Yuxarı

“İlhamə Quliyevanı sevirəm...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İlhamə Quliyevanı sevirəm...”

Mənsurə Qaçayqızı öz dəsti-xətti olan yazarlarımızdandır. Qələmini ədəbiyyatın müxtəlif janrlarında sınayıb. Onunla bu söhbətimizdə müxtəlif mövzulara toxunsaq da, ümumən, ədəbiyyat haqda danışdıq.

 

Zəng etdim, vədələşib görüşdük. Həmişəki kimi dəqiq oldu. Salamlaşıb, əhvalı ilə maraqlandım:
 

- Nə var, nə yox, hardasan neçə vaxtdır? Görünmürsən.

 

- Evdəyəm. Hər şey yaxşıdır. Zəng etdin, göründüm...

 

- Yaradıcılıq nə yerdədir? Nədən yazırsan? Uşaq şeirlərin də son vaxtlar gündəmi tutdu. Nəyə görə bu janra üstünlük verdin?

 

- Əslində, niyə yazıram, heç özüm də bilmirəm. Şeir yazsam da, şeiri sevmirəm. Son illər hekayələr yazıram.  Bir senarimə film çəkilir. Çəkilişlər başlayıb artıq. Uşaq ədəbiyyatı isə... Bir gün baxdım ki, uşaq nağıllarım kompüterin ekranından üzümə baxır. Gördüm, 5-6 kitablıq nağıllardı. Dəqiq nə vaxt yazdığımı da xatırlamıram. Balaca oxuculara çatması üçün onları nəşr etdirmək istədim. Yəqin ki, davamı olacaq.

 

- Uşaq ədəbiyyatı bir qədər zəif olduğuna görə sən bu sahədə fəaliyyətini genişləndirmisən, deyə düşünənlər də var.

 

- Çoxları deyir... Yox, elə deyil. Bu düşüncə şəxsən mənim üçün yanlışdı. Heç vaxt yazılarımı planlı, məqsədli yazmıram. Bu gün şeir yaza bilərəm, sabah uşaq nağılı. Əvvəldən nə yazacağım bəlli olmaz... Və ya yazmaya da bilərəm. Bu da işin içindəki adamın fikri. Uşaq ədəbiyyatı isə deməzdim yaranmır, yaranır, sadəcə, öz oxucularına vaxtında çatmır. Bunun səbəbkarı isə yenə də böyüklərdi.

 

- Böyüklər  "su kiçiyindi" - deyir, amma ədəbi məhsulları oxumağa yol göstərmir?

 

- Dolayısıyla elədir. Uşaq kitabının nəşrindən sonra bunun şahidi oldum. Uşaqlar kitabı görərkən üstünə qaçır, maraqla oxuyur. Ən sevimli oyuncağı kimi bağrına basır. Amma gəlin görək, uşaqları kitab mağazasına hamı aparırmı? Uşaqlar kitabı görürmü? Uşağın pulu yox, mağazaya getmək imkanı yox... Adətən, kitab mağazasına gedən valideynlər kitab alır . Burda bir şeyi də nəzərə almaq lazımdır. Uşaqlara pul verən kimi onlar saqqız, partlamış qarğıdalı almaq üçün mağazaya qaçırlar. Kitab mağazaları yerində deyil...

 


Mən öz cəbhəmdə döyüşürəm



- Elə təkcə kitab mağazalarının az olmasıdır səbəb? Bəlkə, bu günün uşaqları sənin uşaqlıq dövrünün uşaqlarından daha çox qabağa gedib, onlara  "Ala-bula boz keçi", "Qumral tüklü quzu", "İşi oyun-moyun olan pişik" haqda yazılan şeirlər lazım deyil?

 

- Bəyəm, mən keçidən, quzudanmı yazmışam?! Heç son uşaq nağıllarında keçi, quzulardan da yazılmır. Əslində, maraqlı mövzudu. Keçini, quzunu saxlayanlar bezib ondan. Daha camaat keçi, quzu saxlamaq istəmir. Valideyn istəmirsə, uşaq oxuyarmı quzudan?! Maraqlıdı, yazmağı düşünürəm... Bu günün uşaqlarını kitabdan bir az da internet ayırır. Uşaq gördüyünü istəyir.

 

- Hə, bu başqa məsələ. Demək, internet, seriallar uşaqları vaxtından qabaq böyüdür. Ədəbiyyat da bu məsələdə acizdir.

 

- Ədəbiyyat döyüşmək üçündür həm də, "qələbə son gülənindir" - deyirlər. Ədəbiyyat adamlarına qələmi ilə döyüşmək qalır.

 

- Sən necə, döyüşürsən? Həm də kimlə, nə ilə döyüşməyə özünü hazır görürsən?

 

- Mən öz cəbhəmdəyəm. Yəni ədəbiyyat elə bir sahədir ki, kimsə kiminsə yerini tutmur. Vəzifə baxımından tuta bilər, yaradıcılıq baxımından yox. Bir qələm, bir vərəq yetər. Döyüşmək yazarın əsərlərinin gücüdür. Və yazılan hər bir əsər insanları, cəmiyyəti formalaşdırırsa, o zaman hər kəsə uğurlar. Sonda qazanan millət olacaq.

 

 

İlhamə xanımın ifasını sevirəm, şeir yazmasını isə...



- Bəzən qadınların ciddi ədəbiyyat nümunəsi yarada bilməməsindən danışırlar.

 

- Ümumiyyətlə, bütün sahələrdə belə fikir formalaşıb. "Kişilər güclüdür" -  deyirlər. Amma dəqiq yadımda deyil harda oxumuşam, belə bir fikir qarşıma çıxmışdı: Dünyanı çiyinlərində saxlayan kişiləri qadınlar dünyaya gətirib.

 

- Mənsurə xanım, indi hamı yazır. Deputat, idarə müdiri, polis rəisi, bazar sahibi, aktyor, müğənni və sair. Bu necə olur axı? Məsələn, İlhamə Quliyeva şeir yazsa yaxşıdır, yoxsa ümumiyyətlə, oxumasa?

 

- Mən o xanımın ifasını, səsini sevmişəm. Nə bilmək olar, bəlkə, şeir yazsa, daha yaxşı yazar? İlhamə xanım şeir yazırmı? Bilmirdim…

 

- Mən sözgəlişi dedim. Məsələn, onun  hansı mahnısını sevmisən?

 

- İlk ağlıma gələn "Neylərsən?" oldu.

 

- Ümumiyyətlə, bu gün şeir yazmaq istəyənlərin sayı şeir oxuyanların sayından çoxdur, səncə, hardandır bu axın?

 

- Bilirsiz, nəyi xatırladım, Faiq müəllim? Yadınızda olar, sovet dönəmində bəzi ailələrdə belə bir hal vardı. Bütün ailə çalışırdı ki, ailədən bir nəfər ali təhsil alsın, işə qoyulsun və o adam bütün ailəni, belə deyək, dolandırsın. Ailədə 5 nəfər vardısa, bir adam üçün çalışırdı. İndi, sanki, bütün ailələr çalışır ki, evdən bir yazar çıxsın. Qəribə bir haldı, sanki, bu millətə nə həkim lazımdı, nə müəllim, nə mühəndis. Məşhurlaşmaq çox asan olub. Bir-iki şeir yazdın, ya kimsə sənin üçün yazdı, internetdə paylaşdın, şair oldun, istifadə elədin məqsədlərin üçün və s... İnsan psixologiyasıdı, internet var, yayım azaddı və azadlıqdan istifadənin yolları müxtəlifdir.



Kiminsə cibinə girmirlər, oğurluq etmirlər...
 

-Demək, ədəbiyyatın durumu səni heç də razı salmır.

 

- Yaradıcı sahədə durum sabit qala bilməz. Maraqlı tərəfi, bəlkə də, rəngarəng olmağındadır. Həyəcanlı, təəccüblü və hər bir addımı bəlli olmayan. Xarakter tələb edən sahədi. İxtisasca riyaziyyatçıyam. Ədəbiyyat müəllimim deyirdi, filologiyaya get, tarix müəllimim deyirdi, tarixçi ol. Riyaziyyatı seçdim - dəqiq elm. Amma riyaziyyatdan da özüm uzaqlaşıb, ədəbiyyata gəldim. Bu gün, sabah nələr olacaq, bəlli olmaz. Ədəbiyyatın kütləvi axına qucaq açması da normaldı. Kiməsə "yazma" demək olmaz. Kiminsə cibinə girmirlər, oğurluq etmirlər, sadəcə, yazırlar. Hamı yazır... Və ədəbiyyat sonda seçir. Bizi qane etməsə də, bəlkə də, ədəbiyyatın xeyirinədi...

 

- Yaxşı, de görüm, kimə qibtə etmisən?

 

- Heç kimə... Qibtə hissi mənə yaddı. Çünki özümdən razıyam və düzü, özümü də çox sevirəm….

 

- Sevgidən söz düşmüşkən, səni sevənləri, ürəyini açanları necə acılayırsan?

 

- Bu mövzu mənim iç dünyama aid olduğu üçün hər bir halı ilə də özümə məxsusdur. Bağışlayın...

Tarix
2015.05.11 / 10:02
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla