Salnaməçi Qulam Məmmədlinin 97 illik ömründə Cəlil
Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi
klassiklərimizlə dostluq əlaqələri olub. "Molla Nəsrəddin" jurnalı,
Cümhuriyyət dövrü, repressiyalarla bağlı mühüm həqiqətləri öz
gözləri ilə görən mərhum salnaməçinin kitabları gün keçdikcə daha
qaranlıq məqamlara işıq tutur.
Axar.az Qulam Məmmədlinin "İmzalar" kitabında Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli ilə bağlı yer
alan mühüm faktları təqdim edir:
Tez-tez dəyişilən imzalar
1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının ilk
nömrəsində redaktorun adından başqa heç bir açıq imza yox idi.
Beləliklə də, "Molla" örtülü imza ilə mətbuatda çıxış etməyi
"qanuni" bir şəklə saldı. Doğrudur, bu, daimi deyil, müvəqqəti bir
çıxış yolu idi. Müvəqqəti idi, ona görə ki, haradan yazan, necə
yazan bir müəllifin üç-dörd yazısı göründükdən sonra dil, ifadə və
üslub xüsusiyyətləri ilə yazı sahibinin kim olduğu müəyyən edilir,
həmin şəxs təqiblərə məruz qalırdı. Buna görə də "Molla Nəsrəddin"
jurnalında və başqa satirik orqanlarda gizli imza ilə iştirak edən
müəlliflər tez-tez imzalarını dəyişməli olurdular.
Sabirin başına gətirilmiş müsibətlər
Mətbuatda, xüsusən satirik mətbuatda zamanın ictimai dərdlərini,
eybəcərliklərini ürək ağrısı ilə kəskin tənqid atəşinə tutan
mühərrirlərin keçmişdə mürtəce qüvvələr tərəfindən necə şiddətli
təqib olunmalarına dair yüzlərlə və daha çox misallar gətirmək
olar. Bakı qoçularının "qozdəstə" götürüb Tiflisə Molla Nəsrəddini
(Cəlil Məmmədquluzadəni – Q. M.) öldürməyə getmələri, Şamaxıda
Mirzə Ələkbər Sabirin başına gətirilmiş müsibətlər, Suraxanıda
mətbuat həvəskarı Əbdülbağı Cəbrayıl oğluna atəş açılması, Mərvdə
müxbir Yusif Heydərzadənin polis idarəsində qətl edilməsi, Təbrizdə
İskəndər Qaffarinin məscid həyətində döyülməsi və bir başqasının
qəzet oxuduğu üçün Təbriz küçələrində doğranması, mollanəsrəddinçi
şairlərdən Ə.Qəmküsarın Naxçıvanda, Əli Razinin Gəncədə küçədə
döyülmələri, müctəhidlərin Mirzə Cəlilin qətlinə fərman vermələri,
Mirzə Cəlilin, Ömər Faiqin və Qəmküsarın dəfələrlə məhkəməyə
çəkilmələri, "Molla Nəsrəddin" jurnalının idarəsinə göndərilən
hədə-qorxu məktubları və s. . .
Üzeyir bəyin məxfi imzaları
Bu və ya digər imzanın bir şəxsə aid olduğunu söyləmək üçün imza
sahibinin ədəbi fəaliyyətini ardıcıl şəkildə tədqiq etmək və onu
izləmək lazım gəlir. Misal üçün, Üzeyir Hacıbəyov uzun müddət
mətbuatda çalışmış və müxtəlif imzalardan istifadə edib. O,
müxtəlif zamanlarda, ayrı-ayrı qəzet və jurnallarda "Kəs",
"Filankəs", "Behmankəs", "Mizrab", "Musiqiçi", "Hamamçı", "Çı" və
digər imzaları işlədib. Ü.Hacıbəyov "Həyat", "İrşad", "Tərəqqi",
"Həqiqət", "İqbal", "Sovqat", "Yeni İqbal", "Azərbaycan", "Məktəb",
"Kommunist" kimi qəzet və jurnallarda çalışdığı zaman yazıların
altında bu imzaları qoyub, həmin mətbuat orqanlarından getdikdə
isə, necə deyərlər, imzalarını da özü ilə aparmışdı. Hacıbəyovun
gizli imza seçməkdə özünəməxsus üsulu vardı. O, gizli imzalar üçün
eyni məna verən müxtəlif sözlər – sinonimlər seçirdi. Məsələn:
"Filankəs", "Kəs", "Behmankəs", "Bikəs", "Bir nəfər", "Bir şəxs",
"Bir müəllim", "Bir adam", "Bir", "İki", "Üç", "Dörd", "Beş". O,
məqalə və felyetonlarına başlıq seçməkdə də eyni üsuldan istifadə
edib. Məsələn, "Ordan-burdan", "Oyan-buyan", "Oyandan-buyandan",
"Dərədən-təpədən" və s.
Məmmədquluzadənin Tiflisə məktubu
Cəlil Məmmədquluzadənin özü "Molla Nəsrəddin"də də işlətdiyi
gizli imzaların bir çoxunu unutduğu üçün 1927-ci ildə Tiflisdə –
jurnalın ilk mürəttiblərindən İsmayıl Haqqı Həsənzadəyə məktub
yazıb gizli imzalarını ondan soruşmuşdu. Mirzə Cəlilin həmin
məktubuna Həsənzadə belə cavab vermişdi:
"Mən bunu iqrar edirəm ki, məcmuənin Tiflisdə çıxan birinci
nömrəsindən ta axıradək "Molla Nəsrəddin", "Lağlağı",
"Hərdəmxəyal", "Dəli", "Cırcırama" və "Dəmdəməki" imzaları ilə
yazılan cəmi məqalələr sən Cəlil Məmmədquluzadənin öz əli ilə
yazılmış məqalələrdir".
Əlbəttə, İsmayıl Haqqının göstərdiyi imzalardan Mirzə Cəlil
istifadə edib. Lakin həmin imzalardan yalnız Mirzə Cəlil deyil,
başqaları da istifadə ediblər. Məsələn, "Lağlağı" imzası ilə C.
Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məşədi Qurbanəli Şərifov,
Əbdürrəhim bəy Haqverdiyev, Rzaqulu Nəcəfov istifadə etdiyi kimi
"Mozalan" imzasından da Mirzə Cəlil, Ə. Haqverdiyev, Məşədi
Qurbanəli və Salman Mümtaz da istifadə edilər.
Qulam Məmmədli təqdim etdiyi bu faktlarla bağlı qeydində
məlumatların ona bilavasitə həmin şəxslər tərəfindən verildiyini
açıqlayır:
Kitabı nəşrə hazırlarkən faydalandığım vasitələrdən biri də uzun
illər boyu ünsiyyət bağladığım canlı insanlardır. Məmməd Səid
Ordubadi, Əli Nəzmi, Məmmədəli Sidqi, Salman Mümtaz, Məmmədəli
Mənafzadə Sabit, Əliəbbas Müznüb, Cəfər Cabbarlı, Süleyman Məlikov,
Balaqədəş Səttaroğlu və başqaları ilə yaxın tanışlığım da həmin
imzaları toplamaqda mənə kömək edib.