Sabir Rüstəmxanlı bu gün
ömrünün 69-cu baharını yaşayır. Yaşının 70-nə gedən yola bir addım
– bir gün qalmış onunla görüşdüm. Sədri olduğu VHP-dəki iş otağında
idi. Əslində, fikrim onu kabinetdən uzaqlaşdırmaq, təbiətin
qoynunda söhbət etmək idi. Lakin ad gününə 1 gün qalmış onu təbrikə
gələn dostlarının və müsahibə götürmək istəyən jurnalistlərin
çoxluğu bu fikrimizi gerçək etməyi sonraya saxladı. Deyəsən heç özü
də bunu istəmirdi, qabaqcadan danışılsaydı, yenə də...
Nə isə diktofonun "start" düyməsi sıxıram.
Yaşa dolduğunu, qocaldığını, finiş
xəttinə...
- Sabir bəy, 70 yaşın həndəvərində özünüzü necə hiss
edirsiz?
- Ən əsas odur ki, inanmıram 70-ə yaxınlaşdığıma. Yaş adamın
sirrini açır. Görünür, elə bu dünyanın və insan həyatının
sirlərindən biri də budur ki, insan yaşa dolduğunu, qocaldığını,
finiş xəttinə yaxınlaşdığını heç vaxt hiss eləmir.
- Finiş nədir, maşallah 69 yaşında starta dururmuş kimi
görünürsüz. Amma deyim, sizin cavanlıq illərinin yaradıcılığında
qocalığı və ahıllığı daha çox görmək olar, nəinki son
dövrlərin.
- "Ədəbiyyat qəzeti"nin sonuncu sayındakı şeirlərimi oxudun?
- Yox, alaram..
- Hə, al bax. Orda "Ad günüm" şeirində deyirəm ki... yox,
yaxşısı budur, al oxu. Doğrusu, mən hər il bu günlər şəhərdən
çıxıram. Suallar çox olur, müsahibə götürürlər, qalıb bu məsələ
haqda danışmaq istəmirəm. Hər beş ildən bir yaradıcılıq günü
keçirdirəm. 60, 65 yaşlarımda da olub, gələn il də 70 yaşımın
tamamında olacaq.
- Elə bu il də o baxımdan aktiv olduz. Siyasətdən çox
ədəbiyyatın içində göründünüz.
- Təhsil nazirinin düşünülmüş və ölkənin ümumi təhsil sistemi
üçün çox ciddi xeyirli nəticələri ola biləcək bir sərəncamı var.
Məktəblərdə bədii ədəbiyyatın, kitabın, kitab oxumağın əhəmiyyətini
göstərən yaradıcı adamlarla görüşlərə rəvac verən bu sərəncama
uyğun olaraq da görüşlər keçirilir. Son vaxtlar məni bir neçə
görüşə çağırıblar. İkisində də sən iştirak elmisən. Məncə, bir az
unudulmuş ənənədir və o ənənəni bərpa eləmək lazımdı.
Çınqı düşər insanın ürəyinə
- Yadıma gəlir, həm televiziyada göstərilən, həm də
ayrı-ayrı müəssisələrdə bir neçə şairi dəvət edib görüşlər
keçirilirdi. O dövrün görüşləri ilə bu görüşlər arasında fərq hiss
olunur?
- Balaxanıdakı 259 saylı məktəbdəki görüşü çox bəyəndim.
Şagirdlərin fəallığı elə mənə həmin illəri xatırlatdı. Verdikləri
suallar da maraqlı idi. Hiss olunur ki, məktəbin direktoru,
ədəbiyyat müəllimləri özləri müasir ədəbiyyatla ciddi maraqlanır,
uşaqlara da onu aşılaya bilirlər. Şeirləri də çox gözəl oxudular.
Elə məktəblər də var idi ki, görürdüm, şagirdlərin müasir
ədəbiyyatla əlaqələri üzülüb, əlaqə yoxdur. Millət istedadlı
millətdi. Onlara sadəcə ədəbiyyatı sevdirmək lazımdı. Sevdirsən,
bir çınqı düşər insanın ürəyinə və sonra o çınqı alova dönər, bir
daha sönməz. Ədəbiyyat sevgisi, kitab sevgisi belədir, ilk addım
atılır, sonra qalanını uşaqlar özləri idarə eləyirlər.
Ortada bir məğlubiyyət var
- Ədəbiyyata, ötənlərlə müqayisədə maraq bir az
azalmışdı, amma "heç vaxt maraq olmayıb" demək də olmaz. Kitaba,
şeirə, ədəbiyyata dəqiq və gözəl bilirsiz ki, sevgi heç vaxt
azalmayıb. Vətənpərvərlik ruhunda yazdığınız əsərlərdən yaranan
sevgi niyə axı indiki zamanda oxucularımızda vətənə olan sevgini
əvvəlki kimi qabarıq göstərə bilmir?
- Ortada bir məğlubiyyət var. Qarabağ savaşını müvəqqəti də
olsa, uduzmağımız var. Mən bunun hesabatını özümə verirəm.
Fikirləşirəm ki, mən "Ömür kitabı"yla gənclərin və o nəslin
vətənpərvərlik duyğularını, deyək ki, zirvəyə qaldırdım və onlar da
məni bir millət sevgisinin zirvəsinə yüksəldib. Tək-tək adamlar o
qədər kütləvi bir sevgi qazanıb ki... 7-dən 70-ə hər kəs səni öz
böyüyü, övladı, qardaşı, yaxını kimi qəbul eləyir. Amma bunun
sonrası, yəni verdiyimiz o atəş nəticə etibarı ilə o hadisələri
gətirdi, Azərbaycana müstəqillik qazandırdı. Əslində, orda da
ədəbiyyatın böyük rolu var. Amma sonra bir məğlubiyyət, torpaq
itkisi və bizdən sonrakı nəsillər bütün bu itkilərdə bizi də
günahkar sayır. Valideyn kimi, böyük kimi, o vaxtın siyasi
həyatında rolu olan meydan hərəkatının liderləri, təşkilatçıları, o
vaxtki mətbuat orqanının başçısı kimi və nəhayət millət vəkili kimi
bütün bunların hamısı nəticəyə hesablanır da. Nəticə etibarıyla biz
uduzmamışıq, deyək ki, Rusiyanın yardımıyla Ermənistan bizim
torpaqlarımızı müvəqqəti olaraq işğal eləyib. Bu, nəticə deyil,
nəticə sonra görünəcək. Amma hər halda qisa müddətdə olsa da,
ortada belə bir reallıq var. Reallıq bütövlüklə ədəbiyyata olan
marağı azaldır.
- Rusiyanın və yaxud digər ölkələrin köməyi ilə
Ermənistanın bizi üstələməsini necə izah etmək olar
bəs?
- Bu, Rusiyanın siyasi-coğrafi strategiyasi, bir coğrafi yolu
var ki, bunun kökü, təməli çox dərindədir. Bunun təməli I Pyotrdan
gəlir. Onlar ermənilərə həm özlərinin din qardaşları, həm də siyasi
müttəfiqləri kimi baxır. Cənubi Qafqazda Ermənistan Rusiyanın
etibarlı dayağıdır. Azərbaycan nə qədər ürəyini versə, sərvətini
versə,- verib də,- Sovet dönəmində müharibəni bizim neftlə udmuşuq,
buna baxmayaraq, erməniyə münasibəti bizdən fərqlidir. Sırf din
amili var. Amma görünür, orda da müəyyən bir şeylər var.
Ermənistana bir balaca da islam dövlətinin arasında qalmış bir
region kimi baxırlar. Bir azca da incidilmiş. Azərbaycan isə Qacar
tayfalarının idarə etdiyi indiki İran kimi nəhəng bir dövlət idi.
Rusiya ilə daimi savaşıblar.
200 il tarix üçün nədir ki?
- 200 il qabaq Rusiya və İran arasında Türkmənçay,
Gülüstan müqaviləsi bağlanıb, torpaqlrımız parçalanıb, bu millət
elə uduza-uduza gedib, amma siz həmişə millətin böyüklüyündən
danışırsız. Son iki əsrdə ancaq uduzuruq. Qabaqlar da qələbələr
sual altda olub.
- Nəticə etibarı ilə bütün fəthlərin və bütün işğalların sonu
ondan imtinadır. Bütün imperiyalar böyük sərkərdələrin idarəsilə
qurulub və bütün imperiyalar dağılıb. Çingiz xanın imperiyası da
dağılıb, min ilin qəhrəman sərkərdəsi idi. Əmir Teymurun imperiyası
da elə. Şah İsmayıl Xətainin və Osmanlı imperiyası, Avropa
imperatorluqları da dağılıb. İngilislər az qala dünyanın yarısını
işğal etmişdi. Və bu dağılmaların çoxunun nəticəsində heç nə
qalmayıb. Atatürk Türkiyəni milli dövlət olaraq xilas elədi.
Azərbaycan türkləri türklərin bir parçası olaraq çox böyük bir
coğrafi ərazidə yerləşib və burda sərhədləri müəyyən eləmək
çətindir. Biz ümumi bir sülalə dövləti kimi çox böyük bir nüfuz və
güc sahib olmuşuq. Atabəylər zamanında da, Səfəvilər zamanında da
titullu xalq Azərbaycan türkləri olub. Amma sonra bu hümmətçilik,
islam düşüncəsi xalqlar arasındakı sərhədi əridib elə bir siyasətə
gətirib ki, bizim ucun o milli sərhədləri dəqiqləşdirmək çətin
olub. Bu 200 il imperatorluq səviyyəsində olan böyük dövlətimizi
itirmişik, amma milli dövlətimizin balaca bir hissəsində şərqdə ilk
demokratik dövlət qurmuşuq. 10 milyonluq Azərbaycan türkünün dünya
dövlətlər birliyində yeri olan bir qurumu, respublikası var. Bu o
ümidi doğurur ki, yerdə qalan ətrafdakılar da tədricən milli
varlıqlarını qorumq uğrunda mübarizələrini davam etdirəcək. Həm də
200 il tarix üçün nədir ki? Bir anlığa daha böyük zamanda yaşamış
xalqları və millətləri düşünə bilərik. Mənim bir şeirim var: "Bu
mənim xalqım deyil". Ağacları götürək, xəstəlik vurur, yayın
ortasında da yarpaqlar tökülür-filan, amma ağac özü qurumur. Bu gün
bizim millətimizin təəssüf ki, üstündən bir ruzigar əsib keçib.
Xəyanət ruzigarı, böyük dövlətlərin savaş ruzigarları, bizi bölmək,
məhv eləmək istəyən düşmən qüvvələrin bütün xəyanət ruzigarları
hamısı başımızın üstündən əsib keçib. Və bizim millətin həmin ağac
kimi gövdəsi yerindədir. Bir yaz gələcək və təzədən bu ağac
yarpaqlayacaq. Ən qorxulusu, o ağacın kökdən qurumasıdır. Amma
bizim millət ağacımız heç vaxt kökdən qurumaz. Çünki bu türk
milləti dünyanın kökündən, başlanğıcından gəlir və inanıram ki,
sonuna kimi də gedəcək. Əgər bu insanlıq, bəşəriyyət ayrı bir
qalaktikadan, qalaktikanın ayrı bir planetindən gəlibsə, biz oradan
gəlmişik. Yox, burda hər hansı bir torpaqdan yaranıbsa bu
bəşəriyyət, demək, biz bu torpağın ilk məhsullarındanıq. Mən buna
inanıram. Çünki başqa şeyləri bir kənara qoyuram, riyazi
hesablamalar belə bunu göstərir. Dilimizin qrammatik kamilliyi,
dəyişilməz surəti kimi "Dədə Qorqud"un 1300 il yox, bəlkə də 2300
il tarixi var. O, eramızdan əvvəl bəlkə də 6 əsrdə saq dövlətində
başlamışdı. 10-cu-7-ci əsr arasında o boyda dil fərqi ola bilməzdi.
Mən "Göy Tanrı"nı yazmışam, miladdan öncə 7-ci, 6-cı əsrin
tarixidir və "Dədə Qorqud"u təxminən o dövrlərə bağlayıram. Bir də
ki bizim tariximizi, türklərin tarixini neçə min ildir
saxtalaşdırmaqla məşğuldurlar. Gözümüzün qabağında indiki tarix
saxtalaşdırılır. Tarixlər təəssüf ki, yazılmır. Bununla belə,
türklüyə bütöv baxıram və Azərbaycanı da onun bir qanadı kimi
görürəm.
- Sabir bəy, gəlin qəfildən dağdan dərəyə enək: axırıncı
dəfə özünüz üçün nə vaxt çay dəmləmisiz?
- Bağa gedəndə, bir neçə gün bundan əvvəl.
- Qıraqdan özünüz-özünüzə bu Sabir Rüstəmxanlıdı, Türkün
böyük oğludur, demisiz?
- Mənim içimdə elə bir kompleks yoxdur. Küçəyə çıxanda, camaatın
arasında olanda, görüşlərə gedəndə, tək başına bazara gedəndə özümü
Azərbaycanın siravi vətəndaşı hesab eləyirəm. İnsanların: ay siz də
bura gəlmisiz? - deməsi, bu münasibətlər məni sıxır. Kənddən necə
gəlmişəmsə, çalışmışam həmin saflığı, həmin səmimiyyəti, həmin
utancaqlığı, həmin sevgimi, adamlarla könüldaş olmaq qabiliyyətimi
qoruyub saxlayım.
Bir sira xətalarım şüurlu olub
- Sizin "Xətai yurdu" kitabınızda gənclik illərinizin
"xətaları" da yer alıb. Sevgi dolu məktublar və sair... İndi o
məktublar tükənib, yoxsa "narahat" edənlər olur?
- İnsan xətaları, əgər normal insandırsa, ömrü boyu davam
eləyir. Təbii ki, o illərdə mənim bir sira xətalarım şüurlu olub.
İlk gənclik illərimdə yaşadığım, gördüyüm əziyyətlərin bir növ
qisaslarını almaq üçün. Amma qalanı məndən asılı deyil. Talehin
gətirdiyi xətalar olub. Heç kim istəməz ki, bir yol qırılsın, başqa
yol başlasın. Amma bunlar elə bir yerə gəlir, yol elə bir yerə
dirənir, məcbur olub ikinci yolu açırsan. Sən dağlarda yaşamamısan,
sən Cəlilabad dağlarından başqa dağlar görməmisən, bilməzsən, -
gedirsən, görürsən, cığır qayaya dirənib, fırlanırsan, ya altından,
ya da böyründən keçirsən. Ya da bostana bir su arxı çəkirsən, hər
yerdən rahat gəlir, bir də görürsən, hardasa yeni yol açdı
özünə...
- Sizin doğulduğunuz Hamarkənd də elə dağlıq yer deyil,
ətrafla müqayisədə hamardır.
- Hamarkənd o dağların arasında nisbətən balaca meydan kimidir.
Amma deyim ki, yəhərə oxşayır. Bir tərəfindən Qara çay, o biri
tərəfindən də Ağ çay axır. Arxasından da Qoşun yurdu. Bax o Qoşun
yurdu gəlir ta dağlara doğru. Bax ora bir yəhərdir. Təsəvvür elə,
nəhəng bir adamdı, oturub, bir ayağını Qara çaya, bir ayağını da Ağ
çaya tərəf atıb. Elə bil nəhəng atını çapır. Mən də o duyğunu
yaşayıram.
Görən dünyada çörəyinin duzu olan adam
varmı?
- Sabir bəy nəyə heyfsilənirsiniz?
- Çox şeyə. Ömür keçdi və görmək istədiyim çox şeyi görə
bilmədim. Bəzən mənə elə gəlir ki, bəlkə heç mən ədəbiyyatçı olmalı
deyildim. Çünki cavanlıqda mən riyaziyyatçı olmaq istəyirdim. Mənim
bürcümdə sərkərdə olmaq da var. Yaxşı sərkərdə ola bilərdim. Yaxşı
aşpaz, eyni zamanda yaxşı jurnalist ola bilərdim. Məmməd İsmayılla
kirayədə qaldığım vaxt olub, o bilir mən necə ləziz yeməklər
hazırlaya bilirəm.
Bilirsən, dünyada ən böyük bəla yerində olmamaqdı. Mən özümü
şanslı bir adam hesab eləyirəm, o baxımdan ki, ədəbiyyatda özümü
qürbətdəki kimi hiss eləmirəm. Mən qürbət üçün doğulmamışam, vətən
üçün doğulmuşam. Və çoxlu planlarım vardı... Axır birini seçdim,
ədəbiyyatçı oldum. Və bu gün ədəbiyyat yolunda özümü qərib olaraq,
yad eldə hesab eləmirəm. Hesab eləyirəm ki, ora mənim mühitimdi.
Çünki sözlə bir anlaşmam və ilhamla bir anlaşmam var. İstədiyim bir
şeyi sözlə ifadə eləyə bilirəm. Bəlkə siyasət vaxtım almasaydı,
daha yaxşı ifadə eləyə bilərdim. Ona daha çox vaxt sərf eləmək
lazımdı. Hərdən ilhamın küsüb yarım il gəlmədiyi vaxtlar da olur.
Amma hər halda mən orda sözlə, türk dilinin zəngin xəzinəsi ilə
üz-üzə qalanda özümü suda balıq kimi hiss eləyirəm.
- Şörəyinizin duzu var?
- Görən dünyada çörəyinin duzu olan adam varmı? Çünki hamıya elə
gəlir ki, bunun çörəyinin duzu yoxdur. Mənim çörəyim halal
çörəkdir. Əslində, dünyanın ən bərəkətli çörəklərindən biri təndir
dəyirman kömbəsidir. Dəyirmanda çörəyin duzu olmur ki. Mənim də
çörəyimin duzu yoxdur, ona görə ki, illər uzunu çörək verdiyim çox
adamların xəyanətini, dönüklüyünü görmüşəm. Görmüşəm ki, milli
ideyalarla, millətçilikdən dəm vura-vura sonra gedib öz şəxsi
mənafeyinə görə hər şeyi satır. Bu cür adamları çox görmüşəm, mən
buna vərdiş eləmişəm. Elədiyim yaxşılıqları heç vaxt oturduğum
masaya yapışıb qalım deyə eləməmişəm. Öz daxilimdən gələn eşqlə,
bir vətən sevgisi ilə görmüşəm işlərimi.
- Nədən imtina edərdiz?
- İmtina eləmək üçün artıq gecdir. Nədən imtina eləyə
bilərəm?
- Seçim qarşısında qalsanız... bəzən deyirlər e, mənim
yazılarım mənim övladlarımdı...
- Yazdıqlarım arasında imtina eləyəcəyim yoxdur. Bəlkə müəyyən
tənqidi yazılar var. Biri bir tənqidi daş atıb, mən də əsəblərim
dözməyib, səbrim çatmayıb, cavab vermişəm. İnsan necə doğulursa, o
cür də yaşayır. Yəni biri təbiət etibarilə anadan insan cildində
uzunqulaq doğulubsa, sən min dəfə tənqid elə, söz de, onu
dəyişdirmək mümkün deyil. Yəni ürəyində kinə, küdurətə, xırda
mübahisələrə, dedi-qodulara gərək fikir verməyəsən. Mən, mümkün
qədər çalışmışam ki, ürəyimə elə şeyləri yaxın buraxmayım. Ürək
daim sevgi ilə dolu olmalıdır, o sevgi varsa, hər şey var.
- Həmişə sevgi ilə olun, Sabir bəy...