Yuxarı

“Üzeyir bəy repressiyadan belə xilas oldu...” – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Üzeyir bəy repressiyadan belə xilas oldu...” – Video

90-cı illərdə mənə elə gəlirdi ki, televizor təkcə AzTV-yə baxmaq üçün bir alətdir. İndi başımı yaddaşımın 90-cı küncünə qoyanda yadıma 2-3 kadr düşür: "Sehrli güzgü", zamanın xaosu və "Fəryad" filmi. "Fəryad" bağıra bilməyən bir uşaqlığın səsi idi. Qarabağ savaşında təkcə fəryad ölmədi. Bəzi evlərdə kişi öskürəyi öldü. Bəzi evlərdə külqabı yetim qaldı. Bəzi evlərdən uşaqlıq getdi. Sonra Çingiz Mustafayevin "Üzünü... üzünü qaldır... qaldır üzünü", - dediyi xalq, nəhayət ki, başını qaldırdı, dünyaya baxmağa başladı. Bu dəfə dünyaya "Fəryad"ını da duyura bildi, hələ üstəlik, muğam fəryadını da...

Muğam mədəniyyətin azanıdır

Axar.az-ın budəfəki qonaqları bu yolun zəvvarları – xanəndə Zeynal Əhmədov, tarzən Şamil İsmayılov və kamançaçalan Cahandar Mikayılovdur.

İlk sualımız elə 90-cı illərin televizorları ilə bağlı oldu:

– Necə düşünürsünüz, indiki dövrdə telekanallar muğama çox yer verir, ya təxminən, 15 il əvvəl? Yəni xarici kanalların ekranımıza ayaq açması muğamı sıradan çıxartmayıb ki?

Şamil İsmayılov: Əslində, indi muğam daha çox təbliğ olunur, daha çox işlər görülür. Məsələn, muğam müsabiqələri keçirilir. Düzdür, o illərdə muğam konsertləri televiziyada tez-tez yayımlanırdı, ancaq indi təşkil olunan müsabiqələr, qastrollar bu sahənin diqqətdən kənarda qalmadığını göstərir. Gənclərimiz də görür ki, bu sənətdə olan ustadlar, ağsaqqallar qiymətləndirilir, böyük dəyər görür. Elə buna görə də onlar bu sənətə üz tutur, həvəslə bu yola can qoyurlar. Muğam bu dəqiqə dövlətin diqqətindədir.

Zeynal Əhmədov: Bizim vaxtımızda heç belə müsabiqələr təşkil olunmurdu. İndi gənclərin işi daha asandır. Üzə çıxmaq üçün çox əlverişli şərait yaranıb. Onlar da bundan yaxşı mənada istifadə etməyi bacarırlar. Aralarında da xeyli istedadlı ifaçılar var.

Tarzən Şamil müəllim sovet dövründə muğama qarşı tətbiq edilən gizli senzuradan danışır, Üzeyir Hacıbəyov haqda çox ciddi detalı açıqlayır. Bu haqda bir qədər sonra...

"Zeynal müəllimdə qəribə bir ruh var ki, bu, yalnız ona məxsusdur. Başqa heç kimdə rast gəlməmişəm buna. Onun səsində bütün ustad sənətkarlarımızın səsinin toplusu var. Onun səsində qədimilik var. Zeynal müəllimin səsi çox qədimdir", – deyən Şamil İsmayılov həmkarını ustad sənətkarlarla da müqayisə edir. Sənətkarın bu etirafından sonra ədəbi çevrədə bir-birini parçalamağa çalışan "badə dostları" yadıma düşür... Soyuq müharibə əzəli musiqimizdən yan keçib. Burada tar səsi, kamança səsi atom sədalarını batırıb. Burda sənət danışılır, dedi-qodu yox. Məncə, əsil musiqi Allaha daha tez çatır, nəinki insan duaları. Deyəsən, Zeynal Əhmədov da belə düşünür:

"Muğam ilahi vergidir. Bu, həqiqətən, Allahdan gəlir. Biz buna "təb" deyirik... "Təb" ərəb sözüdür, "qızışma" deməkdir. Elə bu "qızışma" da ilahidən gəlir. Təb olmadan oxuyanda adamın səsi çox bəsit alınır".

Şamil İsmayılov beyninin ensiklopediyasından növbəti səhifələri önümüzdə açır:

"Məşhur bir musiqişünas olub. Onun iki əsas kitabı var. Birincisi, nəzəridir – muğam nəzəriyyəsi. İkincisində isə notlardan söz açır. Son səhifədə yazır ki: "Sən bu kitabı oxudun, indi görək bu kitabdan bir şey hasil edəcəksənmi?" Əlbəttə, musiqi ilahi sənətdir. Burada tək nəzəri biliklə ortaya nəsə qoymaq olmaz. İstedad bacarığı ən yaxşı kitabdır, nəzəriyyədir. "Hər oxuyan Molla Pənah olmaz", – ­ deyirlər. Yaxşı sənətkar olmaq üçün musiqi duyumu əsas şərtdir. Bir də görürsən ki, toyda bir hava çalınır, amma oynayan ritmə düşə bilmir, ayaqlarını düz atmır. Demək, bu adamın musiqi duyumu zəifdir. Belə insanlar hansısa alətdə nəsə ifa etməyi bacararlar, amma ciddi bir musiqi əsəri yarada bilməzlər".

"Muğam başqa sənətlərə də ilham verib"

Tarzən Şamil İsmayılov deyir ki, muğamın müalicəvi funksiyası var. Qədim risalələrdə bu haqda kifayət qədər yazılıb: hansı muğam hansı xəstəliyi müalicə edir. Muğamların hamısının emosional təsiri var. Məsələn, rast muğamında müdriklik , çahargahda döyüş əhval-ruhiyyəsi var. Muğam türkləri döyüşə hazırlayan musiqilərdən olub. Qədim zamanlarda hər məclisin öz muğamı var idi. Kişi məclisi üçün də, qadın-uşaq məclisi üçün də, zadəgan məclisi üçün də... Hətta yaş təbəqələrinə görə muğamlar var imiş. Muğam təkcə məclislərə yox, başqa sənətlərə də sirayət eləyib. Məsələn, rəssamlığa... Bildiyimiz kimi, yeddi ana səs var. Eləcə də, yeddi rəng var – göy qurşağı rəngi. Hər səsin özünə uyğun rəngi var bu sənətdə. Ona görə də rəssamlar da çox cəhd edirlər ki, muğamları əsərlərində göstərsinlər.

– Zeynal müəllim, siz, demək olar ki, hər adamın cəsarət etmədiyi bəzi mahnıları – "Alma almaya bənzər", "Neyçün gəlməz"i yüksək səviyyədə ifa etmisiniz...

– Hərdən adam istəyir ki, gücü çatmayan işi də görsün. Bu mahnılar da zil mahnılardır, bunu hər adam oxuya bilmir. Mahnı ruha dəyməlidir, insana təsir etməlidir. Adlarını çəkdiyiniz mahnılar da mənim ruhuma toxunub, ona görə oxumuşam. Bu, daxildən gələn bir istək idi. Başqa xalqlar da istəyir oxusun, amma onlarda o qədər də qüdrətli alınmır. Məsələn, elə bədnam qonşularımız ermənilər. Onların muğama olan iddiaları mənasızdır, əsassızdır. Bunun bir çox səbəbləri var, ciddi arqumentlər də gətirə bilərik. Birincisi, ermənilərin diksiyası, tələffüzü muğama uyğun gəlmir. Əruz vəzni onların dilinə oturmur. Şeirdə erməni dilinin əruz vəzni imkanları yoxdu axı.

Zeynal Əhmədov tarixə söykəndikcə söhbətin məcrası bizi itirilmiş əlyazmalara gətirib çıxarır:

"Hazırda 40 muğamdan cəmi 9-u qalıb. Yavaş-yavaş yonub itiriblər. İndi heç cür onları bərpa etmək mümkün deyil. Təkcə adları qalıb, nə bir sənəd, nə bir səs yazısı günümüzə gəlib çatmayıb ki, o muğamları bərpa edə bilək".

Şamil İsmayılov: "Sovet dövründə muğam, kamança, tar, saz ifa edən sənətkara kənardan "Tez elə, tez bitir", – deyirdilər. Sənətkar da məcbur olub tələsir, sürətlə ifa edirdi. Bax, belə-belə muğam getdikcə sürətlənib. 100 il əvvəlin muğamı ilə indiki muğam arasında fərq var. O vaxtlar daha asta-asta ifa olunurmuş".

Daha sonra o, Üzeyir Hacıbəyovun da SSRİ-nin repressiya caynağına ilişdiyindən və ümumiyyətlə, muğam sənətinin çərçivələrə salındığından söz açır:

"Muğam milli ruh aşılayırdı. Buna görə də bu sənət Sovetlərə sərf eləmirdi. Elə Üzeyir bəyin özünə də təzyiqlər olub. Məsələn, o, məqalələrində yazır ki, bizim səs sistemimiz Şərq səs sisteminə daxildir. Yəni təbiətdən gələn təbii səslərə aiddir (hazırda isə dünyada süni səs sistemi hökmranlıq edir). Əlavə edirdi ki: "...segah pərdəsi piano ilə uyğun gəlmir. Çünki piano süni səsdir, muğam isə təbii səs". O, sonrakı yazılarındasa bunu danır. Çox güman, ona ciddi təzyiqlər olub, sonradan məcbur qalıb fikrini dəyişib. Bəzi adamlar deyirlər ki, Üzeyir bəyi repressiyadan elə bu xilas edib. Amma onun tez rəhmətə getməyində də bir müəmma var. Sovet hökuməti millilik istəmirdi. Muğamda da ilahilik var axı. Sovet quruluşu da dini qəti şəkildə rədd edirdi. Buna görə də muğam sıxışdırılır, sənətkarlar təzyiq görürdü. Ərtoğrul Cavid də repressiyaya məruz qalıb. Onun muğamlarımız haqda yazdığı kitablar o vaxtlar qadağan edilmişdi. O kitablarda xeyli dəyərli məlumat var".

Tarın, kamançanın susduğu, "kalaşnikov" avtomatının ifa etdiyi bir dövrdən güllə yarası almaqla canını sağ qurtara bilən muğam indi özü də bilmədən oynaq, yüngül mahnılarla soyuq müharibə şəraitində yaşayır. Amma bir reallıq var: bir zamanlar gündəmdən düşməyən şou mahnıları indi tək-tük evlərdə maqnitofonlarda can verir. 50 il əvvəlin muğamı isə indi də 5 yaşlı körpə kimi sevilir.

Tarix
2015.05.15 / 09:47
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla