Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə
bayramı günüdür. Axar.az bu münasibətlə əməkdar jurnalist,
filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyevlə
söhbətləşib.
Faiq Hüsiyev Azərbaycan tamaşaçılarına bir vaxtlar AzTV-də
yayımlanan "Gecə kanalı", "Körpü", "Sorağınız gəlir", "Bizimlə
birgə" və "Gecəyə doğru" verilişlərindən tanışdır. Bu gün onun həm
peşə bayramı, həm də doğum günüdür: Radionun 89, onun isə 45 yaşı
tamam olur.
"Atamız işə gedib" prinsipi
- Faiq bəy, televiziyaya gəlişinizi
xatırlayırsınızmı?
- 1993-cü ilin noyabr ayında "Gecə kanalı" verilişinə həmkarım
Varis Yolçuyevlə müəllif kimi dəvət almışdıq. Biz o zaman qəzetdə
işləyirdik. Həmin dövrdə Gənclik redaksiyasının baş redaktorları
Bəxtiyar Qaraca və İlham Alışanov bu layihəni gəncliyin yeni səsi
kimi gördüklərindən veriliş, demək olar, uğurlu eksperiment kimi
ərsəyə gəlmişdi. Müasir Azərbaycan jurnalistikasının ilk
mükafatlarından olan "Dan ulduzu" da birinci dəfə bizim verilişə
verilmişdi. Sonrakı illər Beynəlxalq Proqramlar redaksiyasında
istedadlı jurnalist Cavanşir Cahangirovla birlikdə çalışmışıq. Bu
redaksiya xaricdə yaşayan soydaşlarımız üçün əslində, bir təbliğat
mərkəzi kimi fəaliyyət göstərirdi. 1995-2005-ci illər ərzində təkcə
mən 200-dən çox verilişin müəllifi olmuşam. Hələ həmkarlarım Babək
Göyüş, Əli Alıyev, Sədaqət Muradova və başqalarının
hazırladıqlarını saymıram. 2006-cı ildə Arif Alışanov sədr təyin
edildikdən sonra məni Müəllif Proqramları Departamentinə direktor
təyin etdi. Qısa müddət ərzində maraqlı verilişlər ərsəyə gətirə
bildik: "Gecəyə doğru", "Peşəkar", "Bizim ev" və s. Həmin illərdə
televiziyada yaradıcılıq potensialını reallaşdırmaq üçün gözəl
imkanlar yarandı. Kənar müəlliflər də bacarıqlarını ortaya qoya
bildilər. 2007-ci ilin aprelində informasiya proqramları
studiyasının direktoru təyin edildikdən sonra həyatım, demək olar
ki, bütövlükdə "Xəbərlər"lə bağlandı. 2009-cu ildən Prezident İlham
Əliyevin sərəncamı ilə sədr müavini təyin edildim. 2015-ci ilin
mayınadək bu vəzifəni icra etdim. Bu illərdə ömrüm hər üç saatdan
bir efirə çıxan "Xəbərlər"in intervalı arasındakı iş saatlarından
ibarət olub. Hazırda Televiziya və Radio Akademiyasının
rektoruyam.
- Dediniz ki, ömrünüz "Xəbərlər"də keçib. Axı,
ailəlisiniz... Bəs gərgin iş rejimi ailə münasibətlərinə təsir
etməyib?
- Allaha şükür, normal, sağlam ailəm var! Onlar buna "atamız işə
gedib" prinsipi ilə yanaşmırdılar. Nə qədər poetik səslənsə də,
evdə hamı başa düşürdü ki, "Xəbərlər" hamının gözlədiyi bir
proqramdır. Odur ki, reallıqla barışırdılar... Bilirsiniz, müstəqil
Azərbaycanın qurucuları olmaq məsuliyyətini, çətinliyini tarix
bizim nəslə etibar edib. Odur ki, övladlarımı ilk növbədə
vətənpərvər ruhda böyüdürəm. Məncə, vətən sevgisi ana dilində
aldığımız təhsildən başlayır. Xarici dilləri öyrənmək dünyaya
açılmaq və perspektivlər baxımından çox yaxşıdır. Amma xarici
dilləri sonradan da öyrənmək olar.
- Bəs sizcə, jurnalist həyatı maraqlıdırmı?
- Sözsüz... Bəlkə də ünsiyyət baxımından jurnalistikadan
əhəmiyyətli ikinci sahə yoxdur. Dünyada yaradıcılıq baxımından
bədii zövqə və ictimai fikrə əhəmiyyətli dərəcədə təsir edən Homo
Sapiens – jurnalistdir. Bir məqama toxunmaq istəyirəm. 2008-ci ilin
may ayında ABŞ telekanallarının fəaliyyəti ilə tanış olmaq üçün
təcrübə səfərində idim. Maraqlı məqam ondadır ki, NBS, CBS, ABS
kimi audiovizual KİV nəhənglərinin iş prosesi bizimkindən heç nə
ilə fərqlənmir. Azərbaycan Televiziyasının indiki xəbər otağı orada
mövcud olanlarla rəqabət apara bilər. Burada fərq auditoriyanın
miqyası, xəbərin aktuallığı və jurnalistin fərdi peşəkarlığındadır.
Bizdə də xəbərə operativ reaksiya verməklə ictimai rəyin
formalaşmasına əsaslı təsir mexanizmləri var, ancaq nədənsə onlarda
bu məqam daha güclüdür. Bax, bu parametrlər baxımından etiraf etmək
lazımdır ki, geridəyik.
Hər şeydən mənfəət güdmək insanlığı öldürür
- Məgər bizdə peşəkarlıq səviyyəsi yüksək olan jurnalist
azdır?
- O mənada demirəm... Bidə peşəkar jurnalistlər kifayət
qədərdir. Elə AZTV-də xeyli istedadlı jurnalist var. Onların
bəziləri fəxri adlarla fərqləndiriliblər. Təəssüf ki, bu sahəyə aid
olan neqativ məqamlar da var.
- Məsələn...
- Başqasının uğuruna sevinməmək, kiminsə müvəffəqiyyətindən
bəhrələnib sağlam rəqabət məcrasında düşmənçilik elementləri
axtarmaq, fərdi yaradıcılıq planı cızmaqdansa, arada söz gəzdirib
quyu qazmaq, daha nə bilim, nələr... Bu mənada jurnalistika
primitivləşib.
- Sözlü adama oxşayırsınız...
- Heç bir qeyri-adi sözüm yoxdur. Sadəcə,
müasir reallığımız belədir.
- Deyirlər, yaradıcı adamlar paxıl və qısqanc olurlar.
Bəlkə, bütün çatışmazlıqların səbəbi budur?
- Hər halda bu prinsipi hamıya şamil etmək olmaz. Amma indi
çoxları hər məqamdan mənfəət güdür. Hər şeydən mənfəət güdmək
insanlığı öldürür. Təmənnasız münasibətlərə isə keçmişin qalığı
kimi baxırlar. Məncə, yeni təfəkkür, yeni düşüncə tərzi, ümumi
birləşdirici pozitiv münasibətlər sistemi təbliğ olunmalıdır.
Sənin səviyyənə yüksələ bilmirəmsə...
- Televiziya günüdür deyə, problemlərdən də üstüörtülü
keçə bilmərik. Çünki bu sahədə qızğın müzakirələrə səbəb olan çox
ciddi problemlər var. Peşəkar gözü ilə telekanalların durumunu necə
dəyərləndirirsiniz?
- Əslində, tənqid etməkdən asan heç nə yoxdur... Əgər ümumilikdə
teleməkandan söhbət gedirsə, birmənalı şəkildə "yox" deyirəm.
Vaxtilə televiziyada bir varislik xətti var idi. İndi bu halqa
qırılıb. Ucuzvari reytinqə köklənmiş verilişlər kimin xoşuna gəlir,
bilmirəm. Amma belə verilişlərin müəllifləri öz bivecliyi ilə bütöv
bir auditoriyanın bədii zövqünü korlayır. Təəssüf ki, "sənin
səviyyənə yüksələ bilmirəmsə, səni dartıb öz səviyyəmə endirərəm"
prinsipinə tez-tez rast gəlirik. Bu gün mədəni dəyərlərin
aşılanmasının , mədəniyyətin mənəviyyatsız olmasının günahı da bax
o bayağı verilişlərdədir. Bizdə xaricdən alınmış hazır formatlı
verilişlər də zəif olur. Məncə, bunun səbəbi televiziya məhsulu
istehsalçıları arasında rəqabətin olmamasıdır. Əslində, bizdə
"televiziya məhsulu bazarı" anlayışının özü də nisbidir. Odur ki,
əksər hallarda tamaşaçı auditoriyası türk, rus və ya ingilis dilli
telekanalları izləməyə üstünlük verir.
- Elə özünüz də böyük bir televiziyanın rəhbər
şəxslərindən idiniz... Niyə düzəltmirdiniz?
- Əvvəla, söhbət AzTV, İdman və Mədəniyyət kanallarından
gedirsə, deməliyəm ki, hazırda bu telekanalların auditoriyası
kifayət qədər böyükdür, baxımlı verilişləri də çoxdur. Yetərincə
peşəkar personalı var. Maddi-texniki bazası ən müasir standartlara
cavab verir. Unutmayaq ki, bu telekanallar dövlət büdcəsindən
maliyyələşən rəsmi statuslu TV-lərdir. Burada efir süzgəci çox
böyük önəm daşıyır... Bir də ki, mənim əsaslı qərar qəbul etmək
səlahiyyətim olmayıb, amma mövcud səlahiyyətim və gücüm dairəsində
çox yaradıcı layihələrə yaşıl işıq yandırmışam. Bilənlər bilir,
sadalamaq istəmirəm.
Jurnalistika etimad böhranı yaşayır
- Bu gün televiziyanın da, elə sizin də doğum
gününüzdür. Yəqin ki, peşə fəaliyyətinizdə yaddaqalan məqamlar
olub...
- 2011-ci ildə Rusiya Prezidenti Dmitri Medvedyevlə müsahibəm
yaddaqalan işlərimdəndir. Həmin müsahibə Rusiya prezidentinin
Cənubi Qafqaz ölkələri telekanalına ilk eksklüziv müsahibəsi idi.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Serbiya Prezidenti
Tomislav Nikoliçlə də müsahibələrim olub.
- Yazılarınızı, müsahibələrinizi toplamaq niyyətiniz
yoxdur?
- Yəqin ki, nə vaxtsa memuar ədəbiyyatına dəyərli töhfə verə
biləcəyəm...
- Gənc jurnalistlərə hansı tövsiyələriniz
var?
- Elə mən özüm də kifayət qədər cavanam, 45 yaş nədir ki? Amma
zarafat bir yana, çox istərdim ki, savadlı və mənəvi dəyərlərə
üstünlük verən, dünyagörüşlü insanlar bu peşəyə üz tutsunlar. İndi
cəmiyyətin təkanverici qüvvəsi yeni texnologiyalardır. Uğur
qazanmaq üçün bunları maksimum şəkildə mənimsəmək lazımdır.
Ünsiyyətcil olmaq da bizim peşədə böyük əhəmiyyət kəsb edir. Bir də
konyuktur dəyərləri düzgün qiymətləndirməyi bacarsınlar. Etiraf
etmək lazımdır ki, bu gün jurnalistika etimad böhranı yaşayır.
Çoxsaylı sifarişli materiallar arasından hansının obyektiv,
hansının sifarişli olduğunu təyin etmək sıravi tamaşaçı və ya oxucu
üçün çətinləşib. Odur ki, jurnalistin fərdi məsuliyyəti, öz işinə
vicdanlı yanaşması böyük əhəmiyyət kəsb edir.