribə bir sual keçdi; görəsən,
Füzuli Hüseynov neçə il ömür sürmək istəyir?
Ölüm arzulayıram...
- Heç neçə. Mən kifayət qədər yaşamışam. Bəsdir də. Bəlkə də,
inanmayacaqsınız, amma özümə hər gün ölüm arzulayıram.
- Düşünmürsünüz ki, bu depressiyanın əlamətləri ola
bilər?
- Bəlkə də. Hər halda, mən bu istəyimdə qətiyyətliyəm.
- Yəni, həyatda sizin üçün maraqlı heç nə
yoxdur?
- Xeyr.
- O zaman özünüzü xoşbəxt hiss etmirsiniz?
- Ümumiyyətlə, xoşbəxtlik nədir?
- Fizuli müəllim, siz məndən soruşursunuz? Mən hətta
özümü bir anlıq müsahib hiss etdim. Deyəsən, estafeti yavaş-yavaş
əlinizə keçirirsiniz.
- (Gülür) Yox, yəni sözümün canı ondan ibarətdir ki,
"xoşbəxtlik" ifadəsinin özü birmənalı şəkildə mücərrəd anlamdan
ibarətdir. "Xoşbəxtəm" deyən insanların ağlına şübhə ilə
yanaşıram.
Mən təsadüfi hallarda xoşbəxt ola bilərəm; dostum qonaq gəlib -
xoşbəxtəm, axşam yatanda özümü xoşbəxt hiss edirəm. Amma
ümumilikdə, xoşbəxtliyin nədən ibarət olduğunu anlamıram.
- Deməli, həyatınızdan razı deyilsiniz?
- (Gülür) Narazı olmağım da bir işə yaramır. Narazı olub nə
edəcəm?
Həyatı boz rəngdə görürəm...
- Bütün müsahiblərimə ünvanlandırdığım bir psixoloji
sualı sizə də ünvanlayıram: sizin üçün həyat hansı rənglərdən
ibarətdir?
- Tünd rənglərdən, daha dəqiq desəm, həyat mənim üçün boz
rəngdən ibarətdir.
- Tünd, boz rənglər - depressiyalı insanların seçdiyi
rənglərdir.
- Ola bilər. Hər halda, mən elə hiss edirəm.
- Boş zamanınızı necə keçirirsiniz? Mütaliəni
xoşlayırsınzmı?
- Əvvəllər mütaliə edərdim, indi xoşlamıram. Amma boş zamanımda
balıq tutmağı sevirəm. Bu hobbim üçün hətta xüsusi olaraq Rusiyanın
Astraxan vilayətinə gedirəm. Ümumiyyətlə isə səyahət etməyi çox
sevirəm.
- Şəxsi həyatınızla bağlı sual verməməyi rica etdiniz,
ancaq mənim üçün maraqlıdır: yaraşıqlı və tanınmış Füzuli Hüseynov
üçün əlçatmaz, nakam sevgi olubmu?
- (Fikirləşir)...
Fanat sözünə nifrət edirəm...
- Yəqin, susmağınızı razılıq kimi qəbul etmək olar. Və
ya istəsəniz, suala cavab verməyə bilərsiniz.
- Yox, sadəcə olaraq, düşünürəm. Bilirsiniz, mən "pərəstişkar",
"fanat" sözünə nifrət edirəm. Hörmət ola bilər. Füzuli Hüseynova
oynadığı rollarla bağlı sevgi də yarana bilər. Yalnız bir şərtlə,
həddi aşmamaq dərəcəsində. Bəzən elə qadınlar olur ki, manyak kimi
gecə-gündüz insanı izləyirlər. Bu anormallıqdır.
Amma mənim kiməsə olan hisslərimlə bağlı yalnız onu deyə bilərəm
ki, əlçatmaz xanım mənə görə deyil. Mən istəmədiyim xörəyi
yemirəm.
- Bəzi tanınmış kişilər var ki, nüfuzlu və səlahiyyətli
qadınların sevgilərinə rədd cavabı verdikləri üçün yollarında hər
zaman maneələr olub. Sizdə belə hallar müşahidə
olunubmu?
- Hə, çox olub. Amma mən qisas almağı sevən insan deyiləm.
- Qadınları nə zamana qədər "yad qızı" kimi qəbul
edəcəksiniz?
- Vallah, yad-filan deyildirlər mənim üçün. Sadəcə olaraq, hər
kəsin öz yeri var, hərəsi həyatımda bir parçadır, həmkar, dost,
tanış, sevgili. Axı bunlar başqa-başqa anlamlara aid insanlardır,
hamısını bir-birinə "qatıb-qatışdırmaq" olmaz.
Anam belə doğub...
- Çox maraqlıdır ki, hər dəfə "sevgili" dedikdə köks
ötürürsünüz və gözlərinizə izaholunmaz kədər dumanı
çökür.
- Gözlərimdəki o kədərdi, dumandı – hamısı doğulandan belədir.
Nə edim? Anam belə doğub.
- "Sənsizlik" özünü tez-tezmi yada salır?
- Hərdən olur. Amma mən onu özümdən uzaqlaşdırmağa
çalışıram.
- "İkinci səsinizə" qulaq asdığınız zamanlar çox
olubmu?
- Olub. Amma əsas olaraq, çalışmışam ağlımın səsinə qulaq
asım.
Aktyor peşəsinə hörmət azdır...
- Qəribə təsadüfdür, amma sizinlə məhz teatr günündə
görüşdük. Üstəgəl, bu gün həm də yel çərşənbəsidir. Teatrın bugünkü
vəziyyəti ilə razısınızmı və teatr əhlinə, teatra nə kimi
arzularınız var?
- Deməzdim ki, teatrın bugünkü durumu ürəkaçandır. Söhbət,
əlbəttə ki, yenicə təmir olunmuş binadan, səhnə tərtibatı və s.
kimi yenilikdən getmir. Ümumiyyətlə, aktyor peşəsinə hörmət azdır,
maaşlar aşağıdır. Teatr mütləq şəkildə inkişaf etməlidir. Teatr
əhlinə aid müəyyən kütlə var ki, onlar qırmızı xətdən kənarda
dayanıblar və onları dirçəltmək qeyri- mümkündür. Biz ara-sıra
etiraz səsimizi ona görə yüksəldirik ki, vicdanımız qarşısında
hesabat veririk, nəyin doğru olduğunu dərk edirik.
- Sonuncu dəfə hansı filmdə və tamaşada yer
almısınız?
- Ayın 6-sı Çingiz Abdullayevin əsəri əsasında Yavər Rzayevin
quruluşçuluğu ilə çəkilən "Dronqo" filmində yer aldım. Və
hal-hazırda 2 tamaşada oynayıram: "Generalın son əmri" və
"Teleskop" tamaşalarında yer alacağam.
"Onsuz da hamınız güllələnəcəksiniz..."
- Sizinlə səhnədə baş verən gülməli bir hadisəni bizə
nəql edərdiniz.
- Gülməli hadisələr çox olub, amma birini sizə danışa bilərəm.
Demək, orta əsrlərə aid səhnədə gözətçi rolunu ifa edirdim.
Rejissor tapşırdı ki, qapı açılacaq və daxil olub deyərsən: "Kəsin
səsinizi, onsuz da səhərə hamınız asılacaqsınız! Bax,
"güllələnəcəksiniz" deyərsən ha-a birdən?! "Asılacaqsınız" de,
diqqətli ol!"
Mən də razılaşıram. İndi səhnəyə çıxışım zamanı gedib nə desəm,
yaxşıdır? "Onsuz da səhərə hamınız güllələnəcəksiniz!" Səhnədə də
qılınc-qalxan dövründən bəhs olunurdu.
- Xanım tərəf-müqabillərinizdən hansı ilə işləmək daha
asandır?
- Düşünmədən deyirəm, birinci növbədə - Sənubər İsgəndərli,
ikinci - İlahə Həsənova və Dilarə Əliyeva ilə çalışmaq mənə xüsusi
zövq verir. Bu qadınlar aktrisa kimi olduqca həssas və
anlayışlıdırlar.
İncəsənətə təsadüfi gəldim...
- İncəsənət aləminə gəlişinizlə bağlı açıqlama edərdiniz
və mümkünsə, teatrın təməlini sizə izah edən və sevdirən
müəllimlərinizin adlarını çəkərdiniz.
- İncəsənət İnstitutuna ona görə daxil oldum ki, orada
riyaziyyat fənni yox idi. Mən imtahan verdim və qəbul olundum.
Ailəmizdə, məndən savayı, ömrünü incəsənətə bağlayan ikinci insan
yoxdur. Mən də tam təsadüfi gəldim sənətə. Müəllimlərimdən isə
Zəminə Hacıyeva, Fuad Hacıyev və Nəsir Sadıqzadənin adını çəkə
bilərəm.
- Tam təsadüfi incəsənət aləminə gəldiniz və aktyor kimi
yetişməyə başladınız.
- Yox, mən aktyor deyiləm.
Müsahibəni bəyənmədim...
- Bəs kimsiniz?
- İstənilən peşə sahibiyəm, amma aktyor deyiləm. Bu müqəddəs
peşəni çox aşağı səviyyəyə gətiriblər və haradasa, bu baxımdan
bizim günahımız az deyil!
- Sizinlə müsahibəyə başladıqda müsahibələrin maraqsız
olduğunu söylədiniz. Bu müsahibəni necə, bəyəndinizmi?
- Acığı, bəyənmədim. Mən qorxurdum, siz mənə elə suallar
verəcəksiniz ki, mən divara qısılıb qalacam. Amma adi müsahibə
oldu.
- Hər halda, depressiyadan əziyyət çəkən, şəxsi və
intriqa yarada biləcək suallara qadağa qoyan şıltaq aktyorumuzu
müsahibəyə cəlb etmək özü bir hünər istəyir, elə
deyilmi?
- Bəlkə də. Ola bilər ki, siz haqlısınız.