Esmira Məhiqızı tanınan
şairlərimizdəndir. Həm orijinal fikirləri, həm də ciddi qələm
adamı kimi
oxucuları tərəfindən sevilir.
Yazıları ürəkdən tikan çıxarır, öz ürəyini isə Qarabağda qoyub
gəlib.
Danışığında, yazılarında o nisgil boy verir, dilinə
gətirməsə də,
səsində hiss olunur…
yurdsuzluğun ağrısını şeir-şeir, misra-misra çəkə bilir.
İllər öncə Rusiyaya köçmüş bir soydaşımızın ondan vətənə dönmək üçün yardım istəməsindən və
xanımın da mənə müracitə etməsindən doğan narahatlıq
söhbətimizin alınmasında əsas
faktor oldu. Görüşümüz zamanı söz sözü çəkdi,
"ömrünün ahıl vaxtlarında qürbətdə sənədsiz və
kimsəsiz qalmış birisinə nə məsləhət verək?" – deyə düşündük. Bir tərəfdən də Şuşanın işğal
gününün
ağrısı vardı hər ikimizin
içində. Xeyli fikrə getdi və mən diktofonun "start" düyməsini basıb, sual etdim:
- Esmira xanım, nə fikirləşirsiniz?
- Çox şey...
- Ən çox... bax, bu dəqiqə…
- Bu dəqiqə Şuşa haqda fikirləşirdim, amma indi mənə yazıb kömək
istəyən o qəribi də düşünürəm. Deyirəm, axı niyə bizim oğullarımız
bu günə düşür?
- Hə... Sizcə, Şuşa da qəribdi, yoxsa təkcə
şuşalılar?
- Şuşa çox qəribdi, həm də şuşalıların qürbətində.
- Necə düşünürsünüz, sizdən kömək istəyən qürbətdəki
soydaşımız və digərləri yurdlarımızın qürbətə düşməsində günahkar
deyil ki?
- Bizim qürbətimizdə qərib şəhərlərimiz var. Bizim oralarda da
yaman günlü qəriblərimiz çoxdur. Çoxları da öz ağıllarının
ucbatından o gündədir. Bəziləri də həyatını uduzanlardı.
Xatirələrin qürbətində yaşayır hamı
- Dənizlərin dəniz olmadığı
vaxtlardan,
ağacların ağac olmadığı,
buludların bulud olmadığı...
bir də adamların mələk olduğu vaxtlardan
danışıram, – deyirsiz. Çoxmu
qayıdırsınız keçmişə?
- Hər gün o günlərdəyəm... və indi görürəm ki, dəniz dənizdi,
ağac ağacdı, payız payızdı, amma onda qış da yaz idi...
- Qürbətdəki adamlar kimisiniz. Bəs
adamlar?
- Xatirələrin qürbətində yaşayır hamı… Onda adamlar da mələk
idi, indi hamı dəyişib.
- Məsələn, siz necə, dəyişmisiniz?
- Anam deyir, dəyişməmisən, amma hiss edirəm ki, dəyişmişəm.
Həyat adamı bir az sərt edib, bir az da alışqan. Yəni hər şeyə
alışırsan.
- Yəni ananız sizin mələk kimi qaldığınıza əmindir, siz
isə yox? Mələklər sərt ola bilir?
- Anam bəzi cığallıqlarımı deyir... Ola bilər. Həm də anamı
görəndə elə bilirəm hələ də uşağam.
Rahatlıq da üşüdür adamı
- Silinmiş bir şeirin xatirəsi
kimi...
gözümə qaçır içində quşları gecələməyən yuvaların
kədəri", - deyirsiniz, sizin gecələdiyiniz
"yuva" necədir?
- Çox soyuqdur... O qədər yuvasız qalan adamlar tanıyıram ki…
Hərdən rahatlığımdan utanıram və üşüyürəm. Rahatlıq da üşüdür
adamı…
- Amma içində kədər olan bir evin də həsrətini
çəkirsiniz, demək, rahatlığınız heç də dediyiniz kimi
deyil.
- Ev də, ailə də, yan-yörən də... yerində ola bilər, amma adamın
içi yerində olmayanda, rahatlıq tapmır. Əsas iç rahatlığıdır... o
da yoxdur.
- "Bıçaq şeirə dirənir", - demisiniz. Həmin anda
gizildəyən ürəyiniz olur, yoxsa sümükləriniz?
- Ən çox ruhum gizildəyir. Hərdən elə bilirəm ki, ruhum ağrıyır.
Bəlkə də, ruh xəstəsiyik, bilmirik.
Bizim şəhərləri edam etdilər
- Ağdam yuxunuza necə gəlir? Ağ damları ilə, yoxsa qara
günləri ilə?
- Arada Ağdamı da, Şuşanı da, Xocalını da görürəm yuxuda. Ən
gözəl günlərim oralarda keçib. Düzdür, Bakı mənim xəyallarımın
şəhəri idi, amma xəyallara da yol oralardan başlayıb. Biz o yolları
itirmişik. Vətən yollarını...
- "Ölümü intihar edənlər seçir, yerdə qalanları ölüm özü
seçir"... Şeirinizdə demisiniz bunu. Adını çəkdiyiniz şəhərlər
intiharı seçmədi ki?
- İntihar həmişə məcburiyyətdən doğur. Amma bizim şəhərləri
ermənilər edam etdilər. Ruhumuzu da edam etdilər... nə bilim, bəlkə
də, ruhsuzuq indi.
- Şeirlərinizdən kədər yağır, "Gözümüzün çəkdiyi yollar
da bağlıdır" yazırsınız. Deyin, gözünüzlə çəkdiyiniz yollar sizi
edam olunmuş yerlərə apara bilirmi, yoxsa o yollar da bağlı
olur?
- Vallah, elə deyirlər, amma şeirlərimdə sızıltı, dilənçi kədər
görmürəm. Yaşadıqlarım və yaşamadıqlarımın kədəridi. Hərdən o
kədəri də utancaq görürəm, çünki bəzən suyun üzündəkiləri
yazıram... Yəni yazmadıqlarımı yazmağa qıymıram.
- "Yazmadıqlarımı yazmağa qıymıram" – deyərkən nəyi
nəzərdə tutursunuz?
- Kədəri kədər kimi, sevgini sevgi kimi, hər şeyi olduğu kimi
yazmaq olmur. Bəzi yazmadıqlarımı da özüm üçün saxlayıram. İnsanın
güzgüdə danışmağa bir sözü olmalıdır özünə. Bu sözü həm güzgüyə,
həm suya, həm kölgənə, həm də özünə deyə bilirsən. Səndən başqa onu
heç kim bilmir, bu əladı. Elə xatirələr var ki, salıb sındırmaqdan
qorxuram. Elə bilirəm ki, kimsə bilsə, o gözəllik itər. Gözəlliklər
var, gözəlliklər, həm də necə...
Həmişə arxa sıralarda oturmuşam
- Yazar olaraq ətrafınız necədir?
- Təkəm... Yəni elə bir dairəm yoxdur. Arada Fərqanə ilə
zəngləşirəm, bir də bir-iki qıza yazıram. Heç kimlə yaxın
münasibətim yoxdur. Bu barədə bir az çəkinirəm, əlaqə qura
bilmirəm, bacarıqsızam.
- Bu, nədən irəli gəlir? Özünə qapılmadan, yoxsa
dedi-qodu, söz-söhbət, gündə kiminsə adına hansısa sözün çıxması
sizi çəkindirir?
- Xeyr, bu mənim xasiyyətimdir. Bir yerə gedəndə də istəyirəm
ki, varlığım bilinməsin. Həmişə arxa sıralarda oturmuşam, üzdə
olmağı sevmirəm, elə bilirəm ki, o "üzdə" bir pafos var. Pafosdan
xoşum gəlmir. Mənimki o çöllər, o uşaqlar, o atlar, o kəhrizlər
idi...
- Bəs həyatda kimlərlə əhatələnmisiniz?
- Qohum-əqrəba, qonum-qonşu, uşaqlarım, yoldaşım, doğmalarım...
bir də xatirələr, bir də xəyallarla...
Dəyər indi istedadsızlar üçündür
- Bəs ədəbi mühitə münasibətiniz necədir?
- Ədəbi mühiti sevirəm... və sosial şəbəkədə elə bilirəm ki, o
mühitdəyəm. İnternet möcüzədi... real möcüzə. Hərənin bir zövqü
var. Zövqümcə və ürəyimcə olan yazılar çoxdur. Eləcə də, çox
istedadlı yazarlar var.
- Sizcə, istedadlılarımız öz dəyərini ala
bilibmi?
- Zənnimcə, dəyər indi istedadsızlar üçündü. İstedadlılar
başlarını aşağı salıb, yazılarını yazırlar. Yazmaq da gözəllikdi
axı. Onlar bu gözəllikdədir, amma istedadsızlar bu gözəllikdən
uzaqdılar, ha dəyər versinlər. Bir yazının yazmaq ləzzətini
istedadlılar kimi duya bilməzlər.
AYB-ni elə xəstə insanlar üçün talan
eləmişdim
- Bir çoxları AYB-ni ittiham edir. Bəziləri haqq
qazandırır, digərləri isə ortalıqda gözləmə mövqeyindədir. Kim
haqlıdır?
- Müzəffər Şükür ağır xəstə idi, bunu mənə Şahinə Könül dedi.
Dedi ki, dərman almağa pulu da yoxdur, yataqdan qalxa bilmir.
Müzəffər Şükürü şəxsən tanımıram, amma öyrəndim ki, "Yazıçı"
nəşriyyatında işləyib, AYB-nin üzvüdür. Nə isə, durub getdim
AYB-yə. İlk dəfə Fikrət Qocanın qəbuluna girdim və ilk dəfə bu
şairi gördüm. Müzəffər Şükürün vəziyyətindən hali elədim onu. Qulaq
asdı və mənə dedi ki, Allah kömək olsun. Dedim, bəs siz? Dedi ki,
bizim heç nəyimiz yoxdur kömək etməyə. Mən də durub geri qayıtdım
və yol boyu düşündüm ki, əgər o səlahiyyətlər məndə olsaydı, yəqin
ki, AYB-ni elə xəstə insanlar üçün talan eləmişdim, lap elə Şaiq
Vəli üçün də. Sonra Müzəffər Şükür öldü. Çox pis oldum. Bir müddət
vicdan əzabı çəkdim, bəzilərinin yerinə vicdanım ağrıdı.
- Elə Şaiq Vəli də ağır xəstəlikdən dünyasını dəyişdi,
amma ona son anda ev verdilər.
- Məncə, belə olmamalıdır, diqqət lazımdır, qayğı lazımdır,
insanlıq lazımdır. Çünki heç kim bilmir başına nə gələcək, imkanın
varsa, kömək elə…
- Amma bəzən diqqət gözlədiyin bir adamın, qurumun da
diqqətə ehtiyacı olur. Amma umuruq və bilmirik ki, o nə
çəkir...
- Biz beləcə itiririk dəyərlərimizi. Öləndən sonra tərifləyirik.
Bu, kimə lazımdır? Mən turist gəzintisindən danışmadım, ölüm
ayağında olan birindən söz açdım. O an kömək lazımdır... Həm də
söhbət ölüm ayağında olan şairdən gedir.
- Demək, etinasızlıq hər tərəfi bürüyüb. Məşhur "Kanal
döyüşü"nün iştirakçısı, sizin yol yoldaşınız və qəhrəmanınız olan
zabitin dediyi kimi...
- Bəli, o da ölümə məhkum idi. Çox ağır xəstəydi. Həm də çox
kasıb idi.
Biz işıqlı ola bilmirik
- Necədir indi vəziyyət, gözlərimizin çəkdiyi yolların
işıqlı zamanını görə biləcəyikmi?
- Şükür ki, Günəş var. Zamanı da işıqlandırır, yeri də, göyü də.
Amma bu göyün altında biz işıqlı ola bilmirik. Bilmirəm niyə -
vəziyyətmi, soyuqluqmu, zəmanəmi bizi bu günə salıb, bilmirəm. Amma
əvvəllər... Əvvəllər hamı işıqlı idi. Biz elə "hər şey sonra daha
yaxşı olacaq" şüarı ilə yaşadıq. Heç demə, sonraların əvvəlləri
gözəl imiş.
- Köhnə yurdun qədrini təzə yurdda bildiyimiz
kimi...
- Elədir, nə hava o havadır, nə su o su, nə həyat o həyat.
Gözlərin dərinliyinə baxsan, kədər mütləq var, amma o zamanlar
bizim gözlərimizin dərinliyində sevinc aşıb-daşırdı. Bəlkə, bu mənə
elə gəlir... Amma deyəsən, eləydi.
- Esmira xanım, sizin ən böyük arzunuz nə olub bəs?
Gerçəkləşibmi o arzu?
- Həəə...ən böyük arzum olub. O vaxt dedilər ki, 10 ildən sonra
ölümün dərmanı tapılacaq. Mən də hər gün Allaha yalvarırdım ki, 10
ilə nənəm ölməsin, o da o dərmandan atsın. Bu, bəlkə də, həyatda ən
böyük arzum olub. Elə bilirdim ki, nənəm ölsə, yaşaya bilmərəm.
Amma ölümün dərmanı tapılmadı və nənəm öldü. Mənsə ölümlərə
alışdım. İnsan nəyə alışmır ki?!
- Bəs bir şair olaraq arzunuz nə idi və ona çatmaq
müşkül oldumu?
- "Şair" o qədər böyük kəlmədir ki... və şair olmaq ondan da
böyükdür. İndi bircə arzum var, o çölləri, o yerləri, o ocaqları,
Qarabağı özümüzə qaytaraq. Bu, ən böyük arzumdur, bundan böyük
arzum yox.
- Allah arzunuza çatdırsın.
- Amin!