Tanagöz İlyasova Qazaxıstanın tanınan imzalarındandır.
Onun şeirləri bir çox dillərə tərcümə olunub, kitabları
Qazaxıstanda və başqa ölkələrdə işıq üzü görüb. Şairənin Azərbaycan
oxucuları ilə də ünsiyyəti olub: iki dəfə Azərbaycanda keçirilən
şeir şölənində iştirak edib. Bu yaxınlarda Tatarıstanın paytaxtı
Kazan şəhərində "Tükcənin 11-ci şeir şöləni"nə dəvət olunan
şairlərin sırasında onun da adı var idi.
Axar.az Qazaxıstanın tanınmış şairi Tanagöz İlyasova ilə
müsahibəni təqdim edir:
Onunla Kazan festivalından öncə…
- Tanagöz xanım, necəsiniz, özünüzü necə hiss
edirsiniz?
- Çox sağ olun! Çox yaxşıyam və özümü də yaxşı hiss edirəm.
Şikayət etmək günah olar.
- Hazırda nə işlə məşğulsunuz, yaradıcılığınız nə
yerdədir, oxucularınızı nə ilə sevindirə biləcəksiniz?
- Hazırda müasir Qazax şairlərinin antologiyasını hazırlayıram.
Antologiya üç dildə olacaq: Azərbaycan, türk və ispan. Bu ideya bir
il müddətinə məni tərk etməmişdi. Artıq işi başa vurmaqdayam.
Kitabın Azərbaycan və türk dillərində işıq üzü görməsini şair Əkbər
Qoşalı ilə Kazan festivalından öncə Bakıda keçirilən şeir
festivalında qərarlaşdırdıq. Mən Qazax şairlərinin şeirlərini sətri
tərcüməsini etməklə işimi artıq yekunlaşdırmaqdayam. Əkbər bədii
tərcümədə yardımçı olacaq. Bu kitabın təqdimatını Qazaxıstanla
yanaşı, həm Azərbaycanda, həm də Türkiyədə keçirməyi
qərarlaşdırmışıq.
- Bəs Kazanda keçirilən "Türkcənin 11-ci şeir şöləni"
haqda nə deyə bilərsiniz, bu festival sizdə hansı təəssüratlar
yaratdı?
- Çox gözəl təəssüratlarla ayrılıram bu festivaldan. Mənim üçün
Kazan festivalı həm yaradıcılıq, həm yeni dostlar, yeni imzalar,
həm də türkdilli xalqların ədəbi nümunələri ilə tanışlıq baxımından
çox xoş oldu. Bu festivallar çox lazımlıdır. Şairlərimizin ünsiyyət
qurması, poeziyalarımızın daha geniş coğrafiyada tanınması,
ayrı-ayrı ədəbi layihələrin gerçəkləşməsi üçün bu festivalların
rolu danılmazdır. Fürsət düşmüşkən, sizin vasitənizlə də bu
tədbirin təşkilatçılarına təşəkkürümü çatdırmaq istəyirəm.
Bu, bizlərin boynuna düşən missiyadır
- Tədbirin vacibliyini qeyd etdiniz. Bəs, sizcə,
budəfəki festival digərləri ilə müqayisədə necə baş tutdu? Yeni
imzalar dediniz, kimləri tanıdınız?
- Hər şey çox yaxşı oldu. Təşkilati işlərə, şairlərimizin
keçirdikləri görüşlərə, oxucularla birbaşa ünsiyyətdə olmasına heç
bir irad ola bilməz, əlbəttə. Mən bu festivalda köhnə və yeni
dostlarla görüşdüm. Gülnara Xalfitddinova, Əkbər Qoşalı, Rüfat
Saleh, Altunbəy İsmayılov, Narsulu Quruqubay, Çulpan Zairova, Azam
Obdiyev, Faxraddin Nizamov, Qavril Androsov və bir çox gözəl
dostlarla ünsiyyətdə olduq. Ümid edirəm ki, adlarını çəkmədiyim
dostlar inciməz. Hər kəsin dost olaraq, şair olaraq yaddaşımda xoş
xatirələri qalacaq. Gülnara Xalfitddinova, Rüfət Saleh, Andrey
Qavrilov şeirlərimi tatar, yaqut və başqırd dillərinə
çevirdilər.
- Bəs Azərbaycan ədəbiyyatı haqda nə deyə bilərsiniz.
Qazax oxucusu kimləri oxuyur, ümumiyyətlə, Azərbaycan yazarlarından
daha çox kim tanınır?
- Sözsüz ki, Azərbaycan ədəbiyyatı haqda Qazaxıstanda
məlumatlıdırlar. Bu da Sovetlər dönəminin ədəbi əlaqələrinin
bəhrəsidir. İndi isə çox təəssüf, yeni nəsil Azərbaycan ədəbiyyatı
haqda o qədər də məlumatlı deyillər. Bu, bizlərin boynuna düşən
missiyadır. Biz bu boşluğu aradan qaldırmaq istəyirik. Festivallar
məhz bunun üçün lazımdır ki, bir-birimizi daha yaxından tanıya
bilək. Biz antologiya vasitəsi ilə öyrəndik ki, Azərbaycan
poeziyası çox güclüdür. Bunu daha geniş aspektdə oxuculara təqdim
etmək istəyirik.
Ailəmi Yazıçılar İttifaqına bənzədirəm
- İstək yaxşıdır. Bəs siz özünüz hansı rolu oynaya
bilərsiniz?
- Ədəbiyyatlarımız arasında diplomatik rolu öhdəmə götürmək
istəyirəm. Mənim çox gözəl ideyalarım var ki, gerçəkləşdirə
bilməmişəm və yaxınlarda bu istiqamətdə addımlar atmağı
planlaşdırıram.
- Tanagöz xanım, sizin həyat yoldaşınız Dauren bəy də
şairdir. Onunla festivalda tanış olduq. Ailədə bu, özünü necə
göstərir, daha çox hansınız oxunursunuz, tanınırsınız?
- Tarixdə belə ailələr çoxdur. İncəsənət adamları, rəssamlar,
artistlər, yazıçılar olub ki, birlikdə yaşayıblar, ailə qurublar.
İki güclü şəxsiyyətin birlikdə yaşaması təsadüf deyil. Məsələn,
Anna Axmatova və Qumilyov haqda danışanda demirlər ki, bunların
hansı daha çox məşhurdur, yaxud yaxşı yazıb. Sizin Azərbaycanın
böyük şairləri Rəsul Rza və onun xanımı Nigar Rəfibəyli də ailə
kimi yazıb-yaradıblar. Həm də müqayisə etmək düzgün deyil. Məsələn,
necə olar ki, Sergey Yesenini Puşkinlə, yaxud Mariya Svetayevanı
Gippiusomla müqayisə edək? Biz ayrı-ayrı şairlərik. Əlimizdəki
barmaqların beşinin də fərqliliyi göz önündədir, hansının daha
yaxşı olmasını demək düzgün deyil. Onlar bir yerdə olanda daha
güclü olur. Mən öz ailəmi kiçik bir Yazıçılar İttifaqına
bənzədirəm. Ona görə ki, bizim həmişə danışılası, müraciət olunası
bir mövzumuz var. Bu ədəbiyyatdır!
- Tanagöz xanım, çox sağ olun!
- Siz sağ olun ki, məni Azərbaycan oxucusuna təqdim etdiniz.