Yuxarı

Qarabağ üçün qarabağlılardan çox qovruluram

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ üçün qarabağlılardan çox qovruluram

Onunla Cəlilabadda görüşdük. Həmişəki kimi rayon mərkəzinin ən səliqəli parklarından olan Seyrangahdakı çayxanaların birində üz-üzə oturduq. "Qu gölü"nün sərin havası, kiçik qayıqlarda üzən gənclər, seyrangahda söhbət edən insanlar söhbətimizin əsas mövzusu olmasa da, müəyyən hissəsini təşkil edə bildi.

Yazın gəlişi bu yerlərə xüsusi bir gözəllik verib. Cəlilabadda yaşayıb yaradan istedadlı şair Əlirza Həsrətin "Gerçəkləşməyən arzular"ını öyrənmək üçün söhbətə elə yazın gəlişi ilə keçid etdim:

- Əlirza, yaz gəlib, rayon gözəlləşib, şeirlərində isə yenə də tutqun sifət, əl yetməyən, murada çatılmayan, boynubükük sevgi var.

Cavabı hazır imiş kimi, dilləndi:

- Mənim poetik dünyama, yazdığım şeirlərə fəsillər təsir etmir. Mən şeirlərimi qəlbimin gecikmiş fəsillərinə könül verib yazıram. Murada çatan nə olur olsun, onun adına "sevgi" deyə bilmirəm. Sevgi ki, ayrılıqdır, ayrılıq... Aman ayrılıq.

- Çoxmu yaşamısan ayrılıqları?

- Azmı hiss olunur şeirlərimdə?

Qürbətə sığınıb yazıram

Davranışında niyəsə bir az utancaqlıq, çəkincəklik də var. Bu onun xarakteridir, başqa ola bilmir, özündə yalan obraz yaradıb dəyişmək bilmir:

- Necədir, yaradıcılıq işləri? Fəsillərin dəyişməsi yaradıcılığına təsir etməsə də, həyatında hər hansı dəyişikliklər müşahidə edə biləcəyikmi? Şeirində qəriblik, hüzn, süstlük də var.

Axı o elə bil özünü müasirlərindən, eyni məkanda yaşadığı yazarların əksəriyyətindən fərqli olaraq qərib kimi aparır:

- Qürbətə sığınıb yazıram bu qərib şeirlərimi. Süstlük isə deməzdim. Fəsillərin dəyişməsi mənim üçün yalnız yaşımın fəsil-fəsil xatirəyə çevrilməsi deməkdir. Biri-birindən acılı, acıqlı, kövrək xatirələr. Bu dəyişən fəsildə yeni şeir kitabımın çapı gözlənilir.

- Balıq dəryada böyüyər, sən dəryadan - paytaxtdan uzaqsan, amma poeziyanla boy verməyi, böyüməyi bacardın. Demək, bu deyim heç də doğru deyil.

- Dəryada böyüyən balıqları tutmağa çalışanlar çox olur. Paytaxtdan əyalətdə yaşayan şairlərə həsəd aparan varsa, demək yaxşı şeir yazmaq üçün yer seçməyin elə də fərqi yoxdur. Barat Vüsal Qazaxı, Ramiz Qusarçaylı Qubanı şeir paytaxtına çevirə bilibsə, halaldır onlara, vallah!

- Cəlilabad ədəbi mühitində çox aydın görünənlərdənsən. Bu mühitlərin sənin üçün fərqi varmı?

- Ədəbi mühit adama şeir yazmağı diktə eləmir ki. Burada isə ədəbi mühit heç də hiss olunmur. Yaxşı şeirlər yaxşı oxucuların diqqətini çəkə bilir.

Darıxmağa yaman isinişmişəm

Qonaq qabağına çıxmasında isti bir həvəs olsa da, suallara cavabında bir nigarançılıq, narahatlıq da hiss olunur.

- Necədir durumun? Təbinin küsdüyü anlarda nə edirsən?

- Darıxmağa yaman isinişmişəm. Mən darıxmayanda çox küskün oluram.

- Əsgər atası oldun, şeirlərində nakam sevgidən yazan şair, narahat bir ata şair kimi də göründü. Gərək elə əsgər atası olub yazaydın bu şeirləri?

- Əsgər atası olmağın dadını, xoşbəxtliyini yaşaya bildiyim üçün bircəciyimiz Ülvi müəllimə minnatdaram. Əsgər atası olub, əsgərlik şeiri yazmağın dadı başqadır. Sevib yazdığın sevgi şeirləri kimi. Gərək ayrılıq çəkəsən ki, həsrətdən, iztirabdan gözü dolusu, ürək yanğısı ilə şeirlər yazasan da. Guya sən yazmırsan ki?!

- Haqqında yazılır, danışılır, amma AYB-dən Prezident təqaüdü almırsan?..

- Sağ olsun görkəmli tənqidçimiz Vaqif Yusifli. Haqqımda bir neçə dəfə mətbuatda çıxış eləyib. Təqaüd almaq hamının könlündən keçir. Amma burada heç bir kriteriya nəzərə alınmırsa, heç olmasa, əlifba sırası ilə də vermək olar da. Məncə, təqaüd alan hər qələm adamı ilin sonunda yaradıcılıq hesabatı ilə oxuculara hesabat verməlidir ki, bunun halallığını qazana bilsin. Kim alırsa, məni sevindirir. Qismətimizdə varsa, biz də alarıq.

- Olsaydı nə dəyişərdi?

- Təqaüd yaxşı şeir yazmaq üçün deyil ki, yaxşı güzəran keçirmək üçün bir vasitədir. Təqaüd olsaydı, ürəyim istəyən dostlarımla bir yerdə olmağıma, yəqin ki, təsiri olardı.

Arzuların qanadlısı, qanadsızı, qəribi, tənhası

- Artıq 50 yaşın həndəvərindəsən. Nə arzulayardın?

- Arzular o qədərdir ki. Onların qanadlısı, qanadsızı, qəribi, tənhası var.

- O arzulardan hansı gerçəkləşdi?

- Elə ayrılıq çəkdim, həsrət böyütdüm, arzularımın gerçəkləşməsi üçün. Qarabağlılardan çox, mən Qarabağ torpaqlarının azad olması üçün qovrulanlardanam.

- Gerçək olmayan arzulara görə günahkar kimdir?

- Müqəddəs saydığım arzularım həyata keçmirsə, taleyi güldürməyə əlimdə nə var ki?

- Özünü ədəbi cameəmizdə harda görürsən?

- Ədəbi cameəmizdə özümü ibadət edənlər sırasında görməyə çalışıram. Gözümə yaxşı dəyən dostlara alqış deməkdən çox zövq alıram.

- Ədəbi mühütdə ədəbi məhsulu ilə görünənlər çoxdur, yoxsa əllərindən tutub yuxarı dartılanlar?

- Ədəbi mühitdə ədəbi məhsulu ilə fərqlənən Salam Sarvan, Sabir Yusifoğlu, Pərviz Cəbrayıl, Qulu Ağsəs, Ramiz Qusarçaylı, Barat Vüsal, Əkbər Qoşalı, Kəmaləddin Qədim, Dayandur Sevgin mənim üçün çox dəyərli şairlərdir. Fərqanə, Nisəbəyim, Nuranə Nur, Firuzə Məmmədli poeziyamıza düşən Günəş şəfəqləridirlər. Bunlar olan yerdə kimin əlindən tutub hara qaldırsalar da, boyunu yalnız özü görəcək.

- İndi nələrin dəyişməsini arzulayardın?

- Guya gəncliyə dəyər veririk deyə, çoxlu istedadsız gənclər irəli çəkilir, təqaüd verilir, mükafatlar verilir. Onda bu əllaməçiliyi ədəbiyyata hörmətsizlik kimi qəbul edənləri qınamıram. Bəs Emin Piri, Tural Balabəyli, Ruslan Dostəli, Şahinə Könül kimi gəncləri hansı dəyərlərlə mükafatlandırmaq lazımdır? Belə halların dəyişməyi mümkün olsa, ədəbiyyatımızın üzü gülüb, könlü açılmazmı?!

- Şeir yazmaq asandır, yoxsa müsahibə vermək?

- İstedadın, ilhamın nazını çəkməyə ilham pərin varsa, gözəl şeir yazmağın nə çətinliyi olar ki?! Yaxşı müsahibə vermək üçün, müsahibə götürənin zəhmətini dəyərləndirmək yaxşı olardı. Bu gözəllik sənə də yaraşır, əziz dostum!

Tarix
2015.05.10 / 10:00
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla