Axar.az "Bozbaş Pikçers"
layihəsinin rəhbəri, İlk Avropa Oyunlarının ulduz səfiri, aktyor
İlkin Həsəni ilə müsahibəni təqdim edir:
Bu mənim üçün şərəfdir
– Birinci Avropa Oyunlarına ulduz səfir seçilmisiniz.
Bir az bu haqda danışaq...
– Yəqin ki, Seçim Komitəsinin öz kriteriyaları var. Tamaşaçılar
tərəfindən qəbul olunmaq, əhatə dairəsinin genişliyi, sosial
şəbəkələrdəki aktivlik və sairə. Çünki məşhur aparıcılarımız,
şoumen və müğənnilərimiz çoxdur. Amma kütlə bu tanınmış adamları
eşitməyə bilər. Çünki müəyyən bir zamanda onlar karyeralarında
hansısa nöqsan buraxa bilərlər və tamaşaçı artıq ona etibar etməyə
bilər. Amma şükürlər olsun ki, bu illər ərzində qazanılmış bir
tamaşaçı sevgisinə sahibəm. Bu gün hansısa tərifmi deyim, reklammı
deyim – tamaşaçıya deyəndə o, məni eşidir. Bu 15 nəfər ulduz
elçilər də, yəqin ki, məhz bu kriteriyalara uyğun seçilib.
– Bu təklif gələndə ilk reaksiyanız necə
oldu?
– Mənə zəng edib deyəndə ki, biz istəyirik siz İlk Avropa
Oyunlarında ulduz səfir olasınız, dedim ki, böyük məmnuniyyətlə.
Çünki bu mənim ölkəmlə, vətənimlə birbaşa əlaqəli olan bir
vəzifədir. Bu mənim üçün böyük şərəfdir.
– Sizcə, İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi
hansı perspektivlər vəd edir?
– Bu oyunların olduqca böyük əhəmiyyəti var. Nə qədər şablon
səslənsə də, bunu hamı bilir. Məsələn, götürək böyük dövlətləri. O
dövlətlər ki, onların nə Avropa oyunlarına, nə də "Avroviziya"ya
ehtiyacları yoxdur. Amma vaxt var idi, bu dövlətləri heç kim
tanımırdı və onlar artıq tanınmaq üçün müxtəlif üsullara əl
atırdılar: müxtəlif oyunlar, yarışmalar, olimpiadalar təşkil
edirdilər. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi o deməkdir
ki, sən artıq hansısa Avropa ölkəsində "mən Azərbaycandanam"
deyəndə səndən "Azərbaycan haradır?" – deyə soruşmayacaqlar.
Avropa Oyunları "Avroviziya"dan üstündür
– Bəs "Avroviziya" mahnı müsabiqəsi bu istiqamətdə niyə
köməklik göstərə bilmədi?
– Çünki "Avroviziya" musiqi yarışmasıdır və bu musiqi
yarışmasına musiqini sevən insanlar maraq duyur. 2013-cü ildə
Malmoda "Avroviziya"nı canlı görmüş bir adam kimi deyirəm – bu
musiqi yarışması avropalılar üçün o qədər də böyük əhəmiyyət kəsb
etmir. Bu səbəbdən onlar yarışmanın ölkələrində keçirilməsinə elə
də mühüm bir hadisə kimi yanaşmırlar. Azərbaycan isə sözügedən
yarışmanın ölkəmizdə keçirilməsinə xüsusi hazırlaşdı. Azərbaycan
bütün Avropaya öz qapılarını açdı ki, gəlin, görün, baxın. Böyük
təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda turizm sektoru,
yəni xidmət sektoru hələ inkişafdadır. O xüsusi inkişaf mərhələsini
keçməyib. Amma gələcək üçün bütün bunlar hamısı öz yerinə
qoyulacaq. Avropa oyunları isə "Avroviziya"dan qat-qat üstün olan,
çox böyük bir tədbirdir.
– Bunu nə ilə əsaslandırırsınız?
– Çünki burda 6 min idmançı, 2700-dən çox texniki heyət və
onlarla birlikdə gələcək və onlara dəstək olacaq xarici vətəndaşlar
var. İndi təsəvvür edin, gələn ay Azərbaycanda nə qədər qonaq
olacaq. Azərbaycan bu cür böyük tədbirləri keçirməklə bütün dünyada
öz imicini tanıdır. Artıq bundan sonra 2019-cu ildə İkinci Avropa
Oyunları Hollandiyada keçiriləcək və o zaman Azərbaycandan məşəl
götürüləcək. Bunların hamısının müsbət tərəfləri var. Gələcəkdə
Azərbaycana yatırılacaq investisiyalardan tutmuş, Azərbaycana
göstəriləcək maraq və gələcək böyük tədbirlərə qədər.
Elə tanınmaz hala düşmüşdük ki...
– Bildiyimə görə, ixtisasınız televiziya rejissorudur.
Bu sahəylə məşğul olmağı düşünürsünüzmü?
– Universitet vaxtı diplom işləri, kurs işləri işləmişəm, amma
ondan sonra başım aparıcılığa qarışdı. Nə vaxtsa efirə yararsız
olsam, onda bu haqda düşünərəm. (gülür)
– Necə oldu ki, özünüzü aktyor kimi sınamaq qərarına
gəldiniz?
– Bizim müəllimimiz həmişə deyirdi ki, rejissor ilk növbədə özü
aktyor olmalıdır ki, aktyoru oynada bilsin. Çünki rejissorun o
qabiliyyəti olmasa, heç vaxt aktyora nəyisə başa sala bilməz. Uşaq
vaxtı həvəsimiz var idi, müxtəlif səhnəciklər düzəldirdik,
tamaşalar hazırlayırdıq. Yəni mənim buna uşaqlıqdan həvəsim olub.
Amma 2004-cü ildə ATV kanalının tədbiri üçün qeyri-adi, maraqlı bir
şey etmək istəyirdik. Onda da ağlıma gəldi ki, özümüzü dəyişək.
Girdik rekvizit otağına, paltarlar seçib geyindik. Bir saata yaxın
bir-birimizə baxıb güldük. Parik, bığ taxıb, geyinib otaqdan
çıxdıq. Elə tanınmaz hala düşmüşdük ki, bizi görənlər tanımadılar.
Hətta uşaqlardan biri məndən İlkini soruşdu. (gülür )
Bunu tədbir üçün hazırlasaq da, iş yoldaşlarımız və müdiriyyət
tərəfindən bəyənildiyinə görə artıq efir üçün çəkməyə başladıq. Biz
bu işə ikinci dərəcəli, hətta üçüncü, dördüncü dərəcəli bir iş kimi
yanaşırdıq. Sonra elə oldu, tamaşaçı dedi ki, biz bunu istəyirik.
Biz İlkini də istəyirik, amma "Şəmi"ni daha çox istəyirik. Onda
dedim ki, yaxşı. Bütün işlərimi atdım bir kənara... Bu layihəylə
bağlı edə biləcəyim maksimum nə varsa, bunu edəcəm. "Bozbaş
Pikçers"i inkişafının pik nöqtəsinə çatdıracam.
Biz heç kimi məcbur etmirik
– Senariləri özünüz yazırsınız?
– Xeyr, bizim öz ssenaristlərimiz var. Bizim də iştirakımız
olmaqla ssenariləri Ənvər Abbasov və Samid Ağayev yazır.
– Gələcəkdə aktyorluq fəaliyyəti haqda
düşünürsünüzmü?
– Bizim kinematoqrafiyamız inkişafdadır. Yeni çəkilən filmlər
arasında yaxşı filmlər də, keyfiyyətsiz, yolaverdi, 20 günə çəkilən
filmlər də var. Təbii ki, tamaşaçı yaxşı filmlə pis filmi ayırd edə
bilir. Zaman keçdikcə uğursuz filmlər vizyondan çıxacaq. Keçən il
mən "filmlərimiz nə qədər çox olsa, o qədər yaxşıdır" deyirdim.
Amma bu il gördüm ki, çoxluq gətirdi başqa şeylərə çıxartdı. Çox
məyus oldum. Bu il çəkəcəyimiz ikinci filmimiz həcm, keyfiyyət
baxımından daha fərqli olacaq. Çünki birinci filmdə başımız daşa
dəydi və tamaşaçının nə istədiyini başa düşdük.
– "Bozbaş Pikçers" yüksək reytinq qazanıb, yaratdığınız
obrazlar dillərdən düşmür, amma... Yaratdığınız gülüşü özünüz
intellektual hesab edirsinizmi?
– Yox. Bu gün tamaşaçının böyük seçimləri var: türk, rus
kanalları, internet və sairə. Tamaşaçı "Komedi klub", Cem Yılmaz,
"Komedi dükanı" və bu kimi digər yumoristik verilişləri deyil, bizi
seçir. Biz heç kimi məcbur etmirik ki, bizə baxın. Tamaşaçı öz
seçimini edir. Açıq bəyan edirəm ki, bizim təqdim etdiyimiz yumorda
intellekt yoxdur.
– Niyə yoxdur?
– Çünki intellektual olsa, tamaşaçı auditoriyamız azalacaq.
Yol polislərinə dedik ki...
– Azərbaycanın müxtəlif bölgələrində çəkilişlərdə
olursunuz. Əhalinin reaksiyası necə olur?
– Azərbaycanın, demək olar ki, 90 faizini gəzmişik. Yol polisi
və post patrul xidməti bizə həmişə kömək olub. Gün olub ki, biz
ucqar bir yerdə çəkiliş etmişik və orada 6 polis bizim yanımızda
olub, bizi qoruyub. Yalvar-yaxar etmişik ki, gəlməyin, biz burda
təhlükəsizlikdəyik. Amma sağ olsunlar, getməyib, bizi qoruyublar.
Elə bir rayon, şəhər yoxdur ki, biz orada polissiz çəkiliş edək.
Tamaşaçı sevgisi gözəldir, amma bəzən o tamaşaçı sevgisi bizim
işimizə mane olur. Onlara başa sala bilmirik ki, 5 metr o tərəfdə
kiminsə gülməyi mənim mikrofonuma düşür və mən buna görə səhnəni
yenidən çəkəsi oluram. Bu səbəbdən polis bizə çəkiliş zamanı kömək
edir.
– Yol polisi ilə problemlər yaşadığınız haqda mətbuatda
xəbərlər yayılmışdı...
– Yox, heç bir problem yaşamamışıq. Biz yolda çəkiliş edən zaman
yol bağlanır.
– Niyə?
– Çünki çəkilişin ortasında bir "Kamaz" gəlib saxlayır və
bizimlə şəkil çəkdirmək istəyir. (gülür)
Məni "Şəmi" çağıranda qıcıq oluram
– Sizi artıq İlkin kimi yox, Şəmi kimi
tanıyırlar...
– Tamaşaçı məni İlkin kimi tanıyıb. Vaxtında verilişlərimə
baxanlar, məni İlkin kimi tanıyanlar hələ də məni görəndə İlkin
deyir, Şəmi yox. Yeni gənc nəslimiz isə 2004-2006-cı illərdə
televiziyaya baxmayan, nisbətən azyaşlı nəsil var ki, onlar üçün
mən Şəmiyəm.
– Bu sizi narahat edir?
– Bəli, edir. Təbii ki, o obraz da mənim üçün doğmadır, adını da
özüm seçmişəm. Amma bəzi məqamlarda məni o adla çağıranda qıcıq
oluram.
– Dəfələrlə toylara təklif alsanız da, getmirsiniz.
Bunun səbəbi nədir?
– Bir layihə rəhbəri olaraq bütün komandaya göstəriş vermişəm
ki, getməsinlər. Çünki mən öz obrazlarımı ucuzlaşdıra bilmərəm.
Əgər mən toylara getsəm, səhəri gün hansısa kommersiya layihəsində,
yeni bir filmdə mənim obrazlarım əvvəlki nüfuzunda olmayacaq, hamı
üçün əlçatan olacaq. O obrazlara "əşşi, dünən toyda şəkil çəkdirdim
də" – deyib keçəcəklər.